Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.

Bu rus dili məktəbləri müəllimləri barəsindədir.

Amma bizim türk müəllimlərinə gəldikdə bir o qədər nigarançılıq yoxdur; çünki Bakıda bizim türk məktəblərimiz, uşaq yurdlarımız, müəllimxanalarımız cəmisi maarif baş idarəsi yox, Bakı maarif şöbəsi ixtiyarındadır ki, müxtəsərcə bu idarəyə “BONO” deyirlər.

Biz o qədər də öz müəllimlərimizdən yana nigaran olmayaq gərək; çünki Bakıda bizim cəmi məktəb və müəllim məsələlərimiz “BONO”nun iki nəfər türk dili bilməyən müdirlərinin ixtiyarındadır.

Nə eybi var? Görürsən ki, bunlar türk dili bilməyə-bilməyə maarif işlərimizi nə gözəl yeridirlər ki, dəxi müəllim qeydinə qalmağımıza lüzum görsənmir.

Doğrudur, Bakı maarif şöbəsinə uzaqdan baxanda elə nəzərə gəlir ki, dünyada guya heç bir nəfər də “BONO” müdirliyinə layiq olan türk pedaqoqu tapılmır. Amma bununla bərabər, yenə məsləhət budur ki, biz öz məktəb və müəllim məsələlərimizi Bakı şöbəsinin türk dili bilməyən maarif müdirlərinin öhdəsinə mühəvvəl edək; çünki biz mömin müsəlmanların bundan vacib məsələlərimiz var: budur orucluq qurtarır, məhərrəm daxil olur, biz müsəlmanıq, təklifimiz hər halda çoxdur.

Dünyanı bir az da boş tutmaq.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 may 1923, №23

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira