Birinci hissə, altıncı fəsil
Səhifə 2 / 2 · 50%
Göyərçinəm, uçdum gəl,
Dost bağına düşdüm gəl.
Yaxşı günün yoldaşı,
Yaman günə düşdüm, gəl!
Mən yaxşı günün dostu olmaq istəmirəm. Namərdlik nə sənə, nə mənə, nə zəmanəmizə yaraşır.
– Qızım, sən ispalkom deyilsən, məhkəmə deyilsən, nə köməyin dəyəcək? Onun ata-anasına nə gəlib, qohum-əqrabasına nə gəlib? Bir qız xeylağı qabağa düşüb nə edəcəksən? Nə borcuna, nə bilirsən kimdi? Bəlkə sabah sənin özünü də ona qatdılar...
Rübabə atasının iztirabına dözə bilmədi, qalxıb onun boynunu qucaqladı:
– Ata, sən Vahidin işindən heç şübhəyə düşmə. Sonra görəcəksən ki, düşmənləri onu dolaşdırırlar. Paxıllar. Mən əyri işə tərəfdar durmaram. Məni danlama.
Rübabə qəfəsdəki quş kimi darıxırdı. Əlinə kitab aldı, baxa bilmədi. Telefonla söhbət eləmək istədi, hövsələsi gəlmədi. Geyinib çıxdı, yavaş- yavaş tək gedir, başını fıkirdən qaldırmırdı. İndi-indi atasının təklifi onu odlandırır, təhqir edirdi. Elə bir işi Rübabə özü üçün çox qəribə sayırdı. Bütün ömrü boyu qadınlar haqqında eşitdiyi böhtanlar xatırına gəldi. O, həmişə bunları istehza ilə dinləmiş, nifrətlə unutmağa çalışınışdı. Bir an üçün özünə yaraşdırdığı etibarsızlıq üçün Vahid gəlib qabağını kəsir, soruşurdu...
Gözəl qızlar, vaxtilə pərəstiş etdiyi adamlar Rübabənin xəyalında canlandı. Turgenevin qəhrəmanı Yelena, məhəbbət deyib İnsarov üçün üzülən, el-günündən ayrılıb gedən o pak xilqət Rübabənin ətəyindən tuturdu: "Mənim adımı böyük hərflərlə yazan sən deyildinmi? İqrarıma and içən, sözlərimi mahnı ilə təkrar eden sən deyildinmi?".
Füzulinin Leylası günəş kimi fəzada görünür, Rübabənin yoluna işıq salırdı; sanki o, kədərləri, dərdləri, vahimələri, tərəddüdləri vurub əritmək üçün çıxmışdı. Onun şüaları yerlərə, küçələrə, kölgələrə, bağçalara, daşlara, göy qübbə kimi təmiz və qabarıq dayanan dəniz sularına yazırdı:
"Ey munisi-ruzigarım, ana.
Qəmxarım, qəmgüsarım ana.
Mən dari-bəqayə ezm edendə,
Dünyaya vida edib gedəndə,
Mənsiz çəkib ahlar, fəğanlar
Səhralara düşdüyün zamanlar,
Düşsə yolun ol olan diyarə,
Ərzi-qəmim eylə ol nigarə,
Zinhar ona olanda vasil,
Xoş kimsədir, ondan olma qafıl,
Damarımın tut, rizasın istə,
Mən mücrüm üçün duasın istə!.."
Dərviş Nakamın dərdi ilə yorğan-döşəklərə düşən Gövhər Tacın zəif, xəstə vücudu göründü. Onun son nəfəsində, solğun dodaqlarından qopan "məhəbbət!" sözü Rübabənin qulaqlarında məhkumların son fəryadı kimi həzin səsləndi.
Budur çiynində ipək əba, xəstə qızın nəbzini yoxlayan filosof Əbu-Əli Sina, böyük həkim dayanmışdır. Xəstənin yaşadığı şəhərin küçələrini saydırır. Bir küçənin adı gələndə qızın qəlbi çırpmır. Həmin küçənin evləri sayılır, bir evin adında qızın nəbzi bərk vurur. Həmin evdəki gənclərin adını deyirlər. Bir gəncin adını söyləyəndə qız özündən gedir. Həkim ayağa qalxıb ah çəkir. Ev sahibindən üzr istəyir: "Bunun, - deyir, - dərdi böyükdür, bu vurulmuşdur..."
Rübabənin nəzəri gəlib öz küçələrində bənd aldı. Budur, süd kombinatında zəif, lakin üzündən-gözündən sönmüş bir məlahətin izələri seçilən bir qadın çalışır, o, kimsənin nəzərində deyil. Nə məclisələrdə, nə mərasimlərdə, nə qəzetlərdə adı çekilir, onu az adam tanıyır, lakin tanıyanlar yaxşı tanıyır. O həmin Zəhradır ki, on beş il bundan qabaq vərəmdən ölən sevgilisi Xəlilin xahişinə əməl edirdi. Xəlildən yeddiaylıq bir uşaq qalmışdı; kişi son nəfəsində demişdi: "Zəhra, oğlumu ögeylər umuduna qoyma". Zəhra əlini ağlar gözlərinin üstünə qoymuşdu. O gündən uşağa həm də ata olmuşdu. Rübabə bilirdi ki, Zəhra qadınlıq hissi və məhəbbətini öz körpəsinin başına sadağa elədi. Oğlunu böyütdü. İndi onun oğlu qabiliyyətli gənclərdən biridir. Anası ilə qol-qola gedəndə deyirsən bacı-qardaş gəlir.
Sanki bu saat Zəhra da Rübabənin qabağına çıxacaq idi. Ancaq tamam başqa, gözlənilməz bir adam çıxdı. Rübabə Gəldiyevlə qabaqlaşdı. Özünü görməməzliyə vurub, ötmək istədi, küçənin o biri tərəfınə keçdi. Gəldiyev səsləndi:
– Rübabə!
Rübabə dinmədi. Gəldiyev dalınca yeridi:
– Rübabə! Yoldaş Rübabə!
Rübabə məcbur olub döndü. Tramvay onların arasını kəsdi. Rübabənin ürəyindən bir arzu keçdi: "Tramvaylar kimi gurultulu bir hərəkət bizi həmişəlik gəldiyevlərdən ayırsaydı!.."
Gəldiyev küçəni adlayıb gəldi:
– Dayanın!
Onun sözü də, mətləbi də Rübabəyə aydın idi. Üzünü görmək isə mənəvi əzab idi, tələsib ötəri dedi:
– Nə hələ soruşursunuz?
Gəldiyev onu kənara çəkmək istədi.
– Vacıb yerə gecikirəm, tələsirəm. Qalsın, məktəbdə danışarıq!
Rübabə bunu elə bir ahəng ilə dedi və getməyə üz qoydu ki, Gəldiyev macal tapmadı. O, Rübabəni saxlamaq üçün söz axtarır, bəhanə düşünürdü. Rübabə tramvaya yönəldi. Vaqonlar onu götürüb sanki Gəldiyevin şərrindən uzaqlaşdırmaq üçün yeyinlədilər.
Rübabə düşünürdü tramvaydan harda düşsün? Komsomol komitəsinə, yoxsa milis idarəsinə getsin? Ancaq yaxşı bilirdi ki, bu təşkilatlardan hər birinin rəyi işə təsir edəcəkdir. Hansından Vahidin xeyrinə ümid çoxdursa oraya getmək lazımdır.
Yeddimertəbə ağ daş binanm qabağında düşüb, komsomol komitəsinə çıxdı. Birbaş katibin yanına getmək fikrində idi. Ürəyinə nə gəldisə mədəni- maarif şöbəsinə döndü. Şöbə müdirini tapmadı. İşçilərdən kim isə, cavan bir qız, qovluğa kağız tikirdi:
– Əhmədov hardadır?
– İclasdadır.
Rübabə təşkilat şöbəsinə gəldi. Otağın qapısı açıqdı, anıma heç kes yox idi. İki nəfər gənc paltolarının yaxalarını qaldırmış, əlləri ciblərində kimi isə gözləyirdilər.
Qapıçı savad kitabını qabağına qoyub hərfləri höccələyirdi.
– Qasımov yoxdur?
– Müşavirədədir.
Rübabə şöbə müdirlərinin katibin yanında olduqlarını düşünüb, oraya gəldi. Qapı bağlı idi. Qapıçı qabağında qəzetləri qatlayıb sahmana salırdı.
– Qəhrəmanın yanında kim var?
Rübabə qəsdən katibin adını tutdu. Qapıçı birinci dəfə görsə də onu ya katibin qohumu, ya da hardasa məsul komsomol işçisi güman edib, ayağa qalxdı. Balaca açarı qapıya salıb qıfılın işkilini qaldıra-qaldıra Rübabənin familiyasını soruşdu. Rübabə dedi. Qapıçı deyəsən pis eşitdi. Rübabə təkrar elədi. Bir dəqiqə keçmədi, qapıçı gəldi ki: "Məşğuldur", Rübabə bir az hirsləndisə də büruzə vermədi:
– Bəs haçan qəbul edir o?
Qapıçı divardan asılmış əl boyda kağızı göstərdi. Rübabənin qəbul cədvəlini oxuyacağından və bu günün qəbul vaxtı olduğunu bilib dara-bara salacağından qorxdu. Dilucu dedi:
– Bu gün vacib işləri var. Adam gəlib, Tbilisidən.
Rübabə nə onun dediyinə, nə də qəbul cədvəlinə fıkir vermədi. Vaxtı itirməmək üçün milis idarəsinə yollandı. Dəhlizin başında Əhmədov ilə qabaqlaşdı. Əhmədov Vahidin işi ilə onsuz da məşğul idi. Gəldiyevin yazdıqlarını bir-bir oxumuşdu.
– Arxayın ol, - dedi - işi özüm izləyəcəyəm.
Rübabə milis idarəsinə gələndə bildi ki, komsomol komitəsi işin əsil rəngini bunlara hiss etdirmişdir. Milis işçisi bir-birinə tikilmiş müxtəlif sərlövhəli, müxtəlif həcmli, lakin eyni məzmunlu, eyni imzalı kağızlara murdar əsgiyə baxan kimi baxır, təəssüflə deyirdi:
– Bəyəm belə böhtanlar birdir, ikidir!..
İş ilə tanış olandan sonra, Vahidi axırıncı dəfə rəis özü dindirdi. "İctimai yerdə asayişi pozmaqda" özünü müqəssir bilib-bilməməsi haqqında soruşdu. Vahid bir misal ilə kifayətləndi:
Topal Teymurun barigahına yaxın düşmək qan-qada imiş. Hökmdar ordugahın ortasında məskən qurarmış, quş quşluğu ilə ora yol tapa bilməzmiş. Hökmdar gecənin bir vaxtında fəryadlar qoparan bir qadının ağlayaraq, çadıra girdiyini, itirdiyi övladını istədiyini görüb təəccüb edir.
– Ey qadın, - deyir, - sən buraya necə yol tapdın? Mənim keşikçilərimdən qorxmadınmı?
Qadın cavab verir:
– Sənin barigahına poladdan, dəmirdən hasar çəkilmişdir, sənin qərargahın odlar, alovlar, tilsimlər, əli qılınclı mühafizəçilərlə qorunur. Ancaq bunların hamısı bir qüvvənin - ana məhəbbətinin önündə acizdir. Mən balasını itirmiş bədbəxt anayam. Odlu ahım dəyən dağlar alçalır, dənizlər quruyur, çaylar dayanır, hamı, her şey mənə yol verir. Mənim fəryadımı bütün kainat eşidir! Mən anayam! - Vahid üzünü yana çevirdi: - Mən sizin diqqətinizi ona, bax, o küncdə qoyulmuş qızıl bayrağa çevirınək istəyirəm. Rəis dönüb baxdı. Vahid dedi:
– O bayrağın kölgəsi bizim 190 milyon bir xalqın ana sayəsidir. Dünyada heç bir qüvvə övlad əlini böyük ananın ətəyindən üzə bilməz. Mən Vahid Nayıbov da bu xalqın oğluyam. Bayram günündə yüz minlərlə camaat bu bayrağın dalınca, bu bayrağın kölgəsində addımlayanda, dayana bilməmişəm, yoldaşlarıma qoşulmuşam. Bu bir cinayətmidir? Övladın anaya qovuşması bir cinayətmidir? Təhqir olunmuş bir gəncin özünə ruh verməsi, səsini səslərə qatması qəbahətmidir? Zərbələr yeyən bir yolçunun doğru yoldan dönməməsi, mətanəti, möhkəmliyi təqsirıni, günahmıdır?.. - Vahidin boğazı tutulan kimi oldu. Düşmənlərinin adını çəkdi. - Bunları, - dedi, - görəndə yem dalınca yüyürən həşərat yadıma düşür. Hər işıldayana gövhər, hər guruldayana güc deməyəcəyəm. Bunlar, bu adamlar, yoldaş rəis, inkişaf edən hər kəsin düşmənidirlər. Siz məni camaat içinə, minlərlə məktəblilər, komsomolçular içinə çıxarın, uca səslə həyatımı danışım. Görək o bayraqları əllərində aparan məğrur gənclər bunlarımı cərgələrinə çağıracaq, mənimi...
Artıq nə deyim, sözüm yoxdur...
Vahid haqqındakı iftira kağızları arxivə veriləndən, bu barədə həm müdiriyyətə, həm institut komsomol təşkilatına yoxlama yazılandan sonra inşaat institutu rəhbər işçiləri əl-ayağa düşdülər. Gəldiyev xəlvətdə pıçıldayırdı ki: "Burada, deyəsən, rüşvət məsələsi var".
İslam Verdiyev Vahidi də, atasını da hörmətlə qəbul edib, köhnə əmri dəyişdi. Üzünü Sadıq kişiyə tutub minnət qoydu:
– Yazıram keçən ayların da təqaüdünü versinlər. Oğluna da nəsihət ver ki, ürəyini sıxmasın. Belə işlər çox olur. Cavanlar işə bəzən qeydsiz baxırlar. Min beş yüz tələbə var, birdən-birə tanımaq olmur, səhvdir, baş verir... - Vahidə tərəf dönüb ərk ilə dedi: - Di get dərsinə! Get, amma gərək əlaçılığında davam edəsən, yoxsa aramız deyər.
Gəldiyevin inadını eşidəndə Verdiyev hirslənirdi: - Əl çək, mən ölüm! Köpəkoğlunun şəhərində sənə qız qəhət olmuşdur? Aləmi qarışdırırsan bir- birinə, demirsən adamı dolaşdırarlar?!
Verdiyevin geri durması Gəldiyevi bərk vahiməyə salmışdı: "Sonra üstümə böhtan-zad yıxarlar ha... mənim özümü Vahidin gününə salarlar..."
Tezliklə Vahidin qəlbini ələ almağı, "barışmağı" məsləhət gördü.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-birinci-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:
Azad qızQara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.
Sağlam yollardaBahar balalarını, yaz çiçəklərini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsinizmi nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağıdan yaşıllıqlarda və bağlarda başlanmışdır. O, ana qoynundan yenicə çıxmış balaca əllərini bağbanlıqda böyütmüşdür.
Qələbənin açarı" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:
Başqa şairlərin şeirləri
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Qələmdən gəlirOdlar ölkəmdəki bu yaraşıqlarKönlümün ən şirin, xoş nəğməsidir.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül