Aşkardı ki, hər iş sahibi ilin axırında çotka və dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. Mən də bir həftə bundan irəli yoldaşlarımı yığdım başıma, qapıları örtdük və başladıq hesab görməyi; necə, məsələn, Ağdamda bir neçə müsəlman bir evdə oturub qapıları bağlayırlar və başlayırlar tədbir qurmağa və sonra gedib hökumətə xəbər verirlər ki, məsələn, flan müsəlman evində tüfəng saxlayır, flankəs keçən vaxtda flan xətanı eləyib.

Xülasə, yoldaşlarımı bir yerə cəm elədim və ağdamlılar kimi başladıq hesab görməyə.

Məlum oldu ki, biz doqquz ayın müddətində otuz doqquz nömrə “Molla Nəsrəddin” jurnalı yazmışıq və bu otuz doqquz nömrələrin içində yüz otuz doqquz mütrüb şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz məşədi və kərbəlayıları özümüzdən incitmişik.

Pəh, pəh, pəh!.. Afərin belə qazanca, afərin belə alış-verişə! Doğrudan bu lap qədim Molla Nəsrəddinin yumurta alış-verişinə oxşadı!

Xülasə.

Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz doqquz çaxır içən piyan, yəni bədməst müsəlman şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz mollanı ölümüzdən incitmişik.

Pəh, pəh, pəh!.. Mərhəba belə alış-verişə! Həqiqət hər kəs bizə ağıllı desə, heç özünün ağlı yoxdu!

Qərəz, keçək hesabımıza.

Bəli, bu doqquz ayın müddətində otuz doqquz nömrə jurnal cızma-qaralamışıq və bu otuz doqquz nömrədə yüz otuz qumarbaz şəkli çəkmişik və bu şəkilləri çəkmək səbəbindən min doqquz yüz doxsan doqquz mömün hacıları özümüzdən incitmişik.

Pəh, sən Allah, bu da bir alış-veriş oldu?

Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquz yüz doxsan doqquz rəmmal, kimyagər, ilan oynadan, qüdrətdən həkimlik edən, qeybdən ruzi qazanan, tas quran, burun füləyən, falçı, qaraçı, qulibiyabani, damdabaca, əfsunkar, sehrbaz, kəndirbaz, quşbaz, itbaz, qurtbaz və nağıl, məsələ şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən bütün islam aləminin yüz hissədən doxsan doqquz hissəsi biz ilə düşmən olub.

Maşallah belə alış-verişə! Maşallah belə alış verişə!

Müxtəsər, keçək hesabımıza.

Bəli, yoldaşlarımızla oturduq hesaba, hesab elədik, elədik, elədik, elədik, bir də gördük ki, işıqlanır; necə ki, Qazax şəhərində bəylər axşamdan oturarlar qumara, oynarlar, oynarlar, oynarlar, oynarlar, oynarlar, – bir də görərlər ki, işıqlanır.

Buradan bir haşiyə çıxaq:

Hərdənbir oturaram və papağımı qabağıma qoyub fikirləşərəm və öz-özümə deyərəm: “Ay rəhmətliyin oğlu, axı bu müsəlmanlardan nə istəyirsən?”, sonra öz özümə cavab verərəm ki, “vallah heç özüm də bilmirəm ki, nə istəyirəm”.

Məsələn, dünən yenə Misirdə çıxan “Sancaq” qəzetinin 67-ci nömrəsini qabağıma qoyub oxuyurdum, orada bir belə məqalə var idi: “Milləti-islamiyyənin inhitatı”; yəni: “Müsəlmanların yuxarıdan guruppultu ilə aşağa düşməyi”.

Bu məqaləni oxuyandan sonra, yenə öz-özümə dedim ki, axı ay rəhmətliyin oğlu, bu müsəlmanlardan nə istəyirsən? Sonra yenə özözümə dedim: “Vallah bilmirəm, nə istəyirəm”.

Hə, bir şey yadıma düşdü, təzə xəbər: Maku sərdarı Murtuzquluxan rəiyyətinə hökm edib ki, bir həftənin içində hər kənd iki yüz kəklik tutub sərdarın toy qonaqlığına gətirsin; əgər gətirməsələr sərdar qonaqlara buyuracaq, hökmə əməl etməyənləri kəklik əvəzinə yesinlər.

Amma, öz aramızdır, hürriyyətdən qabaq belə hökmlər çıxmazdı.

Dəxi qabili-ərz bir sözüm yoxdu.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 yanvar 1907, №1

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)

Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...

4 dəq
Bəradərim Qurbanəli! (Fi 22 aprel 1905)

Tiflis*Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.

1 dəq
Redaksiyaya məktub (13 avqust 1905, № 165)

Təşəkkür edirəm cəmi o şəxslərə ki, Azərbaycan dilində qəzet nəşrinə icazə almağım münasibətilə mənə təbrik göndəriblər və özümə borc bilirəm ərz edəm ki, bəzi səbəblərə görə, mənə verilmiş hüquqdan əl çəkib, avqustun 11-də bu barədə rəsmi məlumat təqdim etmişəm.Cəlil Məmmədquluzadə*

1 dəq
Redaksiyaya məktub (24 avqust 1905, № 173)

21 avqust tarixli “Novoye obrazovaniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y.D.Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktubun taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nəzərdə tutulan məktəbdə şəriət və Azərbaycan dilinin keçirilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsini həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktuba icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir.C.Məmmədquluzadə*

1 dəq

Başqa şairlərin şeirləri · Satira