Səhifə 2 / 3 · 33%

Bu xəbər kəndə nahar yeməyindən sonra gəlib çıxdı. Kəndin xalqı işdən qayıtdığı üçün hamı kənddə idi. Fəxrəddin və Nizami Toğrulu istiqbal üçün yox, onu istiqbal edən xalqa tamaşa etmək üçün evdən çıxıb, Püsəran kəndinin altında kiçik düzə endilər.

Qabaq cərgədə üç nəfər ağsaqqal durmuşdu. Bunların yanında hamısı bir libas və bir qiyafə daşımaqda olan yaşlı kişilər səf çəkib dayanmışdı. Yolun o biri tərəfində yaşlı qadınlar və bunların dalınca gəlinlər, qızlar gənclərlə birlikdə dayanmışdılar. Gənc qız, gənc oğlanlar ağ, yaşlılar isə mavi rəng libaslar geyinmişdi.

Nizami bu vəziyyəti gördüyü zaman Fəxrəddinə tərəf dönüb yavaşdan dedi:

– Dünyanı bu kəndin daşıdığı qanunla yaşatmaq mümkün olsaydı, sənin qılıncına ehtiyac qalmazdı. Biz ata-babaların “Qurd qoyunla bir yuvada yaşayacaq” dediklərinə əbəs yerə gülürdük. İndi bu xalqa baxdığım zaman haman fikirlərin düzgün olduğunu yəqin edirəm. Qanun və tərbiyənin nəticəsində qurdun qoyunla bərabər yaşaması mümkündür. Yaxşı bax, burada gördüyümüz beş min nəfərdən ibarət olan bir kənd, bir libas, bir qanun, bir həyat və bir fikir daşıdığı halda, bunu bütün xalqın, bütün məmləkətin həyatında tətbiq etmək olmazdımı? Mən yenə də böyük ustadımız Firdovsini tənqid edəcəyəm. Bax bu xalqa, bax bu qardaşlaşmış kütləyə! Bütün bunlar bir tərbiyənin məhsulu deyilmi?

Qurd doğulduğu zaman qurdluq xasiyyəti ilə yox, yalnız qurdluq şəkli ilə doğulur. Mən əminəm ki, tərbiyə nəticəsində qurdlara qoyunların döşündən süd əmizdirmək mümkündür.

Tovus quşunun tərbiyəsi və onun vücudunun istiliyi ilə yumurtadan çıxan qarğanın cücəsi şəkilcə qarğa olsa belə, ədəb və tərbiyə cəhətcə tovus quşunun yolunu təqib edər.

Firdovsi deyir ki, bir fahişənin qızını nəcib ailədə tərbiyə etsən də, o, yenə böyüdüyü zaman anasının getdiyi yolu gedəcəkdir. Bu fikrin düzgün olmadığını imtahandan çıxarmaq üçün onu əksinə tətbiq etmək lazımdır. Məsələn, ən nəcib ailədən doğulan bir qızı ayırıb bir fahişənin tərbiyəsinə versən heç şübhə yoxdur ki, o böyüdüyü zaman doğulduğu nəcib ailənin getdiyi yolu deyil, tərbiyə aldığı qadının yolunu davam etdirəcəkdir.

Bəşəriyyəti idarə edən ancaq tərbiyədir. Bəlamız burasındadır ki, hökumət qanunları tərtib olunduğu zaman, xalqın tərbiyə və səadəti nəzərə alınmamışdır. Bu qanunlar yalnız bir miqdar idarəedici xalqın səadətini düşünərək tərtib olunmuşdur. Sən bu xalqa diqqət ver, bunların hazırkı həyatını başqa bir kəndin xalqı üçün də qurmaq mümkündür. Lakin qoymazlar. Bu həyat və bu quruluş idarəedici adamlar üçün əlverişli deyildir.

Söhbət burada bitdi. Toğrulun taxt-rəvanının qarşısında gətirilən tuğ göründüyü zaman, Nizami və Fəxrəddin kəndə qayıtdılar.

Toğrul Canpoladın evində mənzil etdi. Atabəy Məhəmmədin qadını Gözəl onu çox böyük bir hörmətlə qəbul elədi.

Toğrul vəliəhdin və qardaşı Özbəkin Gəncəyə köçdüyünü eşidərkən rəngi ağardı və narazı bir səslə:

– Demək, onlar öz əmilərinin istiqbalına çıxmaq istəməmişlər, – dedikdə, Gözəl də cavabında:

– Əlahəzrətin istiqbal təntənəsini Gəncədə düzəltmək üçün gediblər, – dedi.

Toğrul rahat olandan sonra Gəncədən heyət gəldiyini ona xəbər verdilər. O, axşam yeməyindən sonra heyəti qəbul etmək üçün vaxt təyin etdi. Lakin o, Gəncədən gələn heyətin kimlərdən ibarət olduğunu bilmirdi. Şübhəsiz ki, heyətin başında Nizami ilə Fəxrəddinin durduğunu bilsəydi, onları qəbul etmək istəməzdi.

Nəhayət, heyət üzvləri otağa girdiyi zaman Toğrul dərhal məsələni anladı və vəliəhdin Gəncəyə köçməsinin səbəblərini təyin etdi. Buna görə də heyəti çox etinasız bir halda qarşıladı, hətta oturmaları üçün də təxirlə icazə verdi.

Heyət üzvləri oturdu. Toğrul yanında olanlarla bir qədər söhbət etdikdən sonra, Fəxrəddin və Nizamiyə müraciət edərək:

– Möhtərəmlər nə iş üçün təşrif gətiriblər? – dedi.

Nizami Toğrulun sualına cavab verib dedi:

– Əlahəzrətə Aran xalqının salam və arzularını təqdim etmək üçün gəlmişik.

– Onların arzularının nədən ibarət olduğunu bilmirəm, salamları isə səmimi deyil. Çünki istiqbal dəstələri içərisində heyət üzvlərinin heç birisini görə bilmədim.

– Əlahəzrət üçün istiqbal təntənəsi Gəncə altında düzələcəkdir. Biz isə başqa bir məsələ üçün göndərilmişik.

– Nə kimi məsələ üçün?

– Əlahəzrətin özünə məlumdur ki, son zamanlar Şirvan şahlığı ilə Aran xalqı arasında səmimi bir qardaşlıq əlaqəsi yaradılmışdır. Eyni zamanda qonşumuz olan Gürcüstanla da əlaqəmiz dostanədir. Əlahəzrət çox gözəl bilir ki, bu üç məmləkət hər cəhətcə bir-birinə bağlıdır. Lakin əlahəzrətin böyük bir qoşunla Şimali Azərbaycana gəlməsi, qonşularımızın rahatsızlığına səbəb olmuşdur. Onlar buna haqlıdırlar da. Heç bir müharibə təhlükəsi hiss etməyən və yainki qiyam və iğtişaş baş verməyən bir məmləkətə bu qədər qoşun gətirmək, gizlin bir məqsədin nəticəsi ola bilər. Buna görə də Aran xalqı öz qonşuları ilə olan dostanə qardaşlıq əlaqəsini davam etdirmək üçün, gətirdiyiniz qoşunun paytaxta qaytarılmasını rica edir. Çünki əlahəzrətin xidmətlərini yerinə yetirmək üçün Gəncədə və Aranın başqa şəhərlərində kifayət qədər qoşun vardır.

Toğrul gülümsəyərək cavab verdi:

– Hazırda Toğrul o qədər aciz deyildir ki, Aran xalqı ona təksilah olunmaq təklifini etsin. Mən elə zənn edirəm ki, bu fikir bütün Aran xalqının fikri deyil, ancaq burada oturan üç-dörd nəfərin fikridir.

Buna da mənim əlimdə əsasım vardır. Nizami kimi adi bir şairin fikrilə böyük bir dövlət idarə oluna bilməz. Məmləkətin başında duran zat öz məmləkətinin məsləhətini çox gözəl bilir. Mən rica edərdim ki, şair qardaşım Qızıl Arslana verdikləri məsləhətləri mənə verməsin. Qızıl Arslan sizin məsləhətinizin nəticəsində məhv oldu.

Sizin Qızıl Arslana və Qızıl Arslanın sizə yazdığı məktubların hamısı mənim əlimdədir. Onun bütün səhvləri burasında idi ki, bir nəfər şairə məmləkət adından danışmaq ixtiyarını vermişdi. Siz haman məktublarla onun qəbrini qazdınız, məmləkət xalqını hökumətdən, hökuməti isə məmləkət xalqından incitdiniz. Haqqımda yazdığınız tənqidlərə mükafat olaraq qardaşım Həmdünyan kəndini sizə bağışlamışdı. Lakin mən onu sizdən alıb Kəmaləddin şairə bağışladım. Çünki siz o mükafata layiq deyilsiniz.

Mənim adıma yazdığınız “Xosrov və Şirin” əsərini nə üçün Qızıl Arslana bağışladınız?! Siz zənn edirdiniz ki, Toğrul birdəfəlik məhv olub həyat səhnəsindən silinəcəkdir?!

Sən, Nizami, məktublarınla və həmin bu Fəxrəddin öz qılıncı ilə mənim başıma nələr gətirmədiniz! İndi gedib Aranın xalqına və onların qonşularına xəbər verin və deyin ki: Toğrul bu ordunu Aranın qonşuları ilə müharibə üçün yox, iki nəfər üçün gətirmişdir.

Toğrul sakit oldu, Nizami danışmaq üçün icazə istədi. Toğrul acıqlı bir surətdə:

– Danış, lakin mənə məsləhət vermə! – deyərək icazə verdi.

Nizami çox soyuqqanlı bir surətdə sözə başladı:

– Burada bir çox məsələlərə işarə olundu, onlara cavab vermək artıqdır. Lakin bunu demək istəyirəm ki, bizim burada meydana atdığımız fikir, burada oturanların fikri yox, bütün Şimali Azərbaycan xalqının fikridir, hərgah bu gün əlahəzrət bu barədə bizə cavab vermək istəmirsə, sabah Şimali Azərbaycan xalqına cavab verməlidir.

Əlahəzrət – adi bir şairin fikri ilə bir dövlət idarə oluna bilməz – deyərək mənim Qızıl Arslanla olan yazışmalarıma toxundu. Buna cavab olaraq əlahəzrətin icazəsi ilə demək istəyirəm: Qızıl Arslanın məhvinə səbəb olan səbəbləri onu məhv edənlər bizdən daha aydın bilirlər. Əlahəzrət buyurdu ki, Qızıl Arslan bir nəfər adi şairə bir məmləkət adından danışmaq ixtiyarına verməkdə səhv etmişdi. Lakin bu səhv deyil, bu, xalqı öz müqəddəratı barəsində danışmaq üçün qanuni ixtiyarı tapşırmaqdan ibarətdir. Yalnız adi bir şair deyil, adi bir kəndli belə yaşadığı məmləkətin adından danışa bilər.

Əlahəzrət Qızıl Arslanın mənə mükafat verdiyi Həmdünyan kəndinə işarə etdi. Mən o kəndin barəsindəki təəssüratımı, “Xosrov və Şirin” əsərinin axırında təfsilən qeyd etmişəm, burada qısa cümlələrlə də onu təkrar edəcəyəm:

“Mən Həmdünyan kəndinə sahiblənməmişəm, ora ayaq belə basmamışam. Mən oranı həsudların göstərişləri ilə tanımamışam... Mənim bir məmləkətə yerləşməyən böyüklüyüm bir dəmirçi kürəsi böyüklüyündə kəndə yerləşə bilməzdi. O kənddə yetişən buğda dənələrinin miqdarınca mənim incidən qiymətli şeirlərim vardır. İkincisi də budur ki, dünyada padşahlardan da yoxsul bir adam yoxdur, onların öz zəhmətləri ilə qazandığı bir dünyaları yoxdur. Onların əlində olan xalqın malıdır. Buna görə də mən o kəndə sahiblənmək istəmədim”.

“Xosrov və Şirin” əsərini Qızıl Arslana verdiyim üçün əlahəzrət məni tənqid etməsin. Çünki özünüz buyurursunuz ki, mən adi bir şairəm. Adi bir şairin yazdığı əsər sizin kimi böyük bir hökmdara layiq ola bilməzdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXXIX. Hərəmxana

Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı.Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı.

15 dəq
XL. Doktor Yusifidis

Leyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi:– Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz?

7 dəq
XLI. Tez-tez görüşlər

Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!

5 dəq
XLII. Qəzvində

Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.

5 dəq

Başqa şairlərin şeirləri