Şeir bülbülləri
Səhifə 2 / 2 · 50%
Bəğdü məqata təbərül-zicanə xəyalək,
Matül-kəlabü latəşnəba ğüzaza.
Pəh-pəh, doğrudan da zalım oğlunun necə abdar kəlamı var! Və gör necə ərəblərin içində, bəlkə islam aləmində biz azəri türklərinin başını ucaldıb (yəni: gör necə “sərbülənd” eləyib). Və bunu da burada qeyd edə bilərəm ki, ərəblər bundan başqa genə bizim qeyri bir neçə şairlərimizi təsahüb edirlər. Məsələn, “ağlına nə gəlir, kimdi Hatəmi-Tai? Mən neçə-neçə sənədlər və məxəzlərlə dərəğeyi-sübuta yetirə bilərəm ki, Hatəmi-Tai Arar bu taylı Hatəm xan ağanın nəslindən inşiqat edib, Ərəbistana hicrət edənlərdəndir ki, onun bimisl və manənd nabiqəsi ilə indi ərəblər iftixar edirlər. Və hətta, Molla dadaş, mən “Müəlləqə” sahibi İmrəəl-Qeys barəsində də çox şəkdəyəm.
Daha cavan tələbə burada yoxdu. Yəqin ki, darıxdı və baş götürüb qaçdı (çünki məclisin ləzzətini anlamadı).
Dostum genə gözünü dikmişdi kitaba və oxşuyurdu ki, oradan genə bir şey oxumağa hazırlaşır.
Mən bu boynuma alıram ki, bir az yoruldum, ancaq ev sahibindən utandım və yorulmağımı büruzə vermək istəmədim və hətta üzə qaldım və bir-iki dəfə “bəli-bəli” də dedim.
Amma burada bir iş vaqe oldu ki, yorulmağım da getdi işinə, utanmağım da yaddan çıxdı. Elə ki, dostum ağzını açırdı kitabdan oxusun, burada elektrik çıraqları birdən söndü və biz qaldıq qaranlıqda. Dostum haman saat oğlunu çağırdı:
– Oğlum, oğlum, qadan alım, çıraqları yandır.
… xanım əlində bir yanan şam, gətirdi bizim otağa, qoydu stolun üstə. Oğlu da çəkic, kəlbətin və məftil qırıqları götürüb qaçdı dalana.
Şeir məcnunu da şamı çəkdi kitabın yanına ki, oxusun, amma narın yazıları gözü seçmədi və başladı papiros çəkməyə.
O biri otağın qapısı açıq idi və görürdüm və eşidirdim ki, haman otaqda... xanım əyləşib, yanında bir balaca qız uşağı oturub və Zeynəb arvad da yerə çöküb nə isə nağıl eləyir və …xanım da və qızı da qulaq asırlar. Zeynəb arvad bir belə nağıl söyləyirdi:
– Ay xanım, biri var idi, biri yox idi, bir padşah var idi və bir də o padşahın bir vəziri var idi. Bu vəzir də çox qoçaq vəzirmiş. Bir gün vəzir öz evində yatmışmış. Gecə vaxtı qapı döyülür, vəzir ayılır və köynəkcək istiyir çıxa qapıya. Burada vəzirin arvadı deyir: – Ay vəzir, elə köynəkcək qapıya çıxma, paltarını geyin, yaraq-əsbabını götür. Yoxsa ola bilər ki, qapıdakı düşmən ola.
Vəzir də arvad dediyini eləyir və yaraq-əsləhəsini geyir, gedir qapını açır və görür ki, qapını döyən bir igiddir, belində xəncəl, əlində tapança. Vəziri yaraq-əsləhəli görəndə deyir:
– Qurban olasan arvadına! Yoxsa mənim qabağıma köynəkcək və əli yalın çıxsa idin, otuz doqquz igidin boynunu vurmuşam, sən də qırxıncı olacaqdın.
Xülasə, qapını döyən vəzirə deyir:
– Gəl gedək.
– Hara gedək?
– Sənə borc deyil, gəl gedək.
Xülasə, gedirlər, gedirlər, gedirlər və bir qapıda dayanırlar. İgid vəzirə deyir:
– Sən dur burada, məni gözlə, əgər səsləndim, bil ki, basmışam, onda gəl mənim harayıma. Əgər səsim gəlmədi, onda bil ki, mən basılmışam; onda çıx get. Amma mənim qohum-əqrəbamdan hər kəs məni soruşsa, məbada deyəsən igid basıldı; deginən bilmirəm harada mən onu itirdim. Bax, yadında saxla, yadında saxla. Deməyəsən ki, igid basıldı.
Bu yerə kimi... xanım da şirin-şirin qulaq asırdı və mən də qulaq asırdım. Burada yanımdakı dostum yadıma düşdü, dedim bəlkə genə kitablarına cumub, onun üçün səsi çıxmır. Çöndüm və gördüm ki, bu da cəmi huş-guşunu Zeynəb arvadın nağılına verib qulaq asır.
Ara qapı örtüldü və Zeynəbin səsini daha eşitmədik. Və bizim otaqda bu dəqiqə elə bir sakitlik əmələ gəldi və mənim qəlbimdə elə bir tutqunluq üz verdi ki, otağımızda yanan şamı daha gözüm görmürdü. Və bu qaranlığın içində bu dəmdə mənim üçün Azərbaycan şairi Yeldai də yox idi, Səqərül-Qadiri də qaranlığa batdı və hətta dostumun bülbüllərinin cəmi ərəbləşmiş şeirləri zülmətin tərkinə düşüb, məndən ötrü həmişəlik fotə getdilər.
Ancaq bu dəmdə mənim üçün bircə işıq haman tək bir şamın işığı idi ki, oradan Zeynəb arvadın dilindən açıq və şirin Azərbaycan nağılını eşidirdim.
Elektrik çıraqları yandı və məni bu qaranlıq malxülyasından oyatdı. Elektrik fənninin tələbəsi şad və gülə-gülə gəldi.
– Hı, dədə, nə olar ki, bir dəfə də bu çıraqları sənin o qəribə şairlərin yandıralar?
Atası da dilxoşluqla oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edir.
Ev sahibindən üzr istədim və hazırlaşdım getməyə. Cavan məni küçə qapısınadək yola saldı və pilləkənləri yenə-yenə mənə belə dedi:
– Molla dayı, vallah, doqquz ildi ki, müsəlman dərsi oxuyuram, amma genə bu şairlərin dilini qanmıram.
Bunun cavabında mən buna əl verib ayrılanda dedim:
– Sənə bir sözüm var; amma gərək atan bilməsin.
Cavan and içdi və mən ona dedim:
– Sənin dədənin və mənim əziz dostumun o qəribə şairlərinin dilini mən də qanmadım.
Cavan mat qaldı.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-seir-bulbulleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən.Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka.
Məmmədəli! (25 avqust 1910)Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.
Tiflis. “Molla Nəsrəddin”. SidqiAğdam, 29 avqust (1910)*37-ci nömrə dedikcə yaxşıdır. Çox sağ ol.
Məmmədəli! (4 sentyabr 1910)Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz.Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq.
Başqa şairlərin şeirləri
Gördüm əğyar ilə, ey gül, səni, heyran qaldım,Gözlərin fikrini etdikcə, pərişan qaldım.
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.