Səhifə 3 / 3 · 67%

“Əsas günahkarlar və xalqı sancan ən zəhərli həşərat boynuyoğun adamcıqlardır. Fransızlar onlara yaxşı ad qoymuşlar: burjua... Yadınızda saxlayın, nənə can, burjua... Onlar bizi çeynəyir, çeynəyir və əzib qanımızı sorurlar.

Ana:

– Deməli, varlılar – deyə səsləndi.

– Bəli, varlılar!..

Günahkar hər yerdə eyni şeydir. Boynuyoğun adamcıqlar, varlılar!..”

Bunları rədd etmək üçün insanları başa salmaq, öyrətmək lazımdır. Onlara həyatı dəyişməyin, həm də birdəfəlik əbədi yaxşılıq üçün dəyişməyin mümkün olduğunu başa salmaq lazımdır. Adamların isə çoxu biganə, əzgin, ruhsuz və müti idi. Qorki bunun səbəbini izah edirdi: “İnsanlar öyrənmişlər ki, həyat həmişə onları eyni qüvvə ilə əzsin, onlar heç bir dəyişikliyin həyatı yaxşılaşdıracağına inanmadıqlarından, bütün dəyişikliklərin ancaq zülmü daha da artıracağını güman edirlər”.

Yox, bu həyatı dəyişmək lazımdır!.. “Ana”nın Fridunun qəlbində oyatdığı, hərəkətə gəlmək istəyən ilk hissiyyat bu idi. Sanki burada son aylar, onu narahat edən bütün anlaşılmaz, dumanlı, qarışıq suallara cavab tapırdı. Bu vaxta qədər həyatda o, kor-koranə, gözübağlı bir duyğu ilə hərəkət etmişdi. İndi isə əlinə hər tərəfə işıq salan bir məşəl düşmüşdü. Bu məşəl həyatın qaranlıq künc-bucaqlarını işıqlandırır, yaşayışın üzərindən dumanlı və aldadıcı pərdələri qaldıraraq, çox sirlərin üstünü açırdı. Hikmət İsfahanilər, mübaşir Məmmədlər, Əli əmniyyəbaşıları bu işığın altında olduğu kimi görünürdü. Bu məşəl Musa kişilərin, Sərxanların, Həsənalıların, bütün varlığı ilə munis, kədərli və müti olan anaların – Səriyyələrin, Mədinələrin həyatını daha aydın göstərirdi. Fridunun nəzərlərində, açıq şəkildə bütün dünyanın iki barışmaz cəbhəyə bölündüyü mənzərəsi açılırdı: bu cəbhənin birində milyonlarla zəhmət ordusu, əli qabarlılar, həyatın bütün nemətlərini yaradanlar durmuşdu. Dininə, dilinə, adət və etiqadına baxmayaraq, zəhmət onları birləşdirir, aralarında qan qohumluğundan da güclü bir qohumluq yaradırdı. Dünyanın hər yerində onların həyatları bir, arzuları bir, məqsədləri bir idi. Xoxolun sözləri, Fridunun həyəcanlarını ifadə edir, fikrinə istiqamət verirdi.

– “Bizim üçün millətlər yoxdur, irqlər yoxdur, yalnız yoldaşlar, yalnız düşmənlər var. Bütün fəhlələr bizə yoldaşdır. Bütün varlılar, bütün hakimlər bizə düşməndir. Xoş nəzərlə dünyanı seyr etdikdə bizlərin, yəni fəhlələrin yer üzündə nə qədər çox olduğunu, nə qədər güclü olduğunu gördükdə – ürək şadlıqla dolur, sinədə böyük bir bayram yaranır. Nənə can, fransız da, alman da həyata nəzər saldıqda bu cür hiss edir. İtalyan da beləcə sevinir. Biz hamımız, bir ananın övladıyıq. Bu ana – bütün yer üzü məmləkətlərində yaşayan zəhmətkeş xalqın sarsılmaz qardaşlıq fikridir. Bir fikir məğlubedilməzdir, bizi isidən anadır. Ədalət göylərinin günəşi odur. Bu göy isə zəhmətkeşlərin qəlbindədir”.

Bunlar Fridun üçün tamamilə yeni fikirlər idi. O, həmişə yer üzündə insanın azad və yaxşı yaşamasını arzu etmişdir. Lakin belə bir həyatın yaranacağını bilmirdi. Qorki ona bu yolu göstərirdi. Belə bir həyatı yaratmağa qadir olan əzəmətli bir qüvvəni ona tanıdırdı. Bu yol Pavel Vlasovun yolu idi. O əzablı, qorxulu bir yoldu. Bu yolda məhbəslər, məhkəmələr, məhrumiyyətlər vardı. Lakin o azadlığın, qurtuluşun yolu – mübarizə və döyüş yolu idi. Fridun mühacir qızının Fəriləyə danışdığı hekayələrlə bu kitab arasında bir bağlılıq gördü. Orada, sərhədin şimalındakı o azad dünyanı ancaq bu yoldan keçərək yaratmışlar. Bu yolda getməyi bacarmayanlar, bu işi təşkil edə bilməyənlər köhnə dünyanın zülmü altında əzilirlər... Lakin bu yol cəsarətli adamların yoludur, inamlı və qorxmaz igidlərin yoludur. Onların şüarı budur:

– “Həqiqətin gücünə inanmayanlar bizdən kənara çəkilsinlər!.. Həqiqət yolunda ölənə qədər vuruşmağa cəsarəti olmayanlar çəkilsinlər. Özünə inanmayanlar və əzablardan qorxanlar çəkilsinlər!..”

Belə igidlər onun vətənində yox idimi? Vardı... Xalq yolunda, azadlıq yolunda ölümdən qorxmayanlar burada vardı. Amma vətən zülm altında, Musa kişilər, Səriyyə xalalar, Sərxanlar hüquqsuz bir qul halında yaşayırlar. Onların acıq və qəzəbi coşur və öz içlərini yeyirdi. Çünki onların qüvvəsini birləşdirən yolu göstərərək “ayağa qalxın!” deyən yox idi. Pavel Vlasov kimi bir adam lazım idi ki, cəsarətlə azadlıq bayrağını əlinə alıb, qabağa keçsin və qışqırsın:

– “Yaşasın sosial-demokrat fəhlə partiyası, bizim partiyamız, yoldaşlar, bizim mənəvi vətənimiz!..”

Yox, İranda da Pavel Vlasovlar çox idi... Lakin onlara ruh verən, gələcək ümidi verən təşkilat yox idi... “Mənəvi vətən” yox idi... Fridun getdikcə fikrində bir aydınlıq əmələ gəldiyini görürdü. Qəti bir qərar doğur və bütün varlığına bir müvazinət verirdi. Nə vaxta qədər qorxa-qorxa oğru kimi, qanunlardan gizlənə-gizlənə yaşayacaqdı... Yox, bu qanunları uçurmaq, yeni qanunlar yaratmaq lazım idi. Yavaş-yavaş başına adamlar yığmağı düşündü. O, seçəcək, vətənin ən namuslu övladlarından, zəhmət və tər içində yaşayanlardan qüdrətli bir dəstə düzəldəcəkdi. Bu dəstə bir gün xalqın qabağına çıxıb deyəcəkdi:

“Qalxın, istibdadı məhv edin! Əməyin əbədi və pozulmaz ağalığını yaradın!..”

Yalnız o zaman Fridun başını dik tutub, gəzə bilərdi. O zaman iftixarla deyərdi ki, “bizim də təşkilatımız var, mənəvi vətənimiz var!” O zaman xalqın qabağında durub, Nikolay kimi qorxmadan deyərdi:

– Yoldaşlar, biz yeni ideal yolunda ayağa qalxmışıq. Bu ideal işıq və həqiqət idealıdır, şüur və xeyir idealıdır!..

Demək, qəzetlər səhv etməmişdir, Qorki, doğrudan da, qorxuludur, yeni bir idealın yer üzündəki təntənəsi yolunda zəhmətkeşləri üsyana çağırırdı. Bu idealın yer üzündəki təntənəsi yolunda ölmək səadətdir!.. Çünki bütün güclülər, Hikmət İsfahani və mister Haroldlar ondan, bu yeni idealdan qorxurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

On birinci fəsil

Rza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.

30 dəq
On ikinci fəsil

Dünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısına buraxırdı. Avropanın şərqində qızışmış müharibə alovu Polşanın ortadan çıxmasilə sanki soyumağa yatmağa başlayırdı. Lakin əsl həqiqətdə o, yerini dəyişirdi. Daha güclü bir yanğınla bütün Avropanı bürüyəcəyinin əlamətləri göz qabağında idi. Polyakları qızışdırıb ortalığa salan və bərk ayaqda köməksiz buraxan İngiltərə hakim dairələri, indi də Fransanı qabağa verməkdə idilər. Sanki onlar mağarasından çıxıb, ov axtaran həris və dəhşətli bir yırtıcının ağzına atmaq üçün yeni bir tikə, yeni bir qurban axtarırdılar. Onlar bu vəhşini Şərqə – Sovetlər İttifaqının üstünə salmaq planlarının baş tutmadığını gördükdə, Avropanı parça-parça onun ağzına atmaqla fəlakəti özlərindən uzaqlaşdırmağa və vaxt qazanmağa cəhd edirdilər. Hitler sözdə yenə sülhdən, Almaniyanın artıq heç bir tələbi olmadığından danışır, əməldə isə hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı. Dünyanın bütün xalqları, Münhendə zəncirdən buraxılmış bu vəhşinin Avropa ilə kifayətlənməyəcəyini duyur, dərin bir əndişə və iztirabla gələcəyi gözləyirdi. Dövlətlər və məmləkətlər arasındakı münasibətdə daimi və sabit bir şey gözə dəymirdi. Sanki dünyanın çarxı öz məhvərindən qopmuş və naməlum bir istiqamətə yuvarlanmaqda idi. Tarix, sahilini aşan fırtınalı dəniz kimi tufanlar, təlatümlər dövrünə qədam qoymuşdu. On beş illik Rza xan istibdadının yaratdığı və iranlıların bir çoxuna əbədi görünən qanun-qaydalar, tarixin bu təlatümü önündə çatdaq-çatdaq olmağa başlayırdı. Yavaş-yavaş cəmiyyətin düşüncəsində bu üsulun tezliklə dağıla biləcəyi fikri oyanırdı. Hər gün artmaqda olan zülm və terrorun yaratdığı vahimə və əndişə, insanların qəlbində və beynində oyanan bu fikrin təzahürünü ləngitsə də, tamamilə onun qarşısını almaqda aciz idi.Hikmət İsfahani də qəlbən Pəhləvi səltənətinin dağılmasını gözləyənlərdən biri idi. Lakin o bu səltənətin əsaslandığı bünövrəni, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. Əksinə, belə bir şeyi fikirdən keçirdikdə onu vahimə basırdı. Pəhləviyə qarşı çevrilmiş hər hansı mübarizənin tərəfdarı olan o, mövcud münasibətlər əleyhinə olan hər şeyin düşməni idi. Qanlı Pəhləvi hakimiyyətinə qarşı mübarizə labüddən ictimai çevriliş xasiyyəti alacağından, o ziddiyyətli bir vəziyyətə düşürdü. Lakin sövq-təbiilikdən doğan bir hiss onu ictimai mübarizəyə yox, Pəhləvinin təhqir və təzyiqinə dözməyə çəkirdi. Çünki bir neçə malikanəni Pəhləviyə qurban vermək, bütün qazanc və gəlirləri itirmək təhlükəsindən daha yaxşı idi. Bu fikir onda, xüsusilə son zamanlar möhkəmlənməkdə idi. Latviya, Litva, Estoniya kimi xalq hərəkatının qalib gəldiyi ölkələrə baxdıqca o, daxili bir vahimənin təsirilə Rza xan istibdadını daha da möhkəmlətmək ehtiyacını duyurdu. “İş, çörək və azadlıq istəyirik!” kitabı, dünya hadisələrini diqqətlə izləyərək belə bir fikri böhran keçirdiyi günlərdə onun əlinə çatdı. Kitabı oxuduqca o, əsəbiləşir və qızışırdı. Bəlkə də, Rza xanın təhqir, şübhə və təzyiqlə dolu on beş illik hakimiyyəti dövründə onun bu qədər əsəbiləşdiyi olmamışdı. “Ey dadi-bidad! Biz yatmışıq, sel az qalıb gələ bizi basa! – deyə düşünürdü. – Müharibə etmək lazım idi. İranı alt-üst edə biləcək bu əqidələri maqqaşla qaşımaq, qızmış dəmirlə yandırmaqdan başqa çarə yox idi”.

31 dəq
On üçüncü fəsil

Xəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.

19 dəq
On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 dəq

Başqa şairlərin şeirləri