Səhifə 2 / 9 · 11%

Böyükxanım — Qulam xan, sən allah nə dedi?

Qulam xan — Münəvvər çox söz dedi, amma mənim yadımda qalmır, ancaq qabaqca dediyi bu sözlər yadımda qalır: Mən səndən qabiliyyətli, səndən gözəl adam tapa bilməyəcək idim, çox gözəlsən, xəluqsan, lakin mən istədiyim bunların heç birisi deyil. Mənim sinnim nə gözəllik, nə də məhəbbətə müvafiq bir iste’dada malik deyildir. İndi mənim təb’im təhsili, tərbiyəni dost tutur, məni bağışla! Mən uşaqlıqdan elm təhsil, tərbiyə kəsb edirəm, ancaq təzə düşünürdüm ki, insanlıq nədir, bu isə yarımçıq qaldı. Buna cəhət mən kişi muaşirat və müsahibətinə bir növ’i biganə sayılıram. Məni bağışla.

Qulam xan bu sözləri dedikcə Böyükxanım kah gülürdü, kah da ağlayırdı. Sonra yenə Qulam xan sözünə davam edirdi: Amma Böyükxanım, qızın qayət bədbəxtdir. O gün xarab olaydı ki, mən siz ilən qohum oldum. Sizin bədbəxtliyiniz məni də bədbəxt elədi. Atam öldü, özüm də bəylərbəyinin yanından çıxım, qəza gətirdi, vurdum vəliəhdin durüşkəçisi (faytonçusu) naib Vəlini öldürdüm, var-yoxumu qan bahasına verdim, daha bundan artıq nə olsun?

Böyükxanım — Əvvəla budur, atan öldü, allah işidir. İkinci, bəylərbəyinin yanından çıxdın, yenə Münəvvərə nə dəxli vardır? Sənə kim deyirdi ki, get gecə yarıya kimi, Şahnavaz xanımın otağında qal, bəylərbəyinin yanında Şahnavaz xanımla gül, zarafat elə? Bilmirsən ki, bəylərbəyinin acığına gələcək idi? Bir də budur ki, qocalana kimi pişxidmət ola bilməzdin ki, yenə axır çıxacaq idin! O ki, qaldı dövlətin qan cəriməsinə getdi, ona da Münəvvər nə eləsin, qəzadır, alnında nə yazılıb o olacaqdır. Öz dövlətin getdi, sağ olsun Rzaqulu xanın dövləti. İnşallah, uşaqlar da Tehrandan gələr, mal-dövləti qismət eliyib rahat dolanarsınız.

Qulam xan, uşaqlar gələr, adını eşitdikdə xişmlənib ucadan deyirdi: Uşaqlar gələr! Uşaqlar gələr! (öz-özünə) Uşaqlar gələr malı qismət elərsiz: uşaqlar getsinlər Tehranda ən’ümən olmağa, məşrutə istəməyə, mən gecə-gündüz zəhmət çəkim, o kəndə, bu kəndə qaçıb yayın istisində 30 kəndin mədaxilini cəm eliyim, sonra uşaqlar gəlsin hissə götürsün? (Böyükxanıma) Bax, mən Qulam xanam! Qulu Soltanın oğluyam, dünyada hər iş görmüşəm! Hər fırıldaq çevirmişəm, mən dünyada mərdanə doğulub ömr eləmişəm, bax sizə deyirəm, mənə nə otuz kəndiniz lazımdır! Nə də həştad beş dükanınız gərəkdir, nə də 10 karvansara işimə gələr! Nə də Hökmvardakı səbzkarlıqlarda təməim vardır. İstəyirsən daha da xatircəm olasan, nə də Münəvvər lazımdır. Gedib bu saatda yola salaram gəlsin.

Qulam xan bu sözlərdən sonra qapıları çalıb getdi, amma Böyükxanım kamal hüzn ilə dizlərinə çalıb ağlayıb deyirdi: Yaxşı evim yıxıldı, yaxşı başıma daş düşdü, anası ölsün Münəvvərin bilirəm ki, gedib indi başına nə iş gətirəcəkdir. Özünü döyüb deyirdi: öl qurtar, Böyükxanım, daha dünyada niyə qalmısan?

Rzaqulu xan ucadan ağlamaq səsinə gözlərini açıb həzin-həzin Böyükxanıma deyirdi: Mən ölürəm, adam göndər Nəsrüddövlənin evinə, teleqraf eləsin, uşaqlar gəlsinlər! (öz-özünə) heyf vətənimin xoşbəxtliyini görə bilmədim.

Böyükxanım — (xışmnak) Bax, sənə deyirəm, bu tövr sözləri bir danışdın, bir də danışsan çıxıb damda elə haray təpərəm ki, aləm yığılıb başıva tökülər. Barakallah kişi! Barakallah kişi! İstəyirsən Münəvvərin çörəyi qan ilən yoğrulsun? Heç səndə murüvvət yox, insaf yox?

Rzaqulu xan ah çəkib yavaş-yavaş deyirdi: insafın olsun, adam göndər teleqraf eləsinlər! Çox danışma, mən ölürəm!

Böyükxanım — Bax, özün bil, teleqraf edərəm gəlsinlər! Amma Qulam xan da bir inadın birisidir, ya uşaqları tələf elər, yainki qıza talaq verər. Qərəz, özün bilərsən. Böyükxanım nökərləri Qulamhüseyni Nəsrüddövlənin evinə göndərəndən sonra (öz-özünə): görəsən dünyada mənim kimi bədbəxt adam vardır? Aləm həsrət çəkir ki, mənim Qulam xan kimi damadım olsun, qapımdan girsin, amma biz özümüz bais oluruq onun bizdən uzaqlaşmağına. Qərəz ki, allahın məsləhətinə şükür, olsun! Allah mənim bir günümü Qulam xansız eləməsin! Yaxşı qapım bağlandı. Anası ölsün Münəvvərin, üç ilin gəlinidir dünyada bir üzü gülmədi. Dil bilməz sahibin, namehriban atanın əlindən qızın sümükləri də əriyib qurtarmış, bədəni çöpə dönmüş. Keçən həftə doktorun övrəti Liza qızı görüb ağladı. Deyirdi: Münəvvər, mən xəyal edirdim ki, indi sən böyük qız olmusan, amma daha da kiçikləşmisən, əbədən bizdə dərs oxuyan Münəvvərə oxşamırsan.

Bu vaxt axşam idi, evi qaranlıq basmışdı, Rzaqulu xan da adam göndərib vəsiyyət eləmək üçün müsyö Luini yanına çağırmışdı. Lakin Rzaqulu xanın halətı büsbütün dəyişmişdi, gözləri qaralıb sinəsi darıxırdı. Nəfəsini sür’ətlə aldığından sinəsinin ağırlaşması mə’lum olurdu. Amma öz-özünə yavaş-yavaş deyirdi: xudavənda, sən məni öz qardaşlarıma ə’za yaratmışdın ki, dünyada onlara muavinət edəm, amma çox çalışdım bir xidmət edə bilmədim. Vətənin, millətin pişrəfti üçün hansı iqdamata müraciət etdim, hökumət kişilərinin xəyanəti cəhətinə naumid oldum. Arzum, əməlim qaralandı. Özüm də müttəhim oldum. Xudavənda, öz əzəməti-cəlalın hörmətinə o xainləri bizim vətənimizdən uzaqlaşdır. Onların vücudilə vətən səadət tapmaz, millət gülməz. Məni bağışla xudavənda! Öz övladıma vəzifəm olan tərbiyə və tə’limi verə bilmədim, onları qanuni-bəşəriyyəti ifa etmək üçün mədəni və insaniyyətpərəst insan edə bilmədim. Onlar da öz elmsiz, tərbiyəsiz olduqlarından vətənə layiqli xidmət edə bilməyəcəklər. Bu isə vətənimizdə olan cəhalətdən naşidir.

Rzaqulu xan danışdığı yerdə qəşş elədi, bu vaxt doktor Lui və övrəti Liza gəlib Rzaqulu xanın başının üstündə əyləşmişdilər.

Doktor Lui Rzaqulu xanın qarşısında əyləşib qabağında miz üstündə çay qoyulmuşdu. Lakin nə doktor, nə də övrəti Liza xanım çay içmək istəmirdilər. Liza xanım Təbrizdə öyrəndiyi azərbaycan lisanilə Böyükxanım ilə söhbət edirdi, Rzaqulu xanın mərəzinə dair danışırdı. Doktor hərdənbir stateskopu mərizin sinəsinə qoyub mülahizə edirdi. Kah da əlini alırdı əlinə üzünü çevirib övrətinə deyirdi: heyif oldu Rzaqulu xan, çox kamil insan idi, çox sədaqətli adam idi. Biçarə vətənini nəhayət dost tuturdu. Əfsus ki, sabah saat on ikiyə qədər dünyada qalmağa bədənində heç bir qüvvət qalmamış. İndi az-çox hərəkət olsa da sinəsindən yuxarı hissəsindədir. Sair əzayi-səfilə ruhi vida etmişdir.

Rzaqulu xan gözünü açıb başının üstündə doktoru və onun övrəti Liza xanımı gördükdə ağlaya-ağlaya deyirdi: Qardaş, məni halal eləyin. İranda sizə lazımı mehmannəvazlıq edə bilmədim. İndi axırıncı gündür ki, dünyada qalacağam, bu, özümə yəqindir. Nə üçün iki gündür məni tək qoyub yanıma gəlmirsən? Mən sizi İrana gətirməkdən qəsdim özüm üçün bir yoldaşlıq idi. Lakin yenə təəssüf edirəm ki, öz məhriban yoldaşımı Paris kimi vətənindən kənara salıb İran kimi hənuz mədəniyyətə uzaq bir məhəldə tək-tənha qoyub dünyadan gedirəm. Gərək sən də məni bağışlayasan!

Bu sözlərdə doktor və övrəti Liza xanım nəhayət şiddətlə ağlayırdılar. Doktor, Rzaqulu xana təsəlli üçün, qardaş, qorxma, səni yaxşı edəcəyəm, mərəzin o qədər qorxulu deyil, deyə təskin edirdi. Rzaqulu xan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü. Zira, doktorun sözlərinin təsəllidən ötrü olduğunu anlamışdı. Rzaqulu xan yenə ölüm halında vətəni xəyalından çıxarmayıb soruşurdu: qardaş, Tehrandan səhih bir xəbərin varmıdır?

Doktor — Bəli, vardır, xanlar salamatdırlar, ola ki, bu gündə, sabahda gəlsinlər. Siz verdiyiniz çeki banka verib çoxdan beş yüz tümən alıb göndərmişəm.

Rzaqulu xan nəfəsini sür’ətlə alıb deyirdi: Qardaş, mən Tehrandan xəbər istəyirəm, xanlardan istəmirəm. Mən oğlanlarımdan naumidəm, çünki elmsiz insana ümid bağlamaq olmaz. Zira onlar vətənə bir xidmət edə bilməzlər. Mən vətəni istəyirəm.

Doktor — Bəli! Bəli! Məhəmmədəli şah təzədən qur’ana qəsəm edib məşrutəni hifz eləsin. Rzaqulu xan bu sözü eşitdikdə durub oturmaq istədi isə də bədənində qüvvət olmadığından yenə arxası üstə uzanıb deyirdi:

– Mən İranda üsul-idarəni təbdilini gördüm, Məhəmmədəli şahın axiri-karını görməyi arzu edirdim, lakin heyf olsun, onu görə bilmədim. Qardaş, sən yəqin elə, başında Məhəmmədəli şah kimi bir zat rəyasət edən ölkəyə idareyi-məşrutə-qanun əsası əbədən yaraşmır. İranda ya məşrutə olmaz, olsa da Məhəmmədəli şah xəl olunub rə’si-hökumətə başqası keçər. Zira, Məhəmmədəli şahda ədalət, müsavatla məmləkəti idarə etməyə iste’dad yoxdur. Bundan sonra yer üzündə məşrutəsiz, qanunsuz məmləkət olmaz, buna cəhət Məhəmmədəli kimi layiqi-müsavat və ədalət olmayan bir şəxsin xəl’i və tərdi də təbiidir. Məhəmmədəli şah İrandan çıxdığda mənim qəbirim üstünə gəlib məni baxəbər edərsən.

Rzaqulu xanın bu sözündən doktor ağlayaraq deyirdi: Parisdən sizi teleqramla baxəbər etmək mümkün isə edərəm. Allah eləməsin sənin başına bir iş gəlsin, mən daha bir də İranda qala bilmərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri