Səhifə 2 / 4 · 25%

Mahrunun bağdan yığışıb gəlmək xəbəri mənə də, Ninaya da çox təsir etdi. Mahrunun mənə qarşı nə kimi vəziyyət alacağı, doğrudan da, bir az əngəlli və maraqlı məsələ idi. O mənə mühüm bir sirr vermişdi, o sirrin nəticəsində də çar ordusuna böyük bir zərbə dəymişdi. Bundan əlavə də Mahrunun təhriki ilə əri Aleksandr Smirnov fəci bir surətdə öldürülmüşdü.

Hələlik bu facienin ona necə təsir etdiyini bilmirdim. Ancaq bunu bilirdim ki, Mahru Smirnovu çox sevir və bu sevgi səbəbi ilə də dinini, adət və ənənəsini ayaqlamış və bunlara Smirnovu əvəz etmişdi.

Mahru Smirnovun Təbriz nəzmiyyəsini və eyni zamanda Təbriz inqilabını tərk-silah etdirmək istədiyi sirrini məndən başqa heç bir kəsə verməmişdi.

Mənim bütün müqəddəratım bu qızdan və onda müsbət qəhrəmanlara məxsus qüvvətli və möhkəm iradənin olmasından asılı idi.

Lakin mən Təbrizdə belə bir qızın hələlik mövcud olduğuna heç də inana bilmirdim. Çünki həqiqi canlı həyat o yana dursun, hələ Şərq ədəbiyyatında, kitablarda da belə möhkəm iradəli qadınlara çox az təsadüf edilir.

Mən düşünərək özüm üçün ümid və istinad nöqtəsi aramağa başladım: «Bəlkə də, Şərq ədəbiyyatında belə bir qəhrəman qadın tapa bilərəm» – deyə Şərqin ən böyük hekayələri sayılan «Dörd dərviş» və «Min bir gecə» əsərlərini bir anda xatırımdan keçirdim və nəticədə ancaq onların müəlliflərinə qarşı böyük bir nifrət duydum. Çünki bu əsərlərdə möhkəm, iradəli bir qadın tipinə təsadüf edə bilmirdim; orada gündə birinə satılan və başqalarını da satan Dəlileyə Muxtalə, hamamçının arvadı və Seyidə Şəmsə kimi iradəsiz, sözünün sahibi olmayan, murdar və çirkin vicdanlı qadınlardan qeyri, başqa bir qadın tipini görə bilmədim.

Qəlbim ümidsizlik, təlaş və həyəcan içərisində idi. Bunları sərdar Rəşidə sezdirməmək üçün mahir bir aktyor kimi davranmaq məcburiyyətində idim.

Həmin bu anlarda mənim Şərq qadını və onun əhvali-ruhiyyəsini lazımınca öyrənməkdə bacarıqsızlığım yenə də gəlib gözümün qarşısında durdu.

Şərqli bir qadına da illərdən bəri tanış olduğum Nina, yainki miss Hannaya yaxınlaşdığım kimi yaxınlaşmaqda, mən öz zənnimə görə səhv etmişdim; bu səhv də indiki fikrimə görə Mahru ilə iki axırıncıların arasındakı dərin və əsaslı fərqləri görməməkdən irəli gəlirdi. Mən özüm-özümə deyirdim: cəmiyyət içərisinə çıxmayan, ictimai həyatın xüsusiyyətlərini mənimsəməyə buraxılmayan şərqli bir qadın, cəmiyyət arasına çıxmış qərbli qadınla bir ola bilərmi? Şərqli qadından iradə, qüvvət, müstəqil düşüncə ummaq əqlə, məntiqə uyan şeymi?

Mən örtülü gəzən hər bir şərqli qadınında özünəməxsus, hətta başqalarında təsadüf edilməyəcək müstəqil bir xüsusiyyət, qüvvət və iradə olduğuna və azacıq sonra fikirlərimin yanlışlığı ilə üz-üzə gələcəyimi bilmirdim.

Buna görə də daxili həyəcanlar, təşvişlər və çırpıntılar içərisində çapaladığım halda Mahrunu gözləməkdə idim.

Nəhayət, Mahrunu gətirmək üçün gedən fayton gəldi. Bir neçə saniyədən sonra Təbrizdəki son hadisənin qəhrəmanları burada üz-üzə gələcək idi. Mən yenə yanlış olduğunu sonradan anladığım şeylər düşünür və öz-özümə deyirdim:

«İndi Mahru içəri girəcək, məni görən kimi öz sevgilisinin fəci ölümünü xatırlayacaq və onun qatilinə acı kəlmələrlə hücuma başlayacaqdır».

Xidmətçilər içəri girdi, onun şeylərini gətirdilər, onların dalınca da Nina və İraida qolundan tutub Mahrunu otağa daxil etdi:

Sərdar Rəşid:

– Bədbəxt Mahru, – deyərək, onun qara saçlarını sığalladığı zaman, mən də Mahrunun gözlərinə diqqət edir, indidən onun əhvali-ruhiyyəsini öyrənməyə çalışırdım. Mahrunun dildə demək istəmədiyi sözləri çatma və qara qaşlarının arasında mövcud olan cizgilərdə oxumaq mümkün idi. Onun hər baxışından çəkilməz bir müsibətə qarşı döş gərdiyi və bundan da müdhiş bir ağırlıq hiss etdiyi aydınca sezilirdi.

O, birdən-birə dönüb, kinli bir nəzərlə sərdar Rəşidi ayağından başına qədər gözdən keçirdi, bununla da biz onun sərdar Rəşidə qarşı dərin bir nifrət bəslədiyini anladıq.

Mən indi keçmişdə hər bir baxışından bədii zövqlər aldığım bu Şərq gözəlinin, bu Şərq qızının, doğrudan da, tamam bir qəhrəman olduğunu görürdüm. Qara ipəklərə bürünmüş bu qəhrəman, sərdar Rəşidə baxışları və bu baxışların saçdığı sonsuz nifrətləri ilə çox qorxuncdu.

Sonra Mahru gözlərini süzərək qara kirpiklərin arasından düşüncəli nəzərlərlə mənə baxdı. Mən irəli yeriyib onun əlini sıxdım. O mənim əlimi bir dost əlini sıxan kimi sıxdı, Ninaya tərəf döndü. Ninanın əlini sıxdığı zaman, mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi.

Mən qismən sakit olmuşdum. Buna görə də ona müraciətlə:

– Mən sizi anlayıram, Mahru xanım! – dedim. – Sizin müsibətiniz olduqca ağırdır. Dərdlərinizə, kədərlərinizə şərik olduğumuzu sizə bildirməkdən başqa əlimizdən bir şey gəlməz. Özünüzə təsəlli veriniz, özünüzü ələ alınız.

Mahru mənim əlimi bir daha səmimiyyətlə sıxdı:

– Böyük hadisələr meydanı olan şəhərdə bir nəfər haqqında düşünmək artıqdır, – deyərək içəri otağa keçdi.

Mahru mənə Şərq qadınları haqqındakı fikirlərimin tamam yanlış olduğunu sübut etmişdi. İctimai həyatda bir mövqeyə sahib olmamaq, evdə də ictimai həyatda olduğu kimi köləlik, yenə də Mahrunun iradəsini və şəxsiyyətini əzməmişdi. Onda müstəqil düşüncə, şəxsiyyət və ideal vardı. Onda bu yolda mübarizə etməyə həvəs və qabiliyyət də yox deyildi. Bundan başqa, Mahru mənə bir şey də öyrətmişdi: «Qəhrəmanı yalnız romanlarda aramaq doğru fikir deyildi. Qəhrəmanı həyat yaratdığı üçün onu həyatda axtarmaq lazımdır!»

Biz axşam saat doqquza qədər sərdar Rəşidin evində qaldıq. Lakin Aleksandr Smirnovun meyidini gətirmədilər. Onu konsulxanada saxlamışdılar. Vidalaşıb çıxdıq. Küçələrdə kimsə yox idi. Dünən axşam bütün şəhəri əlinə alan nəzmiyyədən bir nəfər də olsa görünmürdü, çünki onlar toplanmaq və səfərə çıxmaq əmrini almışdı.

Nina İraidaya qarşı çox acıqlı idi. Mənə müraciətlə:

– Bizim İraida da çar müstəmləkəçiliyinin bir alətidir, – dedi.

Bir neçə gün əvvəl, «Gözəl Maşa» nəğmələrini oxuyub gurultu ilə keçən soldat oynağı olan küçələr indi başlı-başına idi. Dünən gecə pulemyot və tüfəngin səsləri bütün Təbrizi titrədirdi, bu gün o gurultuları Təbriz şəhərinin mərsiyə səsləri və «va Hüseyn» sədaları əvəz edirdi.

Mən Ninanı və qızları evə düşürüb Məşədi Kazım ağanın evinə qayıtdım, onu böyük bir iztirab içərisində gördüm, çünki onun mənim müqəddəratımdan xəbəri yox idi. Mən ona axşam saat 11-də iclas çağırmasını tapşırdım və iclasa gələcək adamların siyahısını verdim.

Dörd gündən bəri idi ki, nə mən, nə də Nina rus konsulxanasına getməmişdik. Konsulun nə kimi tədbirlər gördüyündən xəbərimiz yox idi. Buna görə də miss Hanna ilə təcili görüşüb, nə kimi siyasi xəbərlər olub-olmadığını öyrənməyi lazım bildim.

Miss Hannanın evinə gedərkən heç bir adama təsadüf etmədim. Hər tərəfdə bir qəbiristan sükutu hökm-fərma idi. Nə bacalardan tüstü çıxır, nə də pəncərələrdən işıq gəlirdi: sanki bütün Təbriz palçıq damların altındakı yorğanına bürünüb yarınkı Təbriz haqqında düşünməkdə idi.

Miss Hannanın qapısını vurdum, xidmətçi qadın qapıya çox təxirlə gəldi. O, qapının dalında durub: «Kimdir?» səslədiyi zaman, mən titrək səsindən onun nə qədər qorxduğunu duydum.

– Madam, özgəsi deyil, – deyərkən, məni tanıdı və qapını açdı.

Miss Hanna məni gördüyü zaman öz gözlərinə inanmırdı, mənim məhv olduğumu yəqin etmiş imiş, şadlığından ağladı və boynuma sarıldı. Miss Hannanın keçirdiyi həyəcanlı saatlara aid söylədiyi sözlər bir şairin şeiri qədər mövzun və səlis idi. Lakin onun gözəl və yalvarıcı səsi, mənim qulaqlarımda bir bayquş səsindən daha uğursuz, ondan daha kədərli idi. Hər zaman səsini dinlərkən zövq duyduğum bu qızın indi hər bir kəlməsi, içərimdə ölüm xəbəri qədər acı təsirlər doğururdu. Nədənsə indi hər şey və hər kiçik təsadüf məni bədbin fikirlərə sala bilirdi, heç şeydə müsbət bir tərəf görmürdüm. Elə dalğındım ki, qızın evinə nə üçün gəldiyimi də unutmuşdum. Qız yenə də adəti üzrə əllərini çiynimə qoyaraq gözlərimə baxırdı, daima vücuduma toxunarkən yorğunluq və kədərlərimi unutduran əllər indi nədənsə çiyinlərimdə çəkilməz bir ağırlıq təşkil edir və bir elektrik qüvvəsi kimi varlığımı sarsıdırdı. Sevgilər, məhəbbətlər duyduğum göz bəbəkləri də sanki mənim ümidlərimə gülür və istehzalar yağdırırdı, kirpikləri isə bir neştər kimi göz bəbəklərimi yarmağa çalışırdı.

Miss Hanna mənim son hadisələrlə əlaqədar olduğumu bilsəydi, Hafizin çox yerli olan bir misrasını mənim gözlərimin içinə oxumazdı.

Xud koştəyi Hafizra, xud təziyə midari...
(Yəni Hafizi özün öldürüb, özün də təziyəsini saxlayırsan...)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

III. Fabrik-zavod rayonuna

İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.

39 dəq
IV. Brilyant sırğalar

Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.

17 dəq
V. «Ərdəhan» gəmisində

«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.

16 dəq
VI. Neft sənayesi milliləşir

Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.

12 dəq

Başqa şairlərin şeirləri