Səhifə 3 / 5 · 40%

– Gədə vələdüzzina, sənsən?! – deyib qışqırdı.

Fridun cavab vermədi və irəli yeridi. Hikmət İsfahani əsəbi hərəkətlə qayıtdı və onun dalınca Sərhəngin yanına girdi.

– Ağayi Sərhəng, bunu əldən verməyin, bu yaman adamdır! Mən özüm onu tutub bura göndərmişəm.

Fridun onun son hadisələrdən xəbərsiz olduğunu anladı və daxili bir rahatlıq duydu. Sərhəng isə belə yüngül vasitələrlə onun məhbəsdən qurtarmaq istədiyini düşünüb, istehzalı gülümsədi.

Hikmət İsfahani daha ciddi bir halda:

– Gülməyin, gülməyin! – deyə əlavə etdi, – həqiqət sözümdür.

Sərhəng Fridunu göstərdi:

– Bilirsinizmi bu adam kimdir? Cəzasının yüngülləşdirilməsini xahiş etdiyiniz Fridundur.

Hikmət İsfahani təəccüb və heyrət içində donub qaldı. Friduna:

– Gədə, məgər sən o kənddəki deyilsən? – deyə soruşdu.

Fridun özünü xamlığa qoydu.

– Ağa nə buyururlar, başa düşmürəm.

Hikmət İsfahani:

– Bir az da burada qalsam dəli olacağam! Adım da yadımdan çıxacaqdır. Qaranı ağa qarışdıracağam, – deyib otaqdan çıxdı.

Sərhəng Friduna baxıb, ciddi və bir az da sərt görkəm aldı:

– Hər sudan quru çıxmağa öyrənmisiniz!..

Fridun cavab vermədi. Əhvalı özündə deyildi. Sərhəngin onunla bir komediya oynamağa hazırlaşdığını hiss edir və buna yol verməməyə çalışırdı. Sərhəng sükutu pozdu:

– Danışın görək nə deyə bilərsiniz?

– Siz məni çağırmısınız. Mənim deməyə sözüm yoxdur.

– Tərsliyi buraxın! Mənim sözümə qulaq asın, dost olaq. Sizə həyat, azadlıq və mənsəb vəd edirəm.

– Mütəşəkkirəm. Mənim, bunların bahasına verəsi şeyim yoxdur.

– Etiraf edin və söz verin ki, bizimlə işləyəcəksiniz!!

Fridun ondan ikinci Hüseyn Məhbusi hazırlamaq istədiklərini anlayaraq, bu iyrənc və əbəs təşəbbüsə qəlbən güldü:

– Sizi inandırıram ki, məni tanımamısınız, Sərhəng!

– İstəyirsən anadan olandan bu günə qədər bütün həyatını sənə nağıl edim. Bizdən heç şeyi gizlətmə, oğlan! Belə bir fikrə düşmək nahaqdır, özünü əziyyətə salarsan.

Fridun susurdu. Sərhəng davam etdi:

– Bircə danışgahdakı hərəkətlərin edam olunmağın üçün kifayətdir!

– Hansı hərəkətlərim?

– Hansı hərəkətlərin? Qurban Mərəndini tanıyırsanmı? Yoxsa onu da danacaqsan?

Fridun bir an fikrə getdi. Qurban Mərəndinin harada olduğunu yəqin etdi. “Bəlkə də, o, min söz danışmışdır, yalandan etiraflara məcbur olmuşdur” deyə düşündü.

Sərhəng:

– Hə, fikrə getdin? Görürsənmi, bizdən gizli sirr saxlamaq fikri əbəs fikirdir. Biz hər şeyi bilirik.

– Mən anlamıram ki, Qurban Mərəndinin mənim müqəssirliyimə nə dəxli var?

– O dəxli var ki, sən Tehrana daxil olan kimi onunla tapışmısan. Nəinki tapışmısan, onunla həməqidə, həmfikir olmusan. Buna görə də onun vətənə zidd, millətə zidd, şaha zidd hərəkətlərinin tohin etməməyin bir kənara qalsın, bu hərəkətlərə hüsn-təvəccöh bəsləmisən!

– Dəlil, dəlil, mən dəlil istəyirəm!

– Dəlilmi? Saib Təbrizi məsələsi yadındadırmı? Nə üçün sən ağzına su alıb susurdun. O xainin dişlərini sındırmırdın?

– Mən bunu ədalətsiz bir hərəkət hesab edirəm, ağayi Sərhəng, təsdiq edin ki, Saib Təbrizinin şeirlərini oxumaq üstə insanı danışgahdan qovmaq ədalətsiz işdir.

– İş Saibdə deyil, oğlan. Biz hadisələri göründüyü kimi qəbul edəcək qədər sadəlövh deyilik. Biz insanın hərəkət və əməllərindən nə məzhəbin sahibi olduğunu təyin edirik. Çünki insanları fəaliyyətə sövq edən fikirlər və arzulardır. İnsan, ürəyinin arzusuna və fikrinə müvafiq də hərəkətlər edir. Məsələn, hər kəs su içməmişdən qabaq su içmək ehtiyacı duyur. Bazara getməmişdən, bazara getmək fikrinə düşür. Beləcə, insanların hərəkətlərinə görə fikir və xəyallarını müəyyən etmək bizim işimizdir.

– Çox yaxşı işdir. Çox şadam. Lakin bunun Saibə nə dəxli var?

– Sən Saibin kölgəsində öz təhlükəli və pis fikirlərini bizdən gizlətməyə çalışırsan, lakin nahaq yerə.

– O hansı təhlükəli və pis fikirlərdir?

– Sənin dostun Azərbaycan dilində şeir oxumuşdur. Sonra bu dili müdafiəyə başlamışdır, elədirmi?

– Mən burada heç bir cinayət görmürəm.

– Dildən danışan adam, sonra da xalqdan, millətdən danışmalıdır. Azərbaycan dilini bir dil kimi qəbul edən, sabah Azərbaycanın “azərbaycanlı” adını daşıyan bir xalqın olduğunu da iddia edəcək! Məntiq belədir!

– Buna da sözüm yoxdur. Lakin cinayət, cinayət hanı?

– Azərbaycanlıları bu xalq kimi qəbul edən hər kəs İranın milli vəhdətini pozmuş olur. Ancaq əsas təhlükə bu deyil; İranda Azərbaycan fikrini ortalığa atan hər bir adam gözlərini Şimala, Rusiyaya tutmağa məcburdur. Çünki o tayda Azərbaycan var. Bakı, Gəncə, Şamaxı var... Buradan məntiqi olaraq çıxan nəticə bilirsənmi, nədir?

– Xeyr, bilmirəm!

– Bilirsən, lakin demirsən. Qoy ürəyində olanı mən sənə deyim. Azərbaycanı İrandan ayırmaq, o tərəfə qatmaq!.. Cinayət də budur! Təhlükə də budur! Əlahəzrəti titrədən səbəb də budur!.. Sən də buna çalışmısan. İnkar edə bilərsənmi?

– Təşəkkür edirəm, Sərhəng! Siz mənə çox şeylər öyrətdiniz.

– Artıq deyəcək bir sözün yoxdur ki?

– Xeyr.

O, zəngi basdı:

– Aparın!

Fridunu yenidən qaranlıq məzara atdılar. İki gün döyüb incitdilər. Min əzab verdilər... Özündən getdikdə üzünə su töküb ayıltdılar. Yenə huşsuz olana qədər əzab verdilər. Nəhayət, üçüncü gün Sərhəngin yanına gətirdilər. Fridun nifrətlə:

– Sərhəng, artıq sizi tanıdım. Məndən bir kəlmə də söz eşitməyəcəksiniz! – deyib susdu.

Sərhəngin bütün sualları cavabsız qaldı. Onu yenidən əvvəlki kamerasına salmağı tapşıraraq buraxdı. Sonra belə əmr verdi:

– Bu gecə dəlini onun yanına atın!

İlk işgəncə və ikinci istintaqdan sonra cismani və ruhi sıxıntılar qarşısında Fridunun iradəsi daha da gərginləşmişdi. Bütün bədənində hərəkət etməyi, vuruşmağı, çarpışmağı tələb edən bir istilik, bir hərarət duyurdu. Bədənin harasında isə bir ağrının sızıltılarını da duyurdu. Lakin harasının ağrıdığını, harasının sızıldadığını bir növ təyin edə bilmirdi. Çıxış yolu axtaran, intiqam deyə səslənən ehtiraslı və coşqun fikirlər cismani ağrıları aydın duymağa yol vermirdi. Sərhənglə olan danışıqlar, onun hiyləgər sualları, şüşə kimi cansız gözlərindən süzülən soyuq baxışlar, heç bir zaman pozulmayan sakitliyi xəyalında canlanırdı. O, həyatın bütün bu mürəkkəb insan yaşayış və münasibətlərinin mənasını bir daha anlamağa çalışırdı. İndi məhbəsin qaranlıq və rütubətli divarları arasında həyat və ictimai mühit ona əvvəlkindən yüz qat artıq dözülməz və çirkli görünürdü. Məhbəs o həyatın, o varlığın bütün xəstəliklərini, bütün yaralarını özündə təcəssüm etdirirdi.

Gecə qaranlığında məhbəsdə ağır bir sükut hakim idi. Yalnız arasıra gəzişən gözətçinin yeknəsəq ayaq səsləri bu sükutu xələldar edirdi. O da, nə üçünsə dayandığı zaman hər tərəfi bürüyürdü. Fridun bu sükutun zahiri və aldadıcı olduğunu, məhbəsin qalın divarları və dərin zirzəmilərində insanlara ağlasığmaz əzab və işgəncələr verdiyini bilirdi. Lakin onların şüursuz halda qopardığı ah-nalə və cəlladların acıqlı söyüşləri zindanın divarlarını yırtmaqdan aciz idi. Kim bilir, bu qayda ilə nə qədər yüksək arzu və xəyallarla yaşayan safürəkli insanlar bu lal divarların arasında məhv olub getmişdi!.. Birdən Friduna elə gəldi ki, onu da yavaş-yavaş, tədriclə çürütmək üçün bura salmışlar. Məhbəs ona naqqa balıq kimi görünürdü. O, bu naqqanın qarnında yavaş-yavaş əzilməkdə, öz şəklini itirərək əriməkdədir. Beləcə, zaman keçdikcə o yox olub gedəcək və unudulacaqdır. Bu fikirdən ayağa sıçradı. Barmaqlıqdan tutaraq, pəncələri üstə qalxıb, gözünü balaca bacadan uzaqlara, mavi boşluqlara dikdi. Ulduzların sayrışan zamanı idi. Bacanın tuşundakı parlaq, təmiz bir ulduz sanki ona baxırdı. Nədənsə kəndi xatırladı, xırmanda buğda tayasının dibində uzanıb, Savalandan əsən sərin mehdən dincələrək göylərə tamaşa etdiyi gecə yadına düşdü.

Yenə Gülnaz, yenə Səriyyə xala, yenə Musa kişi xəyalında canlandı. Bu zaman qapıda səs eşitdi. Barmaqlığı buraxaraq yerə düşdü. Qapını açıb, cənazəyə oxşar bir şeyi içəri itələdilər. O üzü üstə yerə sərilərək bir müddət düşdüyü vəziyyətdə qaldı. Nə səs çıxarır, nə inildəyir, nə zarıyırdı. Fridun onu, işgəncədən sonra huşunu itirmiş bir məhbus hesab edərək yaxına getdi. Əyilib əlini çiyninə qoydu və yavaşca tərpətdi. O, taxta kimi quru, cənazə kimi cansız idi. Fridun onun artıq öldüyünü düşündü. Dizlərini yerə qoyub, onu çevirmək istədi. İki əlini də ona uzatdıqda daş kimi ağır bir pəncə boğazına keçdi. Kəlbətin kimi qovuşub, onu boğmaq istəyən bu pəncədən qurtarmaq üçün bütün qüvvəsini sərf etdi. Onun, nazik, yalnız sümükdən ibarət olan qollarından tutub silkələdi və boğulan adamın çıxaracağı heybətli bir səslə qışqırdı:

– Əlini boğazımdan çək!.. Öldürrəm!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 dəq
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 dəq
On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 dəq
On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 dəq

Başqa şairlərin şeirləri