Kişmiş oyunu
Səhifə 2 / 3 · 33%
Bir qədər fikir edəndən sonra Bala Sultan söylədi:
– Orasını doğru deyirsiniz: mən bilirəm ki, xam deyilsiniz; amma vallah doğrusu, genə qorxuram. Yer qulaqlıdır, dünya-aləm şeytan ilə doludur. Uşaqlar, ehtiyatlı olun!
Kəndlilərin cavanlarından on-on beşi sevincək durdular ayağa və “Allah sənə ömür versin, Sultan ağa!” – deyə-deyə eşiyə çıxdılar.
Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz tövlədə olan atlardan bir neçəsini yəhərləyib çəkdilər kənara. Bir qədər keçəndən sonra eşiyə çıxan kəndlilər və bunlardan başqa dəxi bir neçəsi gəldilər otağa; cümləsi əsbab və əsləhəli: kiminin belində qəmə, kiminin əlində tüfəng – hamısı qıvraq geyinmiş...
İyirmi-iyirmi beş nəfər igid hərəsi bir at eşiyə çəkib, çaparaq mindilər və qayıb oldular.
Biz hər ikimiz çox dilxor olduq. Əvvələn, bizə yəqin oldu ki, biz xam xəyal eləyirmiş idik; çünki dəxi gördük ki, bu tövr müsəlmanlardan heç bir ianə və ehsan gözləmək olmaz. İkinci budur ki, kəndlilərin quldurluğa getməklərindən biz başladıq iztiraba düşməyə: kim nə bilsin, bunların bu tövr rəftarından bizə nə qədər dərdi-sər və bədbəxtlik gələ bilər.
Bu qism xəyalata məşğul idim, Bala Sultan mənim təğyiri-əhvalımı duyub üzünü tutdu mənə və dedi:
– Ağalar, vallahi, billahi zəmanə xarab olub! Böyüklərin, ağsaqqalların sözlərini çürük qəpiyə alan yoxdur. Ha deyirsən: “Balam, oturun yerinizdə, bu cür işlərdən qan qoxusu gəlir, belə işlərə iqdam edən – həmişə Allah yanında günahkar və bəndənin yanında xəcalətli olur”, amma nə fayda, sən deyirsən, – sən eşidirsən.
Yoldaşım, Bala Sultanın cavabında dedi:
– Sultan ağa, cənabınız nəhaq yerə zəmanədən giley edirsiniz. Mən elə başa düşürəm ki, əgər sizdən izn olmasaydı, cahillər kişmiş dalınca getməzdilər.
Bizim ikimizdən və Bala Sultandan savayı tövlə otağında bir qoca kişi dəxi var idi. Yoldaşım axırıncı sözlərini deyib qurtarandan sonra, həmin qoca kişi bir öskürüb çubuğunu yerə boşaldıb və heç birimizin üzünə baxmayıb, başını bulaya-bulaya guya ki, öz-özünə dedi:
– Xeyr, ağalar, belə deyil! Bizim cahıllar, siz görən cahıllardan deyillər. Allah bunlara lənət eləsin. Bunlar kimi qudurğan və bihəya millət tamam yer üzündə nişan verən yoxdu. Bunlar bildiklərini heç atalarına da verməzlər. Siz nahaq yerə elə xəyal eləyirsiniz ki, Sultan ağanın izni olmasaydı, onlar quldurluğa getməzdilər. Sultan ağa izn verməsəydi də gedəcəkdilər. Allah onlara lənət eləsin, onlar sözə baxan deyillər.
Bu heyndə uzaqdan bir güllə səsi gəldi. Biz hər ikimiz dik atıldıq və çox qorxduq. Bala Sultan da zahirən narahat olub, başını yuxarı qaldırıb başladı qulaq verməyə. Amma qoca kişi əhvalına təğyir verməyib, çubuğunu tütün ilə doldurub başladı yandırmağa. Mən elə güman elədim ki, onun qulağı eşitməz; amma mən səhv edirmişəm. Qoca kişi başını bulaya-bulaya və yerə baxa-baxa guya öz-özünə dedi:
– Allah görüm sizi yox eləsin, toxumunuz yer üzündən tükənsin! Bir tikə qurğuşun ilə görəsən hansı biçarənin balalarını ağlar qoydular?!
Bir qədər keçəndən sonra, iki tüfəng açıldı. Mən qorxudan başladım titrəməyə. Yoldaşım başını mənə tərəf əyib alçaq səslə qorxa-qorxa soruşdu:
– Seyid Hüseyn, başımıza nə çarə qılaq? Bu nə iş idi biz düşdük?
Mən mat-mat o yazığın üzünə baxıb bilmədim nə cavab verim.
Bir az keçəndən sonra, uzaqda at tappıltısının səsi gəldi. Bir qədər də keçdi, genə uzaqdan güllə atıldı. Ondan sonra beş-altı kərə bir-birinin dalınca tüfəng səsi gəldi. Bir azdan sonra at tappıltısı şiddət edib gəldikcə yavıqlaşdı. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. Bala Sultan ayağa durub üzünü tutdu kəndlilərə:
– Afərin, afərin, balalarım! Allah birinizi min eləsin! Sizsiz mənim bir günüm olmasın!
Kəndlilərdən bir cavab çıxmadı. Bala Sultan cahılların birinə üzünü tutub dedi:
– Cəfərəli, niyə dinmirsən? Fikirli adama oxşayırsan?! Yoxsa əlinizdən bir xəta çıxıb?
Cəfərdən bir cavab gəlmədi. Bu heyndə genə at tappıltısı gəldi. Tövlənin qapısı açıldı və bir neçə cahıl başladılar tövləyə bir şey sürüməyə. Biz elə bildik ki, bu da kişmiş tayıdır; amma səhv edirdik. Cahıllar içəri sürüdükləri, qana bulanmış adam ölüsü idi.
Bala Sultan irəli yeriyib və ölünün paltarına və sifətinə diqqət ilə baxandan sonra, pərişanhal olub dedi:
– Allah sizin evinizi yıxsın! Bu fəqir dəvəçinin günahı nə idi ki, bunu öldürüb, əhli-əyalını gözü yolda qoydunuz?!
Heç kimdən bir səs çıxmadı. Bala Sultan ölünü görən kimi hər iki əlini dizlərinə vura-vura dedi:
– Vay, vay, vay! Allah sizə lənət eləsin! Durmayın, durmayın! Götürün beli, qazmanı, köməkləşin, tez tövlənin bucağında bir dərin quyu qazın, cəmdəyi (nəşi) salaq quyuya, üstünü peyin və axbun ilə örtək. Tez-tez! Daha durmayın! Durmaq vaxtı deyil! Vay, vay!
Cahıllar Bala Sultana bir cavab verməyib durduqları yerdən hərəkət eləməyib başları aşağı, baxırdılar kimi ölüyə, kimi yerə.
Bala Sultan genə təkid ilə dedi:
– Niyə durursunuz? Nə fikir eləyirsiniz? Dəxi indi fikir eləmək fayda verməz. İndi durmaq vaxtı deyil! Gedin tez quyu qazın!
Cahıllar bir cavab verməyib, durduqları yerdən hərəkət eləmədilər. Bala Sultan onların üstə hirs ilə çığırdı:
– Məgər qulaqlarınız kardır? (sağırdır?). Adama neçə dəfə sözü deyərlər? Mən əvvəl sizə dedim ki, bəd əməlin dalınca getməyin; xatadır, adam başağrısı çəkər. Sözümə qulaq verməyib getdiniz və üçdörd tay kişmişdən ötrü adam öldürdünüz. İndi bunların hamısı keçib, barı öz zibilinizi özünüz təmizləyin!
Cahılların biri, hər iki əlini qəməsinin dəstəsinin üstə qoyub, döşünü bir qədər dalı çəkib, gözlərini axıda-axıda üzünü Sultana tutub dedi:
– Sultan ağa, ölünü tövlənin bucağında gizlətmək çox asan işdir: götürərəm qazmanı, bir dəqiqənin içində bir dərin quyu qazaram, cəmdəyi xakriz edərəm. Burada bir çətin iş yoxdur. Amma bununla canımız qurtarmayacaq. Necə dərin quyuda ölünü gizlətsək, genə axırda gəlib çıxardacaqlar və bizim hamımızı katrojniyə göndərəcəklər.
Bu kəndli sözünü qurtaran kimi yoldaşları bir səslə bu sözü təsdiq eləyib dedilər:
– Doğru deyir, Kərbəlayı Məhəmməd doğru deyir. Bizim hamımızı Sibirə göndərəcəklər.
Bala Sultan təəccüb ilə soruşdu:
– Olan, yoxsa sizi görən olub?
Kərbəlayı Məhəmməd cavab verdi:
– Sənin başına and olsun, Sultan ağa, bizi bir əhəd də görməyib. Karvanın yanında məhz üç nəfər dəvəçi idi. İkisini karvanın yanında öldürdük. Bu yazıq da bizim dalımızca qaça-qaça gəldi kəndin yavığına ki, bəlkə kişmiş taylarını bizdən saldıra; bunu da öldürdük və bədənini gətirdik buraya ki, bizim kəndin kənarında nişanə qalmasın.
Bala Sultan genə dedi:
– Dəxi nədən qorxursunuz? Sizi görüb tanıyan olmayıb, bəs dəxi nədən qorxursunuz?
Kərbəlayı Məhəmməd:
– Sultan ağa, biz ömrümüzdə heç bu tövr kəmehtiyat iş tutmamışdıq. Yəqin elə sabah bizi qol-qola bağlayıb aparacaqlar navaxta!
Cahıllar səs-səsə verib dedilər:
– Elədir!.. Elədir!.. Doğrudur!.. Yəqin aparacaqlar!
Bala Sultan təəccüblü, uca səslə soruşdu:
– Qardaş, nə deyib aparacaqlar, axı? Kim gedib sizi şeytanlayacaq? Bizim içimizdə ki, bir yad adam yoxdur.
Kərbəlayı Məhəmməd başını bulaya-bulaya Sultana cavab verdi:
– Sultan ağa, məni bağışla, amma heç özün də bilmirsən nə danışırsan! Vallah, Sultan ağa, evimiz yıxılıb. Dəxi bu işlərin heç çarəsi yoxdur!
Bizə dəxi gün kimi aşkar oldu ki, kəndlilər məhz bizim ikimizdən ehtiyat edirlər ki, buradan çıxıb gedəndən sonra, bunların quldurluğu barəsində bir söz danışarıq, ya divana xəbər verərik. Yoldaşım cahılları bu barədə sakit eləmək qəsdilə bunlara üzünü tutub həqiranə söylədi:
– Ay qardaşlar, şükr edirəm pərvərdigara ki, burada bu saat hazır olan adamların cəmisi müsəlmandır, xarici millət yoxdur. Siz də müsəlmansınız, biz də müsəlmanıq və övladi-peyğəmbərik. Bizim əlimizdə bundan savayı dəxi bir çarə yoxdur, məgər ki, cəddimizə and içib, onun kitabi-məcidini öpüb, sizə səmimi qəlbdən söz verək ki, nə qədər ömrümüz var, – siz bu gün burada elədiyiniz işlərin barəsində bir yanda və bir kəsə ağzımızı açıb danışmayaq və əgər bu xüsusda vədəxilaf olsaq, Allah-taala bizim hər ikimizin həftadi-həftinə iki min lənət eləyə və hər iki dünyada biz üzüqaralar cərgəsində olaq.
Yoldaşım sözünü qurtaran kimi, Bala Sultan başladı:
– Xeyr, xeyr ağalar! Nahaq yerə siz bədgüman olursunuz. Heç narahat olmuyun və heç özgə şeylər fikrə gətirməyin. Biz onu yaxşı bilirik ki, siz bizə xəyanət edən adamlardan deyilsiniz.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kismis-oyunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.
İstiftaBakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.
MəscidlərHamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.
MəəttəlDünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:
Başqa şairlərin şeirləri
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Könlüm yenə bir kasə qızıl qano dönübdürKönlüm yenə bir kasə qızıl qano dönübdür,Qan olsa böylə zülmlə hər yanə dönübdür!
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,