Həmdünyan
Səhifə 3 / 3 · 67%
Fəxrəddinin qılıncı ilə Nizaminin məktubları haqqında deyirsiniz: Sən Nizami, məktublarınla, həmin Fəxrəddin isə öz qılıncı ilə mənim başıma nələr gətirmədiniz?!
Doğrudur, bu iki şey əlahəzrətin bütün təşəbbüslərini dağıtdı, çünki bu iki şey məmləkətdə əcnəbi nüfuzunun genişlənməsinə və sərhədlərin düşmən ayağı altında qalmasına mane törədirdi. Çünki Nizami ilə Fəxrəddin məmləkətin bir nəfər macəraçı qadın, bir nəfər də əcnəbi nümayəndəsi olan Zəhir Bəlxi və eyni zamanda bunların əmrlərinə boyun əyən hökmdarın əlində oyun-oyuncaq olmasına razı ola bilmirdi.
Sonra əlahəzrət Aran xalqına sifariş verib deyir: “Gedib Aran xalqına və onların qonşularına xəbər verib deyin ki, Toğrul bu ordunu Aran xalqının qoşunları ilə müharibə üçün deyil, iki nəfər üçün gətirmişdir”.
Bu ordunun iki nəfər üçün gətirilməsinə inanırıq. Lakin o iki nəfər Nizamidən və Fəxrəddindən ibarət deyil. Əlahəzrət öz oğlu Məlikşahın varisliyini möhkəm etmək üçün Əbubəkr və Özbəkin vücudunu aralıqdan qaldırmağa çalışır, lakin Şimali Azərbaycan xalqı Əbubəkrin vəliəhdliyini təsdiq etmişdir və onu bütün varlığı ilə müdafiə edəcəkdir.
Toğrul cavab vermədi, ancaq bir kəlmə ilə:
– Gedə bilərsiniz, – dedi.
Toğrulun taxt-rəvanı Xanəgah kəndində durub Gəncədən istiqbala gələnləri gözləyirdi. Ümumi qaydada baxmayaraq, böyük, həşəmətli qonağı istiqbal etmək üçün nə bazar-dükan qapanmışdı, nə də məktəb və mədrəsələrdən tələbə azad olunmuşdu.
Bu qərarla da Sultan Toğrulun Gəncə səyahətinə gəlmək xəbəri çox soyuqqanlılıqla qarşılandı. Gəncə hakimi özünü məsuliyyətdən qurtarmaq üçün hökumət idarələrinə məxsus işçilər və bir qədər də saray nökərləri ilə Sultan Toğrulu qarşıladı.
Sultan Toğrul Gəncəyə gəldiyinin ikinci günü Gəncə xalqından özünə beyət almaq və oğlu Məlikşahın vəliəhdliyini təsdiq etdirmək üçün xalqı Sultan Səncər camesinə dəvət etdi. Lakin buna müvəffəq ola bilmədi. Məscidin qapısından baxan tapılmadı. Nəhayət, o, Nizami və Fəxrəddini təhqir etdiyindən peşman oldu və bu kimi böyük bir səhvin nəticəsində Aran xalqının nifrətinə səbəb olduğunu bir daha anladı. O öz səhvini islah etmək üçün başqa bir çarə düşündü. O, başqa hökmdarları təqlid edərək böyük şairi ziyarət etmək istədi, çünki Toğrul Qızıl Arslan və şairlərinin Gəncəyə gəldikləri zaman, hər kəsdən əvvəl böyük Nizamini ziyarət etdiklərini bilirdi.
Odur ki, bir gün əvvəl öz xüsusi katibini belə bir məktubla Nizaminin evinə göndərmişdi:
“Böyük və möhtərəm şair!
Mən Gəncəyə gələn gün sizin ziyarətinizə gəlməli idim. Qardaşım Qızıl Arslanın getdiyi yolu davam etdirməli idim. Lakin səhhətimin pozğunluğu və güvəndiyimiz xalqdan gördüyüm etinasızlıq, mənə öz vəzifəmi vaxtında yerinə yetirməməyimə səbəb oldu. Buna görə də böyük şair, kitabxanasına baxmaq üçün icazə verəydi, mən özümü tarixi bir şərəfə nail olmuş hesab edərdim.
Səmimi dostunuz Toğrul”.
Bu məktubdan bir gün sonra Toğrul şairin ziyarətinə gəldi. Toğrulu qapıda, Fəxrəddin, Əlaəddin, Azərbaycanın ziyalı və şairləri, nüfuzlu adamları istiqbal etdilər. Toğrul bu cəmiyyəti gördüyü zaman sevindi, çünki görmək istədiyi və görməyə müvafiq ola bilmədiyi adamların hamısı burada idi. O, burada öz məqsədinə nail olacağını düşünürdü.
Toğrul, Nizami yaşayan otağa girdiyi zaman Əbubəkrin böyük şairin sağ tərəfində, Təliənin isə sol tərəfində oturduğunu gördü.
Toğrul gəlib şairin əlindən öpərkən şair də vəliəhdə və Təliəyə müraciətlə:
– Əminizin əlindən öpün! – deyə tapşırdı.
Vəliəhd və Təliə dərhal ayağa qalxıb Toğrulun əlindən öpdülər. Toğrul vəliəhdi gördüyü zaman sanki öz qarşısında anabir qardaşı Atabəy Məhəmmədi gördü. O, öz cinayətini və Atabəy Məhəmmədin qətlində iştirak etdiyini xatırlayaraq utandı və vəliəhdi qucaqlayıb öpdüyü zaman şiddətlə ağladı, sonra da Təliənin saçlarını sığallayaraq:
– Məsud bir saatda yaşayıram. Xoşbəxtliyinizi arzu edirəm! – dedi.
Toğrul özündən ötrü hazırlanmış kürsünün üstündə oturdu. Nizaminin Toğrul ilə birinci sözü, Toğrulun oğlu Məlikşahın vəliəhdlik məsələsini həll etdi. O əlindən dəftəri yerə qoyduğu zaman:
– Vəliəhd üçün yazdığım “Şərəfnamə”dən İskəndərin Bərdə səfərini oxuyurdum, çünki vətəni yalnız sevmək kifayət deyil, onu başlıca olaraq tanımaq lazımdır, – dedi.
Toğrul isə qəlbində Nizaminin: – “Vəliəhd üçün yazdığım “Şərəfnamə” sözünü bir neçə dəfə təkrar edərək öz-özünə:
“Bu söz bir xalqın şairinin ağzından çıxır, onun özü də Püsəran kəndində, “mən bütün Azərbaycan xalqının dilindən danışıram” – demişdi.
Toğrul sakit oturmuşdu, o artıq oğlunun vəliəhdlik məsələsini deyil, özünün Şimali Azərbaycan xalqı tərəfindən hökmdarlığa təsdiq edilib-edilməməsi barəsində düşünür və şübhələnirdi.
Buna görə də öz səhvləri barəsində danışaraq deyirdi:
– Gəncə xalqının mənə göstərdiyi etinasızlıq mənim öz səhvlərimin nəticəsidir. Mən heç bir zaman xanədanımızın azərbaycanlılara arxalanmaqla qalib çıxdıqlarını unutmamalı idim.
Nizami Toğrulun nə demək istədiyini dərhal anladı və cavabında:
– Əlahəzrət çox gözəl bilir ki, səhvi anlamaq kifayət deyil, onu təkrar etməmək lazımdır. Çox təəssüf olsun ki, əlahəzrət hələ indiyə qədər də Azərbaycan xalqının böyük varlığına inana bilməmişdir. Sizin əcnəbi hökumətlərin nümayəndələri ilə yaxın dostluğunuz və onların törətdikləri macəra nəticəsində, məmləkəti təhlükəyə saldığınız Azərbaycan xalqının narazılığına səbəb oldu. Siz bu dostluğu yenə də qazana bilərsiniz. Çünki Azərbaycan xalqı sizi yenə də bir hökmdar kimi tanıyır. Siz Azərbaycan xalqının dostu olduğunuzu göstərdikdən sonra, bu xalqın köməyinə əmin ola bilərsiniz. Hələlik bu xalqın qılıncları pas tutmamışdır. Xalqda olan vətənpərvərlik hissləri yenə də coşur. Lakin siz əcnəbilərin təzyiqi nəticəsində məmləkətin, xüsusən Gəncə xalqının böyük və barışmaz düşməni olan Qütlüğ İnancı həbsdən buraxıb ona Rey hakimliyini verməklə azərbaycanlıların kömeyindən məhrum oldunuz. Yaxın zamanda Qütlüğ sizin əleyhinizə qalxacaqdır. O zaman siz azərbaycanlıları öz cərgənizdə görməyəcəksiniz.
Söhbət çox uzun çəkdi, lakin Toğrulun saxta göz yaşları və öz səhvlərinin iqrarı bir fayda vermədi. O, öz şərafinə düzələn ziyafətdə, nə yeyib, nə eşitdiyini bilmirdi, qorxu və ümidsizlik onu əhatəsinə almışdı.
Axşamın qaranlığı düşəndə Toğrul qaranlıq bir istiqbalın düşüncələri təsirində olaraq Nizami ilə vidalaşıb getdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-hemdunyan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı.Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı.
XL. Doktor YusifidisLeyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi:– Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz?
XLI. Tez-tez görüşlərƏmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
Başqa şairlərin şeirləri
Yarəb nə şurdur ki tutubdur cahanı pul,Vurmuş biri-birinə zəmin və zəmanı pul.
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.