Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 2 / 3 · 33%

Hanı qəzetlər, telefonlar, radiolarda Baxışın çəkilən adı, hörməti! Hanı səhər-axşam isti nəfəsi ilə "sağ ol" deyib evdən çıxmağı, şəst ilə "salam" deyib qapıdan girməyi, bükülü bazarlığını stol üstünə qoyub mübarək deməyi, uşağı qucaqlayıb min bir dil ilə oxşamağı, cibindən cürbəcür hədiyyələr çıxarmağı, rəngli, şəkilli kitablar göstərməyi? Hanı axşamlar sevgilisinin qolundan tutub bir məclisə, bir cəmiyyətə, toya, təvəllüdə, görüşə getməyi! Hanı evinin səadəti, şənliyi? Deyərsən, dəyirmanın suyu sovrulub, işıq həmişəlik sönüb. Qtaqlarda qu vursan, qulaq tutulur. Divarlardan sükut, soyuqluq sezilir...

Baxışın tanışlarından biri, ara-sıra mərhumun qapısını açan, ərk ilə yeyən-içən gödək, gövdəli kişi başsağlığına gələndə, Ağcanın kənara çağırdı. Gizli söz deyən kimi, səsini alçaltdı:

– Ağca xanım, heç fikir-zad çəkmə. Allah rəhmət eləsin. Dünyanın işidir. Bir yandan bağlayan fələk, bir yandan açar. Özün bilməmiş olmazsan ki, mən yenə subayam. Səni özüm nikah eləyəcəyəm, uşaqdaki...

– Tfu sənin murdar sifətinə! Sən bu evdə nə qədər çörək yemisən, ay xain! Tfu alçaq üzünə sənin, tfu!..

Gödək kişi daş dəymiş köpək kimi zingildəyərək yox oldu.

Ağcanın - bu balaca həyətdə tənəyə, təhqirə uğrayan cavan ananı qəhər tutdu. Ona elə gəlirdi ki, Baxışın matəmi onun bütün vücudunu qurutmuş, gözündə bir damla da yaş qoymamışdır. Ancaq düşmən sözünün, acı tənənin yarası sanki indi onun kövrək qəlbini yenidən qanatmışdı. Gözlərindən yaş yox, qızıl qanlar axırdı. Yanaqlarından damla yox, ağır isti qurğuşun dənələri tökülürdü.

Qonşular, qohumlar təkrar yığıldı, çox təsəllilər deyildi. Kimsə bilmədi ki, nə olmuşdur.

3

Trestdən gələnlər olmasa, Ağca bəlkə də, kiriməzdi. Üç nəfər abırlı-təmkinli kişi qapının rəzəsini tərpətdi, salam verib içəri girəndə, Nadir qaçıb anasına xəbər elədi. Ağca dərhal gözünün yaşını silib eyvana çıxdı. Gələnlər Baxışın dostları idilər. Biri yoldaş Cuvarlı, biri də usta Mixaylov idi. Üçüncüsünü Ağca tanıya bilmədi. Cuvarlı hal-əhval soruşandan sonra bənnanın şəklini əlinə alıb xeyli baxdı.

– Ağca xanım, - dedi, fotoqraf gələcək, bu şəklin üzünü çıxardacaq, böyütmək istəyirik. Baxın, bəlkə ayrı şəkli məsləhət bilirsiniz.

Deyərsiniz çəkər, neçə nüsxə lazımdır.

Trestin köhnə ustası Mixaylov da əlindəki bağlamanı kənara qoyub əyləşdi. Ağcanın kefini, Nadirin dərsini soruşdu.

Qonaqlar çox oturmadılar, bir stəkan çay içdilər. Nəsə himləşdilər, həyət-bacanı gəzdilər, baxdılar. Mixaylov bayaqkı qəzet bağlamasını əlinə aldı, Ağcaya üz tutdu:

– Qızım, - dedi, - sən heç demə ki, Baxış yoxdu. Nə qədər biz varıq, Baxış da var. Onun kimi sədaqətli yoldaş, handa bir usta heç vaxt yaddan çıxmaz. Keçən ay tələbələrə yataqxana tikirdik, binanı on beş gün tez verdik. Təhvilə nazir də gəlmişdi. Müzakirə oldu, bəyəndilər. Briqadaya iki aylıq mükafat yazdılar. Rəisimiz elan eləyəndə, ustasından fəhləsinə qədər hamı bir ağızdan dedi:

– Bu mükafat Baxış Baxışovun ailəsinindir. O kişi canını tikintidə qoyub, indi budur, onun pulunu, neçə mindi, gətirmişəm, qol çəkib götürün!

Mixaylov danışa-danışa bir dəstə yüzlüyü güzgünün qabağına qoydu, üstünü qəzet ilə örtdü. O, sözünü qurtarmamış cavan, ucaboy oğlan - trestin həmkarlar komitəsinin təzə sədri sözə başladı:

– Ağca bacı, rəhmətliyin işini eşidən gündən partkomda da, trestkomda da söhbət olub, Nadirə məktəbi qurtarana qədər təqaüd kəsilir, danışmışıq. Sizə də...

Bu yerdə trestkom sədrinin dili gəlmədi. Ağcanın cavanlığına görə təqaüdə düşməməsini demək istəyirdi ki, dili gəlmədi. "Nə lazım, bəlkə heç soruşmayacaq, soruşsa, deyərəm..." - deyə düşündü. Sonra tez əlavə etdi:

– İndi, odur, iki nömrəli bağça uzaq olsa, o birinə keçirə bilərik.

Mürəbbiyə yeri var. Məsləhətinizə baxın, ürəyiniz istəsə, ora keçə bilərsiniz, baxın.

Ağca razılığını bildirdi, Nadiri Cuvarlı yoldaşa tapşırdı:

– Gözünüz üstündə olsun, bir sənət öyrənsin.

Cuvarlı ananı arxayın etdi ki, Nadiri trestə gətirəcək, həm işləməyinə, həm də oxumağına göz qoyacaq.

Ağca güman etməzdi ki, ən ağır dəqiqələrində qüvvətli, qüdrətli insan əlləri onun qollarından tutub qaldıracaq, dizinə taqət, qaralan gözlərinə işıq verəcək. Səhərdən axşama başları qarışıq olan, böyük planlar tökən, binalar tikən, Moskvada belə yüz idarə ilə bağlı olan, neçə yüz fəhlənin işinə əncam çəkən bir trestdə Baxış Baxışovun -sıradan çıxmış bir kişinin adını bu qədər əziz tutarlar.

Bayram olmazdı Baxışın evinə dəvətnamələr gəlməsin, albom olmazdı şəkli vurulmasın, qəzet olmazdı adı çəkilməsin, xeyir iş olmazdı. Ağca başda olmasın, təzə il olmazdı Nadirin payı göndərilməsin, səyahət olmazdı uşağı aparmasınlar.

Trest qadınları Ağcasız bir qonaqlıq keçirməz, bir tamaşaya getməzdilər. Evlər təmir olunanda, işıq, su, qaz, sobalar yoxlananda, ilk dəfə Ağcanın evinə usta gələrdi. İstirahət evinə putyovka paylananda, Ağca siyahıdan düşməzdi...

Ağca bütün bunları yaxşı başa düşürdü, görürdü ki, Baxış yalnız ailəsində deyil, iş məqamında yoldaşlar içərisində də sədaqəti və ləyaqətilə məşhurdur. Görürdü ki, isti bir qayğı onu həmişə, hər tərəfdən əhatə edir, qol-qanadından tutaraq həyatın sürətli axnında aparır, dəstədən, mühitdən ayrılmağa qoymur. Bu həyatın özü də belə bir gedişə müsaid və münasibdir. Özünün bağçada işə, oğlunun məktəbdə dərsə aludəliklə vaxt keçirdiyini, gündən-günə qüvvətlənən sürətli gələcək meylini aşkar görürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri