M. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca

“Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər.

Ancaq bu var ki, bitərəflər barəsində heç bir söz də danışmamaq da yaramaz: yenə bir söz danışmaq lazımdır.

Bəs, bir surətdə ki, Quluyev yoldaş danışmadı, onu indi biz danışaq.

Biz bitərəflər bunu öz vicdanımızla deyirik ki, din və dinsizlik məsələləri dairəsində biz dinsizlərlə və Allahsızlarla müttəhidürrəy və bir əqidədəyik. Onlar deyirlər: “allah yoxdur!” Biz özümüz də onu deyirik; çünki Allahın varlığına inanmaq, yox bir şeyin varlığına inanmaqdır.

Bu, yəqin ki, belədir.

Ancaq bu yolda biz bitərəfləri firqəçilərdən ayıran tək bircə məsələdir: o da “abır” və “ədəb” məsələsidir.

Axı bir dəqiqə fikrini mənə verib bu bir neçə kəlmə sözümə diqqət ilə qulaq as: biz, bitərəflər ki, varıq–vallah, billah, – firqəçilərə Allahsızlıqda bir təpik də hələ vurmuşuq. Amma di gəl ki, axı, bu sözü avam camaat içində danışmaq olmur: insanın hörməti bilmərrə götürülür. Biz bitərəflər zatən tədbirli və ehtiyatlı bir adamıq və heç vaxt istəməmişik ki, bir toyuq da bizdən incisin; onunçün də biz inqilab-minqilab bilmənik və qeylü qallı işlərdə iştirak etməmişik və inşallah etmənik də.

Atalar sözüdür: “ağrımaz başım”. Yoxsa nə vacib olubdur ki, avam içində etiqad barəsində artıq-əskik söz danışım ki, avam məndən bədgüman olsun.

Bu, bir.

Bir məsələ də burasındadır ki, xub, sən deyirsən: nə cənnət, nə cəhənnəm, nə Allah və nə peyğəmbər, –bunlar hamısı yalandır və əsatirül-əvvəlindir. Və sənin həmin moizənin ucundan iman əhlləri bir saatlığa tutaq ki, vacibi və sünnəti əmalını və ibadətini yerinə yetirməyib binamaz qaldılar.

Və axırda da birdən cənnətdə və cəhənnəmdə mizan və tərəzi də doğru oldu. O vədə bəs necə olsun?

Əlbəttə, belə xülyalar insanın fikrinə gələndə deyir: yox, iman əhli olmalıdır. Çünki, doğrudan da, bəlkə Qurani-kərimdə xəbər verilən doğrudur ki, “cənnətün tücri min təhtihəl-ənhar və ləhüm fiha əzvac, müttəhərə”.

Bəlkə doğrudan da axırda bir belə iş çıxdı. Oradan ki, bir xəbər gətirən yoxdur ki, desin: yalandır. Və bir də ki, yenə buyurubdur: fəmən yəməlü misqalə zərrətün xeyrə, fəmən yəməlü misqalo zərrətü şərr!

Xülasə.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 iyul 1928, №28

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü məclis

Rüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.*Q ə n b ə r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?!

16 dəq
Dördüncü məclis

Rüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!

17 dəq
Dəli yığıncağı

MƏCLIS ADAMLARI**1. H ə z r ə t Ə ş r ə f — hakim, 55 yaşında.

19263 dəq
Birinci məclis

Birinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir.H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.

192615 dəq

Başqa şairlərin şeirləri · Satira