Gözəlim, tər qönçəsən göy yarpaqlar içində,Bərabərin tapılmaz yaşıl bağlar içində.Əhdinə dönük çıxan doğransın dilim-dilim,Mən sənə yar demişəm, sən də mənə sevgilim.Kama yetişənlərin arasında xeyli şənBiri sənsən, biri mən.

Sevilmək ağır günah, sevişmək xətər deyil,Sevda nədir bilməyən sanıram bəşər deyil.

Göylərə uçanların,Aya yol açanlarınƏməlindən ruhlanan, zövq alan hünərindənBiri sənsən, biri mən.

Fərəhimiz dənizdir.Eşqimiz saf, təmizdir.İqbalımı tapmışam gözünün qarasında,Vüsalına yetişən gənclərin arasında,Sədaqət çeşməsindən içib, doydum bilməyənBiri sənsən, biri mən.Tərsanələr yaradan, işıqlı evlər tikən,Bağ salan, şiş dağlara tunellər, yollar çəkənGözəl yurdumuzdakı əziz mehribanların,Bu sevimli, bu azad, bu xoşbəxt insanlarınPolad cərgələrində mətanətlə yeriyənBiri sənsən, biri mən.

Daha gözəl gələcək sevdamızın baharı,Bayraq kimi qaldıraq vəfanı, etibarı.Aşiq nə arzulayır: ünsiyyət, mehribanlıq,Yer üzündə bilməyib nədir qəzəb, yamanlıq,İnsanlara səadət, bəxtiyarlıq istəyənBiri sənsən, biri mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq