İlk zərbə
Səhifə 4 / 4 · 75%
Artıq onun nə üçün məni çağırtdığını anlaya bilmirdim. Mənim ərizəmi oxuyandan sonra kədərləndiyini dönə-dönə təkrar elədikcə, məndə get-gedə daha qüvvətli daxili bir etiraz baş qaldırdı: “Axı, səndə mərdlik yoxdursa, heç olmasa danışma. Səni yalan deməyə kim məcbur eləyir?
Mən ona hörmətsiz bir söz deməkdən özümü saxlamaq üçün dönüb otaqdan çıxdım. Hər şey mənə aydın idi... Bu gündən sonra o, məni institutda saxlamağa cəsarət eləməyəcəkdi.
Laboratoriyaya enmədim. Otağımıza qayıtdım. Partkom katibindən cavab gözləməyi qərara aldım. Bizim otaqda onun kabineti arasında yalnız bir qapı vardı. Adi vaxtlarda katib özü gələr, bizimlə söhbət elər və iclasın vaxtını kommunistlərə xəbər verərdi. Bu dəfə isə direktorun katibəsini yollayıb, işdən sonra büroya çağırıldığını bildirdi. Mən artıq özümü köməksiz və yalqız hiss eləyirdim. Bu dərd aclıq və susuzluq dərdindən yüz qat ağırdı...
Partkom otağında büronun yeddi üzvündən yalnız dördü oturmuşdu. Mən içəri girəndə heç biri başını qaldırıb üzümə baxmadı. Elə bil hamısı bir-birindən küsülü idi. Bir xeyli sükutdan sonra katib qapıya baxa-baxa dedi:
– Nizam-intizam barədə danışmaqdan yorulmuşuq. Hələ bunlar büro üzvləridir... On beş dəqiqə gözlədik... Bəsdir. Kvorum var, biz başlaya bilərik!.. O, ərizəmi oxudu. Üzvlərin rəyini soruşdu. Əvvəlcə heç kimdən səs çıxmadı. Katib direktora müraciət elədi:
– Bəlkə siz deyəsiniz?
– Mən nə deyə bilərəm? Şəxsən mənim rəyimi soruşsanız, kollektivin qərarı mənim üçün qanundur! – deyə direktor yerində dikəldi, sarı təsbehini çıqqıldadaraq, gözlərini hara isə zilləyib susdu.
Rima ona baxa-baxa istehza ilə gülümsündü:
– Hər halda siz idarə rəhbərisiniz, – dedi. – Şəxsi rəyiniz olsa yaxşıdır!
Direktor onun atmacasından o qədər də incimədi, pencəyinin döş cibindən darağını çıxardıb, uzun saçlarını daramağa başladı:
– Şəxsi rəyimi hamınızdan sonra deyəcəyəm!
– Elə isə siz buyurun, yoldaş Kabus!.. – Katib, Rimanın böyründə oturmuş və ağ əllərini dizlərinin üstündə daraqlamış baş elmi işçi, dosent Mirzəliyevə müraciət elədi: – Onsuz da hamınızı danışdıracağam... Nəzərdə tutun ki, söhbət istedadlı və cavan kommunistdən gedir... Səmirə Aydın yoldaş partiya sıralarına müharibənin ən ağır günlərində, faşistlər Qafqazın qapılarını döydüyü zaman ərizə vermişdi.
– Doğrudur! – deyə Mirzəliyev sevinmiş kimi yerində doğruldu və pencəyinin döş cibindən çıxardığı kağıza bükülü iki-üç papirosdan birini götürüb damağına qoydu. – Mən Səmirə Aydını tələbə olduğu vaxtdan tanıyıram. Gərək ki, bir il də onların sinfində dərs demişəm. İki uşaq anası ola-ola bütün predmetlərdən əla qiymət alırdı. Elə deyilmi, Səmirə xanım?
Mən yalnız başımı tərpətməklə onun sözlərini təsdiqlədim.
– Büro üzvlərindən üçünün gəlməməyi, əslinə baxsan, onların cəsarətsizliyinə dəlalət eləyir...
Direktor Mirzəliyevin sözünü kəsdi:
– Biz büro üzvlərinin yox, Səmirə Aydının məsələsinə baxırıq. Olmazmı yoldaşların barəsində qeybət eləməyək?
– Bu qeybət deyil, yoldaş Səmədov... Mənim yanımda hamısına xəbər verdilər. İşin nə yerdə olduğunu bilən kimi portfellərini götürüb, birbaş evlərinə əkildilər. Məncə bu doğru hərəkət deyil. Əgər Səmirə xanımı özlərindən incitmək istəmirlərsə...
– Əksinə, onların heç biri Səmirənin əleyhinə danışmazdı... – deyə Rima sözə qarışdı. – Üzr istəyirəm, yoldaş Mirzəliyev... onlar məhz Səmirə Aydının əleyhinə danışmamaq üçün gəlməyiblər...
Mirzəliyev əli titrəyə-titrəyə ( o, papiros çəkdiyi üçün arada üzr də istədi) çaxmaqla papirosunu yandırdı və fikrini tamamladı:
– Əgər onlarda cəsarət olsaydı, iclasa gələrdilər. Səmirəni müdafiədən də çəkinməzdilər. Mənim təklifim belədir ki, Səmirənin səmimi ərizəsi nəzərə alınsın.
– Vəssalam? – deyə direktor gözlərini bərəldərək, təəccüblə onun üzünə baxdı.
Mirzəliyev eyni təmkinlə papirosunu sümürüb, bir az da qəti dedi:
– Bəli, vəssalam!..
Direktor, ürəkdən inandığı müqəddəs bir ehkamın uçurulmağından qəzəblənmiş kimi, artıq müvazinətini saxlaya bilməyib onu acıladı:
– Siz, yoldaş Mirzəliyev, siyasi sayıqlığınızı nə üçün belə tez və asan itirdiniz?
– Siz buna nə ad verirsiniz, verin, ancaq mən başqa cür bir qərarı təsəvvürümə gətirmirəm!
Bu sözləri demək üçün gərək partiya vicdanını itirəsən
Partkom katibi mübahisənin söyüş və təhqirə çevrildiyini görüncə, karandaşını stola vura-vura yoldaşları sakitliyə çağırdı:
– Bəs sizin təklifiniz nədir, yoldaş direktor? – deyə soruşdu. – Nə şəxsi fikrinizi deyirsiniz, nə də başqalarının danışığına imkan verirsiniz...
Katibi üstələmək üçün elə bil direktorun əlinə gözəl bir fürsət düşdü. Mən onun bayaq dediyi bəzi orqanlarla artıq danışıb gəldiyini və müəyyən bir göstəriş aldığını açıq-aydın hiss eləyirdim. Ancaq o, heç bir adamın və idarənin adını çəkmədən, böyük bir auditoriya qarşısında nitq söyləyirmiş kimi dedi:
– Mən şəxsi rəy məfhumunun həm lüğəti, həm də fəlsəfi mənasını anlaya bilmirəm. Nədir şəxsi rəy? Mütəşəkkil bir kollektivin iradəsi ilə çalışan bir dövlətdə şəxsi rəyə malik olmaq xudpəsəndlik deyilmi? Burda söhbət Vətən müharibəsi cəbhəsində andını ayaqlamış, dövlətə xəyanət eləmiş bir adamın əyalından gedir. Bu cür hallarda hamımız üçün məcburi bir qayda var: yalnız müqəssir özü yox, onun ailə üzvləri də cəzasız qalmasın gərək! Sovet orqanları Müdhət Aydının günahını təsdiq elədiyi halda biz buna hansı əsasa görə şübhə ilə baxa bilərik? Əgər mən buna şübhə eləsəm, tək özümün deyil, böyük bir institutun da adı ləkələnə bilər... Təklifim budur ki, Səmirə Aydın partiya sırasından çıxarılsın!..
Bu, təklifdən çox əmrə bənzəyirdi. Rima, Səmədovun dediklərindən qəzəblənib, söz istədi:
– Mən bilmirəm ki, direktor yoldaş hamımız üçün məcburi qayda deyəndə məhz nəyi nəzərdə tutur?
– Necə nəyi? Hər bir soldatın, hər bir zabitin andını! O şeyi ki, vuruşma cəbhəsində bir balaca ayağını əyri atsan, gərək səni divara söykəyib güllələyələr!.. – Direktor otağı başına götürdü: – Danışanda, hər sözünüzün məsuliyyətini hiss eləyin, canım... Bəlkə hərbi andın mənasını hələ də bilmirsiniz?
Rima onun təhdidlərindən qorxub geri çəkilmədi:
– Ola bilər, – dedi, – çünki nə mən özüm and içmişəm, nə də and içmiş ərim var. Bir dəqiqəliyə belə fərz eləyək ki, Müdhət Aydın günahkardır və ona verilən ağır cəza da ədalətlidir. Bu barədə mən mübahisə eləmək fikrində deyiləm. Mən Səmirə Aydından danışıram. Onun günahı nədir? Heç nə! O, ərinin hərəkətlərinə cavabdehdirmi? Yox? Müdhət Aydın neçə ildir cəbhədədir. Çox mümkündür ki, bu müddətdə onun xarakterində müəyyən dəyişiklik əmələ gəlib. Dünən müsbət bir insan kimi tanıdığım şəxs müəyyən hadisələrin təsirilə dəyişə bilərmi? Əlbəttə, dəyişə bilər. Sən onun xasiyyətində, vərdiş və adətlərində yaranan yeni cəhətləri görə bilmirsən, sən ona təsir göstərmək imkanından məhrumsan, çünki o, səndən uzaqdadır. Ərlə arvad bir damın altında yaşasaydı, hər gün bir-birilə görüşsəydi, burda qarşılıqlı məsuliyyətdən danışmaq olardı. Onlar bir birinin əhvali-ruhiyyəsində əmələ gələn mənfi halları görə bilərdilər və biri digərini pis yoldan qaytarardı. Mən inanıram ki, Səmirə Aydın möhkəm iradəli bir qadındır. Müdhəti yanlış hərəkətlərdən saqındırmağa qadirdir. Amma indiki halda o, belə bir imkandan məhrumdur. Deməli, biz ərin günahını arvadın boynuna yıxmağa haqlı deyilik. Mən Kabus Mirzəliyev yoldaşın fikrinə şərikəm: Səmirə Aydının səmimi ərizəsi nəzərə alınsın!..
Büro katibi çox danışmadı. Yalnız mənim lehimə səs verən yoldaşların rəyi ilə razılaşdığını bildirdi.
– Deməli, siz Səmirə Aydının partiyadan çıxarılmağıma tərəfdar deyilsiniz? – deyə direktor katibdən soruşdu və ondan “bəli” cavabını almağa bəndmiş kimi qəribə bir məmnunluqla gülümsündü. – Mən vaxtında xəbərdarlıq elədim. Bundan hamının qarşısında vicdanım təmizdir. Daha, deməyin ki, Səmədov şəxsi-qərəzlik elədi, bizi pis vəziyyətdə qoydu. Ancaq mən sözümün üstündə möhkəm dururam. Səmirə Aydın nəinki partiyada qala bilməz, hətta o, günü bu gün vəzifədən də azad olunmalıdır!
– Mən təklifləri səsə qoymuram. Görünür bunun üçün büro üzvlərinin hamısını çağırmaq lazım gələcək. Mən sabah onlardan bircəbircə nə səbəbə iclasdan qaçmaqlarını öyrənərəm. Etiraz yoxdur ki?
Rima bu təkliflə razılaşmadı:
– Onlar sabah da gəlməyə bilərlər. Yaxşı olmazmı ki, ümumi iclasa keçirək, hamının rəyini öyrənək?
Direktor yenə adəti üzrə saçlarını daraya-daraya ayağa qaxdı, heç kəsə müraciət eləmədən dedi:
– Camaata nahaq zəhmət verirsiniz. Bu elə məsələdir ki, ümumi iclas Səmirə Aydını partiyada saxlamaq barədə bir səslə qərar çıxartsa da, raykom bu qərarı ləğv eləyəcək!
– Siz bunu hardan bilirsiniz, yoldaş Səmədov, yoxsa raykomla əvvəlcədən şərt kəsmisiniz? – Rimanın səsində həqiqəti öyrənmək istəyən adamdan çox, müarizinə açıqdan-açığa istehza eləyən bir adamın üstünlüyü duyulurdu.
Kabus Mirzəliyev hirsindən boğulurmuş kimi köynəyinin yaxalığını dartışdırdı, tutqunlaşmış səsi ilə direktorun üzünə bozardı:
– Əgər belədirsə, bəs nə üçün biz havayı-havayı danışdıq, yoldaş Səmədov? Birdəfəlik ərizəni raykoma yollayaq, qoy məsələ orda müzakirə olunsun də...
Direktor ikiəlli şişmiş qarnını sığalladı:
– Siz nahaq əsəbiləşirsiniz, yoldaş Mirzəliyev... Mən əsil həqiqəti deyirəm. Tələsmək də lazım deyil. İndi görərsiniz kim haqlıdır, mən, ya siz...
Katib də hirsini boğa bilməyib, səsini qaldırdı:
– Hər halda raykom da böyük bir kollektivin rəyi ilə hesablaşmaya bilməz!..
Mən direktordan gözümü çəkib, Rimaya dikdim. Baxışlarımla ona dedim ki: “Hə, indi gördünmü, katibimiz barədə sən nə qədər yanılmısan!”
– Demokratik mərkəziyyət prinsipini unutmayın!.. – deyə Səmədov şəhadət barmağını təkləyib, havada saxladı və katibə qorxu təlqin etmək istəyərək, durğun gözlərinə rəsmi və qəzəbli bir ifadə verdi.
– Belə hallarda yoldaşlar raykomda da tələsmirlər, məsləhətləşirlər, bəzən hətta şəxsən yoldaş Mollayevin öz fikrini soruşurlar.
Direktor Mollayevin adını çəkən kimi hamı başını aşağı salıb susdu. Mən yenə Rimaya baxdım. O da başını aşağı salmışdı. O da susurdu. Bu nə deməkdi? Nə olmuşdu? Mən hələ bir şey başa düşə bilmirdim. Sonralar hər şey aydın oldu. Demə, bizim direktorun özünün dediyi kimi, onun “şəxsən Mollayevlə haqq-salamı varmış” və heç vaxt, heç yerdə Mollayevin adını boş-boşuna dilinə gətirmirmiş. Bütün bunları büro iclasından bir həftə sonra, mən partiya biletimi təhvil verib qayıdanda, yolda Rimadan eşitdim.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-ilk-zerbe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhməd Cəmilə ithaf*Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.
Nişan üzüyüI**Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh, həyətdəki badam ağacının xırdaca yarpaqlarını tərpədirdi və bu yarpaqlar tərpəndikcə, elə bil iki sevgili haradasa gizlənib yavaşcadan pıçıldaşırdı.
DostI**Boş qalmış kəndlərdə bir dəstə alman piyadasına kəndlilərdən Mariya Karpovna adlı bir qadın bələdçilik edirdi. Onun qırış-qırış olmuş üz-gözü qan-tərə batmışdı. Ayaqlarını güclə atırdı. Görünür çox uzun yol gəlmişdi. O, arıq, uzun, soyuq baxışlı, həmişə dartınaraq yeriyən, yalnız tökdənbir çox könülsüz bir tərzdə gülümsəyən alman zabiti ilə yanaşı gəlir, onun suallarına tez-tez, elə bil tələsə-tələsə cavab verirdi.
Qara gözlərI**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.
Başqa şairlərin şeirləri
Gedən karvan, əylə görüm köçünü,O yollarda Xançobanı gördünmü?
Sipasi-şükrü həmdi-fərdi-yektaSipasi-şükrü həmdi-fərdi-yekta,Xudayi-biməsəl, həyyü təvana,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Mən nə haydayamYeni il gecəsi...Vətəndən uzaq,