Quli-biyabanlar
Ey quli-biyabanı! Gəl apar bu heyvanı
Bilmirəm nədəndirsə, Zəngəzur və Qarabağda aclıq məsələsi düşəndən bəri bizim müsəlmanların içində dövlətlilərin hörməti bir az da artıb. Hər kəsdən soruşursan ki, “şəhərinizdə nə var, nə yox?” – cavab verir ki, “bir elə təzə əhvalat yoxdur, ancaq şəhərimizin əhli flan dövlətlinin təziyəsinə ya toyuna məşğuldurlar”. Soruşursan ki, “haman dövlətli Zəngəzur və Qarabağ aclarına nə qədər pul göndərib?” Cavab verir ki, “heç yarım qəpik də göndərməyib”. Deyirsən: “Bəs niyə ona bu qədər hörmət edirsiniz?”. Lotu dinməyib, gözlərini bərəldir.
Deyirsən: “Hey! Niyə dinmirsən, maralım?”. Görürsən rəfiq dəxi söz tapmır cavab verməyə.
Kuzma Prutkov yazır ki, baş əyməklik və ikiqat olmaq hər bir millətlərə nisbət müsəlmanların içində çox adətdir. Məşhur Darvin deyir ki, heyvanların içində də baş əymək var. Məsələn, bir quzu naqafil bir qurdun qabağına çıxanda, ya meşədə bir zəif heyvan pələngin qabağına naqafil çıxanda, yıxılır yerə. Demək ki, heyvanların içində bu da bir cür ikiqat olmaq və ehtiram qoymaqdır.
Amma bir az yaxşı fikirləşsək, baxıb görərik ki, bu barədə biz müsəlmanlarla meşə heyvanlarının arasında böyük bir təfavüt var. Və necə də ki, olmasın? Biz ki, bilatəşbeh heyvant deyilik.
Təfavüt buradadır ki, zəif heyvan güclü heyvanı görəndə məhz qorxusundan ikiqat olur, amma bizlərdə dövlətlilərə baş əymək və ikiqat olmaq qorxudan deyil.
Bəs nədəndir? Hünər istər ki, birisi çıxsın meydana və mənim bu sözümə cavab verə bilsin.
Gərək oxucularımızın heç biri bunu inkar etməyə ki, biz bir dövlətlini görüb ikiqat olanda məhz onun dövlətliliyini nəzərə alırıq, nəinki ləyaqətini, hüsni-əxlaqını, insaniyyətini, ibadətini, ya millət yolunda xidmətini. Əgər biz bu sifətləri nəzərə alsaq, kasıblarda həmin sifətlər dəxi də tez tapılar, nəinki dövlətlilərdə.
Məgər İrəvanda kankan Cəfərəli insaniyyət xüsusunda İrəvan dövlətlilərindən əksikdir? Məgər İrəvan dövlətliləri Zəngəzur və Qarabağ aclarına göndərdikləri pul Cəfərəli göndərdiyindən çoxdur?
Hansı insaf əhli bunu deyə bilər ki, Bakıda adı-sanı olmayan bir müəllim, ya bir əsnaf, ya kasıb bir baqqal ləyaqətdə Bakı dövlətlilərindən əksik adamdır?
Ağdamda dəllək Hüseyn, yəqin ki, ömründə bir müsəlmana əziyyət eləməyib, bəs niyə biz bu kişinin salamını almırıq, peşələri birbirindən şipyonluq olan Qarabağ bəylərinə baş əyirik?
Hünər istərəm ki, birisi çıxsın meydana və mənim bu sözlərimə cavab versin.
Əgər bir dövlətliyə baş əyəndə çıxardıb cibindən bir qəpik pul verə, yenə demək olar ki, mənfəətimiz üçün dövlətlilərə baş əyirik.
Özgə millətlər içində belə şeylər yoxdu. Özgə millətlər içində bir dövlətli öz millətinə dövlətilə xidmət eləməsə, ona etina və hörmət eləməzlər. Amma bizlərdə tərsinədir. İstər bir yanda aclar acından ölə-ölə İrəvan və Naxçıvanda dövlətlilərimiz kef çəksinlər, istər bir yanda aclarımız acından ölə-ölə Bakıda dövlətlilərimiz dəstəbazlığa məşğul olsunlar, istər Qarabağda bəylərimiz şeytançılığa qurşansınlar, – biz yenə hər yanda onları görən kimi ikiqat olacağıq.
Ey mənim əziz müsəlman qardaşlarım! Bircə söz sizə demək istəyirəm:
Zəngəzurda müsəlmanlar acından ölürlər.
Mən sözümü qurtardım. Siz də hər kəsə istəyirsiniz, baş əyin. Amma onu yaddan çıxarmayınız ki, biz müsəlmanlar həmişə ibadətdən və insaniyyətdən söhbət düşəndə öz-özümüzə demişik: “Yazıq ermənilər, görəsən bunlar Allaha nə cavab verəcəklər”.
Amma indi Zəngəzurda müsəlman acları buğda vaqonlarının yanına sevincək qaçıb görürlər ki, bu buğdaları ermənilər erməni aclarına göndəriblər. Biz yaxşı adamıq, ermənilər pis adamdırlar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 mart 1907, №12
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-quli-biyabanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.
Qız mütribləriMəlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?
Ay qoçaq mülkədar!Hey, necə gördün?A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən?
Mühübbi imamMən Allah bəndəsi bir adamam və hər bir şeyə də etiqadım var: tövhidə və imamətə, nübüvvətə və axirətə, onun üçün də İngiltərə cahangirlərinin qarşısına göstərilən protestlərə şərik deyiləm və buna mənim çox böyük bəhanəm var.Yəni, sən nə babətdən İngiltərə vəzirlərindən narazısan?
Başqa şairlərin şeirləri · Satira
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
Bir əsridi çıxmışdı ki, meydanə pristavBir əsridi çıxmışdı ki, meydanə pristav,Mexluqu gətirmişdİ bütün canə pristav,
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,