Dördüncü məclis
Səhifə 2 / 4 · 25%
H a c ı H ə s ə n. Çox əcəb, baş üstə, məşədi. Ancaq indi şeyx cənabları ibadətə məşğuldur. Baş üstə, fariğ olan kimi, mən ərz elərəm ki, yazıqsan, sənə bir əlac eləsin. Baş üstə.
Ə v v ə l i n c i a z a r l ı. Ax! (öskürür). Ax!… Vallah bilmirəm ki, bu nə dərddi gəlib yapışıb yaxamdan. Bir-iki ay bundan irəli, yəni deyəsən bir az yaxşı idi. Öskürməm azaldı, iştəham da….
İ k i n c i a z a r l ı (başı dəsmal ilə bağlı, qaşqabaqlı girib, əvvəlinci azarlının sözünü kəsir). Salam əleyküm. (Əvvəlinci azarlıya). Məşədi Hüseynqulu, sən də buradasan? Yaxşı eləyib gəlibsən; biz yazıqlara nicat yolu elə bu qapıda olacaq. Allah Hacı əminin kölgəsini bizim başımızın üstündən əskik eləməsin öz birliyi xatirinə! (Hacı Həsənə). Hacı əmi, bu başağrısı məni hələk eləyibdir; nə qoyur geçə rahat olam, nə qoyur gündüz rahat olam. Gedirəm Usta Cəfərin yanına, deyir: qanın çoxalıb, gərək səndən qan alam. Gedirəm Mir Bağır ağanın yanına, deyir: qanın azalıb, gərək bal halvasından savayı özgə şey yeməyəsən. Hacı əmi, məni çövür balalarıvın başına, şeyx cənablarından iltimas elə, mənə bir barmaq yekəlikdə (əlinin şəhadət barmağını göstərir) dua yazsın ki, bu başağrısı məndən rəf olsun. Hacı əmi, nə qədər canım sağdır….
Qucağında uşaq bir kişi, uşaq ağlayır və ikinci azarlının sözünü kəsir. Sonra yenə azarlılar başlayırlar bir-bir içəri girməyə. Kimi başını, kimi boynunu, kimi qolunu bağlayıb, "ax vay" ilə girib düzülürlər. Və bərk azarlılar girən kimi çöküb otururlar yerə. Bunların bir neçəsi başlayırlar, Hacı Həsəndən bu tövr təvəqqe eləməyə.
A z a r l ı l a r. Hacı əmi! Qapına dəxil düşmüşük, şeyx cənablarından bizə bir çarə. Aman günüdü, bizə yazığınız gəlsin.
H a c ı H ə s ə n (gəlib durur azarlıların qabağında). Baş üstə, mən əlimdən gələni sizdən əsirgəmənəm; ancaq indi görürsünüz, şeyxəna hələ heç kəsə içəri girməyə izin vermir. Siz zəhmət çəkin həyətdə oturun ağacın kölgəsində, gözlüyün. Baş üstə, elə ki, şeyx cənabları izin verdi, mən sizə xəbər verərəm, hamınız dərd-dilinizi ərz edərsiniz və inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız.
A z a r l ı l a r (Hacı Həsənə dua edə-edə, yavaş-yavaş çıxırlar). Allah hacı əmiyə ömür versin! Allah hacı ağanın atasına rəhmət eləsin! Allah onu bizə çox görməsin öz birliyi xatirinə!
H a c ı H ə s ə n (qapıda nökəri Əlini görüb deyir). Əli, şeyx cənablarına çay-çörək aparıbsan?
Ə l i. Xeyr, hacı ağa, hələ şeyx yuxudan durmuyub; qapısı indiyə kimi bağlıdır.
K ə r b ə l a y ı F a t m a x a n ı m (girir içəri, Əli çıxır). Hacı, Nazlını bir fəndlə dilə tutdum, razı elədim. Amma vallah, bir sözüm var, deməyə də qorxuram.
H a c ı H ə s ə n. De, sözün nədi, de.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Hacı, sən bilirsən yazıq Saranı ərə verəndə mən nə qədər niskil elədim ki, yazıq qıza toy çaldırmadıq. Sən dedin günahdı--mən də bir söz demədim. Allaha qurban olum, biz elə həmişə günahdan qorxmuşuq, ancaq….
H a c ı H ə s ə n (arvadının sözünü kəsib). Hə, sözünü de görüm. İndi elə o qalıb ki, şeyxin hüzurunda evimizə bir toyçu da gətirək.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Vallah, mənim işim yoxdu, mən heç zad demirəm. Odu, öz qardaşın qızları, Fizzə xanım, Səkinə xanım, Gülçöhrə xanım, Ümmigülsüm xanım--hamısı tökülüb gəlib, yapışıblar yaxamdan ki, gərək oxuyub-çalan gələ.
H a c ı H ə s ə n. Sənə deyirəm axmaq-axmaq danışma. Hələ şeyx qalsın kənarda, kim görübdür ki, hacı evində toy çalına?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Sən elə barı insafnan danış: məgər Hacı Ələkbərin qızını ərə verəndə toy çaldırmadılar? Bə Hacı Mirtağıya nə deyirsən? Hazır toya çağırmışdılar. Toy səsindən məhəllə köçürdü. Elə bircə sənin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Bəxşəli oğlunu evləndirdi; indi bir soruş gör oxuyub çalan gətirmişdilər ya yox? Elə dünyada bədbəxt bircə bizik? Nə zəhmətnən uşaq böyüdürük, amma evdən köçürdəndə elə köçürdürük ki, deyəsən oğurluq maldı; nə qonum bilir, nə qonşu bilir. Mən demirəm adam çağır, demirəm qonaqlıq elə, demirəm batman qazanlarını as; ancaq deyirəm ki, yasa yas deyiblər, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülüb gəliblər. Nə olu ki, heç olmasa, bircə saat çəpik çalalar, yazıq Nazlının da ürəyi açıla. Vallah, səhərdən indiyədək ağlayır. Yad ki, deyil, sənin öz qızındı; gərək sənin də qızına yazığın gəlsin.
H a c ı H ə s ə n (bir az fikirdən sonra yavaş səslə). Yox, qızıma degilən ki, ağlamasın. Mən razı olmanam ki, o ağlasın. Dur gedək, mən də onu dilə tutum. (Durur ayağa), Yox, yox, Nazlı qızım ağlamasın, dur gedək (çıxırlar).
Nökər Ə l i girir içəri və onun dalınca iki qoca ö v r ə t. Sonra yenə ikisi-üçü və bu cür on beş-iyirmiyədək çarşovlu övrət, çoxu qoca, pıçıldaşa-pıçıldaşa gəlib çökürlər bir tərəfdə. Əli çıxır. C ə l a l ağzında konfet, gəlib durur qapıda, övrətlərə baxır. Övrətlərin heç biri dinmir və heç biri üzünü açmır. Cəlal bir az baxandan sonra soruşur:
C ə l a l. Siz də toya gəlmisiniz?
Arvadlar dinməyib baxırlar Cəlala.
(Cəlal bir az baxıb deyir). Həyə toya gəlibsinizsə, toy otağı bura deyil.
Arvadlar dinmirlər, ancaq başlarını bulayırlar. Sonra bir övrət alçaq səslə Cəlala deyir: "Gəlmişik şeyxə siğə olaq".
C ə l a l (soruşur). Siğə olaq nədir?
Övrətlər yavaşca gülüşürlər. Bir övrət cavab verir: "Gəlmişik şeyxə ərə gedək".
Cəlal başlayır gülməyə və deyir.
C ə l a l. Buy, bu qədər də arvad bir kişiyə ərə gedər? (Gülüb qaçır eşiyə);
Övrətlərin bir neçəsi də gülür. Mir Bağır ağa qapıdan içəri girib, övrətləri görüb, diksinən kimi qayıdır. Sonra F a t m a x a n ı m başında çarşov; dalınca Mir Bağır ağa, girirlər içəri.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ağa, buyur gəl, get əyləş o tərəfdə.
Mir Bağır ağa dalını övrətlərə çöndərib, gəlib əyləşir qabaqda, dalı övrətlərə tərəf. Kərbəlayı Fatma xanım gedib övrətlərə əyilib pıçıldaşandan sonra Mir Bağır ağaya.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ağa, bu bacılar səndən təvəqqe eləyirlər, zəhmət çəkib şeyxə deyəsən ki, allah rizası üçün adını qoysun bu biçarələrin üstünə ki, yazıqlar allahın savabından binəsib olmasınlar.
M i r B a ğ ı r a ğ a (başıaşağı). Baş üstə, baş üstə. Deyərəm, əlbəttə, deyərəm. Çox gözəl işdir. Allah-taala həmişə belə bəndələrini dost tutar. Allah əcri-xeyir versin. Maşallah, maşallah, bacılar!
Çıtmıq səsi gəlir və sazəndə çalıb oxumağı eşidilir.
M i r B a ğ ı r a ğ a (təəccüblü başını qalxızıb, F a t m a x a n I m a). Əmidostu, bu nə xəbərdi?
K ə r b ə l a y ı F a t m a x a n ı m. (arvadlara). Bir də, vallah, billah, hər kəs hər nə desə, yalandı. Hər kəsin alnına nə yazılıbsa, elə də olacaq. Yoxsa kimin ağlına gələrdi bizim Nazlı şeyx kimi adama qismət olacaq.
M i r B a ğ ı r a ğ a (çox təəccüblü). Necə Nazlı, sizin Nazlı?
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-oluler-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.
QırmızıBizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.
“Tərcüman”Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.
Mozalan bəyin səyahətnaməsiOxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.
Başqa şairlərin şeirləri
Bir namə yazaram canan elinəƏhvalım canana yetişərmola?
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
ÇustÇust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.
هر کس ز خزانه بُرد چیزیگفتند مَبَر که این گُناه است