Bu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır.

Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar).

Burada bir paralarının da fikrinə gələ bilər ki, şayəd burada ingilislər biz türklərin latın hürufatımızı qəbul etməyimizi eşidib, bu işi bəyənirlər və təsdiq edirlər (çünki özləri də latın hürufatı ilə yazıpozu eləyirlər).

Belə də deyil.

Və bu günədək biz güman edə bilərdik ki, dünyada nə qədər mədəni və ağıllı tayfa varsa, latın hürufatını özü üçün hürufat qərar verib. Onlar hamısı bizim də bu yeni türk əlifbamızı, yəni latın əlifbasını, təsdiq edələr gərək. Səbəb odur ki, əgər bəyənmirlərsə, xoşlamırlarsa, bəs, özləri niyə o hürufatın üstündə öz kitabətini, mətbuatını bina edibdirlər?

Bu elə bir aşkar mətləbdir ki, burada dəxi danışmağa bir yer ola bilməz.


Amma, xeyr! İngilis rəfiqlərimiz bu işə özgə nəzərlə baxırlar: ingilislər üçün dünyada yaxşı şey və pis şey yoxdur; o yerdə ki, onların politikası icab edir, orada yaxşı işə də onlar yaxşı deyə bilərlər, pis işə də yaxşı deyə bilərlər. Və o yerdə ki, onların siyasəti təqaza edir, o yerdə onlar ağa qara deyə bilərlər, qaraya da ağ deyə bilərlər.


Bu qədər müqəddəməyə tul və təfsil verməyim aşağıdakı rəvayəti söyləməkdən ötrüdür, necə ki, mərsiyəxanlar deyərlər: oxumamışam məgər bu fərddən ötrü.

Hindistanın Bombey şəhərində çıxan ingilis qəzeti “Tayms of İndiya” oktyabr nömrələrinin birində, Türkiyədə latın əlifbası intişarından söhbət açıb, üzünü Hindistan müsəlmanlarına tutub yazır: “Məgər bizim müsəlmanlar Türkiyənin bu yeni təşəbbüsündən sonra yenə onların xilafətə və islama xain olmaqlarına şübhə edəcəklər?”.


Ey dünyanın şeytanət ustadları! Və ey yerin-göyün provakasiya fazilləri! Dünyada fəsadatda vahid yaranmısınız və vəhdaniyyətinizə şəkk edənə min lənət!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 13 noyabr 1926, №46

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Gələcək

Hərdənbir kənardan durub baxanda mən bir belə şey görürəm, görürəm ki, Qafqazda bir az rusca oxumuş müsəlmanlarımız həmişə rusca yazı-pozu eləyirlər. Əvvəl adam elə bilir ki, bunlar müsəlmanca oxumayıblar; sonra baxıb görürsən ki, çox əcəb oxuyublar, bəlkə on il dərs oxuyublar.Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqə edirəm bu yazdığıma yaxşı diqqət eləsin; əgər diqqət eləməsə, dəxi ixtiyarı yoxdur mənə yalançı desin.

4 dəq
Xəbərdarlıq

Biz qəzetlərdə neçə dəfə oxumuşuq ki, Sultan Əbdülhəmid əl altından gecə və gündüz çalışır cavan türklərin başını bir tövr qarışdırsın və məşrutəni pozsun. Biz bu xəbərləri eşidə-eşidə genə dinməməkdə durmuşuq. Əvvəla, ondan ötrü ki, deyirdik bəlkə qəzetlər yalandan yazırlar, necə ki, Danabaş kəndində həmişə deyirlər ki, qəzetənin peşəsi yalan yazmaqdır və bir də ondan ötrü dinmirik ki, dəxi Cabbar Cığafovu və sultanın qeyri gədalarını özümüzdən incitmiyək.Amma indi bu xəbər gəldikcə yoğunluyur. İndi cəmi qəzetələr lap açıq-açığına yazırlar ki, indiki politika məsələlərini qalxızan sultan özüdür ki, məşrutəçilərin başını qatıb dava bəhanəsi ilə qoşunu alsın öz ixtiyarına və bildiyini eləsin. Hələ bunu da yazırlar ki, sultan Bolğariya hökumətinə xəlvətcə bir kağız yazmış imiş ki, əgər o kağız gedib yerinə çatsaydı, Osmanlı məşrutəsinə böyük sədəmə toxunacaq idi. Amma cavan türklər xəbərdar olub haman kağızı ələ gətiriblər.

1 dəq
Misyonerlər

Qəzetlər xəbər verirlər ki, bu yaxın vaxtlarda Kazan şəhərində islam məzhəbinin əleyhinə çalışan rus misyonerlərinin yığıncağı olacaq və bu yığışmağa hökumət tərəfindən izn verilib.Biz bu barədə bəlkə heç danışmayaydıq; çunki bu sözlər köhnə sözlərdir və oktyabr manifestli bir məmləkətdə bu cür “hürriyyətiədyan” işlərini çox görmüşük. Amma bircə şey var: dəxi bundan sonra heç kəs rus tatarlarını qınamasın ki, hökumət məktəblərindən qaçırlar və rus mədəniyyətindən bəhrəmənd olmaq istəmirlər. Hələ keçən vaxtların sözünü danışmırıq ki, qapaz gücünə Məhəmmədin və Həsənin adlarını xaçpərəst dəftərinə yazıb, müsəlmanları İvan, Pyotr eləyirdilər.

2 dəq
Unutmasınlar

Bir il bundan qabaq eşitdik ki, Tiflisdə “Məzhər” adında türk dilində bir qəzetə çıxır.Bir övqat keçdi dedilər ki, “Məzhər” çıxıb.

2 dəq

Başqa şairlərin şeirləri · Satira