Qül hüvəllahü əhəd!

Bu zalım oğlu müşriklərə həzrət rəsuli-xuda deməkdən yoruldu ki, Allah-taala birdir, necə ki, Şəkidə qadınlar klubunda pedağoji texnikum tərəfindən tərtib olunan müsamirə vahid bir nəfərin şərəfinə imiş.

İbn Abbas rəvayət edir ki, müşriklər bərk dirənmişdilər və deyirdilər: ya bizə o yeganə olan Allahı nişan ver, ya da biz onun vəhdaniyyətinə iman gətirməyəcəyik və burada Allah-taala tərəfindən “ixlas” surəsi nazil oldu və müşriklər səslərini kəsdilər.

Qül hüvəllahü əhəd!

Və o zamandan indiyədək vəhdaniyyət şüarını cəmaəti-müslimin alqışlamaqdadır: qül hüvəllahü əhəd. Degilən Allah-taala birdir, göylərdə onun adı Allahdır, yerlərdə onun adı padşahdır və Şəki müsamirəsində “Şəki fəhləsi”nin rəvayətinə görə onun adı “bir nəfər”dir.

Kimdir o bir nəfər?

Məlun müşriklər də rəsuli-xudadan soruşurdular: kimdir o Allah?

Və biz də soruşuruq: kimdir o “bir nəfər” ki, pedaqoci texnikum və qadınlar klubunun əmri ilə onun xatirəsi üçün əfəndilər və şeyxlər torpağından təzə ərsəyə qədəm qoymuş əhli-iman ataların qızları əyyaş qonaqlara şərab daşıyırmışlar?

Kimdir o bir nəfər? Allah-taala da öz Qurani-məcidində sual edir: kimdir o bir nəfər ki, onun şənü şərəfinə: Vəlməlaikə yəsbəhunə behəmd və yəbləğun şərabən təhura yəni Şəki məlaikələri şükür və səna ilə saqilik edirmişlər və stəkanlara şərab tökürmüşlər!..

Vəhədə laşərikə...

Allaha şərik qərar verənlərə min lənət olsun! Necə ki, baxıb görürük ki, yeri-göyü xəlq eləyən vahid bir xudadır; zira ki, əgər, nəuzübillah, Allah-taala bir olmasaydı, iki olsaydı, o vədə Şəki müsamirəsini tərtib edən qadınlar klubu ilə pedağoji texnikum arasında niza əmələ gələ bilərdi: biri deyərdi – bu müsamirədə qızların iştirakı caiz deyil, zira ki, bura meyxanadır. O biri də şayəd razı olaydı, ya olmayaydı – bunu da Allah bilər.

Burada İbn Abbasın rəvayətinə binaən yenə xudavəndi-aləmin ayeyi-kəriməsi münaqişənin dəf və rəfinə səbəb oldu.

Qül hüvəllahü əhəd!

Yəni, ey Şəki vilayətinin ravisi (“Şəki fəhləsi”), nəşr et dünya və aləmə ki, müsamirənin xudasına şərik qərar verənlər – kafirdirlər; zira ki, onun vahid xudası tək “bircə nəfər”dir ki, onun şənü şərəfi naminə maarif ərsəsinə təzəcə qədəm qoyan qızlar sərxoşlara içki və yemək təqdim edirdilər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 15 dekabr 1927, №50

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Kəndli evi” birinci qonaqlarını necə qəbul etdi?

Aprelin 28-də Bakıda təntənəli bir surətdə mərkəzi kəndli evi açıldı. Bu evin açılması üçün Torpaq komissarlığı iki ildən çoxdur ki, çalışır. Ev üç mərtəbədən ibarətdir. İki il çalışıb-vuruşduqdan sonra, ancaq bir mərtəbəsi hazır ola bilmişdir. Sözümüz burasında deyil.Evin açılışı qəzetələrdə kəndlilərə xəbər verildi. Həmçinin kəndli evi nə olduğu, kəndlilərə nə kimi yardım edəcəyi barədə qəzetələrdə kəndlilərə dəfələrlə yazılmışdı. Ona görə bu evə kəndli qonaqlarının gəlməsini gözləmək lazım idi. Yəqin ki, Torpaq komissarlığı özü də bu evi açanda bilirdi ki, bu xəbər qəzalara çatanda kəndlilər gəlib buraya düşəcələr. Buna görə onları qəbul etmək və rahatlandırmaq üçün lazımi tədbirlər və binagüzarlıqlar olunmuşdu.

2 dəq
Xəbərdarlıq

Biz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.

2 dəq
Din əleyhinə təbliğat

Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.

1 dəq
Pasport “get-gəli”

İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.

1 dəq

Başqa şairlərin şeirləri · Satira