İranda hürriyyət
Səhifə 4 / 4 · 75%
Bu sözləri deyə-deyə Məşədi Molla Hüseyn genə kağızı götürdü əlinə və başladı tamaşa eləməyə.
Kərbəlayı Rza aldı kağızı və qoydu cibinə və istədi qayıdıb gəlsin evə. Məscidin yanından keçəndə Kərbəlayı Rzanın fikrinə gəldi ki, kağızı yazan haman eynəkli molladır ki, məscidin qapısında səkinin üstündə oturub, bir kəndliyə kağız yazırdı. Kərbəlayı Rza Məşədi Molla Həsənin yanına gəlib dedi:
– Səlamün-əleyküm, Molla dayı! Molla dayı, sən Allah bir mənə de görüm dünən Kərbəlayı Məmmədəliyə sənmi kağız yazmısan?
Məşədi Molla Həsən eynəyinin altından Kərbəlayı Rzaya diqqət edib cavab verdi:
– Hansı Kərbəlayı Məmmədəliyə?
Kərbəlayı Rza dedi:
– Haman adama ki, yazıb onun hürriyyət payını özünə göndərsinlər.
Məşədi Molla Həsən cavab verdi:
– Bəli, bəli, mən yazmışam. Dünən yazdım. Yaxşı yazmışam, arxayın ol, yəqin göndərərlər; çünki yaxşı yazmışam. Deyəsən sən özün gəlib dünən yazdırdın?
– Xeyr, mən deyiləm, mənim yeznəmdi.
– Bəli, bəli, inşallah göndərərlər. Arxayın ol!
– Allah atana rəhmət eləsin, xudahafiz!
Kərbəlayı Rza bir az rahat olub gəldi evə və kağızı Pərinisəyə verib and içdi ki, kağız yazan molladan əhvalatı bilibdir və Kərbəlayı Məmmədəli kağızı necə ki deyir, elə də yazdırıbdır.
Axşam Pərinisə kağızı verdi Kərbəlayı Məmmədəliyə ki, göndərsin vətənə.
Kərbəlayı Məmmədəli kağızı götürdü və getdi makulu Hacı Əli adlı tacirin dükanına və kağızı Hacı Əliyə verib təvəqqə elədi ki, Makuya gedən olsa, kağızı versin aparsınlar Şahtaxtında versinlər çayçı Məşədi İskəndərə ki, Məşədi İskəndər göndərsin “Ərəblərə”, onun anasına.
Aradan bir ay keçdi. Gündə bir dəfə Kərbəlayı Məmmədəli axşamlar işdən evə gələndə Pərinisə soruşurdu:
– A kişi, kağızdan bir xəbər varmı? – Kərbəlayı Məmmədəli cavab verərdi ki:
– Bir xəbər yoxdu.
Əvvəl vaxtlar Kərbəlayı Məmmədəli belə cavab verəndə arvadı deyərdi:
– Yalan deyirsən, – və Kərbəlayı Məmmədəli and içərdi ki:
– On iki imam haqqı yalan demirəm:
Arvad genə deyərdi ki:
– Yalan deyirsən-və Kərbəlayı Məmmədəli cavab verərdi:
– Həyə yalan deyirəm, atama nəhlət! – Arvad deyərdi:
– Bəlkə heç kağızı göndərməmisən? – və Kərbəlayı Məmmədəli cavab verərdi ki:
– Qoy qardaşın Kərbəlayı Rza getsin makulu Hacı Əlidən soruşsun görsün, göndərmişəm ya göndərməmişəm.
Axır vaxtlarda da Kərbəlayı Məmmədəli deyəndə “kağızdan bir xəbər yoxdu”, Pərinisə başlardı əri ilə dava-mərəkə eləməyə ki, “yəqin kağızdan xəbər var, amma sən məndən gizləyirsən”. Dəxi burada and içməkdən başqa Kərbəlayı Məmmədəlinin özgə bir çarəsi olmazdı. Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb, başladı Kərbəlayı Məmmədəlini təpikləyib oyatmağa. Kərbəlayı Məmmədəli oturdu və başladı gözlərini ovuşdurmağa. Arvad ərinə dedi:
– Kərbəlayı Məmmədəli, indi bu gün kağızdan yaxşı xəbər çıxsa mənə nə verərsən?
Kərbəlayı Məmmədəli dedi ki:
– Hər nə desən, verərəm. – Pərinisə başladı ki:
– Bu gün yaxşı xəbər gələcək. – Əri soruşdu ki:
– Nə bilirsən? – Arvad cavab verdi ki:
– Yuxu görmüşəm. – Kərbəlayı Məmmədəli genə soruşdu ki:
– Nə yuxu görmüsən? – Pərinisə cavab verdi:
– Nə işin var nə yuxu görmüşəm? Amma mən bilirəm ki, bu gün yaxşı xəbər gələcək. – Genə Kərbəlayı Məmmədəli başladı yalvarmağa ki:
– Sən Allah, de görüm, nə yuxu görmüsən? – Pərinisə cavab verdi ki:
– Yuxumu demənəm. Desəm, çin olmaz.
Kərbəlayı Məmmədəli paltarını geyib, durdu getdi işə və günortadan iki saat keçmiş qayıdıb gəldi evinə. Pərinisə soruşdu:
– Nə var, nə yox? – Əri cavab verdi ki:
– Bir şey yoxdu.
Pərinisə gətirdi ərinin qabağına pendir-çörək qoydu və özü də oturdu ərinin yanında. Kərbəlayı Məmmədəli çörəkdən bir tikə ağzına qoyub başladı:
– Ay qız, bə sənin yuxun necə oldu? Bə deyirdin: bu gün xəbər çıxacaq?
Pərinisə belə cavab verdi:
– Kərbəlayı Məmmədəli, mən genə sənə deyirəm ki, yaxşı xəbər gələcək. Onnan ötrü ki, mən yuxuda həmişə qarpız görəndə şad oluram. Keçən həftə Sara bacım da yuxuda qarpız görmüşdü, əri Məşədi Haqverdi gəlib mollaya Sara bacımın yuxusunu nağıl eləmişdi. Molla demişdi ki, qarpız şadlıqdı. Mən də həmişə yuxuda qarpız görəndə sevinirəm. Xeyir olsun, yuxuda gördüm ki, rəhmətlik Şərəbanı əmidostum minib bir eşşəyə, bizə qonaq gəlib. İndi gəlməsin. Rəhmətlik məni çox istərdi. Hə… eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı; elə yekə çuvallar idi ki, nə bilim bu dam boyda…
Kərbəlayı Məmmədəli qah-qah çəkib dedi:
– Ay qız, ay qız, dam yekəlikdə də çuval olar? Qah-qah-qah…
Pərinisə başladı and içməyə:
– Yalan deyənin atasına nəhlət! Vallah, yalan demirəm. Elə bu dam yekəlikdə idilər. Hə… mən çıxdım rəhmətliyin qabağına və dedim, – indi çıxmayım və indi deməyim, – dedim: ay əmidostu, sənhəzrət Abbas, bu nə xəcalətlikdi mənə verirsən? Rəhmətlik gəlib məni qucaqladı. – İndi qucaqlamasın. – O üzümdən öpdü, bu üzümdən öpdü və qarpızların bir yekəsini gətirib verdi mənə. Allah rəhmət eləsin, torpağı sanı yaşıyasan, məni çox istərdi; indi istəməsin.
Pərinisə bu sözləri deməkdə idi, Kərbəlayı Məmmədəlinin qulağına “hoqquş…hoqquş…” səsi gəldi. Ər-arvad üzlərini həyətə tərəf çöndərib gördülər ki, həyətə bir ulağ girdi, ulağın üstündə bir arvad və yanında bir kişi.
Pərinisə və Kərbəlayı Məmmədəli əvvəl bilmədilər ki, bu gələnlər kimdirlər; hətta Kərbəlayı Məmmədəli zarafatla dedi ki:
– Ay qız, yuxun çin oldu. Budur Şərəbanı əmidostun sənə qarpız gətirir.
Pərinisə genə diqqətlə həyətə girənlərə baxıb, durdu ayağa. Kərbəlayı Məmmədəli də bir qədər diqqət eləyib birdən “vay!” – deyib qaçdı evin bucağına və istədi gizlənsin. Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. Kərbəlayı Məmmədəli qaçdı akoşkaya tərəf və istədi akoşkanı sındırıb özünü salsın eşiyə. Sonra genə həyətə baxıb, qayıtdı qapıya tərəf və göz-gözə verib özünü saldı həyətə və başladı naçmağa. Ulağ üstə gələn arvad əlinə bir daş alıb, başladı Kərbəlayı Məmmədəlini qovlaya-qovlaya söyməyə:
– Köpək oğlu, arvad almağın bəs deyil, hələ götürüb mənə kağız yazıb acıq da verirsən?!
Arvadın yanındakı kişi də Kərbəlayı Məmmədəlinin üstünə hücum elədi. Arvad əlindəki daşın birini atdı Kərbəlayı Məmmədəliyə. Daş gedib dəydi toyuqların birinə. Kişi əlindəki ağacı tulladı Kərbəlayı Məmmədəliyə. Ağac gedib dəydi divara. Kərbəlayı Məmmədəli həyətin alçaq divarından aşıb düşdü o biri həyətə və qaçdı.
Pərinisə evin içində başladı “havar”, “havar” deyib bağırmağa. Həyətdə arvad və kişi Kərbəlayı Məmmədəlini o cür söyürdülər, necə ki, küçədə on yeddi-on səkkiz yaşında müsəlman uşaqları aşıq oynayanda bir-biri ilə söyüşürlər.
Kərbəlayı Məmmədəlini qovlayan arvad onun “Ərəblər”dəki arvadı idi; həmin kişi də arvadın qardaşı idi.
Dəxi bilmirəm mərəkənin axırı hara çatdı.
23 noyabr 1906, Tiflis
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-iranda-hurriyyet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Əzizim Baba! (Bakı, 7 iyun)Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.
Həmidə!Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Başqa şairlərin şeirləri
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,