Kamança
Səhifə 2 / 2 · 50%
Zeynəb cəld gəlir durur yüzbaşı ilə Baxşının arasında. Qaraş yavuq gəlib, Zeynəbi itələyir. Əziz gəlib təpiyi ilə arvadın, dalından vurub yıxır yerə və qeyri yoldaşlar arvadı çəkib salırlar kənara. O da ağlaya-ağlaya uzaqlaşır. Bu arada Baxşı kamançanı uzadır Novruza tərəf.
Baxşı. Novruz ğardaş, səni and verirəm bizi yaradan Allaha. Mən öləndən sonra bu kamançanı bir kəsə vermə. Ara sakit olandan sonra, zəhmət çəkib bizim Muğuş balanı tapasan, bu kamançanı verəsən Muğuş balama. Qurban sənə, Novruz, Qazançıda kamançaçı Baxşı oğlu Muğuşa verəsən.
Qaraş acıqlı gedib, cəld kamançanı dartır və yuxarı qalxızıb, istəyir çırpsın yerə. Baxşı iki əllərini yuxarı qalxızıb yalvarır.
Baxşı. Ğurban sənə, ğardaş, bir azca dayan, mən öləndən sonra kamançanı sındır ki, gözüm görməsin.
Qəhrəman yüzbaşı. Buna bax, sən Allah, bu erməninin damağına bax; bir tikə ağac qırığını istəməyinə bax!
Əziz. Amma, Qəhrəman yüzbaşı, indi ki, söz düşdu, qoy deyim. Sən ermənini qınama. Bu zalım oğlu, bilirsən, kamançanı necə çalır? Keçən il Əbdüləligilin toyunda... (Baxşıya). Ədə, orda çalan sən deyildin?
Baxşı. Hə, ğardaş, mən idim...
Əziz. And olsun Allaha, dad-bidad eləyirdi.
Qəhrəman yüzbaşı (Əzizə). Doğrudan?
Əziz. And olsun sənin başına, necə ki, deyirəm, elədi.
Qəhrəman yüzbaşı (Kamançanı götürür əlinə, başlayır örtüyünü açmağa). Doğrudan, görək bu necə şeydi. (Örtüyü çıxardır, atır yerə, başlayır kamançanın o tərəfinə – bu tərəfinə baxmağa. Yoldaşlardan da bir parası gəlib baxırlar) Hey, erməni, bu nə bir şeydi ki, bu qədər istəyirsən?..
Baxşı əllərini göyə qalxızıb, yalvaran halətdə qalır.
Qəhrəman yüzbaşı (kamançanı uzadır Baxşıya). A balam, yazıqsan, barı bir dəfə də çal.
Baxşı cəld durur ayağa, kamançanı alır, çəkilib oturur dizi üstə, cibindən tikirtkə çıxarıb kəmanəni çəkir tikirtkəyə, qırılmış simlərin birini tez düyünləyir, simləri yoxlayır, kökləyir, üzünü Qazançı kəndinə tərəf tutub, ah çəkir və ermənicə deyir: “Ax sireli Muğuş bala”. Sonra bir-bir adamların üzünə baxıb, başlayır çox həvəslə Rast havasını çalmağa. Rastdan Şikəsteyi-farsa keçəndə Qəhrəman yüzbaşı gözu ermənidə və qulağı kamançada, durduğu yerdə yavaşca oturur və Baxşı çaldıqca qəməni yavaş-yavaş, guya özündən bixəbər, soxur belindəki qınına və qulaq asmaqda olur. Adamlar hamısı sükutdadır. Baxşı çalmağını tamam eləyib, qorxan və müntəzir halətdə baxır Yüzbaşının uzünə.
Qəhrəman yüzbaşı. A balam, erməni, bir de görüm bizdən nə istəyirsiniz? (Baxşı təəccüblü baxır və bir söz demir. Qəhrəman yüzbaşı acıqlı və bir az ucadan. Sənnən söz soruşuram ey, niyə dinmirsən? Kar deyilsən ki! Bir de görum, bizdən niyə əl götürmürsünüz?
Baxşı (qorxa-qorxa). Ay ağa, Allah haqqı, mən heç nə eləməmişəm.
Qəhrəman yüzbaşı (acıqlı və ucadan). Hə, eləməmisən! Vallah dünyada nə qədər canım sağdı, hansı biriniz əlimə keçsəniz, tikə-tikə doğrayacağam! Sizin gərək toxumunuzu yer üzündən kəsəm!
Baxşı. Ay ağa, axı mən nə eləmişəm?
Qəhrəman yüzbaşı (acıqlı üzünü yoldaşlarına tutub, bir az alçaqdan). Allahü əkbər! Dəli şeytan deyir... (qəməsini qınından çəkir, qalxır ayağa və üzünü yoldaşlarına tutub deyir). Yəni siz elə güman eləyirsiniz ki, mən bu çolaq ermənini öldürməknən hirsim soyuyacaq? Soyumayacaq! (Bir qədər erməniyə tərəf baxır, dinmir). Hələ buna bax, sən Allah! Dünyada bir haramzadalıq qalmadı ki, öyrənməmiş olsunlar. Şeytana papaq tikirlər. Bu çolaq da kəmənçəni bağrına basıb, gör nə əməllərdən çıxır. Haramzada elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına. Allahü əkbər! (Qaraşa). Qaraş, bir papiros yandır.
Qaraş papiros çıxardıb yandırır, verir yüzbaşıya. Bu heyndə Baxşı kamançanı kökləyir və başlayır Segah-zabil havasını çalmağa. Bir qədər qulaq asandan sonra, Qəhrəman yüzbaşı durduğu yerdə yenə yavaşca oturur və Baxşı çaldıqca yüzbaşı yavaş-yavaş, guya özündən bixəbər, qəməni soxur belindəki qınına və huş-guş ilə qulaq asmaqdadır. Adamlar hamısı sükutdadır.
Qəhrəman yüzbaşı (Qaraşa). Qaraş, sən öləsən biçarə Heydər gəlib durub gözümün qabağında. Ax, vay!.. (Yüzbaşı bu sözləri deyəndə Baxşı çox alçaqdan çalır. Adamların çoxu da ah çəkir. Yenə Baxşı şövq ilə çalmaqdadır. Yüzbaşı gözü Baxşıda gahdan bir dillənir). Bax, belə!... eləcə!.. əcəb!.. afərin!.. eləcə!.. eləcə!.. (və axırda yüzbaşı birdən durur ayağa, qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir). Adə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! (Çığırır). Çıx get!
Baxşı (qorxa-qorxa). Ay ağa, hara gedim?
Qəhrəman yüzbaşı (çığırır). Cəhənnəmə get! Evinə!
Baxşı qorxa-qorxa baxır adamların üzünə, kamançanı və örtüyünü götürür, tez çıxır gedir. Hamı sakit, öz fikirli halətində qalır. Qəhrəman yüzbaşı haman durduğu yerində durub, dinməz-söyləməz baxır Baxşı gedən tərəfə. Bir qədər də baxandan sonra qəməsini tullayır yerə və guya öz-özünə deyir:
Qəhrəman yüzbaşı. Eh, namərd dünya!..
Yanvar 1920, Şuşa qalasında
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kamanca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Professor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Böyük həkimlərYaşadığımız əsrdə və yaşadığımız Bakıda lazımdı hər gün və hər gecə, hər namazdan sonra əl qaziyül-hacətə götürüb, haqq-taaladan istiğasə etmək ki, yaranmışına bir azar-mazar göndərməsin və həkimlərə möhtac qalmasın; yoxsa vay azarlının halına. Çünki indiki əsrdə, indiki Bakı paytaxtında hər bir bədbəxt ki, azarladı – dəxi onun işi bitdi.Bir mən yazığı başa salın görüm, mən başıdaşlı başıma nə çarə qılım; özüm hərdən bir azarlayıram. Və beş-altı nəfər külfətim var, söz yox ki, onları da hərdən bir Allahın dərdi gəlib tapır. Özüm də çünki qulluqdayam, söz yox ki, məcburi straxavoy olmuşam ki, buna da türkcə “sığorta” deyirlər, nə deyirlər.
MüsəllaBu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.
Başqa şairlərin şeirləri
Xoca Əhməd özün salıb əngələ,Torpağa, qəltanə, lilə, bükülmüş,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,