Düz adam
Hər gün işə gedəndə trolleybusda əyləşib görürsünüz ki, bulvarın ağzından bir adam tələsik gəldi, vaqona daxil olan kimi, göy kağızını çıxarıb camaata göstərdi:
– Mənim həmişəlik biletim var!
Bu həmin düz adamdır ki, çoxları onu tanıyır. Düz adam görəndə ki, əhəmiyyət verən, qulaq asan olmadı, dönüb o yan-bu yana baxır, kitabçasını təkrar-təkrar göstərir:
– Postoyanm!
– Postoyanm!
Düz adamın başında sarı şlyapa, əynində yaraşıqlı kostyum, ayağında çex çəkməsi var. Kitabçasını göstərəndə paltarını güzgü qabağında imiş kimi, nümayiş etdirməyi, sağa-sola dönməyi unutmur.
Bayaq dedim ki, siz onu tanıyırsınız. Ancaq bir adamın zahirinə baxmaq tanışlıq üçün azdır. Şair yaxşı deyib ki:
Zahirin xoş, fəqət görək nə çıxar,
Oynaşır batinində şeytanlar!
Bu söz əyrilər üçün deyilib. Düz adama dəxli olmasın gərək. Biz düz adamı yaxşı tanımaq istəyiriksə, gərək özümüzə bir az zəhmət verək, trolleybusdan düşək, onun iş yerinə də gedək.
Onun iş yeri, getməli yerdir. Daha doğrusu, bizim hamımız ora gedirik, getməyə məcburuq. Düz adam, aşkar yerdəki böyük ərzaq mağazasında satıcıdır. Belində önlük, qolu çirməkli, əlində bıçaq və ya çömçə cəld o yan-bu yana cummaqdan zövq alır.
Qənd torbasının yanında bir vedrə sərin su saxlayır, kağız torbaların dibinə karton qoyur, şəkərə darı unu, südə su qatır.
Əlbəttə ki, bunları camaatın gözünün qabağında eləmir. Tədbirli adamdır, başını aşağı salıb işini görür. İdarə yoldaşlarından biri onu görüb danlayanda cavabını verə bilir!
– A filankəs, burada bir şey yoxdur ki, onun üçün danışırsan. Mən hökumətin qəpiyinə də tamah salmıram. Nə gedir, müştəridən, camaatdan gedir. Qənddir, beş-on qram rütubət çəkməklə heç kəsə bir şey olmaz. Sən çalış hökumətdən oğurlama, camaat nə deyəcək, camaatın ürəyi genişdir, halına təfavüt eləməz.
Odur ki, ayıq müştərilərdən biri düz adamın hərəkətlərinə göz qoyur.
– A filankəs, bu vedrəni niyə bura qoyursunuz, ayağa dolaşır, ili-şərsiz tökülər, götürün!
– Tökülməz qardaş, su bizə lazım olur. Dəqiqədə bir əlimizi yuyuruq, dəsmal isladırıq, yayın günündə onsuz ötüşmək olmur.
– Bəs bu çargül karton nə üçündür, torbaya qoyursunuz?
– Müştəriyə mədəni xidmət bizim borcumuzdur. Kağız torbaların dibində karton olanda möhkəm dayanır, ağzını bağlayandan sonra dağdan at, dağılmaz. Camaat qəndə, düyüyə pul verir. Onu möhkəm kağıza qoymaq lazımdır, hətta, bu barədə çoxları təşəkkür eləyə bilər.
Bütün bu nəcabət məsələlərini hərfinəcən bilən və ətraflı izah edən düz adamdan soruşasınız ki:
– Yaxşı, bəs kağız bahadı, ya qənd?
– Qənd bahadı.
– Axı, sən bu torbanı qənd qiymətinə satırsan!?
– Bəyəm, zor ilə satıram, müştəri özü yalvarıb alır.
– Əlbəttə ki, alacaq.
– O alanda da bizim borcumuzdur sataq...
Mən müsahibimin cavabını vermək istəyəndə o, səsini ucaltdı:
– Bizim borcumuzdur, sataq və vətəndaşlara mədəni xidmət edək. Bu elə-belə alver deyil, mədəni ticarətdir. Sovet müştəriləri çərçi deyil ki, iki misqal ağırlığında kartona qənaət eləsinlər. Xeyr, onların ürəyi genişdir, dağlar qədər genişdir!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-duz-adam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Qəşəm kişi küsənərək deyirdi:
Qocaların uşaq söhbəti1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.
Qəbul imtahanıDövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.
Neçə cür salam var?Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!