Axır vaxtlarda Xoyda Amerika üsulu ilə dörd müstəqil parti təşkil tapıb.

Birinci parti Qulu xan partisidir. Parlaman üzvləri İqbalüssəltənə atlılarından intixab olub. Rəisül-vüzəra məzkur Qulu xandır ki, prezident deməkdir.

İkinci parti İlxani partisidir; parlaman əzaları sərbazlardan ibarətdir. Prezident həmin İlxanidir.

Üçüncü parti candarm partisidir. Rəisi-macor .. . xan, əzayi-parlaman jandarmalardan ibarətdir.

Dördüncü Kəlbalı xan partisidir. Parlaman əzası Maku atlılarından məxfi rəylə intixab olunub.


Bu ad verdiyimiz dörd partiləri altı il bundan əqdəm hətta Paris konfransı da təsdiq etmişdi və hərçənd zahiri müahidələri mocibincə bunlar Şimali Amerika Müttəfiq hökumətləri üsulu ilə təşkil tapıblar; amma batində hər biri öz əməliyyatında müstəqildir. İndiki İsmayıl ağa qovğasında bunlar hərəsi bir ayrı əsas ittixaz edib, ayrı bir cəngavərlik fənnini istemal edir. Məsələn, Quluxan müharibədə millilik tərəfdarıdır, onçün onun atlıları Xoy əhalisinin evlərinə doluşub can bir şişədə yaşayırlar və bir-birindən ayrı düşəndə nə bunun yeyib-içmək canına sınır, nə də onun.

O ki, İlxanidir, onun cəng-azmudəliyi əzhər minəşşəmsdir. Məsələn, bunun sərbazları dava meydanında məşhur professor Müller sistemi ilə qışın şiddətli soyuğunda ayaqyalın və üryan, ancaq çiyinlərində ala carşov olarmış ki, kürdlər uzaqdan görüb qorxsunlar və qaçsınlar.

Jandarma partisi Sparta sayağı ilə müharibəyə çıxırlar; yəni keçmiş tarixdə də müşahidə olunub ki, İtaliyada Qaribaldi səltənətlə vuruşanda sərbazları üç gün ac qaldılar və aclıqları səbəbindən elə bir qeyzə gəldilər ki, səltənət qoşunlarını iki günün ərzində Venesiya dəryasına tökdülər.


Hələ bundan əlavə həmin bu dörd partilərin bu axır vaxtda İsmayıl ağa qabağında müvəffəqiyyət tapmaqlarının ümdə səbəbi bu oldu ki, dörd qonşular, – necə ki ərz olundu, – hər işdə azad və xudsərdir. Belə tutaq ki, prezidentin biri hökm eləyir ki, flan gün və flan saat çıxaq flan yerə və flan səngəri işğal edək. Digər bir parti rəisi buna cavab verir ki, a kişi, sən olasan Allah, əl çək məndən! Kefim istər – gedərəm, istəməz – getmərəm.


Bunu da lazımdır qeyd etmək ki, bu dörd partilərin qoşunlarının azuqəsi Qaraziyəddin kəndində mərkəzi buğda ambarından çatır. Hər kəs desə ki, bu barədə camaata bir əziyyət yetişər, böhtandır, yenə də böhtandır.

Mən təəccüb edirəm ki, bəs necə İsmayıl ağa bu qədər qüvvənin qabağında dayanır?

Kişi qurd ürəyi yeyib.

Hərdəmxəyal

“Molla Nəsrəddin”, 14 şaban, 1339 (23 aprel 1921), №6

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bəyan

Məcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir:– Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır.

1 dəq
Heyif olsun!

Heyif olsun keçən günlərə! Heyif olsun o nemətlərə ki, bu zalım oğlu yeni əlifba əlimizi onlardan üzdü.Keçək mətləbə.

2 dəq
Dərs kitablarımız

Bir dərs kitabına rast gəldim, bu kitab mərhum Mahmud əminin “Üçüncü il” kitabıdır ki, hal-hazırda məktəblərimizdə oxunur və Maarif Komissarlığında mövcud olan nəşriyyat şöbəsinin izni ilə çap olunmuşdur.Dəxi nə söz? Kitab – kitabdır; kitabın ki, buynuzu olmaz?! Nə irad? Nə tənqid? Amma mən bilmirəm, mən hamıdan ağıllıyam, ya hamı məndən ağıllıdır?!

2 dəq
Behişt əlifbası

Əgər Ağayi Məclisi əleyhürrəhmə doğru deyibdi ki, behişt əhlinin dili ərəb və cəhənnəm əhlinin dili məcus dilidir, onda daha aşkardır ki, behişt əhlinin əlifbası da ərəb əlifbası gərək olsun.Onun üçün də həmin ərəb əlifbasını şərq əhli o dərəcədə əziz tuturlar ki, bu əlifbanı tullayıb, latın əlifbasını qəbul etmək kimi söhbətlərini islam dinini tullayıb, latın dinini qəbul etmək kimi “nasəza” mənzələsində tuturlar.

2 dəq

Başqa şairlərin şeirləri · Satira