Səhifə 2 / 4 · 25%

Pərinisə genə bir qədər dayanıb və bir az təəccüblü soruşdu:

– Hürriyyət nədi?

Kərbəlayı Məmmədəli arvadın əllərini özündən kənar eləyəeləyə başını sol tərəfə çöndərdi və bir cür narazı olan kimi cavab verdi:

– Ay rəhmətliyin qızı, indi axı mən sənə nə deyim, necə səni başa salım? İndi dünya-aləm bilir ki, İrana hürriyyət verilib. İndi küçədə uşaqlar da bilirlər ki, İrana hürriyyət verilib. Bu gün həmşərilərin hamısını qonsur çağırmışdı məscidə, padşaha dua eləyirdilər ki, İrana hürriyyət verib. Mən də getmişdim məscidə. O qədər adam vardı ki, iynə salmağa yer yox idi. Kərbəlayı Həsənqulu da orada idi. Həmşərilər o qədər sevinirdilər ki! Doğrudan da indiyə kimi biz yazıq həmşərilər çox qara gün çəkmişik. Fəhləlik eləməkdən canımız çıxdı. Amma görürsən, Ursetdə heç fəhlə yoxdu, hamısı yazıq həmşəridi. Pərinisə, Allah qoysa, bundan sonra pulumuz çox olar. Elə ha deyirdin ki, mənə urus məxmərindən bir arxalıq al. İndi, vallah, bundan sonra alaram! Axı özün görürdün ki, pulum görmürdü; amma, Allah qoysa, bundan sonra pulum çox olar. Kabla İmaməli, Kabla Noruz, Qasıməli, Oruc, Məşədi Bayram o qədər sevindilər ki, az qalırdılar börklərini göyə atalar. Qonsur, deyillər, sabah həmşərilərin hamısını çağıracaq, hürriyyət paylıyacaq. Ay can, ay can!.. Sağ olsun bizim padşahımız, ay can!..

Bu sözləri deyə-deyə Kərbəlayı Məmmədəli çıtmıq çalıb oynayırdı. Pərinisə sevincək genə gedib yapışdı ərinin əllərindən.

Sabah oldu. Axşam vaxtı Kərbəlayı Məmmədəli gəldi evə və içəri girən kimi Pərinisəyə dedi:

– Pərinisə, balam, qonsur bizə heç zad paylamadı, dedi sizin hürriyyət payınızı İranda öz vətəninizdə paylıyacaqlar.

Bu sözləri eşidəndən sonra Pərinisə qaş-qabağını tökdü və bir az dinməyib axırda ərinə dedi:

– Yalan deyirsən.

Kərbəlayı Məmmədəli başladı and içə-içə arvadını inandırmağa:

– Yalan deyirəm atama nəhlət! Qonsur bizə heç zad paylamadı.

– Yalan deyirsən.

– Vallah, heç zad paylamadı.

– Söz yox, paylamaz. Mənim baxtım harada idi ki, paylasın. Burada paylamadı ki, İranda vətəninizdə paylasın, yetişsin o kaftar arvadına. Mənim baxtım harada idi ki, burada paylasın.

Bir qədər öz baxtından şikayət edəndən sonra Pərinisə acıqlı ərinə dedi:

– Bax, Kabla Məmmədəli, mən onu-bunu bilmənəm, həyə mən sənə arvadam, gərək canın çıxsın, arvadını saxlayasan. İndi iki aydır mən səndən bir məxmər arxalıq istəyirəm. Almırsan ki, kasıbam, pulum yoxdu. İndi də başlamısan ki, mənim payımı qonsur vermədi, vətəndə verəcəklər. Mən heç vədə dözə bilmənəm ki, mənim qismətimi o kaftar arvadın alıb yesin. Ya helə bu gün get, kağızı yazdır ki, sənin payını yollasınlar bura, özünə, o kaftara verməsinlər; ya ki, mən bilmirəm neylərəm.

Bu sözlərin cavabında Kərbəlayı Məmmədəli dedi:

– Ay arvad, sən Allah boş-boş danışma. Vətəndə hər nə paylasalar, verəcəklər anama. Anam heç olmaz ki, mənim payımı özümə göndərməsin. Vallah, göndərər, anam məni çox istəyir. Ürəyini sıxma, dur bir tikə çörək gətir yeyək.

Pərinisə çörək gətirib qoydu ərinin qabağına, amma özü gedib oturdu bucaqda.

Axırda Kərbəlayı Məmmədəli and içdi ki, sabah olcaq gedib vətənə kağız yazdırar ki, onun payını göndərsinlər burada özünə yetişsin. Pərinisə bir az sakit oldu.

Sübh tezdən Kərbəlayı Məmmədəli çıxdı küçəyə və bilməzdi nə eləsin. Bir tərəfdən Pərinisədən çox qorxurdu və heç özü də bilmirdi ki, nəyə qorxurdu. Bir tərəfdən də vətəndəki arvadı Tükəzbandan da qorxurdu ki; qorxurdu ki, kağız yazdırıb göndərsə, vətəndə Tükəzban duya ki, əri payını təzə arvaddan ötrü istəyir. Burada evlənməyini Kərbəlayı Məmmədəli bərk gizlədirdi. Ondan ötrü ki, vətəndən gələndə Tükəzbanın qardaşları onu qorxutmuşdular ki, əgər qürbətdə evlənsə, gəlib burada onun başını yararlar. Tükəzban da and içmişdi ki, əgər Kərbəlayı Məmmədəli qürbətdə evlənsə, başıaçıq, ayaqyalın gəlib təzə arvadının saçlarını yolar.

Bu işləri fikir eləyə-eləyə Kərbəlayı Məmmədəli gəlib yetişdi məscidin qapısına. O vədə Məşədi Molla Həsən təbrizli Usta Cəfərə kağız yazıb təzə qurtarmışdı. Usta Cəfərin kağızı bu məzmunda idi:

“Əvvələn… salam-dua… və saniyən… Amin ya rəbbülaləmin. Ey mənim istəkli anam, neçə müddətdir ki, gəlib qürbətdə işləyirəm, heç səni yadımdan çıxarmıram. Amma, ay ana, vallah məndən incimə ki, sənə xərclik göndərmirəm. Ha istəyirəm göndərəm, amma vallah, bilmirsən buralar necə bahalıqdır. Görürsən, əvvəlləri mən tək canıma qalırdım, o vədə xərcim az olurdu, hərdənbir sənə bir-iki manat göndərirdim. Amma, söz yox, Allah özü buyurub ki, müsəlman bəndələrin tək qalmağı yaxşı deyil və Allahın buyurmağına görə necə də ki, məsələn, mollalar həmişə vəz eləyəndə bizə deyiblər ki, müsəlmançılıqda tək qalmaq yaxşı deyil, odur ki, məsələn, səndən də ayıb olmasın, Allahın izni ilə və peyğəmbərin şəriəti ilə burada səndən də ayıb olmasın bir arvad siğə eləmişəm. Genə necə olsa arvaddır, xərci-zadı olacaq. Vallah, qazandığım ancaq evimizin xərcini görür, dəxi o qədər qalmır ki, sənə də göndərəm və bir də mənim əvəzimdən bizim oğlanın üzündən öp və bir də cəmi qohum-əqrəbaya dua yetir”.


Məşədi Molla Həsən həmin kağızı təzə qurtarmışdı ki, Kərbəlayı Məmmədəli yavıqlaşıb salam verdi və üzünü mollaya tutub dedi:

– Molla əmi, mənə də bir kağız yaz!

Məşədi Molla Həsən, Kərbəlayı Məmmədəliyə dedi:

– Baş üstə, – və Usta Cəfərə dedi ki: – Götür qələmi kağıza qol qoy. – Usta Cəfər mollaya cavab verdi ki:

– Qoy kağız qurusun, mən gedim paket alım gətirim, sonra qol qoyaram.

Usta Cəfər durub getdi. Kərbəlayı Məmmədəli çömbəldi mollanın qabağına və Məşədi Molla Həsən, Usta Cəfər yazdığı kağızı qoydu günün qabağına, kitabın içindən bir vərəq çirkli poçt kağızı çıxardı və sonra sağ əlini Kərbəlayı Məmmədəliyə uzadıb dedi:

– Çıxar görüm, mənə nə verəcəksən?

Kərbəlayı Məmmədəli yavaş-yavaş sağ əlini uzatdı cibinə və üç dənə tək qəpik qoydu mollanın qabağına.

Məşədi Molla Həsən pulları götürüb, əvvəl tutdu günün qabağına, sonra saldı cibinə, sol dizini qalxızdı yuxarı, kağızı sol əlinin içində qoydu dizinin üstə. Qələmi batırdı mürəkkəbə və başladı yazmağa: “Əvvələn… salam və dua…və saniyən…Amin ya rəbbülaləmin…” Bunu yazandan sonra üzünü tutdu Kərbəlayı Məmmədəliyə:

– De görüm sözün nədi?

Kərbəlayı Məmmədəli bir öskürüb başladı:

– Molla əmi, sənin yanında qalsın, məsələn…– Məşədi Molla Həsən istədi yazsın, Kərbəlayı Məmmədəli tez əlini uzadıb yapışdı qələmdən:

– Yox, yox, yazma. Hələ qulaq as!

Məşədi Molla Həsən qələmi çəkdi və başladı qulaq asmağa. Kərbəlayı Məmmədəli dedi:

– Məsələn: yazgilən, ay ana, deyirlər İrana hürriyyət veriblər.

Məşədi Molla Həsən başladı yazmağa: “Ay ana, İrana hürriyyət veriblər”.

Kərbəlayı Məmmədəli dedi:

– Yaz dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. – Məşədi Molla Həsən bu sözləri də yazdı. Kərbəlayı Məmmədəli dedi: – Yaz indi, ay ana, mən, vallah, heç zad istəmirəm. Amma ayıb olmasın… qoy görüm necə yazaq? Molla əmi səndən də ayıb olmasın, bizim ev adamı, ayıb olmasın…

Məşədi Molla Həsən istədi yaza, genə Kərbəlayı Məmmədəli əlini atdı qələmə və çığırdı:

– Yox, yox, nə qayırırsan? Sən imam, onu yazma, yazma. Bilməzsən mənim sözlərimin hamısını yazarsan ha! Yox, yox başına dönüm, a molla, məni xanəxərab elərsən…

Məşədi Molla Həsən qələmi kağızdan çəkib, başladı qulaq asmağa. Kərbəlayı Məmmədəli başladı:

– Yaz mənim payıma hər nə düşsə, göndər mənim özümə…

Məşədi Molla Həsən bu sözləri yazdı. Kərbəlayı Məmmədəli başladı:

– Hərçənd mən bilmirəm nə qədər düşəcək. Elə tutaq ki, az da düşsə göndər. Çünki doğrudan, a molla, mən heç bu sözləri ağzıma alıb danışmazdım, amma bu arvadların öhdəsindən məgər gəlməkmi olur?..

Məşədi Molla Həsən istədi yaza. Kərbəlayı Məmmədəli tez əlini uzadıb yapışdı qələmdən və çığırdı:

– Yox, yox, sən Allah, yazma. Arvad sözü yazma. Birdən bilməzsən yazarsan, arvad almışam… Elə bircə onu yaz ki, payımı göndərsinlər. Vəssəlam.

Məşədi Molla Həsən bunu da yazdı. Kərbəlayı Məmmədəli dedi:

– Vəssəlam. Bir də yaz mənim əvəzimdən bizim oğlanın üzündən öp və ayıb olmasın, ev adamının kefi necədi və hamı qohum-əqrəbaya dua göndərirəm. Vəssəlam. Di indi buları da yaz, vəssəlam. – Məşədi Molla Həsən bu sözləri də yazdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əzizim Məmmədəli! (9 oktyabr)

Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.

1 dəq
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!

Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.

1 dəq
Əzizim Baba! (Bakı, 7 iyun)

Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.

1 dəq
Həmidə!

Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.

1 dəq

Başqa şairlərin şeirləri