Məlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağı; məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir, əvvəl deyir:

– Tut!

Vəli deyir:

– Sən tut!

Əli deyir:

– Sən tut!

Vəli deyir:

– Sən tut!

Axırda Əli tutur; çünki bilir ki, tutsa da, Vəlinin yumurtası sınacaq. Vəli də işi duyub vurmur; çünki bilir ki, yumurtası boşdur, sınacaq. Əli deyir:

– Vur!

Vəli vurmur. Əli yumurtasını yan tutur və deyir:

– Vur!

Vəli yenə vurmur; çünki bilir ki, yumurtası sınacaq.

Əli yumurtanın künəsini tutur və deyir:

– Vur!

Vəli vurmur; bilir ki, yumurtası sınacaq.

Sonra Əli hər yanda Vəlini görəndə yumurtasını açıq tutub Vəliyə deyir:

– Bax, tutmuşam, hardan vuracaqsan vur!

Çünki Əli bilir ki, Vəlinin yumurtası boşdur.

Cənab Leontiyev, yəni Şamaxı realni məktəbinin rəisi, Şamaxıya gələn kimi əvvəl bir müsəlmanlar ilə dadışdı; məsələn, əvvəl çıxdı müsəlman məhəlləsinə, uca imarətlərin sahiblərini soruşdu, Dədəgünəş səmtini gəzdi, şıxbazlıq, müridbazlıq, bütpərəstlik işlərindən baxəbər oldu və axırda bunu özünə yəqin elədi ki, müsəlmanların yumurtası boşdur və sonra öz-özünə dedi: “elədə bəs vur çatdasın!”. Hər bir şeydən əvvəl cənab inspektor bunu özünə vacib gördü ki, realni işkolada müsəlman uşaqlarının arasına “sünnü-şiə” ədavəti salsın.

Bunnan mənim işim yoxdu, mənə nə! Leontiyevin də canı çıxsın, Dədəgünəşin də canı çıxsın! Onların dərdi mənəmi qalıb?!

Qərəz, sözüm orada deyil, sözüm oradadır ki, doğrudan, uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. Həmişə cavan vaxtlarımda yumurta döyüşdürməyimi yadıma salanda ah çəkirəm.

Və bir də yumurta döyüşdürməyin əvvəlinci şərti dadışmaqdır. Mən elə bilərdim ruslarda yumurta döyüşdürmək adət deyil: amma dünən Tiflis müsəlmanlarından bir-iki nəfər işkolaların böyüyünə Leontiyevdən şikayət edirdi ki, Şamaxıda “şiə-sünnü” davası salmaq istəyir. İşkolaların böyüyü gör nə cavab verir: “Ay kişi, boşluyun qoysun getsin, hər yalan sözə inanmayın!”.

Sonra şikayətçi müsəlmanlar məndən soruşurlar:

– Ay molla, sən də axır bir təcrübəli qoca mollasan, bu kişi niyə biz ilə belə rəftar etdi? – Bunun cavabında mən dedim:

– Ondan ötrü ki, bu da biz müsəlmanları dadıb.

Bəli, çox uzun danışdıq, amma bu qədər axmaq-axmaq sözləri danışmaqdan qəsdim bunu deməkdir ki, biz müsəlmanları cənab Leontiyevlər və onun kampaniyaları çoxdan dadıblar.

Burada “amin” deyən dillər lal olmasın!

Bari pərvərdigara, sən bizim başımızın sahibləri olan bəzi mollalarımızı hər bir qada və bəladan uzaq elə!

“Amin” deyən dillər lal olmasın!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 mart 1907, №11

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kəmənd

E... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...

2 dəq
Ağac

Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.

1 dəq
Mətbəələr

Qəzetlərdənİnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir.

1 dəq
Müəllim

Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.

1 dəq

Başqa şairlərin şeirləri · Satira