Beşinci fəsil
Səhifə 2 / 3 · 33%
– Ağanın bir əmri varsa, buyursun qulluq edək. Nə lazımdır? Əla Kürdüstan tütünümüz var...
Fridun:
– Mən tacir deyiləm... Dükanım da yoxdur – dedi və çıxmaq istədi. Yavaşca əlavə etdi: – Bir iş axtarıram...
Süheyli maraqlandı:
– Nə iş?
– Dəftər işi... yazı-pozu.
Süheyli fikrə getdi:
– Haralısan, bala?
Fridun elə bircə kəlmə ilə rədd cavabı alacağını düşünüb, qapıya tərəf dönərək – azərbaycanlı – dedi.
Süheyli çörək yeyən qardaşlarına sarı getdi. Onlar nə isə pıçıldaşdılar.
– Farsını kamil bilirsənmi?
– Bəli.
Üç qardaş yenə məsləhətləşdi:
– Amma iş çox olacaq, gərək hər şey dəftərlərdə yerində olsun.
– Ona söz yox ki.
– Nə qədər hüquq istəyəcəksən?..
Fridun heç bu barədə fikirləşməmişdi:
– Bilmirəm, nə verəcəksiniz?
Üç qardaş yenə pıçıldaşdı:
– Ayda iyirmi tümən. Baxarıq, yaxşı işləsən, gələcəkdə artırarıq.
– Fridun “Ağa, on beş tümən mənim ancaq ev xərcimdir” demək istədi, lakin bundan da əli çıxar deyə susdu və razılıq verdi. O, Süheyli qardaşlarının şirkətində işə başladı. Şirkətin tütün aldığı əsas yerlər Azərbaycan, Kürdüstan idi. Çox zaman onlar, arada vasitəçi olan tacirləri keçərək, bilavasitə kəndlərlə əlaqə saxlayır, tütünü birə-iki ucuz alırdılar. Bu vəziyyət onlarda Azərbaycan dilini bilən bir adama ehtiyac yaratmışdı. Fridunu işə götürmələrinə də səbəb bu idi. Əgər o özünü yaxşı göstərsə, bacarıqlı adam olsa, yavaş-yavaş tütün kontrakta işləri üçün Azərbaycan və Kürdüstana göndərə bilərdilər. Beləliklə, Süheylilərin Fridun haqqında uzaqlara gedən bir planı vardı. Fridun isə uzun zəhmətdən sonra bir iş tapdığına sevinir və bunu Tehranda əsaslanmaq üçün bir başlanğıc hesab edirdi. O, Süheylilərin kontoruna hamıdan əvvəl gəlir, hamıdan sonra gedirdi. Səhər gün çıxandan axşam gün batana qədər bütün günü burada keçirdi. Tapşırılan işi səliqə və qayda ilə yerinə yetirir, xoş və diqqətli rəftarı ilə Süheylilərin dolaşıq ticarət işlərində Friduna qəribə və sirli görünən bir çox şeylər vardı. Onlar dövlət tütün fabrikini xammalla təmin edirdilər. Lakin bu fabrik ilə əlaqələri də Friduna anlaşılmaz və dolaşıq görünürdü. Bu əlaqədə də söhbət həmişə on min tümənlərlə qazanc və bəxşişdən gedirdi. Hətta məclis vəkillərindən birisi belə Süheylilərin tütün alış-verişində möhkəm iştirak edirdi. Onun əsas gəlir mənbəyi bu olduğunu Süheylilər açıq deyirdilər. Lakin Friduna bütün bunlardan daha təəccüblü görünən Süheylilərin elə birinci gündən – haqq-hesabı üçün iki böyük dəftər ayırması idi. Bu dəftərlərin biri rəsmi dəftər idi ki, bura bütün mədaxil birə-beş azaldılaraq yazılırdı. O dəftər həmişə Süheylinin başı üstündəki divardan asılı durardı. İkinci dəftərdə isə bütün haqq-hesab olduğu kimi yazılardı. Bu dəftəri Süheylilər üçü də hər gün diqqətlə yoxlar və çox gizli saxlardılar. Bir neçə dəfə Fridun bu sirrin səbəbini qardaşlardan soruşmaq istəmiş, lakin burada nə isə onları əsəbiləşdirən bir hal olduğunu duyub susmuşdu.
Kürd Əhməd bu sirləri öyrənməkdə ona nə qədər kömək edə bilərdi. Kürd Əhmədlə görüşmək üçün növbəti bazar günü Süheylilərdən iki saat işə gec gəlməyə icazə aldı. Yenə həmin yerə getdi. Oradakı qulluqçu artıq onu tanıyırdı. Uzaqdan görən kimi:
– Hələ Ağayi Kürd Əhməd gəlməyiblər, – dedi.
Bu adamın nəzərini cəlb etməsi Friduna xatalı görünürdü. Hər həftə buraya baş çəkməyin artıq olduğunu düşündü. Günlərini Süheylilərin soyumaq bilməyən ticarət işlərinə verdi. Axşamlar isə Sərxan evdə olanda onunla söhbət edir, olmayanda ananın sadə, lakin ibrətamiz hekayələrini dinləyirdi...
Fridun axşam gün batandan sonra evə qayıtdığı zaman Fəridəni və ananı həyəcanlı gördü. Xüsusən Fəridə adi halında deyildi. Yenə onun danışığında, hərəkətlərində nəyə qarşı isə bir üsyankarlıq, bir etiraz vardı. O, Fridunun sualını gözləmədən bunun səbəbini danışmağa başladı:
– Ay Fridun qardaş, – dedi, – dünyada nə yaman işlər var imiş!.. Adam bir parça daş yaransa bundan yaxşıdır. Ürəyin yanır, kömək eləmək istəyirsən, əlindən də bir şey gəlmir.
Fəridənin danışığı da, işi də, hərəkətləri də odlu və ehtiraslı olardı. Onun sözünü kəsmək istəsən, daha da qızışardı. Bunu bildiyi üçün Fridun susaraq nağılına qulaq asırdı. O, hörmət etdiyi və bunu heç kəsdən gizlətmədiyi mühacir qızının faciəsini danışırdı. Fridun bu qızı bir dəfə də görməmişdi. Lakin Fəridənin söhbətlərindən onun haqqında müəyyən bir təsəvvürü vardı və bir neçə ev aralı yaşadığını bilirdi. Onlar 1930-cu ildə Bakıdan gəlmişdilər. Ailəsi atasından, anasından və özündən kiçik qardaşından ibarət idi. Qız Bakıda diş həkimi məktəbini qurtarmışdı. İrana gəldikdən sonra bütün mühacirlər kimi həmişə nəzarət altında yaşayırdılar. Hər həftədə bir dəfə polis nahiyəsinə getməli, şəhərdə olduqlarını bildirməli idilər. Hətta qız neçə dəfə onları nəzmiyyəyə çəkib, “sizi bura niyə göndəriblər, bolşeviklər nə tapşırıblar” deyə incitdiklərini də Fəridəyə danışmış və ağlamışdı. Fəridə onların həyatını nağıl edəndə gözləri yaşardı. Bu gün də birdən-birə gəlib, onları köç-külfətlə yığıb, nahiyəyə aparıblar. Hara isə Ərəbistana¹ göndərəcəklərmiş. Şeylərini çölə atanda ah-nalələrinə bütün qonşular yığışıbdır. Fəridə də dayana bilməyib, oraya gedib. Mühacir qızı göz-göz eləyib, bir anlığa xəlvətcə onunla görüşmüş, qucaqlayıb öpmüşdür.
– Çox mehriban qızdır!.. Çox yaxşı ürəyi var. Məni elə bağrına basdı ki, elə bil doğma bacısından ayrılırdı.
Fəridə özünü saxlaya bilməyib qəhərləndi:
– Bu kitabları da o verdi. Dedi saxla, qismət olsa qayıtsam, mənə verərsən... Deyir ki, həmişə gizlədərmiş... Torpaq altında qalmaqdan kağızı saralıb.
O, cildləri əzilmiş, küncləri cırılmış və nəm iyi tutmuş dörd kitabı Friduna verdi. Fridun kitabları varaqladı. Dördü də Bakıda ərəb əlifbası ilə çap olunan kitablardandı. İkisi təbabətə aid idi. Üçüncü qalın kitab Covanyolinin “Spartak” romanı idi. Dördüncü, ondan bir azca balaca, kitabın birinci səhifəsinin yuxarısında “Maksim Qorki”, tam ortasında “Ana” yazılmışdı. Fridun Maksim Qorki haqqında çox eşitmişdi. Onun əsərlərinin İranda oxunmasına yol verilmədiyini bilirdi.
¹ İranın cənubunda ərəblər yaşayan yer. Camaat arasında bura Ərəbistan deyilir Onun varlığını xalqdan gizlətmək isə mümkün olmurdu. Ondan danışırdılar. Bu danışıqlar rəsmi dairələrdə və mətbuatda tənqid və təhinlə dolu olurdu. Lakin tənqid sahiblərinin ədası, ahəngi bildirirdi ki, onların tənqidi nə isə qüdrətli, heybətli, yıxılmaz bir şeyə qarşı çevrilmişdir. Onlar ona nifrət edirlər, amma onu rədd etməkdən acizdirlər. Qorki Fridun üçün açılmamış, lakin yer kürəsinin harasında isə, okeanların arasında sirli, mübhəm bir həyatla yaşayan böyük, nəhayətsiz bir cəzirə idi. O hansı bir qəzetdə isə oxumuşdu ki, Qorki dinsizdir, Allahsızdır. O qədər Allahsızdır ki, yeni bir din, yeni bir Allah icad etmişdir. Onun çağırdığı din bütpərəstliyi də, xristianlığı da, müsəlmanlığı da danır. Onun Allahı amansızdır, insanların bu vaxta qədər müqəddəs sandığı nə varsa, rədd edir. Əxlaq və təsəvvürlərini uçurur. İnsanı hara isə qanunsuz, qaydasız və qarışıq bir aləmə çəkib aparır. Bu sözlər adamı üşüdüb, canına mübhəm bir qorxu salsa da, qəribə bir maraq da oyadırdı. Bu cəsarət sahibini, yeni bir Allah yaradanın kim olduğunu bilmək istəyirsən. Bir dəfə də olsa, onun üzünə baxmaq istəyirsən, sözlərini eşitmək istəyirsən. Qorki haqqında yalnız mənfi rəylər eşitdiyi ilk zamanlarda qəlbində belə bir maraq oyanmışdı. Sonralar başqa adamlardan başqa sözlər eşitdikdə bu maraq daha da artdı. Bu adamlar Qorkinin xariqüladə bir şey olduğunu deyirdilər. Onlar deyirdilər ki, Qorkinin kəşf etdiyi həqiqətləri ona qədər gələn heç bir yazıçı nə görmüş, nə də yazmışdır. “Ana” kitabı, Friduna özü haqqında bu qədər bir-birinə zidd fikirlər yaradan bir adamla tanış olmaq imkanı verirdi. Qəribədir! O hələ kitabı açmamış bir istilik, bir mehribanlıq duydu. Ana!.. İnsanın nə böyük, nə mehriban ürəyi olmalıdır ki, anaya dastan yazsın!..
O, tez birinci üç kitabı Fəridəyə qaytardı.
– Bərk gizlət. Bu isə məndə qalsın, verərəm.
Kitab birinci səhifəsindən onu özünə çəkdi. Oxuduqca ona elə gəldi ki, bütün bunlar tanımadığı bir işçi qəsəbəsinin, harada isə uzaqlarda yaşamış naməlum adamların təsviri deyil, canlı həyatdır. Nə isə yaxın, tanış bir aləmin şəklidir. Budur, ağır zəhmətdən yorulmuş, ruhən əzgin, həyatları kədərlə dolu adamların güzəranı!.. Onlar evə qayıdarkən arvadları ilə dalaşırlar, əllərini işə salır, onları döyürdülər. O, bunların nağıl və hekayə olmadığını görürdü. Onlar harada rast gəlmişdir. Sətir-sətir oxuduqca hiss olunmadan kitab bir dərya kimi onu qoynuna alırdı. Bəzən sözlər ona anlaşılmaz görünürdü. Ona görə yox ki, bu sözləri o birinci dəfə eşidirdi. Yox, bu sözlər ona ana laylasından daha çox tanış idi. Lakin onlar burada nə isə adi mənalarından daha əhəmiyyətli, daha dərin məna alırdılar. O, bu mənanı dərk etməyə çalışırdı. Hər fikrin üzərində düşünürdü, bəzi cümlələri bir də, iki də oxuyurdu. Sanki kim isə əlindən tutub, onu küçələrdə gəzdirir, evlərə aparır, “bax gör düzdürmü, gör oxşayırmı”, deyə həyatın səhnələrini, insanların ürəyini açıb, ona göstərirdi. Bunları təsəvvürünə gətirdikcə Mixail Vlasovun yaşadığını görürdü. O, Sərxanların mənasız kobudluq və acığının əsl səbəbini anlamağa başlayırdı. Qorki yazırdı ki, “çirkli olmaqda hamı özü günahkar deyildir”. Bəs günah kimdədir ki, insanlar bu qədər bir-birinə pislik edir? Bir-birini əzir, döyür, təhqir edir. Bir-birinin mənliyini, namusunu ayaq altına atır, həyatına zəhər qatır. Kimdir günahkar? Ana ilə söhbətində zarafatcıl Fyodor Mazin deyirdi:
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.
On ikinci fəsilDünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısına buraxırdı. Avropanın şərqində qızışmış müharibə alovu Polşanın ortadan çıxmasilə sanki soyumağa yatmağa başlayırdı. Lakin əsl həqiqətdə o, yerini dəyişirdi. Daha güclü bir yanğınla bütün Avropanı bürüyəcəyinin əlamətləri göz qabağında idi. Polyakları qızışdırıb ortalığa salan və bərk ayaqda köməksiz buraxan İngiltərə hakim dairələri, indi də Fransanı qabağa verməkdə idilər. Sanki onlar mağarasından çıxıb, ov axtaran həris və dəhşətli bir yırtıcının ağzına atmaq üçün yeni bir tikə, yeni bir qurban axtarırdılar. Onlar bu vəhşini Şərqə – Sovetlər İttifaqının üstünə salmaq planlarının baş tutmadığını gördükdə, Avropanı parça-parça onun ağzına atmaqla fəlakəti özlərindən uzaqlaşdırmağa və vaxt qazanmağa cəhd edirdilər. Hitler sözdə yenə sülhdən, Almaniyanın artıq heç bir tələbi olmadığından danışır, əməldə isə hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı. Dünyanın bütün xalqları, Münhendə zəncirdən buraxılmış bu vəhşinin Avropa ilə kifayətlənməyəcəyini duyur, dərin bir əndişə və iztirabla gələcəyi gözləyirdi. Dövlətlər və məmləkətlər arasındakı münasibətdə daimi və sabit bir şey gözə dəymirdi. Sanki dünyanın çarxı öz məhvərindən qopmuş və naməlum bir istiqamətə yuvarlanmaqda idi. Tarix, sahilini aşan fırtınalı dəniz kimi tufanlar, təlatümlər dövrünə qədam qoymuşdu. On beş illik Rza xan istibdadının yaratdığı və iranlıların bir çoxuna əbədi görünən qanun-qaydalar, tarixin bu təlatümü önündə çatdaq-çatdaq olmağa başlayırdı. Yavaş-yavaş cəmiyyətin düşüncəsində bu üsulun tezliklə dağıla biləcəyi fikri oyanırdı. Hər gün artmaqda olan zülm və terrorun yaratdığı vahimə və əndişə, insanların qəlbində və beynində oyanan bu fikrin təzahürünü ləngitsə də, tamamilə onun qarşısını almaqda aciz idi.Hikmət İsfahani də qəlbən Pəhləvi səltənətinin dağılmasını gözləyənlərdən biri idi. Lakin o bu səltənətin əsaslandığı bünövrəni, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. Əksinə, belə bir şeyi fikirdən keçirdikdə onu vahimə basırdı. Pəhləviyə qarşı çevrilmiş hər hansı mübarizənin tərəfdarı olan o, mövcud münasibətlər əleyhinə olan hər şeyin düşməni idi. Qanlı Pəhləvi hakimiyyətinə qarşı mübarizə labüddən ictimai çevriliş xasiyyəti alacağından, o ziddiyyətli bir vəziyyətə düşürdü. Lakin sövq-təbiilikdən doğan bir hiss onu ictimai mübarizəyə yox, Pəhləvinin təhqir və təzyiqinə dözməyə çəkirdi. Çünki bir neçə malikanəni Pəhləviyə qurban vermək, bütün qazanc və gəlirləri itirmək təhlükəsindən daha yaxşı idi. Bu fikir onda, xüsusilə son zamanlar möhkəmlənməkdə idi. Latviya, Litva, Estoniya kimi xalq hərəkatının qalib gəldiyi ölkələrə baxdıqca o, daxili bir vahimənin təsirilə Rza xan istibdadını daha da möhkəmlətmək ehtiyacını duyurdu. “İş, çörək və azadlıq istəyirik!” kitabı, dünya hadisələrini diqqətlə izləyərək belə bir fikri böhran keçirdiyi günlərdə onun əlinə çatdı. Kitabı oxuduqca o, əsəbiləşir və qızışırdı. Bəlkə də, Rza xanın təhqir, şübhə və təzyiqlə dolu on beş illik hakimiyyəti dövründə onun bu qədər əsəbiləşdiyi olmamışdı. “Ey dadi-bidad! Biz yatmışıq, sel az qalıb gələ bizi basa! – deyə düşünürdü. – Müharibə etmək lazım idi. İranı alt-üst edə biləcək bu əqidələri maqqaşla qaşımaq, qızmış dəmirlə yandırmaqdan başqa çarə yox idi”.
On üçüncü fəsilXəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.
On dördüncü fəsilRza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:
Başqa şairlərin şeirləri
Bir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
A.S.Puşkinin ölümünə Şərq poemasıGecə etdim uyqumu kənar,Sordum: