Gəl yaxşı düşünək küllü dünyanı,Hasil edən bu cəlalı kim oldu?İzzəti, hörməti, şöhrəti, şanı,Bizə verən varı, halı kim oldu?

Varlığın mayası tutuldu nədən?Sirrini bilirmi seyrinə gedən?İbtida qan tökən, paxıllıq edən,İşə salan qeylü-qalı kim oldu?

Kimsə bacarırmı saxlasın canı?Qırır insanları, axıdır qanı.İlhama gətirən son Süleymanı,Atan, tutan Rüstəm Zalı kim oldu?

Haqlı qələm çəkən yaxşıya, pisə,Fikirdən keçəni bilən nə isə,Doğru yol göstərən ali məclisə,Dərk eyləyən pür kamalı kim oldu?

Vəli, bu sevdaya düşmüsən nədi?Əsəri başından çıxmır əbədi,Varlıq min aləmsə, tək bir cümlədi,Bu qurğudan olan halı kim oldu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri