Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək, məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəs ilə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və ilax...

Məcmuənin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.

Müştərilərin yarısından çoxu İran əhlidir. Belə ki, Xorasandan başlamış Tehran, İsfahan, Təbrizə kimi həmin şəhərlərə, hətta kəndlərə on beş mindən ziyadə məcmuəmiz gedir. Bunun on üç min altı yüz doxsanı illik abunə olanlarımızdır. Qalanı tək-tək satılır (gərək qonşularımız “Həyat” və “İrşad”ın da əhvalı bu hesablara yavuq ola). On min nüsxəyə kimi “Molla Nəsrəddin” Qafqaz və Rusiya müsəlmanlarının arasında nəşr olunur (“İrşad” və “Həyat” da bu hesabda olmalıdırlar).

Bizə ən çox abunə verən şəhərlərin əvvəlincisi Naxçıvandır: burada iki minədək müştərimiz var, əlavə min beş yüz nüsxədən ki, hər həftə burada satılır. Naxçıvandan sonra Batum, Danabaş, Vladiqafqaz və Gorus. Üç minə yavuq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri-şimali müsəlman şəhərlərində və kəndlərində dağılır (Söz yox ki, dilimizin bir olmağı çox şərtdir). Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı, və qeyri şəhərlərdə varımızdır.

İdarəmizə göndərilən məktublar hər bir dildə yazılır: rusca, firəngcə, latınca, yaponca, Kitay, hindi, ərəb, fars, Avstraliya, Patağoniya... Qərəz, dərd-sər olmasın, yetmiş iki millətin dilində yazılmış məktubu idarəmizdə tapmaq olar (Əlbəttə, elmin çox olmağı şərtdir).

Söz yox ki, soruşursunuz, pəs bu yetmiş iki millətin dilində yazılan kağızları biz necə oxuyuruq. Yalan deyə bilmərik ki, cümləsini oxuyuruq: Kitay, və Patağoniya dilində yazılan məktubların sahiblərinə həmişə xəbər veririk ki, özləri Tiflisə gəlib yazdıqlarını oxusunlar. Qalanlarını qoyuruq qabağımıza və zərrəbin vasitəsilə başlayırıq nöqtələrini götürüb öz yerlərinə düzməyə, yainki qəzet istəyənə karet, kürək istəyənə kürk və qurbağa istəyənə məcmuə göndəririk. Bizim rəyimizə qalsa, bunların eybi yoxdur. Şərt xəttin gözəlliyidir və halonki idarəmizə gələn məktubların cümləsi gözəl xətt ilə yazılmışdır. İnsaf əhli məcmuəmizin 4-cü nömrəsinin beşinci səhifəsini yadına salıb bu sözləri təsdiq edər. Vəqiən İrandan gələn yazılar xəttin gözəlliyi barəsində misilsizdir. Mən güman edirəm ki, bunlar hamısı əvvəla, hürufatımızın gözəlliyindən və saniyən İranın hamamlarının sularının təsirindəndir.

Müştərilərimizin cümləsi müsəlmandır. Qəribə burasıdır ki, dünən ittifaqən rus tanışlarımızın birisi idarəmizdə abunə dəftərinə baxıb təəccüblü mənə dedi: Molla Nəsrəddin, nə çox rus və polyak müştəriləriniz var? Dedim, balam, heç biri də yoxdur. Aşnam abunə kitabını qabağıma itələyib dəxi artıq təəccüb ilə dedi: və bu “ovlar” və “iski”lər məgər müsəlman adlarıdırlar? Gördüm ki, həqiqət aşnam doğru söyləyir və dedim: Əzizim, heç ürəyini sıxma, bunlar hamısı ötüşər...

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 5 may 1906, № 5

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bir para sözlər

Osmanlı kəndlərində və xırda şəhərlərində indi heç kəsin xəbəri yoxdur ki, dunyada nə işlər törəyir. O səbəbə ki, Osmanlıda qəzet və jurnallar həmişə qədəğən olublar.Yaranmışların hamısı öləcək: istər gəda ola, istər padşah ola; necə ki, mərsiyəxanlarımız hər gun müsəlmanlara deyirlər: “öləcəksən, əgər ki, şah olasan”.

2 dəq
Mömin

Mömin adam əmanətə xəyanət etməz.Culfada Məhəmmədovların mübaşiri Kərbəlayı Hüseyn Allahın məxluquna zülm eləyirdi və axırda xalq ictima edib onun şərini dəf elədilər. O getdi öz işinə. Onun yerinə indi bir Məşədi Muxtar peyda olub.

1 dəq
Dava xəbərləri

Qəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək.Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin.

2 dəq
Bir para xəbərlər

Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.

2 dəq

Başqa şairlərin şeirləri