Yazımız, dilimiz, “ikinci il”imiz
Səhifə 4 / 5 · 60%
Yuxarıdakı sözlərimi oxuyub mənə deyə bilərlər ki, avam dil ilə nə cür yazılsın ki, avam dili “ədəbi” dil deyil. A canım, nə ədəbi-mədəni bəhanəsidir. Məgər “ədəbi” dil olur ki, ərəb və fars sözlərini, qaydalarını, bir-birinin dalına, peşinə düzüb axırını türkcə “oldu, bitdi” ilə qurtarasan.
Bu sözlərimdən “ərəb və fars sözləri heç işlənməsin” mənası çıxarılmasın. Biz ərəb və farsdan, hətta firəngcədən bir çox lazım olan istilahları almışıq, alırıq və almalıyıq. Buna kimsənin sözü yox. Bunları az bilikli oxumuşlarımız təkrar edə-edə öyrənirlər. Onsuz da bunlar müəyyəndir, azdır (…) Yenə deyirəm, qəsdim o deyil ki, ərəbcə sözləri heç işlətməyək. Xeyr, bunları həla ata bilmirsən, heç olmazsa, bunların ərəbcə cəmlərini, dilimizdə az işlənən ismi-fail və qeyrilərini, tərkiblərini işlətməyək Bunları bir dərəcəyə qədər camaatımızın anlayacağı halda işlədək. Elə bilirəm ki, həmin ərəb sözlərinin özlərini türk qaydası ilə işlətsək, oxuyanlarımızın çoxu başa düşər (…)
Bu gün yazı yazmağa başlayan bəzi cavanlarımızın ərəb və fars sözləri yazmaq istəmələri, onun üçün dəli olmaları dilimizin gələcəyi üçün xeyir əlaməti deyildir. Məsələn, bu gün “Tərəqqi”də oxudum ki, osmanlıdan bir əsəri Azərbaycan dilinə “çevirən” iranlı cənab Mir Abbas kitabın üstündə “Mübəddili Mir Abbas” yazır. A canım, əgər osmanlı türkcəsi buradan anlaşılmadığından ötrü əsərin dilini çevirdiksə, ən əvvəl gərək “Mübəddili” əvəzinə “çevirən” və ya heç olmasa “təbdil edən” yazaydıq (…)
Hüseynzadə cənabları deyir: “Bana-sana şəxsi-zəmirlərimizə müştərək bir əlamət olub dəyişməyən bir heroqlif kimi hamı türklərin qolay anladığı bir şeydir”.
Biz deyirik: “Bizim yazımız heroqlif yazısı olmaya-olmaya bir-iki heroqlifin yazımızda bulunması məntiqsiz və mənasızdır. Madam ki, sözlərimiz ümumiyyətlə, danışıldığı kimi və ya ona yaxın yazılır, nədən ötrü bana-sana və başqa bir neçə sözü heroqlif halında saxlayaq. Bir də bana-sana sözləri vaxtilə gənizdən oxunduqları üçün bana-sana şəklində yazılıb nəinki heroqliflərdən ötrü…
Bir para osmanlı ədibləri vaxtilə tişəri, tavuq, ata, balta, tor, torba, top və özgə tərzində yazılan sözləri indi dişarı, tovuq, ada, torba şəklində yazırlar. Amma heç kəs demir kı, buxaralılar, altaylılar o sözləri köhnə imlaları ilə qolay anlarlar, gərək dəyişilməsin.
Əgər biz bu fikirdə olsaq ki, köhnə imlalarımızı, köhnə imla tərzini hamı türklər qolay anladıqları üçün dəyişməyək, bunu gərək ən qabaq osmanlı ədiblərinə deyəsən, nəinki Bakı müəllimlərinə.
Hüseynzadə buyurur: “İkinci il”i yazanlar balalara dilin yarısını bir imla ilə, yarısını digər imla ilə öyrədərək dənizi-dəniz, cəmdəyi cəmdək, zəngi-zəng, dərini-dəri, dəni-dən yazmaqda nə asanlıq ola bilər?”
Biz deyirik: Çox asanlıq vardır. Osmanlıda bir möhtərəm şəxs ən qabaq özbaşına vav və kafin üstünə birər əlamət qoyub bir dürlü yazılan vavı beş cür, kafi dörd cür yazmağa başladı və təzə əlamətli hərflərlə ilk dəfə bir—iki qiraət kitabı çap olunub məktəblərdə oxun- mağa başladı. Bununla bərabər bir çox sözlərin köhnə imlaları dəyişdirilib təzə tərzdə yazıldı. O təzə tərzdə yazılan qiraət kitabları ilk dəfə bir neçə məktəblərdə oxunub yavaş-yavaş bir dərəcəyə qədər ümumiləşmək halına gəldi. Amma ilk vaxtda heç kəs demədi ki, biz balalarımızı məktəbə köhnə imlanı öyrənmək üçün göndəririk, əski əsərləri oxuyub faydalansınlar. Heç bir ədib demədi ki, gərək biz işi qolaylığına, gələcəyin istəyəcəyinə görə iş görməyib keçmişə doğru qayıdaq. Əski əsərlərin imlaları xatirinə təzə bir şey eləmiyək.
“İkinci il”i yazanlara gəlincə bunlar təzə bir hərf çıxarmadılar, əlifbamızı dəyişmədilər. Cövdəti Cəvdət yazmadılar və bu cür böyük işlərə əl vura bilmədilər. Bunlar osmanlılardan ancaq bir az daha irəli gedib danışıqda olan a və ə səslərini yazıda göstərdilər. Dərini dəri, dəlini dəli, baltam balta şəklində yazdılar ki, qolay oxunsunlar. Bundan ötrü onları töhmət deyil, təbrik etməliyik.
Qaldı Hüseynzadə cənablarının qorxduğu “iki cür imla”: lar-lər, dan-dən yazmaq təzə meydana çıxmır. İki cür imla bizdə türklərin ərəb hərfləri ilə yazmağa başlamalarından bəri (əcəba bu “bəri” sözünü “bərimi” oxuyaq, “birimi?”) vardır. Bu, təzə bir iş deyil. Baxınız biz ərəbcə, farsca sözləri (məsələn, mütəhəmmil, ərrəhman, dərdimənd… kimi hərəkəsiz yazırıq, amma türkcə sözlərimizi səsli hərflər ilə) məsələn, istəmək, öyrədə bilmədi, bazar ertəsi… yazırıq. Demək ki, bizdə iki cur imla min ildən artıqdır ki, vardır. Əgər bu, günah isə biçarə Bakı müəllimlərinin boynuna yox, ata-babalarımızın, əski böyük ədiblərimizin boynuna qoymalıyıq.
Əgər bizlər silməmək, vura bilmədi sözlərini necə yazırıqsa, şəksiz-şübhəsiz diri-cəmdək sözlərini də elə yazmalıyıq. Yox, madam ki, sözlərin ən çoxunu səsli hərflərlə yazırıq, bır neçə sözü əski ərəb imlasının xatiri üçün ümumi qaydadan, türk ahəngindən ayırmaq nə üçündür? Bu hal işin qolaylığına baxmayıb, məhz köhnə tərzi saxlamaq demək deyilmidir? Dirini səsli hərflərlə yazdığımız halda dərini başqa cür yazmağımız əsil məntiqsizlik, mənasızlıq deyilmi?
Ərəb və fars sözlərini hələ özümüzə mal edib öz sərfimizə, öz ahəngimizə tabe edə bilməməyimiz az bəlamı ki, bir də türk sözlərimizi ərəb və fars sözləri halına qoyaq.
Burada bizə deyə bilərlər ki, hər dildə ümumi qaydadan dişarı oxunan yüz cür misal var. Məsələn, ruslar o-nu bəzən a oxuyurlar, firənglər e yazırlar, a oxuyurlar, s yazırlar, ka oxuyurlar, t yazırlar soxuyurlar; ingilislər də a hərfini beş cür oxuyurlar. Bu barədə yuxarıda imla bəhsində cavab verildiyi üçün burada təkrara hacət yoxdur.
Hüseynzadə yazır: “İngilislərdə hər bir səsli hərfin dörd-beş dürlü sədası vardır”. Biz deyirik: burasını bilmək lazım ki, ingilislərin bir para alimləri bu gün öz imlalarından şikayət edirlərmi, etmirlərmi? Madam ki, edirlər, dəxi onların qüsurları bizə nədən ötrü örnək ola bilsin.
Qaldı ki, ingilislərin sözlərində yenə bir hərf var ki, dörd-beş cür oxunur. Lakin biz bədbəxtlərin yazılarında hansı səsli hərf var ki, onunla kl sözünün gül, göl, kül, gil, gəl oxunacaqlarını bilək.
Təəccüb ki, ingilislərin qüsurları bol-bol göstərilir, amma heroqlifdən çətin, ərəb saçından daha qarışıq olan yazımız, qüsurlarımız heç dilə alınmır.
Hüseynzadə deyir: “İkinci il”i yazanlar nədənsə ə-nin qalın və incə olaraq iki səsə məxsus olduğunu bilmirlər. Bilmədikləri üçün də bir çox hecaların, məsələn, məfulun fiə ədatı olan qalın səsli də-ni da şəklində yazmağa qalxışırlar. Halbuki da-nın səsi başqa, də-nin səsi başqa. Bizdə a hərfinin üç dürlü səsi var”.
Biz deyirik: Güman etmirik ki, “İkinci il”i yazanlar ə-nin iki cür olduğunu bilməmiş olsunlar. Əgər belə şeylərlə güman etmək olsa, bizim daha artıq haqqımız var güman etməyə və deməyə ki, türk sərfi yazan osmanlı alimlərinin çoxu bizdə neçə hərəkə olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəmizi, yəni səsli hərflərimizi səkkizdən yuxarı çıxarmamışlar.
Doğrudan da, türk sərfi yazanların çoxu hərəkələrimizi tamamilə anlatmaqda, onları ayrı-ayrı birər işarə ilə bildirməkdə və bu yolda oxuyanlara asanlıq olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəsini biri yoğun, digəri incə olmaq üzrə həmişə iki cür göstərmişlər və bunları da məsələn, alma, baş, balta, əl, təpə misalları ilə bildirmişlərdir. Halbuki bizdə fəthə hərəkəsi dörd və bəlkə beş dürlüdür: ahu. armud, tas, getmək, dərə misallarında olduğu kimi.
Hüseynzadə cənabları deyir ki, bizdə a hərfinin üç növ səsi vardır: al, baş və əl misallarında olan kimi. Amma biz deyirik ki, bizdə a hərfi üç cür deyil, bəlkə altı və yeddi cür oxunur: ahu, at, tas, əl, İskəndər, məmur misallarında olan kimi.
Hələ bir az daha cürət edib irəli getsək, deyə bilərik ki, İran, işıq, iş, üç, üz, od, uzun sözlərinin birinci hərfləri də eynidir. Burada bizə deyə bilərlər ki, xeyr, bu sözlərdəki hərəkə məhz y və v səsli hərflərinə yoldaşlıq üçün yazılmışdır. Çünki başda hərəkə tək başına yazıla bilməz. Çox əcəb, ol vaxt biz də deyərik ki, əl və Əsəd sözlərindəki ə-yə eyni ə demək olmaz. Çünki ərəbdən qəbul etdiyimiz qaydaya görə r, v hərəkələri sözlərin başında tək yazıla bilməyə-cəklərindən onların yazılmaq xatiri üçün artıq olaraq yazılmaqdadır. Əsəd, İskəndər, ustad yazdığımız kimi. Bu halda deyə bilərik ki, əl və Əsəd sözlərindəki əlif heç vaxt a deyildir, bəlkə e-dir (…)
“İkinci il”i yazanlara yenə şükr eləyək ki, qüsurlu da olsa et, yap sözlərini həmzə işarəsi ilə yazıb, it, köpək sözlərindən ayırmışlardır. Şəkk yox ki, əgər bizim Qafqaz çapxanalarında v-nın səsli hərflərə məxsus olanları da olsa idi, onları da işlədərlərdi (…)
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-yazimiz-dilimiz-ikinci-il-imiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.
Xortdana MəktubHörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.
MəktubCənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..İndi gələk mətləb üstə.
Hicab Məsələsi və CavabımızDünyada hər nə cür çətin və xariqüladə bir məsələ, bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafü-ümməti rəhmətün” buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin.Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilənüləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrətdir”, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.