Məzmun
  1. I
  2. II
  3. III
  4. IV

Səhifə 3 / 3 · 67%

III

Oxuculara məlumdur ki, mayor Ştaksperin səfəri, ondan, İsrafil bəydən asılı olmayan səbəblərə görə bir az uzandı. Onlar nəinki payızı, hətta bütün qışı Krımda oturub, "Bu gün-sabah Qafqaz yolu açılar" deyə gözləməyə məcbur oldular. Mirzə Xəyal büzüşüb qalmışdı. O, blindajların birində özünə bir isti yer tapıb daldalanır, nə top, nə tüfəng, nə bomba, nə təyyarə səsinə əhəmiyyət verib yerindən tərpənmirdi. Qışlamaq üçün fil burnuna girmiş milçək kimi qonduğu yerə yapışmışdı. İsrafil bəyin ovqatı lap qarışıq idi. O, hər iki gündə bir komandanlığın yanına gedib, işlərin nə yerdə olduğunu bilmək istəyirdi. Ona gah təsəlli verir, gah səbir etməyə çağırırdılar. Bəzən də heç sözünə qulaq asan olmurdu. Bəy çörək payını alıb titrəyə-titrəyə daxmaya qayıdırdı. Mirzə Xəyal soruşanda ki:

– Hə, bəy, təzə nə xəbər var?

İsrafil bəyin bir cavabı var idi:

– Soyuqdur, boran-qiyamətdir!

Martın 9-da Mirzə Xəyal İsrafil bəyi lap yerindən elədi:

– Bəy, – dedi, – gələndə nə fikirdə idik, indi nə kökdəyik. Novruz bayramını biz evdə keçirəcəkidik. İndi isə mənim bədənimə qotur düşüb. Allah belə bayramı yəhudiyə də göstərməsin. Axı bunun axırı nə olacaq! Biz burada soldat bitinə yem olmağa gəlməmişik. Biz siyasi nümayəndəyik. Get danış! Qafqaz məsələsi baş tutmayacaqsa, bizi niyə çürüdürlər. Qaytarsınlar öz işimizə. Allah kəssin belə səfəri. İstəmədik, aparsın, Bakı neftini töksün atasının goruna, bizi buradan xilas eləsin, canım! Get danış!

Mirzə Xəyalın ürəyindən keçənlər İsrafil bəyin də fikrinə gəlmişdi. Amma deməyə cürəti çatmırdı. Mirzənin təkidindən sonra cəsarətə gəldi. Səhər soldatlara təsəlli verməyə gələn mayorun qabağını kəsib dedi:

– Cənab mayor, bu Qafqaz yolu nə vaxt açılacaq! Təngə gəldik, axı!

Ştaksper İsrafil bəyin tük basmış, aylarla yuyulmamış üzünə elə tərs baxdı ki, az qaldı kişinin zəhri çatlasın:

– Axmağın danışmağına bir bax! Qafqaz yolu məndən çox sənə lazımdır, niyə qabağa düşüb açmırsan? Yoxsa, nemes soldatının qanı hesabına rahat çörəyə çatmaq istəyirsən! Bağışlayasan! Sabah ikiniz də piyada libasında hissə ştabında olmalısınız, qabaq cəbhələrə getmək lazımdır. Gedin, bələdçilik edin. Bolşeviklər minlərlə müsəlman soldatı gətiriblər. Gedin, onları başa salın. Sabah sizi o tərəfə ötürəcəyəm. Bəsdir dörd-beş ay müftə yeyib-yatdığınız!

İsrafil bəy elə qayıtdı ki, çırtıq vursaydın qanı çıxardı. Mirzə Xəyal adəti üzrə, şinelin altından həmişəki sualını verdi:

– Təzə nə var, nə yox!

İsrafil bəy dinmədi. Mirzə bir də soruşdu. İsrafil bəy onu qapıya çağırdı:

– İş yaşdır!

– Bəyəm nə var?

– Nə olacaq, kəlmeyi-şəhadətini de!

– Necə bəyəm, bolşeviklər yenə hücum-zad düzəldib, yoxsa?

Mirzənin gözləri vahimədən böyüdü və qızardı. Əksinə, bəyin gözləri daha da balacalandı. Bəbəkləri yuvasına çəkilmiş həşərat kimi görünməz oldu.

Bəy dedi:

– Hücum olsa yaxşı idi. Bolşeviklərdən qaçıb qurtarmaq mümkündür. Bu köpək oğlu bizi davaya göndərir.

Mirzə Xəyal dodaqlarını büzdü:

– Necə, davaya?

– Soldatlara qatıb atəş xəttinə göndərir. Deyir, bolşevik qoşununda azərbaycanlılar çoxdur. Onlarla üz-üzə gəlin, başa salın!

Mirzə Xəyal ayaq üstə donub qaldı:

– Zarafat-zad eləyirsən yoxsa, ay İsrafil?

– Sən öləsən, üstümə elə qışqırdı, az qaldım, özümdən gedəm. Dedi: "Sabah kaska-zad geyib ştabda hazır olun!"

– A kişi, bizi niyə göndərir ey!

– Dedim də, azərbaycanlı əsgərləri başa salmağa!

– Bəs demədin ki, əsgərlər bizə ağzımızı açmağa macal verməyəcəklər? Demədin, biz başa salmamış onlar bizi ayağa salacaqlar?

– Elə söz demək olar? Kişisən, yeri özün de!

Mirzə Xəyal bəyin üzünə baxa-baxa qaldı:

– Səni bilmirəm, - dedi, - ay İsrafil, mənim damarlarım qurudu. Mirzə tez şinelin altına girdi. İsrafil bəy tənbəki torbasını çıxardıb, qəzet kağızına bir papiros bükdü. Bir qüllab vurandan sonra Mirzəni qonaq etmək istədi:

– Al, bir ağız sor, ürəyin yerinə gəlsin.

Mirzə başını şinelin altından çıxartmadı:

– İştaham gəlmir!

Ştaksper əsl hərb adamı idi. Ölümə gedər, sözündən dönməzdi. Səhərisi gün İsrafil bəyin də, Mirzə Xəyalın da dallarına soldat şələsi verib sıraya qatdı: "Nə qədər, - dedi, - fürsət var, vuruşarsınız. Elə ki gördünüz bolşeviklər bərk gəlir, öz dilinizdə danışıb təslim olarsınız. Sizi götürüb arxalara aparacaqlar. Orada siyasi fəaliyyətdə olarsınız. Havalar açılan kimi biz də dalınızca gələrik. Allah qoysa, Bakıda lap sizin evinizdə bir zəfər plovu yeyərik!"

Onlar cərgələrdə, öyrənmiş nemes soldatları ilə ayaqlaşmaq üçün gücənib tez və iri addımlar atmalı olanda faciələrini hiss edib içəridən qovrulurdular. İsrafil bəy başını aşağı salıb yeriyirdi. Mirzə Xəyal komandirdən fürsət tapanda özgələr anlamasın deyə, ana dilində deyirdi:

– Allah sənin evini yıxsın, ay İsrafil, yaxşı yıxdın evimizi! Sinnimizin bu çağında bizi yaxşı günə qoydun!

Aydındır ki, bu səfərdə İsrafil bəy Brunnerin çəkməsini çamadanda saxlamayacaq idi. Aydındır ki, Ştaksper belə yerdə ona ikinci dəfə çəkmə verəsi deyildi, verəsi olsa da tapa bilməyəcəkdi. İsrafil bəy təmiz və səliqəli saxlanmış zabit çəkmələrini ayağına çəkib qarda-palçıqda hara gəlir, tapdalayırdı. Onu soldatlardan ayıran yeganə zahiri əlamət bir çəkmələrdən ibarət idi. Buna görə ürəyində kiçicik də olsa iftixar hissi duyurdu.

IV

Çovğunlu günlərin birində hissə sovet qoşunları ilə üz-üzə gəldi. Dünyada nə növ silah varsa, tarix vuruşmada hansı vasitələr tanıyırsa - hamısı işə düşdü. Dünya müdhiş gurultularla dolu bir yanğın məkanına oxşadı, israfil bəy qar üstünə yıxılıb nəfəsini içəri çəkmiş, soyuqdan göyərən, şişən barmaqları ilə tüfəng atırdı. Mirzə Xəyalı, nədənsə, bir az ondan ayırmışdılar. Səs-sədası gəlmirdi. Silah'səslərinin içində hərdən kəsmə-kəsmə mayorun əmri eşidilirdi. O, gah bu maşının, gah o maşının arxasında daldalanıb hövl ilə, zəhmli bir səslə soldatları cəsarətə, möhkəmliyə çağırırdı. Altı saata qədər davam edən vuruşmadan sonra sovet qoşunları Ştaksperin mövqeyinə doluşdular. Blindajlarda meyitdən, yaralı əlindən tərpəşmək olmurdu. Ancaq qoşun yığışıb qaçmışdı. Sovet komandanlığı tərəfindən nemeslərin bugünkü itkisi hesablananda az qalmışdı İsrafil bəy də zabitlər cərgəsinə düşsün: sanitar bu uzun və qoca meyitinə baxıb deyirdi:

– Başı soldat başıdır, ayağı zabit ayağı!

Başqa birisi daha diqqətli idi:

– Bu, - deyirdi, - nə soldatdır, nə zabit. Bu casusdur. Görmürsən şineli düymələməyi də bacarmayıb? Görmürsən, qayışı necə tərs bağlayıb? Kim bilsin, hansı məqsəd üçün gəlirmiş, tez-bazar olub!

Beləliklə, birovuz çəkmələr İsrafil bəydən başqa heç kəsi aldada bilmədi.

Yalnız qoşunun yarısını xərcləyib gəlmiş olan mayor Ştaksper çəkmələrindən nigaran idi. Bir düşündü ki: "Leytenanta söz vermişəm. Ölünü tapıb soyundurmaq lazımdır." Ona görə də kəşfiyyat adı ilə dörd nəfər soldatı gündüz müharibə yerlərinə göndərmək istədi, lakin, sonra onların da hədər gedəcəyini düşünüb niyyətindən döndü. Brunnerə cavab vermək üçün söz tapdı: "Biz, çəkmələri Bakıdan qaytarmağa söz vermişdik. Leytenantın indi istəməyə haqqı yoxdur." Bu cavabdan razı qalsa da, öz vəziyyəti özünə gülünc gəldi: "Ay axmaq, - dedi, - heç bilirsən, indi Brunnerin özü haradadır? Demirsənmi, bəlkə, onun sümükləri də çürüyüb."

Bu ehtimal, nədənsə, mayora həqiqət kimi göründü, çəkmə qayğısını ona tamamilə unutdurdu. Mayor Mirzə Xəyalın necə olduğunu, harada itib-batdığını nə düşündü, nə soruşdu. Ancaq oxucu bunu soruşacaqdır. Qoy oxucu bilsin ki, Mirzə Xəyal güllədən tələf olmadı. Onu səngərə zor ilə, tapança gücünə gətirmişdilər. Zabitlər "Atəş!" əmri verəndə, Mirzə Xəyalın əlindən tüfəng düşmüş, özü də təngnəfəs yıxılıb ürəyi partlamışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəhrəman qız

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

19484 dəq
Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 dəq
Tarla mənzərələri

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.

6 dəq
Qızıl oktyabr

Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.

1 dəq

Başqa şairlərin şeirləri