Səhifə 2 / 5 · 20%

– Nə eləyəcəyəm, heç nə?

– Dərsi çatdıra bilmədin?

– Yox əşi, hamısından beşəm.

Vahid danışmaq istəyirdi, ancaq atası sualı sual üstündən yağdırırdı:

– Yoxsa, əlindən xata çıxıb?

– Elə iş olar, ata, məni tanımırsan?

– Bəs niyə çıxartdılar?

– Heç zad, düz-əməlli bir söz deyirlər ki!

– Necə ki, deməsinlər? Bəlkə müdirdən-zaddan küsmüsən? Yoxsa, yoldaşlarınla savaşmısan! Düzünü danış, mızıldama. Vahid atasının intizarını görüb, deməyə məcbur oldu:

– Dedilər, səndən material var.

– Nə var?

– Material!

– Material nədir?

– Srağagün tədris hissə müdiri çağırmışdı. Mənə bir kağız göstərdi.

– Hissə müdiri kimdir?

– Direktorumuzun köməkçisi. Dedi: "Əmr var, kənar olursan". Məndən savayı da beş nəfəri çıxartdılar. Birinin nəsə naxoşluğu var idi, birinin də üstünə oğurluq yıxdılar. Biri qız ilə məktublaşımışdı. Bir xəbis adam var, iş başına soxulub, tələbənin düşməni! Hamısını eləyən odu.

– Bəs səni niyə qovdular?

– Mənə bir onu dedi ki, material verilib.

– Axı nə material?

– Nə material olacaq: atan arı saxlayır, kolxoza yanaşmır, nə bilim, vergi verir...

– Elə bu?

– Mən bilən elə bu!

Sadıq kişini heyrət aldı. Qorxulu bir şeydən qorunmaq istəyənlər kimi qollarını açdı, əllərini qabağa verdi, vücudunu geri əydi.

– Arı saxlamaq qadağandır? Bunu hansı mərdimazar deyir. Qəzeti qərarı onun gözünə soxaram mən! Dünya hələ bəslik-zad deyil ki!

Vahid bu bəhanənin yersizliyini daha artıq hiss etdi:

– Yəni ki, hökumətə vergi-filan verir!

Sadıq təəccübdən dik qalxıb oturdu. Yenə qalxdı, hirsdən boğulmuş kimi, baxa-baxa qalxdı. Birdən sesləndi:

– Ədə, bəs vergi verınəsəm ispalkom mənə nə deyər? Bu nə sözdü? Hökumətimin qoyduğu vergini qəpiyinəcən ödəyirəm. Bu günah olur?

– Bəhanəsi odur ki, kolxozçu deyilsən, təksən!

– Arıçıdan kolxoz var? Şəhərdə beş adam saxlayır, biri də mən!

Gəlsin, yığsın, hamıdan qabaq mən olmasam, onda desin. Bu işin direktora nə borcu, uşağın oxumağına nə dəxli, canım? Lenin yoldaş özü deyib oxuyun. Oxumaq Şura hökumətində hamıya volnadır. Direktor bunu bilmir?

Vahid dinmədi. Sadıq əlini tovladı:

– Yox, bu bir söz olmadı, bir sözə oxşamadı. llin bu vaxtında səni dərsdən ayırıb evə yola salmaq nə işdir?

– Deyir təksən, olmaz!

– Təksən! Tək olanda nə olar? Murtuzun dədəsi tək deyil, Mehralınınkı tək deyil? Budur, bu üzdən Heybet uşağı tək deyil? Yekə mahalda hamı kolxoz ola bilməzdi ki! Hammın da uşağı Moskvadan bəri handa bir böyük məktəblərdə dərs alır! Demədin atam s’nətkardır?

Vahid bütün təfsilatı atasına danışmağa başladı:

– Partiya komitəsində işləyən var, dediyim o mərdimazar! Ondan bir gün qabaq məndən soruşdu ki, atan kolxozdadır, ya yox? Dedim, yox. Daha bir sözü olmadı. Çıxıb getdi. İki gün keçmədi ki, divara əmr asdılar, məni çıxartdılar.

Sadıq inanmadı:

– Bundan ötrü adam qovmazlar, o boyda da hərki-hərkilik olmaz, düzünü de! De, qorxma, danış görüm, məni niyaran qoyma, açıq danış!

– Qoyursan ki, deyim, ağzımda danışıram da.

İlk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. İndi o, etdiyi sorğu-sualın hamısını artıq və yersiz sayırdı, özünü danlayırdı: "Bir yandan mərdimazar işi, bir yandan da özüm uşağı silisə tutub sinsidirəm... Lənət sənə kor şeytan!"

Atanın da ürəyi kövrəldi. Özünü toxtatdı, səsinə mehriban ahəng verdi:

– Danış, bala, nə var söylə; burda özgəsi yoxdur ki, ev bizim sirr bizim. Söylə görüm, başına nə iş gəlib? Nə olar, iş adam başına gələr, nə olar, di söylə!

– Orda salyanlı bir köpəkoğlu var: Gəldiyev. Nəsə məngən düşüb: gah partkoma çağırır, gah dalımca gəzir, gah sifariş göndərir, gah iclasda adımı çəkir...

– Nədən sarı çəkir?

– Nədən sarı çəkəcək, yaxşılığa çəkməyəcək ki: "Nayıbov ictimai işə yapışmır, Nayıbov sözə baxmır, Nayıbov filan-peşmakan". Mən də baş qoşmuram. O kim, mən kim! Başımı aşağı salıb dərsimi oxuyuram. "İt hürər, karvan keçər", "Yel qayadan nə aparar?". Gedib direktorun ovcuna nə qoyubsa, nə qandırıbsa, götürüb əmr veriblər.

– Bəs direktorun ağlı hardadı?

– Ağlı başındadır. Amma Gəldiyevə inanır. Partiyaçıdır, özü də büronun üzvü. Onu qoyub mənə inanmayacaq ki. Bizim institut neft institutundan ayrıldı. Onda siyahı-filan tuturdular. Gəldiyev məni bir-iki dəfə çağırdı, danışdırdı. Deyirdim, yəqin iş tapşıracaqlar. Nə bilim, görünür pis niyyəti varmış...

Vahid susmuşdu. Sadıq kişinin yenə də qulağı onda idi. Dalısını danışacağını gözləyirdi. Vahidin qəzet parçasını qabağına çəkdiyini görəndə, sözünü bitirdiyini bildi:

– Bəs, bir yerə gedib eləmədin? Ərizədən-zaddan?

– Getdim komsomol komitəsinə, dedilər, baxarıq, "Baxanğa" da mən dözə bilməzdim. Əmrin bir üzünü komendanta göndərdilər. Çarpayımı alıb özgəsinə verdilər, yataqxanadan çıxartdılar. Qürbət vilayətdir, yerim yox, adamım yox, cibimdə yaxşı pulum yox. Harda qalıb gözləyəydim! Ərizəyə də o saat baxmırlar. Neçə gün yoxlayırlar, komissiya düzəldirlər, uzun çəkir. Qalmaq olmur.

– Qalmayanda da bəs nə olsun, atıla-atıla gəlmisən bəri. Nahaq yerə qovurlar, dinməz-söyləməz çıxıb gəlirsən. Özü də bu zamanda.

Şura hökumətinin gül kimi qanunlarını o salyanlının gözünə soxaram!

Necə yəni! Səndə olan o savad, o qələm məndə ola, görərsən o salyanlıdı, nədi, məhşər ayağına çəkirəm, ya yox! Necə yəni...

– Elə yerdə kömək lazımdır. Komsomol komitəsi də direktoru, partkomu qoyub mənim sözümü danışınayacaq ki? Arıçı oğlunu kim tanıyır?

Sadıq kişi yenə hirsləndi:

– Adə, heç deyəsən bu oxumaqlar-zad sənə kar salmır axı! Direktora, üzgörənliyə tərəf durandısa, daha o nə komsomol oldu. Başda oturanın tərəfinə hamı durar, hünər odur, sənin kimi kasıb-kusubun, əlsiz-ayaqsızın dadına çatsın. Komsomolu biz belə görmüşük. Belə eşitmişik. Bədbihesab işə rast gələndə komsomol səs salıb, dünyanı yığıb tökər. Xanlar oğlu İbrahim nə idi? Dərənin bir lütü! Yekə rayon ispalkomunu qulluğundan dəbərtmədimi? Yadından çıxıb? Nə var, nə var, ispalkom ona demişdi: "Niyə teatr verirsən". Bir sözün üstündə.

Komsomol haqqın vəkilidi. Nə əcəb sən sözünü yerinə çatdırmamısan?

Vahid dedi:

– O vaxta baxma. İndi olsa... Bir də rayon hara, Bakı hara. Yekə, derya kimi şəhərdir. Bir böyüyə şikayət eləmək üçün gərək neçə qapıdan keçəsən.

– Əsil elə şikayətə baxan yer oradır. Şəhərə, raykoma hay sala bilmirdin ki, nahaq iş var, gəlin!

– Hay salarsan, deyərlər xuliqanlıq eləyir, hay nədir?

– İndi bəs fıkrin nədi, dərsi boşluyacaqsan?

– Dərsi niyə buraxıram. Bu məktəb olmasın o birisi olsun. Gərək elə Gəldiyevin murdar üzünə duram. Gedərəm Neft institutuna, həkimliyə. Ancaq ilin bu vaxtında heç yerə götürməzlər. Səntyabracan götürınəzlər.

– Adam işinin üstündə bərk durar. Gündə bir qapıya nəyə lazımdır? Bəs əyripilan sürməyin necə oldu?

– Necə olacaq, klubda öyrənirəm də...

– Ordan qovmazlar ki?

– Ordan niyə qovurlar. Klubdur, kimin başarığı var, gedir öyrənir, orada mənim işimi bəyənirlər.

Oğlunun bu hərəkəti Sadığın xoşuna gəlmədi. Ancaq fikirləşdi ki: "Dünənki ana uşağıdır. Birdən-ikiyə belə şeylər görməyib, bərkə-boşa düşməyib, mərdimazara rast gəlib, danlamağa dəyməz".

Ayağa qalxdı:

– Sən çayını iç, gəlirəm. Yəhya müəllimgilə dəyim görüm. Sən çayını iç, qayıdıram!

Sadıq kişi yaxasını əli ilə örtmüş, qabağa tərəf əyilmiş halda soyuq küləyə qarşı gedir, gedə-gedə fıkirləşirdi: "Mənim oğlumu ata-baba üstündə qovmazlar. Biz əvvəldən əliqabarlıyıq. Pis oxumağına görə də olmaz. Həvəsli uşaqdır, kitabı üfürə-üfürə saylayır. Gecəsi-gündüzü dərsdir. Çaxır içən, şayka-maykaya qoşulan da deyil. Pis yol tanımır. Mən elə oğul böyütmərəm. Vahid quzu kimi uşaqdır. Qovsalar-qovmasalar, bir paxıllıq üstündə, gözgötürməzlikdən olacaq. Müsürman qardaşıq, mərdimazarlıq kimi dədə-baba sənətimiz var".

Sadıq kişi mərdimazardan çox çəkmişdi. Oğluna atılan bu daşın bədxahlar əlindən çıxdığı xəyalına gələndə əsəbiləşdi, qaşları düyüldü, addımlarını yeyinlətdi, ürəyində dedi: "Vahid bacarmasa da, mərdimazarın öhdəsindən özüm gələcəyəm! Hələ o qədər əldən düşməmişəm. Özüm sübuta yetirəcəyəm. Şura hökuməti haqq üstündə qurulub, haqqa zaval yoxdur! Lap səntirəcən getməyə varam!".


Vahid düz danışmırdı. Geldiyev onun nə ictimai işə yapışmamağından, nə sözə baxmamağından, nə atasından-filanından yanıqlı idi. Bunlar hamısı zahiri söhbət idi. Əsil məsələ başqa idi.

Vahid bunu atasından gizlətsə də, biz oxuculardan gizlədə bilməyəcəyik. Gəldiyev ilə onun arasında keçən ildən bəri davam edən nazik bir mətləbi oxucular bilməlidirlər. Bu mətləb bu il bir az yoğunladı, bərkidi, gərginləşdi, hərif təkan vuran kimi qırıldı, Vahid isə ağzı üstə yerə gəldi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri