Yazımız, dilimiz, “ikinci il”imiz
Səhifə 5 / 5 · 80%
Hüseynzadə deyir: “X” hərfinin məxrəci q-nın məxrəcinə yaxın olub x q-yə və q x-yə qəlb olunur. Bununla bərabər osmanlılar bir neçə təqlidi sözlər müstəsna olaraq türkcədən x hərfini bütün-bütün çıxarıb atmışlar. Çünki əvvəla x qaba və lətafətsiz bir hərfdir. Buna görə “İkinci il” də bu x-lardan əl çəksə yaman olmaz” (…)
Bir də x hərfi istanbullularca qaba və lətafətsiz isə bizcə xoş və lətafətlidir, çünki ana qucağından bəri x ilə danışırıq; çirkin və eyibli də olsa, balamızdır. Onu asanlıqla ata bilmərik. Hələ istanbullular, xanım, xoş, xalta, xoruz, xaşılamaq kimi bir çox sözlərdə x hərfini saxlaya-saxlaya biz nə cür birdən buraxa bilərik. Hüseynzadə cənabları yazır: “İkinci il” baxalım yazır. Bu “baxalım” nədir və necədir? Azərbaycanca baxax olmalı, osmanlıca isə baxalım. Bizim belə qələtlərimiz çoxdur. Osmanlı üsulu ilə ibarətpərdazlığa qalxışırıq. İstanbulca nisbi zəmirin mütəkəllim cəmi bizim q və k yerinə z ilə gələr. Biz isə fərqinə varmayaraq mazi şühudilərin mütəxəllim cəmini də z ilə uydurub bildik, yazdıq yerinə bildiz, yazdız yazırıq.
Biz deyirik: Hüseynzadənin bu barədə yerdən göyə qədər haqqı vardır. Bu yaxarıdakı sözlərin hamısına ürəkdən yoldaşıq.
Hüseynzadə yazır: “Dostlarımdan yerli bir şair bir yerdə “kibi bilər, kibi bilməz” yazmışdır. Zənn etmişdir ki, mən yerinə bən deyildiyi kimi, hər m da b-ya qəlb olunur. Məgər dostum “kimi bilər, kimi bilməz” demək istəyirmiş”.
Biz deyirik: İndiki yerli şairlərimizin gülünc halları və qaş yaparkən göz çıxarmaları belə tək-tük sözlər ilə qurtarsa idi, canları cənnət! Lakin indiki bir para şairlərimiz türk dilimizi lap bərbad edirlər. Cahilcəsinə osmanlılara təqlid edib, öz dillərini də itirirlər, özgəsindən də avara qalırlar. Odur ki, Vaqifin, Vidadinin, Zakirin, Seyid Əzimin xoş, şirin ruhlu şeirlərini indikilərdə görə bilmirik.
Əgər bu cahilcə müqəllidlik, əgər bu saxta şairlik belə gedərsə, bundan sonra şairlərimizin əsərlərində qafqazlıların məişətinə, psixologiyasına, adətinə, tərəqqisinin təbii dərəcəsinə, dilinə dair bir şey görə bilməyəcəyiz. Nə cür ki, indidən görülmür.
Hüseynzadə deyir: “İndi “İkinci il” kimi yazsaq ki, “Meyvə dəgməz hər…” Bunun də-sini ədat zənn edib meyvəyə ətf z ilə hər də bir söz ola biləcəyindən, uşaqlar bu cümləni “meyvədəki zəhər kimin üçündür” məzmununda oxumağa haqlı olmazlarmı?”
Biz təəccüb edirik ki, Hüseynzadə cənabları yazımızın belə qəribə hallarına təəccüb edir və bu qəribə halı haqsız olaraq dəgməz-i dəgəməz yazmaqda görür. Halbuki “meyvə dəgəməz hər…” cümləsinin “meyvədəki zəhər kimin üçündür” oxumağına heç münasibəti yoxdur.
Haydı, Hüseynzadənin dediyi kimi, düz yazaq, görək sözləri bir-birinə yaxınlaşdıranda yazımızda yenə o qəribə hallar, özgə mənalar çıxmırmı? Məsələn, “O düz yerdə idi” cümləsindəki sözləri, hərfləri biz Hüseynzadə kimi dəyişdirməyək, ancaq sözləri bir-birinə yaxın yazaq. Ol vaxt “Od vəzirdə idi” mənası çıxmazmı? A canım, yazımızın bu cür xasiyyətini kim bilmir?
Hüseynzadə öz yazdığı cümləsi ilə əlifbamızın, yazımızın nə qədər uyğunsuz olduğunu, nə mərtəbə bizi yanlışlıqlara salıb, avara eylədiyini özləri isbat etmiş olurlar.
Hüseynzadə yazır: “Türk feillərinin bütün məziyyətləri heroqlif halını alan ədatlardadır. Bunlar qısa-qısa işarələrdir ki, mühüm mənalara dəlalət edirlər”.
Əcəba, o işarələr bir az uzun-uzun olsalar, o mühüm mənalara dəlalət etməyə utanarlarmı? Məsələn, “yazdırəcəkmiş” sözünü “yazdıracaqmış” tərzində yazsaq o, mühüm mənasını itirirmi? Halbuki bunda o mühüm mənası ilə bərabər, hamısının daha asan oxumaq mümkünlüyü də var.
Oxuyanları inandırıram ki yaponların heroqlif yazılan belə, bizimkindən asan və müəyyən oxunur. Çünki heç olmazsa hər bir felin, ismin, zamanın müəyyən bir şəkli var. Amma biz bədbəxtlər hansı işarə ilə məsələn, bir şəkildə yazılan sirri seyr-dən ayıra bilək. Hələ bizdəki nöqtələrin nə bəla olduğu məlum. Əlifba barəsində sonra yazacağam.
Faiq Nemanzadə
“Tərəqqi” qəzeti, 20, 22, 26 fevral, 3, 12, 15, 16 mart 1909, №41, 42, 44, 49, 52, 53, 55
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-yazimiz-dilimiz-ikinci-il-imiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.
Xortdana MəktubHörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.
MəktubCənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..İndi gələk mətləb üstə.
Hicab Məsələsi və CavabımızDünyada hər nə cür çətin və xariqüladə bir məsələ, bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafü-ümməti rəhmətün” buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin.Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilənüləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrətdir”, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.