İnsanlıq fəlsəfəsi
Səhifə 3 / 3 · 67%
4
Bu evdə qəribə bir aləm vardı. İşıqlı pəncərənin qabağında zər haşiyəli çərçivədə qıvrımsaç, güləş, sağlam, sinəsi açıq bir bənnanın şəkli dayanmışdı. Yox, bu şəkil deyildi. Elə də şəkil olarmı? Güclü bir igid dayanmışdı. Sanki Baxış öz otağına göz qoyub hər şeyə baxır, sevgilisinin də, oğlunun da duruşuna, oturuşuna, dinib-danışmağına diqqət yetirirdi. Deyəsən bu saat stol üstündə hoppanıb boğazlı çəkmələrini geyəcək, döşəmədə gəzinəcək, Ağcanı da, Nadiri də danlayıb deyəcək ki, niyə geyinib konsertə getmirsiniz, mən buradayam, niyə darıxırsınız? İşinizdə olun!
Sanki bu igidin ayıq və iti baxışları gənc ailədə hər şeyi birləşdirirdi. İşləyən də, oxuyan da hər an başda əyləşənin nəzərində idi. Uzun illər eyni marağını, diqqətini saxlayan qıvrımsaç oğlan sanki evdəkilərdən də bunu tələb edirdi. Sanki sakit, səssiz, davamlı, mənalı, mehriban nəzərilə deyirdi: "Mən buradayam, niyə darıxırsınız? İşinizdə olun!"
Qıvrımsaç oğlanın nəzərindəki bu məna uşağa da, böyüyə də eyni dərəcə aydın və mühüm idi. Onlar hər səhər öpüşüb ayrılanda, hər axşam öpüşüb görüşəndə, Baxışdan bu sözləri təkrar-təkrar eşidirdilər: "Mən buradayam! Siz işinizdə olun!"
Lakin bunlar təkrar deyildi. Hər gün başqa bir məna, başqa riqqət, başqa bir hərarətlə səslənirdi. Bunlar ana-balanın öpüşlərindəki hərarət və təravət qədər təzə və şirin idi, həmin öpüşlər qədər onları birləşdirirdi.
Birləşdirirdi deyirik. Qıvrımsaç oğlanın nəzərlərində birləşdirən qədər ayıran bir qüvvə də var idi. Ağca da, Nadir də hər dəfə yuxarı başa nəzər salanda, bu ayrılığı duymamış deyildilər. Ana oğlunu, oğul isə anasını düşünürdü.
Oğul öz anasını Baxışın sağlığındakı qədər şən və qayğısız, ana da balasını atalı vaxtındakı qədər bəxtiyar görmək istəyirdi. Hər ikisinin ciddi-cəhdi bu idi.
Görərdin, anası uşağının kəsəmət pulunu yığıb ona maqnitofon almaq istəyir. Uşaq isə həmin puldan gizlincə götürüb anasının sumkasına qoyur, ona yeni palto pulu düzəldir. Xərcləməyə gələndə, bəzi ailələrdəki ixtilaf burada da olurdu. Ancaq burada məzmun ayrı idi: oğul anasını, ana da oğlunu vacib sayırdı.
– Atamın yoxluğunu dost-düşmən bilməsin. Yaxşı geyin, ana!
– Tay-tuşdan geri qalma, bilməsinlər ki, qabaqda atan yoxdur! Hələ ki, mən varam, oğul!
Nadir "Şərəf lövhəsinin" yanından keçəndə, atasının şəklini orada görmədi. Ağır bir kədər ilə bunu anasına dedi. Ağca, Mixaylova bildirdi. Mixaylov dedi:
– Sabah axşam Nadiri də götürün, trestə gəlin! Dəvətnamə göndərəcəklər! Hələ-həlbət!
Ağca kişisinin şəklini klubda adlı-sanlı işçilər cərgəsində görəndə, razılığını bildirdi. Cuvarlı dedi:
– Ağca xanım, Baxışın şəklindən nigaran olma. Mən gözləyirəm
ki, bu gün-sabah Nadirin özünü məşhurlaşdıraq. Nadir FZU-ya gedir.
İndi cavanlar oradan boy atırlar!
Bayram axşamı raykomdan da gələnlər var idi.
Klub ağzınacan dolu idi. Cuvarlı məruzə eləyirdi. Trestin keçmişindən, gələcək planlarından, qabaqcıl ustalarından deyirdi...
Ağca 5-ci sırada, oğlunun yanında oturmuşdu, daha doğrusu Nadir onun yanına gəlmişdi.
– Ana, mən həmişə sənnən oturacağam!
Bu sevincli axşamda, bütün işçilərin tökülüb gəldiyi məclisdə ana-balanın yanaşı oturub şirin söhbət eləməyi də mənalı idi. Bugünkü işlər barəsindəki məruzədə Baxışın adı çəkilməyəcəyini bir növ hiss etdirməmək üçün Nadir anasnıı məşğul etmək, danışdırmaq istəyirdi. Ağca isə onun qolunu tutub deyirdi:
– Qulaq as! Dayan!
Görünür bu incə mətləb məruzəçinin, Cuvarlı yoldaşın da nəzərində idi. Söhbəti hərlədi, fırladı, o yerə gətirdi:
– Biz gərək trestimizin, otuz ildən bəri inşaat ilə məşğul olan, şəhər tikən nəhəng idarəmizin tarixini yazaq. Qorki özü deyib, belə tarix vacibdir, yoldaşlar! İnqilabımızın hər bayramını eləyəndə, baxıb görürsən ki, belə tarix çox vacibdir. Bunsuz bizi yaxşı tanıyan olmaz. Odur, gündə bizə xarici qonaqlar gəlir, Hələ daxili demirəm. Hər gələn də dəftərini açıb səliqə ilə yazmaq istəyir: haçandan, kimdən, nədən nə cürə!.. Yaxşı, necə ola bilər ki, mən bu şəhərin inşaat tarixindən deyəm, Baxış Baxışov kimi şərəfli bir ustanın işini unudanı, üsulunu deməyəm, şəklini göstərməyəm...
Bu yerdə bütün zaldakılar əl çaldılar. Çoxları da dönüb beşinci sıraya, yanaşı əyləşən ana-balaya baxdılar. Baxdılar, daha da bərkdən əl çaldılar. Çoxunun sevincdən gözü yaşardı. Adamlar yalnız Baxışın əziz xatirəsinə yox, həm də gül kimi balalar bəsləyən ananın vətəndaş ləyaqətinə əl çaldılar.
Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı, oğlunun əlini sıxırdı. Nadir də ətrafına baxıb başını tərpədir, razılıq işarəsi verirdi.
Cuvarlı danışdıqca, bu səliqəli şəhərin bütün çətin tarixi, xoş mənzərəsi, sabahkı dövranı Ağcanın nəzərindən keçirdi.
Cuvarlı yoldaşın sözü sözdür. Görərsən, iki gün çəkməyəcək ki, əli qələmlilər gələcək, binalara baxacaq, dəftərləri açacaq, adamları dindirəcək, şərəf lövhələrini yoxlayacaq, tarix yazacaqlar. Bu sıralanmış uca ağ evlərin çoxunda Baxışov Baxışın adını görəcək, yazacaqlar. Lap təzə binalara baxanda da Baxışı yad edəcəklər:
– Bu da Baxışovun işidir. Ancaq ata Baxışov ayrı, oğul ayrı.
– Hansı yaxşı tikib?
– Atanın ata yeri var, oğulun oğul!
– İkisi də bir əsrin oğlu, bir nəsil deyilmi?
– Bəli, tikənlər, quranlar nəsli!
– Bizim nəsil!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-insanliq-felsefesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Deyə-gülə danışır, fərəhlənirdi.
İtpərəstlərin həyəcanıBu səhər itpərəstlər idarəsində bərk həyəcan var idi:– Nə olub, nə xəbərdi?
Hava bürosuRəşid tikinti texnikumunu təzəcə təhvil almışdı. Birinci gün müəllimləri başına yığdı, tədris, təcrübə planları ilə tanış oldu, ikinci gün təsərrüfat işçiləri ilə söhbət elədi, yataqxanaları yoxladı, üçüncü gün siniflərin, kabinetlərin, direktor otağının səliqə-sahmanına fikir verdi:– Qürbət xala, bir bura zəhmət çək!
LirikaBir zamanlar Kommunist küçəsinə qurşaq kimi dəmiryol xətti dolanırdı. Üçvaqonlu, üç nömrəli tramvay əjdaha kimi altdan-yuxarı, yoxuşa dırmaşanda, küçə hərəkəti qorxulu olurdu. Sürücülər bura çatanda zəngi bərk-bərk vurardılar.İndiki kimi xoş bir yaz günortasında universitetin qabağında bir dəstə müəllim gəzişirdik. Yenicə qış sıxıntısından qurtarmış qocaman şəhərin günəşli, mülayim, durğun havası bayram kimi hər kəsi sevindirirdi. Qış libasından silkinib çıxmış, yüngülləşmiş adamlar sanki salamlaşmır, bayramlaşırdılar. Üzlərdə təbəssüm, gülüş, məmnuniyyət!
Başqa şairlərin şeirləri
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,