On beşinci fəsil
Səhifə 2 / 3 · 33%
– Hər halda siz öz fikrinizi deməlisiniz.
– Mənim gözüm üstə, mister Tomas, sabah o barədə bir səhifə ruznamədə yazarıq. Məlum məsələdir ki, ingilissiz şimal neftini çıxarmaq olmaz!
Mister Tomas susdu. Hikmət İsfahani onun razı qaldığını görüb durdu:
– Xudahafiz, mənim əziz dostum, mister Tomas! Mister Tomas onun əlini sıxdı. O, qapıdan çıxarkən dönüb bir də:
– Mister Tomas, məni yaddan çıxartmayın, əlinizi bizim üstümüzdən çəkməyin! – dedi.
Hikmət İsfahani böyük bir şadlıqla maşına oturub şoferə:
– Sür, bir şəhəri cövlan eləyək! – dedi.
Maşın şəhərin adamla qaynaşan böyük küçələrindən ötdükcə Hikmət İsfahani məmnun halda baxır, mağazaları, meydançaları, imarətləri gözdən keçirirdi. Birdən nəzərini böyük hasarın içərisinə alınmış bir bağ cəlb etdi. Bu Amerika səfarətxanası yerləşən bağ idi. O, ani bir tərəddüd keçirtdi. “Gəlsənə bir bura da baş çəkim” deyə düşündü. Lakin qəti bir qərara gələnə maşın uzaqlaşmışdı, başqa binaların yanından yel kimi uçub keçirdi. Şoferə:
– Gədə, bir də bu küçəni dala qayıt, yaxşı hamar küçədir.
Şofer qabaqkı döngədə maşını dala qaytardığı zaman Hikmət İsfahani öz-özünə belə düşünürdü: “Bu ingilis köpək oğlunun şirin dilinə çox da etibar yoxdur. Bunlar adamın başının altına balış qoyub, yatırmağa adət etmişlər. Yağlı sözlərinə aldanıb arxayın olarsan, bir də görərsən tamam tərs çıxdı. Səni yuxuya verib, evini yıxdı. Bu tayfa xeyrini dədəsinə də verən deyil. Əlahəzrət ilə bir başqa şey üstündə müamilələri düz gəlsə məni yadlarına da salmayacaqlar. Bu vəzirlik-zad da qarpız idi qoltuğuma verdi. Dərdi neft dərdidir”.
Bu mühakimələr onun ürəyini yenidən əndişə ilə doldurdu. Hətta Tomasın nəzakətli gülüşləri belə ona istehza kimi görünməyə başladı. “Yox, mütləq gərək amerikalı dostlarımı görəm. Bunlar ingilisin tayı deyillər. Bunların cibi doludur. Ona görə də əlahəzrətin yanında sözləri ötkündür. Gedim, burada da işimi möhkəmlədim” – deyib, maşını Amerika səfarətxanasının enli darvazasına doğru sürdürdü. Komendant onu görən kimi gülümsəyib, şlyapasını çıxartdı və salam verdi. O, maşından düşdü, eyni nəzakətlə şlyapasını qaldırıb, komendantla salamlaşdı və yaxınlaşıb əlini sıxdı:
– Mister Haroldun qulluğuna salamım var!
Komendant içəri girib, zəng etdi. Təcili qayıdıb “buyurun, rica edirəm”, – deyə Hikmət İsfahaninin böyük bir binaya doğru apardı.
Mister Harold onu, mister Tomas kimi təntənə ilə qarşılamadı. O, sadəcə ayağa durub əl verdi, gülümsədi, halını soruşdu və oturduqdan sonra çay gətirtdi. Hətta bunlar Hikmət İsfahaniyə daha səmimi göründü. Özlüyündə “Kişilər ağalığa öyrəniblər”, deyib düşündü.
Çay içərkən mister Harold şəhərdəki işlərdən, ticarətin gedişindən və dünyanın vəziyyətindən söhbət saldı:
– Müharibə şişib genişlənəcəkdir, – dedi, – ticarət işinə əngəl törədə bilər. Bir dost kimi sizə məsləhət görürəm, yavaş-yavaş ticarəti elə mallara keçirəsiniz ki, onların müharibədə əhəmiyyəti olmuş ola...
Hikmət İsfahani bir tacir həssaslığı ilə onun sözlərindəki mənanı qavrayıb, müharibə nəticəsində tüccarın varlana biləcəyini fikrindən keçirdi:
– Biz həmişə sizin kimi xeyirxah və bizim səmimi dostlarımızın məsləhətinə qulaq asmışıq. bunun sayəsində də Allaha min şükür ki, gündən-günə irəli gedib, tərəqqi etmişik, ticarətimiz artıb və genişlənibdir. İnşallah, bundan sonra da sizin mərhəmətinizin sayəsində heç bir çətinliyə rast gəlmərik.
– Amerika bütün ölkələrlə açıq və geniş ticarət tərəfdarıdır. O, xüsusən İran kimi geridə qalmış Şərq ölkələri ilə öz iqtisadi və ticarət əlaqələrini möhkəmləndirmək və bu vasitə ilə onları irəli aparmaq istəyir. Hər iki məmləkətin xeyrinə olan bu işdə sizin kimi ağaların xidmətini biz yüksək dərəcədə qiymətləndiririk. İndi şimal neftini istismar etmək üçün başlanacaq işlər iki ölkə arasında çox geniş üfüqlər açır. Zənnimcə, siz də buna qanesiniz.
– Mən sizə qövr verirəm ki, nəinki mən, bəlkə, bütün İran buna qanedir. Baba, bu neft yerin altında nə qədər yatıb qalacaq!.. İşlət, qoy sənə də bir şey çıxsın, bizə də... Axı buna ki, bir söz ola bilməz. Yəni insafən demək lazımdır ki, əlahəzrət ilə olsaydı, çoxdan o nefti sizə verərdi. Özünüz bilirsiniz ki, bu şimal qonşusu bir bəla olub, keçib boğazımıza. Qoymur, baba, qoymur rahat işimizi görək. Bir soruşan yoxdur ki, baba, məmləkət bizim, nə bilirik onu eləyirik, daha sənə nə dəxli vardır. Götürün bu nefti, zavod tikin, mədən salın, siz də xeyir görün, bizə də bir çörək çıxsın.
Mister Harold incə bir eyhamla:
– Gərək ingilislərin də buna bir etirazı olmasın, – dedi.
Hikmət İsfahani onun nəyə işarə etdiyini anladı:
– Ağayi Harold, bu ingilisləri siz bizdən yaxşı tanıyırsınız. Onlara çox da etibar yoxdur, biz iranlılar ki, belə görmüşük. İngilisin gözü doyan deyil. Dünyanı tutsa, deyəcək gərək aya çıxam. Bunlar belədirlər. İki gün bundan qabaq ingilis siyasi adamlarından birisi mənə deyir ki, şimal neftini təkcə amerikanlara vermək olmaz. Bu, dövlətlər arasındakı müvazinəti poza bilər. Yaxşı olar ki, şimal neftini istifadə etmək üçün İran, Amerika və ingilisin iştirakilə şirkət düzəldək. Əziz başın üçün, mister Harold, özünə dedim ki, baba, ingilis qardaşlar, bizdən əl çəkin, cənub neftini təmiz həzm-rabedən keçirmisiniz, yeyin, halal xoşunuz olsun, daha bu şimalda nə işiniz var.
Harold, Hikmət İsfahaninin hərəkətini təqdir etdi:
– Çox gözəl demisiniz. Lakin bütün İran neftindən üç dövlətin iştirakilə istifadə etmək daha faydalı olmazmı? Nə üçün cənub neftinə təkcə ingilislər sahib olmalıdırlar? Bu ki, İrana da zərərdir, Amerikaya da. İranlılar bunu başa düşməlidir.
– Siz bizə arxayın olun, mister Harold! Çoxdan başa düşmüşük. Tacir, ərbab tayfasının hamısı da olmasa, doxsan doqquz faizi amerikanların tərəfdarıdır. Məclisdə də, dövlətdə də sizin istədiyinizi keçirmək mənim boynuma.
Birdən nəyi isə xatırlamış kimi, əlini qoltuq cibinə saldı. Dördqat bükülmüş üç səhifəlik ağ kağız vərəqəsi çıxartdı:
– Mister Harold, o günkü danışığımıza əsasən not tutmuşam. Şənbə günü məclisin iclasını mərəkəyə çevirmək fikrim var. Bir qulaq as gör, necədir. Bəlkə, bir şey yaddan çıxıb, axı siyasət işində siz məndən püxtəsiniz.
Mister Harold, biclik dolu bir nəzərlə Hikmət İsfahaniyə baxıb, azca gülümsədi:
– O... o... o... Kaş sizdə olan siyasi hissiyyat məndə olaydı. Mən də siyasətdə sizin qədər dərin gedəydim.
– Elə deməyin, siz allah, elə deməyin!... Ticarətdə sözüm yox, yüz sizin kimilərini çaya susuz aparıb, susuz da gətirərəm. Amma siyasətdə yox. Bu, biz girən kol deyil. Elə yavaşca, bir balaca yuxarılarda üzüb başımızı girləyirik.
O öz antisovet çıxışının tezislərini mister Harolda oxudu:
– Hələ danışanda, onqat gücləndirəcəyəm.
Mister Harold diqqətlə qulaq asıb, bəzi yerlərini iki dəfə oxutdu və nəhayət:
– Mister İsfahani, siyasət incəlik istəyir, – dedi. – O da ki, tamamən sizdə var. Gərək natiqlər parlamentdə danışmağı sizdən öyrənələr...
İsfahani:
– Bəh-bəh-bəh, iltifat sahibi olasan, mister Harold, – deyib güldü. Ona təşəkkür etdi. Mister Harold isə əsl fikrini demək üçün bir müqəddimə olan bu sözlərin Hikmət İsfahanini razı saldığını görüb:
– Bəzi kiçik dəyişikliklər də etmək pis olmaz, – dedi.
– Qışqırığı və söyüşü bir az azaldın. Elə danışın ki, oxuyan sözünüzün qərəzsiz olduğuna inansın. Bir sözlə, incə doğrayın, mister İsfahani, incə...
Hikmət İsfahani mister Haroldu lap yaxşıca başa düşdüyünü bildirmək və onu artıq söz axtarmaq zəhmətindən qurtarmaq üçün:
– Bir sözlə, pambıqnan baş kəs, – deyib qəhqəhə ilə güldü.
Belə həyasız açıqlıq mister Harolda xoş gəlmədi:
– Yox, həqiqəti aşkara çıxart.
Hikmət İsfahani tez simasındakı gülüşləri yığışdırdı:
– Əlbəttə, elədir. Mən şuxluq üçün dedim. Əslində mister Harold, hər şey siz deyən kimi olacaq. Ancaq siz mərhəmət əlinizi, lütf və kəramətinizi bizim üstümüzdən çəkməyin.
– Biz İranın və xüsusən sizin kimi ağaların sadiq dostuyuq. istər ümumi dövlət daxilində, istər şəxsən nə arzunuz olsa, buyurun.
Hikmət İsfahani bu iltifatdan istifadə edib, Rza xanın yanında baş verən hadisələri mister Harolda nağıl etdi. Öz əndişələrini bildirdi. Əlahəzrətin təbiətən qeyri-sabit və etibarsız bir adam olduğunu, öz ehtiraslarının hökmü altında yaşadığını söylədi:
– Ağayi səfir-kəbir vasitəsilə, balaca bir təsir lazımdır. Bircə kəlmə ilə Amerika dövlətinin məni dost tutduğunu əlahəzrətin qulağına çatdırmaq lazımdır. Özgə bir ərzim yoxdur.
Mister Harold onu əmin etdi:
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-on-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:
Üçüncü fəsilTehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Beşinci fəsilİlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.
Başqa şairlərin şeirləri
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Ölümün görüşünə gedən qızElə dünən ömrününbahar çağıydı.
Dilber ki dil-rübâ ola vü şûh u şeng olaDilber ki dil-rübâ ola vü şûh u şeng olaYüz dönderürse gişi ana nâmı neng ola