Yeni kəndin adamları
Səhifə 7 / 7 · 86%
4. İrəliyə baxmaq lazımdır!
Kirovabad stansiyasından ayrılan, dolama yerlərdən burularaq asma körpülər altından, taxta körpülər üstündən ötən yol, düzənliklə tarlalar arasına çıxır. Bir vaxtlar ağır-ağır gedən öküz arabalarına darısqal olan bu yol indi süzüb gedən yük və minik maşınlarına oylaq olmuşdur. Hər iki tərəf göz işlədikcə pambıq və taxıl tarlalarıdır. Yol boyu sıralanmış kəhriz quyuları, dağlar ətəyindən gələn suları toplayıb böyük dəhnələrə, yay-qış dizəcən çirməkli çalışan kolxoz suçularının ixtiyarına verir.
Samux, Kirovabad, Qasım İsmayılov rayonları ilə həmsərhəd olan Səfərəliyev rayonu dəmiryolun altında yerləşmişdir. Kür çayının qucaqladığı Gəncə düzənliyinin mühüm bir hissəsini bu rayon tutur. 1942-ci ilə qədər Kirovabad üstündə olan bu hissə 6 ildir müstəqil bir rayona çevrilmişdir. Rayon cavandır. Onun mərkəzi, adamları, təsərrüfatı da cavandır.
Səfərəliyev raykomunun katibi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Ədil Vəliyev rayon təşkil olunan gündən burada həmin vəzifədə çalışır. O da partiya işində cavandır, ancaq öz işini müvəffəqiyyətlə aparır. İlk partiya işi təcrübəsini Kirovabadda almışdır. Rayon Kirovabaddan ayrılanda partiya Vəliyevi məsul, eyni zamanda çətin bir işə göndərmişdir. Adi kəndlərdən seçilməyən bu kəndi rayon mərkəzinə çevirmək, rayonun partiya, sovet, təsərrüfat təşkilatlarını yaratmaq, binalar tikmək, avadanlıq əldə etmək, rayon aparatına münasib adamlar tapıb seçmək lazım idi. Bununla yanaşı, rayonun təsərrüfat planlarına rəhbərlik edib, bunların vaxtında yerinə yetirilməsi uğrunda qüvvələri səfərbərliyə almaq lazım idi. Cəbhəni ərzaqla təmin etmək işində də qonşu rayonlardan geri qalmaq olmazdı. Bir sözlə, Vəliyevin öhdəsinə ağır vəzifələr düşürdü.
Vəliyev partiyanın göndərdiyi ən ağır işlərə cəsarət və həvəslə gedən bir işçidir. O, çətinlikdən qorxmamışdır. Rayona gələn gündən öz ətrafına ləyaqətli adamlar yığmağa, kolxozçular arasında geniş siyasikütləvi iş aparmağa başlamışdır.
– Səfərəliyev rayonu!
O, bu sözü dərin bir hörmətlə deyir, Stalinçi bolşevik Xanların adını çəkir, kolxozçulara tapşırırdı:
– Yoldaşlar, bu gündən biz daha Kirovabadın öhdəsindən çıxırıq. Biz birbaş Bakiya baxırıq. Bizim işlərimiz ilə indi bilavasitə mərkəz məşğul olacaqdır. Bizim rayon ilə Bağırov yoldaş maraqlanır, bunu bilin!
Vəliyevin sadəliyi, zəhmət, səliqə, intizam sevməyi hamıya məlumdur. O, vaxt-bivaxt tarlalarda, əkin, biçin, su üstündə idi. Rayon məsul işçilərini bir-bir özü seçmişdir. Kəndə çıxanda kolxoz sədri, sovet sədri, briqadir, ferma müdiri, manqabaşçısını tanımaqla kifayətlənmirdi. Rast gəldiyi hər kəsi tanımaq istəyirdi. Kolxozçu qadınlar ilk günlər onu tanımazdı. "Yol keçən" bilərdilər. Vəliyev xudahafiz edib gedəndən sonra raykom katibi olduğunu bilib sevinərdilər. Bir neçə ay çəkmədi ki, raykom katibi hamını, hamı da raykom katibini tanıdı. Ədil Vəliyev adamlar ilə, kolxoz işinin, kənd işinin qurucuları ilə elə qaynayıb-qarışdı ki, hər görən onu öz kəndindən, öz kolxozundan, öz yaxın adamlarından sayırdı. O, yalnız adamları deyil, rayonun iqlimini, torpağını, təbii və təsərrüfat imkanlarını, ehtiyaclarını da dərindən öyrəndi. O, Bakıya gedəndə cibindəki dəftərdə çoxlu qeydlərlə gedərdi. Nazirliklərə, başqa dövlət idarələrinə gələndə həmişə özünü tələbkar nümayəndə kimi göstərərdi.
– Rayonumuz cavandır! - deyə avadanlıq, texnika, nəqliyyat vəsaiti tədarük edərdi. Onun kəndlərə telefon, elektrik çəkmək haqqındakı təkidləri çox rabitə işçilərinin xoşuna gəlmirdi:
– Canım, rayon mərkəzi bəs deyilmi, indi də kəndin davasını döyürsünüz?
Vəliyev təkid edərdi:
– Bizim kəndlər dağ başında deyil. Mən böyük bir sənaye şəhəri ilə qonşuyam. Mənim kolxozçularım görüb-götürübdür. Onlar Kirovabaddakı qonşuları kimi tam mədəni yaşamaq istəyirlər. Bir kolxoz ki mədəniyyət sarayı tikir, biz onun işıq ehtiyacını necə rədd eləyə bilərik?! Bir kolxoz ki kəndin avadanlığına milyon tökür. Biz niyə gərək kömək eləməyək?! Yox, bizim kəndlərə işıq da, telefon da, radio da, küçələrə su kəməri də vacibdir!
O dedi də, elədi də! İndi iyirmi yeddi kolxozdan on yeddisinə telefon xətti çəkilmişdir. On yeddi kolxozda klub vardır. "Kommuna" kolxozu elektrik stansiyası tikmiş, "Stalin" kolxozu dizel qoydurmuş, son üç ildə rayonda 7 motor dəyirmam yaranmışdır. Dörd kolxozda təzə tipli klub tikilir. Bu il dörd yerdə kolxoz idarəsi tikiləcək, rayonda yeni hamam binası tikiləcək.
Ədil çalışır ki, rayonunu qəhrəmanlara layiq şəhərə çevirsin. Ədil Vəliyev inkişafda sürət sevən adamdır. Özü də sürətlə inkişaf etmişdir. 1928-30-cu illərə qədər Gədəbəy rayonunun uzaq kəndlərindən birində çobanlıq edərdi. Sovet hökumətinin yoxsul uşaqlara yaratdığı şəraiti eşidib şəhərə gəlmişdi. Kirovabad fəhlə fakültəsində oxumuş, gecə-gündüz odlu həvəsi, tükənməz səyi sayəsində özünü ali məktəbə - Kənd Təsərrüfatı İnstitutuna salmışdı. Ədil bu institutda oxuduğu illərdə yay tətilində də evlərinə dönməzdi: "Məni təcrübə yerinə göndərin!" - deyə iş istərdi. Çox zaman onu tarlalarda pambıqçılara rəhbərlik edən, təcrübə sahələrində çalışan, nə isə yeni bir şey axtaran görərdin. Ədil əkinçilik işinə çox həvəsli idi. Qardaşları yazır, onu evə çağırır, yaylaqlara, istirahət evlərinə gedən yoldaşları ondan soruşurdular:
– Yayın cızlamasmda bu zəmilərdə nə görmüsən?
1931-ci ildə partiya sıralarına daxil olandan sonra Ədilə çox yerdə məsul iş, böyük vəzifə təklif etdilər. O, uşaqlıqdan əzbərlədiyi böyük
İliçin sözləri ilə cavab verirdi:
– Qarşımda üç vəzifə durur: birincisi oxumaq, ikincisi oxumaq, üçüncüsü oxumaq!
Ədil ixtisasım sevdiyi, kənddə işin elmi üsullarına böyük məna verdiyi üçün dərsdən ayrılmaq istəmədi.
Ədilin səyi hədər getmədi. Hələ Kirovabadın Stalin raykomunda çalışarkən işə bələdliyi, kənd təsərrüfat biliyi, vəzifəyə həqiqi kommunist münasibətilə diqqəti cəlb edirdi. Buradaca onu raykom katibliyinə namizəd verdilər.
Ədilin rəhbərlik etdiyi rayon hələ ki, qabaqcıllar sırasındadır. Bu rayon ilbəil təsərrüfat işlərində müvəffəqiyyəti artırmaqdadır. 1947-ci ildəki nümunəvi işləri sayəsində Səfərəliyev rayonu qəhrəman rayonlar sırasına keçmişdir. Burada səkkiz nəfər sovet dövlətinin ən yüksək mükafatına nail olaraq, Sosialist Əməyi Qəhrəmanı adı almışdır. Bunların ikisi kolxoz sədri, ikisi manqabaşçısı, ikisi briqadir, ikisi də rayonun rəhbər işçiləridir (Rayon kənd təsərrüfatı şöbəsinin müdiri Əfəndiyev Mahmud və raykom katibinin özü). Səfərəliyev rayonu keçən il pambıq üzrə planı 141,8, dənli bitkilər üzrə planı 109 faiz yerinə yetirmişdir. 1945-ci ildə rayon Dövlət Müdafiə Komitəsinin keçici bayrağını və 100 min manat pul mükafatı almışdır. Son iki il ərzində (1946- 1947) rayon dövlətə plandan əlavə 3150 ton pambıq vermişdir. Bu rəqəm rayonun 1948-ci il planının 65 faizi deməkdir!
Ədil Vəliyev rəhbərlik etdiyi rayonda böyük partiya və dövlət məsuliyyəti daşıdığını bir dəqiqə unutmur. Onun qapısı həmişə kolxozçular və rayon zəhmətkeşləri üçün açıqdır. Ədil adamları hörmətlə qəbul edir, diqqətlə dinləyir, kiçik və böyük məsələləri sürətlə həll edir.
1947-ci ildə Ədil Məstan oğlu Vəliyev öz işi ilə bütün rayonda pambıq məhsulu yığımı planının 41,8 faiz artıq yerinə yetirilməsini təmin etmiş, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.
Ədil işindəki müvəffəqiyyətlərinin səbəbini nədə görür?
– Mən adamlar ilə işləməyə artıq məna verirəm. Təsərrüfatın mühüm yerlərinə münasib adam seçmişəm. Müharibə vaxtında bütün rayonda cəmi 7 kolxoz sədri dəyişilib. Çalışırıq ki, hər kəs öz işinə bələd olsun, təcrübə yığsın. Aqronom qaydaları da bizdə hər kəs üçün bir vacib dərs hökmünü alıb. Kolxozçu öz işi dairəsində aqronomun sualına cavab verə bilməsə, yoldaşları onu qızardırlar. Əlbət ki, bunların hamısı təsirsiz deyil. Ancaq bizim qələbəmizin açarı, kolxozçular arasında yayılan yarışdır, Stalin yoldaşa etdiyimiz öhdəkarlıqdır və Ali Sovet Rəyasət Heyətinin tarixi Fərmanıdır!
Bu Fərman hər kəsə sübut etmişdir ki, kolxoz işində hər kəs zəhmətinin sahibi, öz əmək məhsulunun ağasıdır. İndi hamı hünərini sınayır, qəhrəman olmağa çalışır. Təkcə mənim, ya torpaq şöbəsi müdiri, ya aqronomun sayəsində deyil, hamımızın, kolxozçuların ümumi səyi və hünəri sayəsində biz 1947-ci ili yaxşı başa vurmuşuq. Ancaq 1948-ci ili daha yaxşı keçirməyə çalışırıq. İndi kolxozçularımız artıq 1947-ci il söhbətlərini keçmiş gün sayırlar. Onlar içərisində olduğumuz ilin planı yolunda çalışırlar. Biz istəyirik ki, gələn il Ali Sovetin Fərmanında rayonumuzdan 8 nəfər yox, 18 nəfər qəhrəmanın adı olsun. Çünki rəhbərimiz bizə öyrədir ki, siyasətdə səhv etməmək üçün geriyə yox, irəliyə baxmaq lazımdır!
Raykom katibinin ümid və niyyətlərinin həqiqət olacağına inanmaq lazımdır: onun rayonunda və onun şəxsən özündə yenilik hissi, inkişaf meyli çox qüvvətlidir.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-yeni-kendin-adamlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uzun müddət ayrıldığınız və həmişəlik unutduğunuz, hətta "öldüyə" çıxdığınız əziz bir dostla üz-üzə gəlsəniz, nə cür olarsınız?– Paho, bu nə işdi, görəsən?!
Gülbəsləyən qızBağ-bağat içində, güllük əhatəsində tikilmiş ağ daş binanın ikinci mərtəbəsində geniş bir eyvanda istirahətdə idim. Həkimlər əsəb sakitliyi üçün buranı münasib bilib mənə məsləhət görmüşdülər.Hər səhər tezdən eşitdiyim ilk və ən munis musiqi suyun şırıltısı idi. Bu səs gah leysanı andırır, gah da seyrəlib xışıltıya dönür, sonra da kəsilirdi. Təbiətin sədasını eşitmək - suyun, küləyin, yağışın səsini dinləmək nədənsə həmişə mənə xoş idi. Çünki bu səslər məni boğulub təngə gəldiyim düşüncələrdən, intizar və çətinliklərdən xilas edir, anamız təbiətin qoynuna çıxarır.
Mən zaminəmBir neçə cərgə boz kürsü düzülmüş böyük, uzun zalm axırındakı iri qapı cırıldadı, gödəkçəli, arıq kişi içəri girən kimi papağını əlinə aldı, zalı boş görüb sağa-sola döyükdü. Əvvəl ehmal, sonra qəti addımlarla lap başa, sədarət stolunun başmda oturanlara tərəf yeridi, salam verdi:– Sabahınız xeyir, yoldaş!
Mənim vəfalı dostumHörmətli həkimlərimizə:*H.Veysova və B.Abbasovu*
Başqa şairlərin şeirləri
Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Allahın aslanınaHəm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca.Gecə-gündüz könlüm istər, dilim eylər iltica.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Gedər oldumBir işdi düşdü mənim başıma,Gələk halallaşaq, mən gedər oldum.