Məzmun
  1. I
  2. II
  3. III
  4. IV

Səhifə 2 / 3 · 33%

II

Qatar şərqə doğru hərəkət edib işğal olunmuş yerlərə çatdıqca, İsrafil bəy pəncərədən çəkilmirdi. Stansiyalarda isə yerə düşüb rast gələn polyakları, latviyalıları, ukraynalıları görməyi, III imperiya xeyirxahları adından onların keyfini soruşmağı vicdan borcu hesab edirdi. Ancaq, deyəsən, o, heç yerliyə rast gəlmirdi. Deyəsən, bu ölkələrin camaatı göyə çəkilmişdi.

Mirzə Xəyal isə balışa dirsəklənib nəyi isə fikirləşirdi. O qədər dalğın, o qədər fikirli idi ki, gəlib-gedənlə də sual-cavab eləmirdi.

İsrafil bəy tamaşadan yorulub kupeyə qayıdanda Mirzə Xəyal başladı:

– A bəy, gəl otur. Bu bir gündür, bir səfərdir ki, hələm-hələm hər oğulun əlinə düşməz. Batuma qaçdığımız may günləri yadıma düşür. Onda cavan idik, çox idik, yar-yoldaşlı idik. O adamlar hanı? Çoxu Allah rəhmətinə gedib, çoxu Yevropanın künc-bucaqlarında, kim bilsin, nəvlə məşğuldur...

İsrafil bəy onun sözünü kəsdi:

– Nə ilə, - dedi, - məşğul olurlar-olsunlar, biz Azərbaycanı alandan sonra quzğun kimi tökülüb gələcəklər.

– Buna söz yox, gələcəklər. Bir məsələ də məni düşündürür axı!

– Nə məsələ?

– Biz ki, Allah qoysa, bu kolxoz-molxozu, kommunxozu-zadı sökdük, dağıtdıq, əmlakımızı necə bölüşdürəcəyik?

Doğrudur, belə məsələnin müzakirəsi hələ tez idi. Ancaq İsrafil bəy kimi müsafir üçün belə müzakirə labüd idi. Ona görə də bəy Mirzənin sözünə məna verdi:

– Bölmək deyəndə, aşkar şeydir. O ki dağılıb gedib, heç. O şey ki ortalıqdadır, mülk-mal, torpaq, fabrika-filan hər kəs özününkünə sahib duracaq. Təki bölüşdürməyə əmlak olsun. Varlığa nə darlıq. Çətinlik indidir ki, birovuz ayaqqabı geyirik.

– Bəy, axı əmlakı əmlak yerində qoymayıblar. Məsələn, mənim torpağımda bolşeviklər pambıq zavodu tikiblər. Səninkinin yerini qəssabxana eləyiblər. Bu şərən kimə düşür?

– Yer sahibinə!

– Bəs bura tökülən xərc, qoyulan maya, əmələ işi nə olsun?

– Sən də qəribə adamsan, evimizi yıxan elə həmin "əmələ" deyilmi! Yox bir, çağırıb onun üçün iclas qayıracağam ki, gəl mənim dar-mədarimə sahib dur! Əmələni əmələ yerində oturtmaq vaxtı çatmışdır!

Mirzə Xəyal bir az da ehtirasla danışdı:

– Bəy, siz mən deyən mətləbi dürüst başa düşmədiniz. Əmələ mənə, səndən az eləməyib. Yekə, abad üzüm bağımı çevirib çaxırxana eləyib. Söhbət buradadır ki, qorxuram öz aramızda inciklik ola. Çünki, mənim bağımın məhsulundan sənin yerində konserv zavodu açıblar. Mənim kəhrizimin suyunu cilovlayıb elektrik stansiyası tikiblər. Haram-halal, haqq-nahaq hamısı qarışıb bir-birinə. Bunu nə sayaq eliyəcəyik?..

Mirzə Xəyalın indidən oturub elə məsələlərə əl atması bəyə acıq gəldi:

– Sənin bağın da, kəhrizin də çoxdan Allah rəhmətinə gedib. Bol şeviklər onun yerində motor qoyublar, kim bilir, necə kolxoz-molxoz qurublar, çox da gücləndiriblər.

Mirzə Xəyal əvvəldən, hələ bolşeviklər gəlməmişdən çox-çox qabaq duymuşdu ki, İsrafil bəyin, onun rəhmətdən uzaq atası Mikayıl bəyin gözü Sulduz bağlarındadır. Bir dəfə bu bağlarda çaxır zavodu tikmək üçün Mikayıl bəy Mirzənin yanına da gəlmişdi. Mirzə onu qapısından qovmuşdu:

– Zavod açırsan, fabrik açırsan, bilmirəm nə büsat çıxarırsan çıxar, mənə dolaşma. Nə qədər ki sağam, qoymayacağam halal torpağıma, pak soyuma mazut iyi dəyə, maşın səsi gələ!

İndi budur, iyirmi iki il sonra, bolşeviklərdən "miras" qalası yerlər ortalığa qoyulanda İsrafil bəy yenə atasının havasını çalır.

Mirzə Xəyal dedi:

– Bəy, sən nə qədər dərsdə məndən dərin olsan da, təcrübədə olammazsan. O motoru-filanı biz də bilirik. Torpaqsız-susuz, yemsizyağsız o motorun bahasına iki şahı verən olmaz. Əvvəl başdan mülk sahiblərini razı salmaq lazımdır.

İsrafil bəy daha da hirsləndi:

– Mənim bircə tütün fabrikamdan sənin var-yoxun qədər malım gedib. Bəs onu kim verəcək?

– Gedən gedib, biz qalandan danışırıq.

– Qalan hər cənabın zərərini doldurasan gərək. Bolşevik malını ziyana bölmək lazımdır.

Mirzə Xəyal bir istədi dinməsin, amma özünü saxlaya bilmədi:

– Bəy, belə danışsan, qorxuram, yoldaşlar arasında söz ola!

İsrafil bəy ağsaqqal kişinin üstünə çımxırdı:

– Bura bax, - dedi, - Mirzə, mənə danışmağı da sən öyrətməyəcəksən, qanımızı qaraltma, qoy oturmuşuq.

Mirzə Xəyalın sallaq qaşları altında gizlənmiş gözləri məşəl kimi yandı. Bir istədi bəyin gözünün içinə desin: "Ey, yəni, sən elə qoduq oldun ki, Mirzə Xəyaldan öyrənməyi ar bilirsən? Sən həmin Kərbəlayi Mikayılın oğlu deyilsənmi ki, qızını mənim qardaşım oğlu aldı da, boşadı da! Nə oldu, mayor ilə iki kəlmə söhbət etməklə daha özündən böyüklori bəyənmirsən!.." Mirzə bu sözləri demədi. Söhbəti o yerə gətirib çıxartmağı da məsləhət bilmədi. Ürəyində fikirləşdi:

"Qalsın bizimki vətənə! Topal Həsənli uşaqlarını çağırıb sənin canına salmasam, parlamentdə-zadda sənin seçki şarlarını oğurlatmasam, məndən əclaf adam yoxdur. Onda görərsən, kim kimdən öyrənir..."

Atalar demişdir ki, ürəkdən-ürəyə yol var. Sanki Mirzə Xəyalın bu ədavət fikirlərini hansı yol ilə isə İsrafil bəyə bildirdilər. Bəy ocağa tutulmuş mum kimi yumşaldı. Qalxıb qollarını yoldaşının boynuna saldı:

– Ay Mirzə Xəyal, - dedi, - nə qoyub, nə axtarırsan! O gün olsun ki, biz parlamentdə oturub miras bölək. Qalxıb öz dilim ilə deməsəm ki: "Mənə çatan tənxah Mirzəyə verilsin!", məndən nankor adam yoxdur. Ay Mirzə, ay Mirzə, mən... Fikrim ayrı yerə gedir. Nə bilim, Allah axırını xeyir eləsin...

Bəyin bu hərəkəti Mirzənin xoşuna gəldi. Neçə-neçə yeni mülkün qəbaləsini qoltuq cibinə qoymuş kimi ürəyi yerinə gəldi, özünü rahat hiss elədi. O da adamlıq, ağsaqqallıq göstərib söhbəti dəyişmək istəyirdi ki, qatar dayandı. Eşalon tökülməyə başladı. Hər iki yoldaş şeylərini tələm-tələsik yığışdırıb düşməli oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəhrəman qız

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

19484 dəq
Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 dəq
Tarla mənzərələri

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.

6 dəq
Qızıl oktyabr

Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.

1 dəq

Başqa şairlərin şeirləri