Səhifə 3 / 4 · 50%

– Mən ərizəmdə cavabdehlik barədə heç nə yazmamışam. Mən yalnız faktı qeyd eləmişəm. Müdhətin yazdığını yazmışam. Hər şeyi olduğu kimi qoy bilsinlər. Bu daha yaxşı deyilmi?

– Hm... Bilsinlər... Axı, bunun sonrası var. Sən bu barədə heç fikirləşmisənmi? Mən adamları yaxşı tanıyıram... Xüsusilə bizim partkom katibini... Sən ondan qəhrəmanlıq umma!

– Nə mənada?

– O mənada ki, kölgəsindən qorxanın biridir. Onun fikrincə şəxsi rəydən məhrum olmaq ən böyük səadətdir!

– Yox, Rima, sən nahaq yerə adamlara bu cür nihilistcəsinə yanaşırsan. Bizim katib bəzən direktorla döş-döşə gələndə, heç də başqalarından az cəsarətli olmur...

– Direktorla, hə... Çünki onun yerinə göz dikib... Yox, bacım, sən yaşca məndən böyük olsan da, hələ də gimnazistlər kimi sadəlövhsən... İndi görəcəksən ki, sənin məsələnə baxılanda o, necə qorxaqlıq eləyəcək...

– Nə olsun? O qorxsa da, mən qorxmayacağam.

– Mən də bilirəm, qorxmayacaqsan... Ancaq unutma ki, sənin uşaqların var. Əgər işdən çıxartsalar, tək özünün yox, onların da vəziyyəti ağırlaşacaq...

– Bilirəm, mən bunu da gözümün altına almışam.

– Məncə, ərizə verməsən yaxşıdır.

– Hər şeyi gizlədim? – Mənim səsimdə artıq əsəbi nidalar çırpınmağa başlayırdı. Rimanın mənə ikiüzlülük eləməyi məsləhət gördüyünü düşünürdüm. – Bu sözlərlə sən məni təhqir eləyirəsn...

Mən belə deyəndə, onun üzünə necə baxdığımı bilmirdim, ancaq Rimanın yanaqlarına çökən xəfif qızartıdan hiss eləyirdim ki, mənim etirazım onun könlünə toxunmuşdur. O, bir qədər tutulub, sükuta gedəndən sonra, azca xırıltılı səsi ilə, dediklərimə məni peşman eləyən qəribə bir səmimiyyətlə, yerdən gözlərini qaldırmayaraq, dırnaqlarını qurdalaya-qurdalaya (onun əlləri xəfif-xəfif titrəyirdi) dilləndi:

– Elə düşünmə ki, mən sənin ikiüzlü olmağını istəyirəm. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. O, bəzən iradəsindən asılı olmayaraq, həyatın tələbinə uyğunlaşmağa məcburdur. Sən doğruluğunu sübut üçün ərizə verirsən, bilirsən ki, ərin Müdhət sürgündədir. Sonra?.. Doğrudur, sən bunu özün deməsən də, gec-tez biləcəklər. Onsuz da bizdə “xəbərçilər” pis işləmir... Bunu sabah da bilə bilərlər, iki aydan sonra da... Mən onu deyirəm ki, çağırıb səndən xəbər alsalar, o başqa məsələ... Əsil həqiqəti onda açıb söylərsən.

– Yox, – dedim. – Bilirəm ki, sonra etiraf eləsəm, məndən şübhələnib ədalətsiz ittiham verərlər: “Əgər sən doğru adamsan, nə üçün indiyəcən bizdən gizlətmisən?”

Bu dəfə Rima mənimlə razılaşdı, ancaq ərizəmi ondan alıb otaqdan çıxmaq istəyəndə, yenə tərəddüd göstərdi:

– Bəlkə dil cavabı deyəsən, hə? Ərizə yazmağı tələb eləsələr, onda heç... Yazmısan, verərsən. – O, mənə acıyırdı, tez-tez köksünü ötürməyindən və təəssüflə başını bulamağından duyurdum ki, mənim əvəzimə o qorxur, doğrusu, bu, mənə toxundu. – Hə, niyə mənə birtəhər baxırsan?

– Çünki, – dedim. – mənə nahaq acıyırsan!..

– Bəs neyləyim, qəzəblənim?

– Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?

Mən birbaş direktorun qəbul otağına yönəldim və ərizəmi katibəyə verib, tezcə də çıxdım. Partkom katibini isə yerində tapmadım. O, hələ işə gəlməmişdi. Qapısı bağlı idi.

Rimanın yanına qayıtdım. O birisi rəfiqələrim də gəlmişdilər. Kitabdəftərlərini stolun üstünə qoyub, laboratoriyaya enməyə hazırlaşırdılar. Mənimlə adi qayda ilə görüşüb, xalatlarını geydilər. Hiss elədim ki, Rima mənim haqqımda onlara heç nə deməmişdir. Tura o biri rəfiqəm Məlikədən daha həssasmış. Məni görən kimi nədənsə həyəcanlı və məyus olduğumu sezib, əvvəlcə göz-qaşını oynadaraq, sonra da sağ əlini çiynimə qoyub soruşdu:

– Niyə tutqunsan?

Onun sualı Məlikəni də maraqlandırdı. Hər üç rəfiqəm gözlərini mənə dikib, cavab gözləyirdi. Rimanın baxışlarından isə ayrı sual oxuyurdum: ərizəni verib-vermədiyimi bilmək istəyirdi. Mən başımı tərpədib “hə” cavabı verdim. O, Tura ilə Məlikəyə əhvalatı qısaca danışdı. Otağımıza qüssəli bir sükut çökdü. Onlardan hansının daha çox kədərləndiyini söyləmək çətindi.

– Nə olar, olar, – deyə mən də xalatımı geydim. – Yəqin bu gün axırıncı dəfə işləyirəm...

Tura deyəsən o qədər də bədbin deyildi:

– Bu nə sözdür, Sema? Kimin ağzıdır sənə güldən ağır bir söz desin?

Rima ilə Məlikə isə dinməyib, ağır və könülsüz addımlarla qapıya sarı getdilər.

Hamımız laboratoriyaya endik. Rima qapı ağzında məni saxlayıb, pıçıltı ilə dedi:

– Nahaq tələsdin, Sema. Bu adamlardan qəhrəmanlıq gözləmə...

Əlbəttə, o, rəfiqələrimi deyil, institut rəhbərlərini nəzərdə tuturdu. Mən bu barədə ona heç nə demədim. Tələsməyə nə ehtiyac vardı ki? Gec-tez onun nə dərəcədə haqlı olub-olmadığını biləcəkdim.

Srağagünkü təcrübənin nəticəsini yoxlamağa başlamamış, direktorun findfüruş geyimli, tünd iyli ətirlə laboratoriyanın havasını dərhal dəyişən katibəsi gəldi. Bizdən o yanda yanaşı oturub xosunlaşan oğlanlara naz-qəmzə satıb, mənə üz tutdu:

– Yoldaş Səmədov sizi çağırır, yoldaş Aydın, – dedi.

Rima da, Məlikə ilə Tura də məndən çox həyəcan keçirirdilər. Mənim gözüm Rimaya dikilib qaldı. O, başını bulayır və katibənin nə üçün gəldiyini bildiyindən, yəqin ki, oğlanlardan mənim əhvalatımı gizlətmək məqsədi ilə heç bir söz demirdi. Elə bil gözlərində eyni ifadə çırpınırdı: “Nahaq tələsdin, Sema, çox nahaq”.

Mən katibənin ardınca ikinci mərtəbəyə qalxdım və partkom otağının yanından keçəndə, yarımaçıq qapıdan büro katibimizi görüncə, xalatımın cibindən ərizəmi çıxardaraq, izin istəmədən içəri girdim, salam verib, kağızı ona uzatdım:

– Alın, oxuyun. Direktorun yanına gedirəm, lazım olsa, məni çağırtdırarsınız, – deyib, dübarə çıxdım.

Direktor xalılarla döşənmiş geniş kabinetində var-gəl eləyir, radioda Sovet Məlumat Bürosunun verdiyi son xəbərləri dinləyirdi. Mənim salamımı ağız-ucu alıb, pəncərə yanındakı divardan asılmış böyük xəritəyə yanaşdı, cəbhə xətti boyu düzülmüş xırdaca bayraqlardan birini çıxardıb, yerini dəyişdi və yalnız bundan sonra üzünü mənə çevirdi. Ürəkdən gələn bir sevinclə yox, nə isə rəsmi bir vəzifəni yerinə yetirməyə məcbur olan məmur kimi, boğazdan yuxarı və qaş-qabaqlı halda dilləndi:

– Sərhəddi keçdik. Bizim də küçəmizdə toy-bayram başlandı!.. Necə görürsən bizi, hə? – Mənim cavab vermədiyimə sevinmiş kimi, tutqun bir təbəssümlə gülümsəyərək, qaşlarını qaldırıb saldı və təkrar xəritəyə yanaşdı. – Bütün cəbhə boyu irəliləyirik!.. Daha bizim qabağımızı saxlaya bilməyəcəklər!.. Amma bircə şeyə təəssüf eləyirəm. Niyə mən də vuruşanların cərgəsində deyiləm? Lap sıravi əsgər olmaq istərdim. Qoy boz şinel, ağır soldat çəkməsi geyim, amma vuruşum... Bu elm məni dostlarımın yanında xəcil elədi. – O, təəssüflə köksünü ötürdü. Mən nə üçünsə bunun da səmimi olduğuna inanmadım. O, xəritədən aralanıb, stolunun arxasına keçdi və yumşaq kreslosunda oturdu.

– İnan ki, lap elmdən də əl çəkməyə hazıram, təki sıravi əsgər olum...

Bu anda mənim fikrimdən bir sual keçdi: “Sizə kim mane olur...?”

– Ancaq bu sualı verməkdən çəkindim. Axı, insanın üzü ətdəndir. “Sizə kim mane olur?” deyə soruşsaydım, yəqin ki, pərt olacaqdım. Mən hiss eləyirdim ki, o, məndən tamamilə başqa bir söz gözləyir. İstəyirdi ki, deyim: “Yox, siz yalnız elm üçün yaranmısınız, yoldaş Səmədov. Heç Stalin özü də institutu buraxıb cəbhəyə getməyinizə razı olmaz”. O, ərizəmi əlinə alıb bir neçə an sükuta qərq oldu. Mənə elə gəldi ki, deyəcəyi sözlər artıq hazırdı, ancaq məni öz səmimiyyətinə inandıra biləcəyinə şübhə elədiyi üçün tərəddüd göstərirdi. Nəhayət gözlərini aşağı dikib, çiyinlərini çəkdi:

– Oxudum, – dedi. – Ancaq çox kədərləndim. Ola bilsin ki, ərinin günahı var. Amma oğul ataya cavabdeh deyil. Əlbəttə, müəyyən orqanlarla məsləhətləşmək lazımdır. Ərizənin üstündə bir kəlmə dərkənar yazmaq çətin deyil. Ancaq mən bunu yazmıram, çünki canlı insanın taleyini bu cür asanlıqla həll eləmək olmaz. Axı, insan-ən qiymətli kapitaldır. Bilirsənmi bu, nə deyən sözdür? Mən sosioloq olsaydım, bircə bu formulanın əsasında iki cilddən ibarət bir traktat yazardım!.. – O duruxdu. Görünür, məni bu sözləri dinləmək üçün çağırmadığını xatırladı.

– Bu saat mən sənə nə deyə bilərəm? Bu əhvalat məni çox məyus elədi.

Mən fikirləşdim: “Gözünün içinəcən yalan deyirsən”.

– Ancaq hər şeyi olduğu kimi yazmaqda doğru iş görmüsən!.. – deyə o, yerində yayxındı. – Partiya bürosuna necə, məlumat vermisənmi?

– Bəli, – dedim. – Ərizəmin surəti onlardadır.

– Elə bunu da yaxşı eləmisən. Məsələ belə olanda, iş bir qədər asanlaşır. Yəqin ki, məni də müzakirəyə çağıracaqlar. Bu daha gözəl!.. Birgə baxarıq... Şəxsən mənim fikrimi soruşsalar, kollektivin rəyi ilə razılaşacağam... – Direktor yenə yerindən qalxıb, reproduktoru bağladı və bir daha gözlərini yuxarı qaldırmadan dedi: – Hələlik get, işinlə məşğul ol. Müəyyən orqanlarla məsləhətləşərik. Görək onlar nə deyir... Hər halda çox kədərləndim...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri