İyirmi yeddinci fəsil
Səhifə 5 / 5 · 80%
– Ağa, aman günüdür, mənə rəhm elə! Sənə neyləmişəm burada da məndən əl çəkmirsən. Ağa, mənə yazığın gəlsin.
Hikmət İsfahani, onu ələ saldığını güman edərək, üz-gözünü turşutdu, məhbəsdə də olsa özünün, ağa təbiətini büruzə verdi:
– Kişi, bəsdir, otur yerində!..
Görünür ki, bu hərəkət Musa kişini tamam haldan çıxartdı. O, artıq gecəkindən də pis bir qızğınlıqla deyinməyə, qışqırmağa, gah hədələyib, gah da yalvararaq danışmağa başladı:
– Qoyma, Fridun, uşaqların diri-diri qanını soran kaftar budur, qoyma! Ay it! Ay it, get buradan! Ay it, it, rədd ol!.. Bay, bay, bay, bay ağanını qarnına quduz itlər girib. Ağa, bərk otur, bərk otur, itlər çıxıb bizi parçalayar. Ora bax, ora bax, gör neçə it oturub orada: hamısı da dişlərini mənə qıcıyıb mırıldayır. Acıblar, acıblar. Adam əti istəyirlər... Adam əti istəyirlər. Adam əti, adam əti!!!
Dəli, doğrudan da, it görür kimi küncə qısılıb, “odur, odur” deyə əli ilə Hikmət İsfahaninin qarnını nişan verirdi. Acığından qaralmış və nə isə mövhumi bir qorxu ilə titrəyən Hikmət İsfahani qeyri-ixtiyari olaraq gözlərini, səhər çayının vaxtı çoxdan keçdiyi üçün quruldamağa başlamış qarnına dikdi. Musa kişi birdən onun üstünə atıldı, basıb altına aldı.
– Oğru, oğru! Oğru!.. Torpaq oğrusu! Xırman oğrusu! Boğ, boğ, qoy canı çıxsın!..
Fridun, dəlinin iti və çirkli dırnaqlarını Hikmət İsfahaninin boğazında gördü. O, gücü gəldiyi qədər sıxır və qışqırırdı. Hikmət İsfahani onun skeletə dönmüş bədənini havada yellədərək, boğazını dırnaqlarından qurtarmağa can atırdı. Lakin o, yellədikcə Musa kişi daha bərk sıxır, sıxırdı. Bu qayda ilə onların arasında ağır bir mübarizə getdi. Nəhayət, nəfəsi kəsilməkdə olan Hikmət İsfahani yerə yıxıldı. Musa kişi dizini onun qarnına qoyub dırnaqlarını daha da dərinlərə batırdı. Hikmət İsfahaninin xırıltısı eşidildi. Fridun onun boğulacağını görərək Musa kişinin qollarından tutub geri çəkdi. Dırnaqlarını onun boğazından zorla çıxartdı. Bundan sonra Musa kişinin titrəməsi başlandı və ağzı köpüklənərək özündən getdi. Fridun onu küncə çəkib uzatdı. Hikmət İsfahani durub taxtın üstündə oturdu. Huşsuz halda zarımaqda, əl-ayağını atmaqda olan Musa kişiyə tərəf tüpürdü.
– Kişi, bu dəlidir ki... öldürmüşdü ha...
Fridun hiddətlə ona baxdı.
– Əməllərinizin səmərəsidir, ağayi Hikmət İsfahani! – dedi. – Baxın, yaxşı baxın. Qəbirdə sümükləriniz də gərək rahat yatmasın! Bu, sizin qəbih və çirkli əməllərinizdir!.. Yaxşı baxın! Yazıq milləti, bədbəxt kəndlini adam yerinə qoymursunuz. İki il əvvəl bu biçarə qocanın torpağını, götürdüyü məhsulu siz tutub əlindən aldınız. Onunla kifayətlənməyib “borcun var” deyə, bir inəyini, arvadının tumanına qədər evinin şeylərini çəkib apardınız... Onunla da ürəyiniz soyumadı. Özünü və beş baş körpə balalarını əlsiz-ayaqsız bir arvadla kənddən qovdunuz. Özü də budur, sizin ayaqlarınızın altındadır. Baxın, yaxşı baxın öz əməllərinizə!..
Hikmət İsfahani bir də Fridunun qəzəbdən qızarmış gözlərinə, bir də hələ ayılmamış və ağır-ağır nəfəs alan Musa kişiyə baxdı. Az qala ağlar bir cavab verdi:
– Oğlan, vallah məndə günah yoxdur, günah bu əmniyyədədir. Şümürdən pisdirlər. Kəndlinin dərisini soyurlar. İnəyi də, paltarları da alan onlardır. And olsun şərafətimizə, bax, sənə söz verirəm. buradan çıxdım ha kəndlidən bir şahılıq vergi almayacağam, torpağı da, suyu da verəcəyəm özlərinə, qoy paylasınlar, əkib-biçsinlər, balalarını saxlasınlar. Əgər yalan deyirəmsə dədəmə lənət.
Onun fəlakət qarşısında yumşalaraq, qorxu ucundan dediyi bu sözlər Fridunu daha da qəzəbləndirdi:
– Qoy o qoca ayılsın, özünə gəlsin, bax elə buradaca məhkəmə düzəldəcəyəm. O cinayətlər ki, üzünüzə saydım, onlara layiq cəza alacaqsınız. Elə bilməyin ki, məzlumların başına nə gətirəsiniz cəzasız qalacaqdır. Boğazından asa bilməsək də boğub öldürəcəyik!
Hikmət İsfahani tamam özünü itirdi. “İkisi də dəlidir, boğub öldürdülər-öldürdülər, nə edəcəksən?!” deyə düşündü. Yalvarmağa başladı:
– Gədə, vallah, elə bil ki, başım əlhəd daşına dəyib, ölüb dirilmişəm. Təzədən ayılmışam. Qoy buradan salamat qurtarım, var-yoxumdan keçib, səni də çıxaracağam, onu da çıxaracam. Bir də qələt elərəm dədəmnən, bir adama pislik elərəm, bir kəndliyə güldən ağır söz deyərəm.
Fridun dəruni bir nifrətlə ayağına düşməyə hazır olan bu alçaq heysiyyətsiz adama baxdı və görkəmli xadimi bu cür olan bir sinfin hansı köklər üstündə hələ də yaşadığına təəccüb etdi. Musa kişi ayıldı.. Yıxıldığı guşədəcə oturub, başını qaldırmadan uzun müddət yerə baxdı. Durub bacanın qabağına gəldi, qalxıb boylanmaq istədi. Bacarmadı. Qıçları əsib yerə yıxıldı. Yenidən qalxıb, günahkarı tapmış kimi, Hikmət İsfahaniyə hücum etdi və boğazından tutdu:
– Oğru!.. Talançı!.. Oğru!
Fridun onu yana çəkdi. Zorla küncə aparıb rahat etdi. Hikmət İsfahani var gücü ilə kameranın qapısını döydü. Gəlib açdılar:
– Sərhəngi, Sərhəngi! – deyə, bağırdı.
Sərhəngin iki gündür gəlmədiyini eşitdikdə üzünü Friduna tutdu:
– Görmürsən, bu da dünənki uşaq! Özünə bax, siyasətinə bax!.. Başımıza bu müsibəti açan odur. Bunların hamısı onun nəqşələridir. Bir azdan sonra da gəlib “Bu ağaları niyə belə incitmisiniz?” deyə başqalarını söyəcək, bizim boynumuza bir minnət də qoyacaq. Dağılsın, xaraba qalsın, altı üstünə çevrilsin belə torpağı, belə məmləkəti!
Fridun:
– Hamınız vətən xaini, xalq düşmənisiniz! – deyib üzünü yana çevirdi.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
Başqa şairlərin şeirləri
نخست از فکرِ خویشم در تحیّرچه چیز است آن که خوانندش تفکّر
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
Bir nigarı istərəm aləmlərin əlasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,