Birinci hissə, birinci fəsil
Səhifə 3 / 5 · 40%
O mətləbi Vahid atasına açıb danışa bilmirdi, danışa da bilməzdi. Qayıdanda xəyalında qoymuşdu ki, soruşsalar, deyəcəyem: "İntriqaya düşdüm".
Vahidin qovulmasının başqa səbəbi var idi.
İnşaat institutunun layihə şöbəsində Rübabə adlı bir qız oxuyurdu. Bakılı, tarzən Səttarın qızı idi. Ucaboy, alagöz, qarasaç, gərdənli, gülərüzlü – bir sözlə, gözəgələn bir qız idi. Rübabənin təbiətən cəld, dik, məğrur yerişi var idi. Çox adamın ona gözü düşmüşdü. Ancaq Rübabənin gözü özündə idi, çünki Rübabə bu məktəbə görməyə-görünməyə, axtarmağa yox, doğrudan da oxumağa gəlmişdi. Onun fikri-zikri dərs idi, təhsil idi, elm idi.
Həmin illərdə ali məktəblərdə dərslər briqada üsulu ilə gedirdi. Bütün qrup bir neçə briqadaya bölünür, briqadirin rəhbərliyi ilə dərsə azırlaşırdı. Tələbələr yoxlamaya gələndə də briqada ilə, briqadirin ilə gəlirdilər. Tələbə bəzən müəllimdən çox briqadir qarşısında cavabdeh idi. Briqada isə bütünlükdə müəllim qarşısında cavabdeh idi. Bir tələbə dərsdən zəif olanda bütün briqada zəif sayılırdı.
Sinifdə dərs briqadaları bölünəndə Rübabə Gəldiyevin briqadasına düşdü. Tələbələr arasında danışırdılar ki, Gəldiyev qəsdən Rübabəni öz briqadasına, ya özünü Rübabənin briqadasına salıb.
Birinci sülsün ortalarına yaxın idi. Şirin məşğələlər gedirdi. Riyaziyyat dərsində Rübabə stulunu götürüb, Vahidin briqadasına yanaşdı ki: "Mən sizinlə oxuyacağam". Gəldiyev əvvəl sevindi və belə düşündü: "Mənə naz eləyir. Partkom üzvüyəm, vəzifə sahibiyəm. İstəyir mənimlə oynasın, bunu da camaata hiss etdirsin. Qızlar axı vəzifəpərəst olurlar..."
Rübabəyə işarə elədi: "Gəl öz yerinə!". Dərs arasında Vahidə kağız yazdı: "Xahiş olunur briqadandan yabançıları qovasan!" Vahid kağızı Rübabəyə göstərdi. Rübabə Gəldiyevə cavab vermədi. Gəldiyev başqalarının eşidəcəyi bir səslə Rübabəni çağırdı: "Qız, yerinə gəl deyirlər sənə!". Rubabə yenə etina etmədi.
Zəng çalınandan sonra, Gəldiyev saçını geri atdı, əlini cibinə qoydu, Rübabəyə yanaşıb, özünü tox tutdu:
– Dərsə şuluqluq-zad salmaq lazım deyil, gəl öz briqadana!
– Mən indi lap öz briqadamdayam, arxayın ol!
Qız bu cavabında möhkəm durdu. Gəldiyev tədris müdirinə dedi, dekanı çağırdı. Rübabə dediyindən dönmədi: "Mən Vahidin briqadasında oxuyacağam, vəssalam! Gəldiyev özü nə bilir, mənə nə öyrədə! Gündə üç- dörd dərs buraxır. Onun ucundan mən də imtahandan qala bilmərəm".
Nə dekan, nə sinif rəhbəri Rübabənin xatirinə dəydi: "Harada istəyir, qoy otursun", dedilər.
Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Gəldiyev heç vaxt güman etməzdi ki, Allahın bir "artist" qızı onun hörmətini, vəzifəsini saymayıb sözünü yerə sala, hələ dalınca da artıq-əskik danışa. Gəldiyev zənn edirdi ki: "Qızda bu cürət, bu iddia olmaz. Rübabəni öyrədən var, dil verən var. Vahidin şətəli keçib".
Giley-güzarını dönə-dönə Rübabəyə çatdırsa, hətta onu hədələsə də qız briqadaya qayıtmadı. Sözündə möhkəm durdu. Deyəsən Rübabə Vahid ilə birləşib Gəldiyevə meydan oxuyur, ya yanıq verirdilər. Hələ bir dəfə Rübabə Gəldiyevin iclas açdığı zaman pıqqıldayıb gülmüşdü də...
Gəldiyev bunları təkrar-təkrar xatırlayır, içindən yanır, az qalırdı Rübabənin qolundan tutub məktəbdən bayıra tullasın.
– Yaxşı, - deyirdi, - baxarıq, ay artist qızı! Səni ayağıma gətirməsəm, qabağımda ağladıb, diz çökdürməsəm Gəldiyev deyiləm, Getdiyevəm! Sən məni arıçı oğluna satırsan? Sən məni iki pulluq eləmək istəyirsən, yaxşı, görərsən, başına, dizinə döyəndə görərsən!..
Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca Gəldiyevdə intiqam hissi alovlanırdı. Doğrudur, Vahid adi bir tələbə idi, Gəldiyev ilə tutaşmağa tabı gəlməzdi, lakin bir adamı yıxmaq üçün tutarlı bir bəhanə də lazımdı. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad qoyub, nə qara yaxasan?
Gəldiyev çox götür-qoy elədi. Eşdi-eşələdi, anketləri roman kimi maraqla oxudu. Çox axtardı, tərcümeyi-haldan yaxşı vasitə tapa bilmədi. O yan-bu yandan soraqlaşdı, Şuşaya gedən işçilərə "təşkilat" "adından" "rəsmi", "məxsusi", "məxfı" tapşırıq verdi. Vahidə gələn poçt kağızlarının bir neçəsini ələ keçirib açdı. Bir şey çıxmadı. Təsərrüfat müdirindən təqaüd üçün olan sual vərəqələrini istədi. Vahidin vəsiqələrini başdan-ayağa, ayaqdan-başa oxudu. Vərəqədə yazılmış bir cavabın üstünə barmaq basdı. Vərəqədə soruşulurdu: "Kənardan gəliriniz və orta hesabla aylıq miqdarı". Vahid cavab vermişdi: "Kənardan gəlirim yoxdur. Heç yerdə işləmirəm..."
Gəldiyev əvvəl bu vərəqənin surətini çıxartdırdı. Notariusda möhür basdırıb təsdiqlətdi, Vahidin cavabını çəkə-çəkə komsomol bürosunun iclasına gətirdi. Vahidin özünü də çağırıb, müttəhim kimi, qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Onu bayıra çıxarandan sonra Gəldiyev ayağa qalxıb, partiya komitəsinin adından iclasa nəticə vermək istədi:
– Budur, mövhumatçılar demiş, şükür Allaha, uzaqda deyil, göz qabağındadır. Budur müzür ünsürün siması! Bu, Nayıbov Vahidin anketi, bu da altında podpisi! Yazır, gəlirim yoxdur. Fakt ilə, sənəd ilə isbat olundu ki, atası Şuşada sürü ilə arı saxlayır. Balın girvənkəsini də filan qədərə satır. Sağa da satır, sola da satır. Kim isə yerindən söz atdı:
– Atasını danmır ha... O biri sualları niyə oxumursan?
Gəldiyev acıqlandı:
– Dayan, dayan, yoldaş!.. - O sözünə davam etdi: - ...Filan qədər satır, sağa da satır, sola da satır! Bu il hökumətə 225 manat naloq verib, bu nə deməkdir, yoldaşlar? Abman! Bu Sovet hökumətini aldatmaq deməkdir. Öz şəxsi mənfəətinin, necə deyərlər, xeyiri üçün bizi aldatmaq! Yox, yoldaşlar, bəsdir daha! Biz arıçılara aldanmarıq! Qoymarıq!
Buna yol vermərik! Hələ biz o qədər də yatmamışıq ki, düşmən üstümüzü alsın. Görün ki, biz necə adamları instituta götürmüşük! Sabah sinfi düşmən, filan qədər rüşvət təklif edəndə, belə ünsürlər nə kombinasiya desən düzəldərlər. İnstitutu da, bizim özümüzü də torğa qoyub satarlar... - Gəldiyev hirsindən başını qaldırıb acıqlı dedi: - Qovmaq, institutdan, komsomoldan! Rədd etmək lazımdır belələrini ki, başqalara da sirayət eləməsin! İbrət, primer olsun!
Gəldiyev əli ilə havanı tuturmuş kimi qolunu irəli atdı:
– Təsadüfi deyil bu məsələ! Niyə Nayıbov ictimai işə yapışmır? Niyə Nayıbov poruçeneyə baxmır? - Gəldiyev bu suallara özü mənalı bir ifadə ilə cavab verdi. - Çünki mənfəət çıxmır, çünki pul gəlmir, xeyir olan yerə Nayıbov papağını basar. Atası arıların şirəsmi sorub yaşadığı kimi, bu da biz proletariatı istismar ilə bəslənmək, oxumaq istəyir. Yoldaşlar, baxmayaraq ki, adımızı aktiv qoymuşuq, ancaq ki, indiyəcən kor olmuşuq, küt olmuşuq, belələrinə xərc tökmüşük. Bəsdir, daha son qoymaq lazımdır. Sayıq olmaq lazımdır.
Doğrudur, direktor Vahidin məsələsi müzakirə olunan iclasa gəlmişdi. Ancaq burada iştirak etmək, tələbənin taleyi ilə dərindən maraqlanmaq üçün gəlməmişdi. Vahid haqqında Gəldiyev onun qulağını doldurmuşdu. Gəldiyev "müzür ünsür, qolçomaq balası, tərbiyəsiz..." - deyə Vahidi direktorun gözündə tamam nalayiq bir adam kimi qələmə vermişdi. Hətta onun sənədlərindəki saxtalığı eşidəndə Verdiyev bir qədər vahiməyə düşmüşdü. "Sabah bunun da məsuliyyətini çəkməli olacağıq!"
İclasa ona görə gəlmişdi ki, müxtəsər bir məlumat versin, Vahid kimilərin məktəbdə təsadüfi olduğunu, deyənlər düz çıxsa hərifın əmr ilə kənar ediləcəyini komsomol bürosuna hiss etdirsin.
Beləliklə, Verdiyev bir tərəfdən məsuliyyəti boynundan atmış, verilən "siqnallara" vaxtında qulaq asdığını isbat etmiş olurdu. İkinci tərəfdən də yaxın dostu Gəldiyevin könlünü alır, onun Vahid haqqındakı niyyətlərinə mane olmadığını bildirirdi. Üçüncü tərəfdən Verdiyev Vahidin qəbul işinin köhnə bir iş olduğunu, köhnə rəhbərlikdə bir səhv olduğunu söyləməklə özünün direktorluq vəzifəsində təmiz işləməyinə işarə edirdi. Dördüncüsü də bu idi ki, Vahidin işinə bu qədər diqqət və əhəmiyyət verildiyini görən başqa tələbələr, aydındır ki, "özlərini yığışdıracaq", "zabitəli" direktordan qorxub çəkinəcəklər. Bu da ki vəzifə başında, Verdiyevin fıkrincə, ən mühüm şərtdir.
Nə isə, Verdiyev papirosunun kötüyünü söndürüb külqabına atdı, yoxlamasını belə başladı.
– Partkom nümayəndəsinin, Gəldiyev yoldaşın məzmunlu çıxışını komsomol yoldaşlar hamısı eşitdilər. Mən də diqqətlə qulaq asdım. Bu işin bir ucu əlbət ki, direktorluğa, birinci növbədə, bir direktor olaraq mənə gəlir.
Verdiyev büro üzvlərinin sükutla eşitdiyini görüb sözünü kəsdi, mənalı çıxsın deyə, bir xeyli stol üstündəki kağızlara baxa-baxa susdu. Sonra davam etdi:
– ...Bir direktor olaraq mənə gəlir... Bir ucu da mənə gəlir... Buna görə de bəzi səhv təsəvvür qalmamaq üçün mən aşağıdakı qısa məlumatı komsomol yoldaşlara deməliyəm. Əvvəla, Nayıbov buraya rayon komitəsinin xasiyyətnaməsi ilə daxil olub, işində bu var. Özüm baxmışam. İkincisi, onu köhnə direktor qəbul edib. Mənim zamanımdan qabaqdır. Niyə qəbul edib, necə qəbul edib, onu mən deyə bilmərəm.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-birinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Şimaldan səsAprelimiz münasibətilə*Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqdı,
Anamın vəsiyyətiSaralırkən 60 yıllık niyaran gözləri,Həyatdan tok qözlərini yukarı.
MüxbirƏlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.