Səhifə 6 / 10 · 50%

Cəmil öz fikrinin üstündə möhkəm durur, təkrar edirdi:

– Yox, Mehriban çox göyçək qızdır. Əgər xasiyyətlərini götürsən, Söhbətlə Mehriban bir-birinə daha yaxındır. Bir də, Mehriban Xanları yox, Söhbəti daha çox tanıyırdı. Çünki Söhbət onların evinə daha tez-tez gəlib gedirdi.

– Nə olsun ki! Bəzən bircə dəfə görmək də bəs eləyir.

Cəmil güldü:

– Bunu sən məndən yaxşı bilərsən. Bir dəfə görməklə Lətifəni...

Tahir bərk tutulub qızardı. Hətta onun sifətində tünd ləkələr də əmələ gəldi:

– Bax, mənə sataşma ha! – dedi. – Mən tamaşadan danışıram, Lətifədə işim yoxdur.

Cəmil əlilə havanı yararaq, qəti bir ifadə ilə dedi:

– Uzun sözün qısası, Xanlar kimi qəhrəman bir fəhlə heç vaxt o cür fint-firuşka qızı sevməzdi.

– Yox, aşna, Mehriban çox gözəl qızdır. Ona elə demək lap insafsızlıqdır!

Mübahisə qızışanda qapı açıldı, işdən qayıdan Səməndərlə Biləndər içəri daxil oldular. Onlar iş paltarlarını çıxartdılar, səliqə ilə qatlayıb çarpayılarının ayaq tərəfindən asdılar. Səməndər şişman qarnını irəli verib soruşdu:

– Hə, teatra getdiniz?

– Getdik, – deyə Tahir Səməndərə baxdı və onun həris-həris parıldayan gözlərindən bu günkü tamaşa ilə deyil, yeməyə bir şey olub-olmaması ilə daha çox maraqlandığını duydu.

Səməndər müqəddiməni o qədər də uzatmadı və yorğun halda çarpayıya oturdu.

– Bufet zəhrimar bağlanıb, yeməyə nəyiniz var? – deyə səsinin ahəngini bir az xəfifləşdirərək xəbər aldı.

Cəmil pəncərənin qabağından qəzetə bükülmüş pendir-çörəyi götürüb ona uzatdı.

– Al yazıqsan. Bu gün zalım qızı bufeti heç açmayıb. Yaxşı ki, bunu səhər yeməyindən saxlamışam. Yoxsa ilan vuran yatar, sən yata bilməzsən.

Səməndər, bütün yorğunluğunu unutmuş kimi, yerindən quş surətilə sıçrayıb, özünü pendir-çörəyin üstünə atdı. Sonra hamı “Xanlar” tamaşasında Tahirlə Cəmilin mübahisəsinə səbəb olan mətləbdən danışmağa başladı. Səməndər Cəmilin pendir-çörəyini yesə də haqqın tərəfini saxladı:

– Aşna, Tahir düz deyir. Xanlar kimi oğlanı Mehriban niyə istəməsin axı? Fəhlə olanda nə olar? Fəhlənin Allahı yoxdur bəyəm?

4

Bu hadisədən üç gün sonra Tahir küçədə Lətifəyə rast gəldi. Onların gözü bir-birinə sataşdıqda, Lətifə ayaq saxlayaraq, Tahirə nə isə demək istədiyini hiss etdirdi, dərhal da ona yanaşdı.

– Salam, Tahir!

– Salam!

Əl tutuşdular. Qızın uzun kirpikləri arasından parıldayan iri gözlərində Tahirin bir neçə dəfə gördüyü istehzalı təbəssümdən artıq heç bir-iz qalmamışdı. O gülümsəyirdisə də, bunun başqa bir səbəbdən irəli gəldiyi indi Tahirə büsbütün aydın idi. Bu səbəbi də Lətifə tezcə açıb söylədi:

– Bu gün səhər Qüdrət İsmayılzadə buruğa gəlmişdi. Səni xəbər alırdı.

– Nə üçün?

– Necə nə üçün? Maraqlanırdı. Səndən xoşu gəlib... Ustaya səni bərk tərifləyirdi.

– Doğrudan? Nə deyirdi axı?

Tahirin gözləri necə bərəldisə, qızı gülmək tutdu:

– Deyirdi, atan bizim ordu geri çəkiləndə ürəyi bu dərdə tab gətirməyib, Allah rəhmətinə gedib.

– Daha bunun harası tərif oldu ki? Yəqin İsmayılzadə atamı qorxaq hesab eləyir də. Axı, mənə deyən gərək niyə belə şeyləri danışıb, kişini biabır eləyirsən?

– Niyə biabır olur ki? Yəqin vətənimizi çox sevirmiş də...

Tahir şübhə və tərəddüdlə bir neçə an sükut edib, sonradan-sonraya xəbər aldı:

– Yaxşı, bəs trest müdiri mənim özümdən nə dedi? Nəyimi təriflədi?

Bu sualı verəndə Tahir udqundu. Qızın yanında İsmayılzadənin ondan pis bir söz dediyini güman edib, qıpqırmızı oldu.

Lətifənin nəzərindən yayınmayan bu zahiri dəyişiklik, Tahirə qarşı onda çox səmimi bir fikir oyatdı: “Nə utancaq oğlandır!”

– Daha niyə utanırsan? – deyə Lətifə də fikirləşdiyini gizlədə bilməyib soruşdu: – Hara gedirdin?

– Səməndər üçün kitab almağa.

– Hansı kitabı?

– “Qurbanəli bəyi”

– Hə, Molla Nəsrəddinin hekayəsidir. Ancaq o ayrıca çap olunmayıb. Gərək Molla Nəsrəddinin hekayələr kitabını istəyəsən.

– Kitabxananı görməmişəm. Göstərməzsən?

– Nə üçün göstərmirəm? Gedək.

Lətifə qabağa düşdü. Tahiri asfalt yolun altındakı mədəniyyət sarayına doğru apardı:

– Səni üzv yazdırıram. Müdirə mənim rəfiqəmdir.

Onlar bir-birilə yanaşı addımlayaraq küçə ilə gedəndə, Lətifə oxuduğu maraqlı kitabların adını çəkir, bəzilərinin qısaca məzmununu danışırdı. Tahir isə bu qıza nisbətən çox az şey oxuduğunu görüb, istər-istəməz utanırdı.

Lətifə onun rusca bilib-bilmədiyini soruşanda Tahir etiraf elədi:

– Sənə nisbətən çox az bilirəm.

Lətifə onu həvəsləndirmək istədi:

– Mədəniyyət sarayı yanında rus dilini öyrənən cavan fəhlələrin iki-üç dərnəyi var. İstəsən səni ora yazdıraram. Neftçi gərək bu dili möhkəm öyrənsin. Yoxsa texnikanı mənimsəməkdə çətinlik çəkər. Bax, mən ruscanı da bilirəm, hələ ingiliscə də oxuyuram.

– Necə?! – deyə Tahir təəccübünü gizlədə bilmədi. – İngiliscə?

– Bəli. Hələ bacarsam almanca da öyrənəcəyəm. Yoxsa elə bilirsən ki, düşmənin dilini bilmək faydasızdır? Yox, bu dillər həmişə bizə gərək olacaq.

Tahirin əl-ayağı yerdən üzüldü: “Bakıda yaşamağın bu xeyri var” deyə xəyalından keçirtdi və Lətifənin biliyinə, çalışqanlığına qibtə eləməyə başladı.

Nəhayət onlar qəsəbənin mədəniyyət sarayına gəlib çatdılar.

İçəri qapıların birində “Rayonun səyyar kitabxanası” sözləri yazılmışdı.

– Burada olmayan kitabları Sabir kitabxanasından gətirdə bilərsən, – deyə Lətifə yenə Tahirdən qabaq içəri girdi. – Vay! Zivər yoxdur. – Lətifə, növbəyə durmuş uşaqlara kitab verən qoca arvada müraciətlə soruşdu: – Bu gün istirahətdədir? – Bəli.

– Anastasiya İvanovna! Bu oğlanı üzv yaza bilərsiniz?

– Əlbəttə!

Lətifə gülümsəyib Tahirə baxdı:

– Mənə görə başqa qulluğun?

– Qul sahibi olasan.

Tahirin, tez-tez atasından eşitdiyi bu köhnə ifadəni Lətifə başa düşmədi:

– Nə dedin? – Deyirəm ki, çox sağ ol!

– Döyməz!

Tahir Lətifənin sadə xasiyyətini ürəkdən bəyəndi və onun bu nəvazişkarlığına qarşı nə isə bir təşəkkür eləmək istədi:

– Daha sən zəhmət çəkmə, – dedi, ancaq qızın ayrılıb getməyə hazırlaşdığını görəndə bu sözləri dediyinə də peşman oldu. Lətifə əlini irəli uzatdı.

– Hələlik, – deyə daha da incə bir nəvazişlə gülümsədi.

Tahir könülsüz halda onun əlini sıxdı, amma birdən özünü toplayıb:

– İzin ver, indi də mən səni ötürüm! – dedi.

– Yox, sağ ol. Tələsik işim var. Mən getdim. O, sürətlə kitabxanadan çıxdı.

Qoca kitabxanaçı Tahiri üzv yazıb, istədiyi kitabı verdi.

Tahir tez-tələsik eşiyə çıxıb küçədə oyan-buyana nə qədər boylandısa da, Lətifəni görə bilmədi və ehtiyatsızlıq etdiyi üçün özünü danlaya-danlaya ümumi yaşayış evinə gəldi. “Vallah, yaxşı qızdır!” – deyə fikirləşib, uzun müddət onun xəyalından ayrıla bilmədi. Bu nə idi? Onun ürəyinə bəlkə Lətifənin məhəbbəti qonmuşdu?

5

Qayıqda altı nəfər gedirdi. Hamısının da gözü Tahirə zillənmişdi. O, uc tərəfdə, “Çapayev” sözünün yanında Cəmillə yanaşı oturmuşdu.

Dəniz ayna qədər təmizdi. Qayıq beşik kimi yavaş-yavaş yırğalanır, adamlar isə şimaldan əsən sərin mehdən xumarlanırdılar. Yorğun düşüb sakitləşmiş Xəzərin üstünə yenə əlvan bir axşam enib gəlirdi. Günəşin özü yox, yalnız üfüqdə yanan al-çəhrayı əksi görünürdü.

“Çapayev” isə ayna suları yara-yara şığıyır, fəhlələri axşam növbəsinə aparırdı.

Tahir anasının kənddən yolladığı sazı torbadan çıxarıb kökləməyə başladı.

Usta Ramazan onu həvəsləndirmək istədi və fikri-zikri sazda olan Tahirin də aydın hiss etdiyi bir mehribanlıqla əlini onun çiyninə qoydu.

– Çal, oxu, oğlum, mahnı adamın bütün dərdini unutdurur... – qoca köksünü ötürdü və Tahirə elə gəldi ki, o yenə də oğlanlarını xatırladığı üçün belə deyir.

– Bu saz ki, var, səsini eşidəndə adamı cavanlaşdırır.

Tahir telli sazını sinəsinə basdı və gözəlləmə çaldı. Onun baxışları ilham və məhəbbətlə doldu. Tahir oxudu:

Yarım çıxıb yenə bağda gəzməyə,
Sallanıban yüz min naz ilən gəlir,
Bir aynaqabaqlı mah, qələm qaşlı,
Ağ üzə xalları düzülən gəlir...

Tahirin gözləri elə bil doğrudan da yarına zillənmişdi. Ancaq onun yarı görünmürdü. Çünki hər tərəf dənizdi və yalnız su içindəki buruqlar bir-bir gəlib qayığın böyründən keçirdi. Tahir oxuduqca heç kəsin üzünə baxmırdısa da, yenə də hamının gözü onda idi. Deyəsən, özünə məxsus sadəcə bir məharətlə çaldığı və oxuduğu gözəlləmə qayıqda oturanların ürəyindən idi. Hamının üzü gülürdü.

Cəmil də bu mahnıdan vəcdə gələrək qışqırdı:

– Sağ ol, Tahir, sağ ol! Hər şeyin öz yerindədir, amma hayıf ki, bircə Zöhrən əskikdir.

Lakin Cəmil yanılırdı. Tahirin ürəyində və təsəvvüründə Zöhrəni Lətifə əvəz edirdi. Tahir nəğmə deyərkən, Lətifənin xəyalını gözləri qarşısına gətirməsəydi, sözləri bu qədər təsirli çıxmazdı. Tahir, mahnının son bəndini zilə çəkəndə də, Lətifənin haradasa uzaqdan oturub bu mahnıya qulaq asdığını zənn edir və daha da cuşa gəlib, sazın tellərini lap ürəkdən ehtizaza gətirirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri