Cənab Bekkerin səyahətnaməsi

Otuz doqquzuncu nömrədən ad verdiyimiz ingilis səyyahı cənab Bekker yanvarın 3-də gəlib Şamaxıya və oradan əvvəlinci dəfə idarəmizə belə məktub göndərib:

“Cənab Molla Nəsrəddin! Şükr olsun Allaha, sağ və salamat gəlib yetişdim Şirvan vilayətinə. Xəyalım bir neçə ay Qafqazı dolanmaqdır. Əgər idarənizə göndərdiyim xəbərlər məsləkinizə müvafiq olsa, bundan sonra gahbir Qafqazın bəzi guşələrindən sizə məlumat verə bilərəm. Və lakin əvvəlinci məktubum çap olunmayınca dəxi ikincisini göndərməyəcəyəm. Vəssalam.

Molla Nəsrəddin müridi Bekker.

Vilayəti-Şamaxı. Məktub nömrə 1.

Miladi tarixinin 1907-ci ilində yanvarın 3-də Girdiman çayını keçib, yetişdim Şamaxıya. Amma vaqeən Şamaxı deyilən bir gözəl şəhərdir. Adamları da yaxşı adamdırlar və bizim ingilislərə heç oxşamırlar. Əsl təfavüt burasındadır ki, Şamaxıda mömün və müqəddəs adam çoxdur; demək olar ki, hamısı mömündür. Bununla belə mən bircə işə məəttəl qalıram: niyə burada bu qədər zəlzələ olur? Nədir şamaxılıların günahı?

Mənim etiqadım bundadır ki, zəlzələni göndərən məlaikələrdir və güman edirəm ki, cəmi müsəlmanların da etiqadı bunadır.

Bir gün burada bir Allah bəndəsi şamaxılı ilə bu barədə söhbət açmışdım. Müşarileyh məni başa saldı ki, yerin rişələri məlaikələrin əlindədir və məlaikələr hansı rişəni bir az tərpətsələr, orada zəlzələ olar.

Qərəz, mənim zəlzələ ilə işim yoxdur. Bu işlərin hamısı hikmətdir və mənim əqiləmlə bu işlərə əl aparmağa insanın yolu yoxdur.

Bəli, şəhəri bir qədər gəzib, yetişdim qiraətxanaya. Amma burada heç bir kəs yox idi. Çıxdım küçəyə və bir nəfər adamdan qiraətxananın əhvalatını soruşdum. Həmin şəxs mənə cavab verdi ki, yuxarı məhəlləlilər oxuyub, oxuyub yoruldular və dağıldılar evlərinə; o ki qaldı aşağı məhəlləlilər, – onlar da bu qiraətxanaya ayaq basmazlar. Dedim:

– Necə aşağı məhəllə və yuxarı məhəllə? – Dedi:

– Pəh! Elə də, aşna, sənin heç zaddan xəbərin yoxdu. – Dedim:

– Vallah, ay qardaş, mən elə bu gün buraya gəlmişəm və doğurdan da, heç zaddan xəbərim yoxdu. – Dedi:

– “Təpik-təpik” bayramından da xəbərin yoxdu? – Dedim:

– Necə “Təpik-təpik” bayramı? – Dedi:

– “Kömür basdı”dan da xəbərin yoxdu? – Dedim:

– Necə “Kömür basdı?” – Dedi:

– Eşitməmisən ki, bizim şəhərdə hərdənbir “Təpik-təpik” oyunu oynarlar və şəhər bölünər iki hissə olar və yuxarı məhəllə hücum çəkər aşağı məhəllənin üstünə və aşağı məhəllə hücum çəkər yuxarı məhəllənin üstünə və burada ağsaqqal, qarasaqqal, qırmızısaqqallar da qarışarlar cavanlara və sonra başlarlar bir-birlərini təpikləyib, qarnını yırtmağa və neçəsinin qıçı sınar və neçəsinin başı yarılar və neçəsinin qarnı yırtılar və axırda ya yuxarı məhəllə aşağı məhəlləyə zor gələr, ya aşağı məhəllə yuxarı məhəlləni basar və bunlar qurtarandan sonra yerə kömür basdırırlar ki, gələcək nəvə və nəticələr üçün bu bir yadigar olsun və rəşid babaların şöhrətli adı Şamaxı tarixinin səhifələrindən pozulmasın! Və bunların hamısı keçəndən sonra bu iki məhəllə olar bir-birilə müddəi və bir-birindən intiqam almayınca nə bu onun məhəlləsinə ayaq basar və o bunun qiraətxanasına gələr.

Rəfiqim sözünü deyib qurtardı.

Cənab Molla Nəsrəddin! Mən bu məktubu yazıb göndərdim sənə və səni and verirəm Allaha, əgər sən bu kağızı oxuyub atsan zibillərin içinə, get həmin kağızı tap və bir də diqqət ilə oxu və oxuyandan sonra bir az fikir elə. Əgər belə olsa, yəqin bu kağızı çap edərsən.

Müxlisiniz Bekker. Yanvarın 3-ü

“Molla Nəsrəddin”, 13 yanvar 1907, №2

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Abru

Abru farsca üzüm suyuna deyirlər. Bunun mənasını mən indiyədək bilmirdim. Ancaq dünən Göygünbəz məscidinin qabağından keçirdim. Gördüm bir neçə övrət xeylağı məsciddən çıxıb, gedirlər və çarşaflarının ucu ilə üzlərinin suyunu silirlər.Mən qabaqca elə bildim ki, məsciddə dəstəmaz alıb, çıxırlar. Amma məlum oldu ki, bunların üzlərinin suyu dəstəmaz suyu deyil, tərdir. Dedim:

1 dəq
Qızarar

Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.

1 dəq
Dinc qulağım, yaxud yeddi il

Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.

2 dəq
Mətbuat bayramı, yaxud tacgüzarlıq

Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.

2 dəq

Başqa şairlərin şeirləri · Satira