Kərbəlayı
“Tərəqqi”nin 201-ci nömrəsi xəbər verir ki, uşaqlarımız küçələrdə toz-torpaq içində gəzirlər və məktəbə getmirlər.
Hərçənd söz köhnə sözdür, amma bu məsələyə dair mənim bir təzə sözüm var və bu təzə sözün xatirəsi üçün istəyirəm bu köhnə məsələ barəsində bir qədər söhbət edim.
Doğrudur, uşaqlarımız küçələrdə gəzib məktəbə getmirlər. Qafqaz maarif nəzarətinin axırıncı statistik hesabından belə məlum olur ki, Qafqaz müsəlmanlarının beş yüz nəfər uşaqlarından bir nəfəri ancaq dərs oxuyur; qalan dörd yüz doxsan doqquz uşaq küçələrdə oynayır.
İrəvanda iyirmi min müsəlman uşağı var: bunların bir-iki yüzü ancaq dərsə gedir. Bakı, Tiflis, Naxçıvan, Şamaxı və qeyri şəhərlər də habelə…
Nədir bunun səbəbi?
“Tərəqqi” deyir ki, Bakıda müsəlman uşaqlarının küçədə veyil dolanmaqlarına bais şəhərin məkatib komissiyasıdır ki, müsəlmanlara qulaq asmır. Axund Talıbzadə bu barədə cəmiyyətlərimizi və dölətlilərimizii müqəssir tutur. Bir para axmaqlar da günahı bir para mollaların gərdəninə yıxır.
Amma bunların heç biri deyil.
Müsəlmanlar kasıbdırlar, qeyri millətlərdən çox kasıbdırlar və bunun da səbəbi odur ki, müsəlmanların xərci çoxdur: Məşədi Qasım on altı dəfə Kərbəla ziyarətinə gedib, dörd dəfə də Xorasana gedib və bu yollarda dörd min üç yüz manat pul xərcləyib. Məşədi Qasım mənim qonşumdur, dərd-dilini mənə söyləyib. İndi özü bir kasıb adamdır, köhnə paltar satır; beş oğlu var, beş qəpiyi də yoxdur. İndi mən cənab “Tərəqqi”dən və Molla Talıbzadədən təvəqqə edirəm ki, buyursunlar görək məkatib komissiyası, yainki dövlətlilərimiz Məşədi Qasıma nə çarə eləsinlər?
Amma oxucularımızdan təvəqqə edirik ki, bu məsələyə bir qədər diqqət eləsinlər; çünki dəxi bu zarafata oxşamır.
Mən ömrümdə bir kəblayını yadıma sala bilmərəm ki, kasıb olmasın; amma bu kəblayıların hər birisi bir neçə dəfə Kərbəla ziyarətinə müşərrəf olubdur. Danabaş kəndində iki yüz adam tanıram ki, hər il ziyarətə gedər. İldə Qafqazdan Xorasana dörd yüz min müsəlman gedir. Bircə Feodosiyanın Karantin idarəsinin hesabından belə aşkar olur ki, 1899-cu ildən 1909-cu ilədək Qafqazdan İstambula dörd yüz on iki milyon hacı gedib.
Heç bir müsəlman yoxdur ki, kərbəlayı, məşədi, ya hacı olmasın. Ruslar divanxanalarda müsəlmanı görən kimi soruşurlar:
– Çto xoçeş kerbalay?
Çünki ruslar yəqin eləyib ki, dünyada kərbəlayı və məşədidən savayı dəxi müsəlmanın özgə adı yoxdur.
Hər bir müsəlman qaragünçülük ilə bir əlli-altmış manat cibində görən kimi gecə yatıb səhər durur, övrətinə xəbər verir ki, “ağam məni istəyib” və bir-iki gün xəlvətdə gözyaşı tökəndən sonra, gedib bazardan otuz iki manata bir yabı alıb, gətirib bağlayır həyətə ki, minib getsin ziyarətə.
İndi bəs necə olsun?
Cənab Talıbzadə istəyir ki, müsəlman qardaşlar ömrünün əvvəlindən axırınadək Ərəbistan ilə Xorasanın dağ-daşlarını səyahət eləyəndə dövlətlilər də bunların uşaqlarını yığıb müftəcə oxutsunlar?
Yox, bu ola bilməz! Cəmiyyətlər ondan ötrü qurulublar ki, beş yüz atalı uşağın bir nəfər atasızını seçib, məccanən oxutsunlar ki, Allaha xoş getsin. Yoxsa imam yolunda dəli-divanə olanların ac yetimlərini küçələrdən məktəblərə yığmaq qeyri mümkündür; hələ qabaqca bunlara yavan çörək vermək lazımdır.
Böyük şəhərlərdə hər kəs müxtəlif millətlərə diqqət ilə baxıbsa, yəqin bir belə şey görübdür: əcnəbilərin əksəri qara paltar geyirlər; müsəlmanların paltarı bozdur. Qara paltarlar mahud və triko parçasından tikilibdir. Müsəlman paltarları ucuz yarım-mahuddur ki, iki dəfə gün vuran kimi bozarır. Bir az yavıqdan baxanda görəcəksən ki, müsəlman paltarı yüz yerdən yamanıb. Erməninin bir cift çəkməsi müsəlmanın bütün üst-başının qiymətidir.
Kəndlərdə də belə təfavüt var. Müsəlman uşaqlarını kim dilənçiyə oxşatmaz? Evlərimiz və xörəklərimizdə də belə təfavüt var. Əcnəbilərin şərab xərci bizim plovlarımızdan bahadır.
Axırda da görürük ki, əcnəbilərin uşaqları məktəblərdə oxuyanda, bizimkilər küçələrdə iti küşkürürlər dərvişlərin üstünə.
Mən demirəm ki, ziyarətə getməsinlər; ancaq mən onu deyirəm ki, möhtərəm oxucu küçədə ayaqyalın bir müsəlman uşağı görəndə, ürəyini sıxmasın ki, “aya görək bu uşaq niyə məktəbə getməyib”.
Ancaq mən onu deyirəm ki, hər kəs küçədə bir belə uşaq görsə, yəqin eləsin ki, bu uşağın atası ya kərbəlayıdır, ya məşədidir, hələ bəlkə hacıdır.
Mən ancaq bunu deyirəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 sentyabr 1909, №37
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kerbelayi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yadındadırma, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!”. Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”.Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: “gedəcəyəm”.
Elmi-musiqi “İttihad” mədrəsəsində“İttihad” mədrəsəsində elmi-musiqi xəbərini bakılı qardaşlar, söz yox, oxudular və bildilər ki, keçən cəmadiəl-əvvəl ayında “İttihad” əncüməni-xeyriyyəsində əksəriyyət ara ilə təlimi-musiqi təsdiq olundu.Qəzetdə bu müjdəni verəndən sonra, “İttihad” mədrəsəsinin müdiri mədrəsənin şagirdlərini təbrik edir və deyir ki, musiqi kimi ali və vəsi elmin təhsilinə çatıb xoşbəxt olacaqlar. Müdir cənabları təəssüf edir ki, musiqinin həqiqi və dünyanın məişətində əlzəm ləvazimdən olduğu bizim üçün indiyədək aşkar olmayıb və islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur. Və hətta Avropa tarixi sübut edir ki, elmimusiqi Avropaya islamdan və İrandan sirayət eləyib.
Bir əldə iki qarpızı tutmaq olmazÖmrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki on məmləkətra hər tövr həst əz dəsti-ma birun beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra misliimruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi-on vilayət sərfi-nəzər nümayənd”.Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, flan tarixdə və flan saatda varid olduq flan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”.
Üç qara xəbərBu gün mən üç xəbər eşitmişəm. Doğrusu, başımdan deyəsən, bir ağrı tutub, az qalıram özümü öldürəm.Biri budur ki, Məhəmmədəlini taxtdan yendirdilər. Hələ bu məlum. İkinci xəbər budur ki, Bakıda hər nə qədər adlı müsəlman var, – hamısını bir-bir qatıblar “qazamata”. Ay, vay, nə yaman günə qaldıq! Dəxi Bakının nə ləzzəti? Dəxi bundan sonra ümidimizi hara bağlayacağıq? Heyif, heyif, evimiz yıxıldı. Dünyada az-çox şöhrətimiz Bakı ilə idi. Tamam yer üzündə Bakı yada düşəndə hamı bilirdi ki, bəli, yer üzündə müsəlman da var imiş. Amma indi, amma indi? Vaveyla! Əgər bir az belə getsə, dəxi heç, heç və heçdən də heç.
Başqa şairlərin şeirləri · Satira
Eldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
Üç dostluqMənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,
RozəxanGet, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,