Səhifə 4 / 9 · 33%

Münəvvər xanım — Sən, Münəvvəri doğan gün xarab olaydı ki, bu günləri görməyəydi. Ana, insaf elə, mürüvvət elə, insan da Qulam xan kimi nakəsdən ötrü öz vəli-nə’mətinə ah-olar? Hərkah allah rast gətirsə mən bu gün ölsəm daha sizin Qulam xan ilə nə rabitəniz qalar? Bu nakəsdən ötrü qardaşlarımı qürbətə qaçırdığın bəs olmadı? Yenə atamın axır nəfəsində üzünə durursan? (Öz-özünə) allah bizlən Qulam xan arasında ədalətlə divan eləsin. Mənim elsiz, qardaşsız, atasız qalmağıma o bais oldu.

Münəvvər xanım danışdıqca Böyükxanım da Rzaqulu xana və Münəvvərə nifrin edib yaman deyirdi:

Rzaqulu xan isə dünya üzündə axırıncı kəlmələr olaraq danışırdı: Övrət, bəs elə! Üç ildir övladım qürbətdə, qızım həbsdə, özüm də rəxtxab içində sən ilən mübarizə edirəm. Allah səni öz lə’nətinə giriftar eləsin ki, dünyada mənə və övladıma cəhənnəm əzabı göstərdin. Övladımdan, vətənimdən, vətən qardaşlarımdan xəcalət çəkməyə də sən səbəb oldun. Doyunca nə övladıma, nə vətənimə baxa bilmədim, ancaq sən ilən mübarizədə ömrümü qurtardım. Əfsus! Əfsus ki, İranın xoşbəxt günlərini görə bilmədim.

Rzaqulu xan bu sözlərdən sonra dua oxurdu, salavat söyləyirdi. Amma övrəti Böyükxanım xəşmindən ikiəlli Rzaqulu xanın başına çalıb deyirdi: Daş düşsün bu başıva ki, dünyada bircə qızın var idi, onu da ərinin yanında xəcalət qoydun.

Rzaqulu xan xəfif surətdə bu hərəkətdən sonra əşhədu ənla ilahə illəllah, deyərək sonra, xudavənda, vətənimi işıq günə çıxart, deyə dünyadan hürriyyəti-əbədiyyətə çəkildi.

Münəvvər xanım özünü ağlaya-ağlaya atasının bədəninin üstünə atıb başının tüklərini yola-yola deyirdi: Ata, mənim də dünyada ümidim kəsildi. Dünyada üzü gülməyən ata! Vətənin səadətini görməyib nigaran can verən ata!

Əvam və qur’anda Yusif surəsini oxumayan Böyükxanım da Münəvvəri cənazənin üstündən qaldırıb deyirdi: Dur ayağa mən bunu tanıyıram! Qeyzi-qəzəbindən qəşş eləyibdir! Yenə özü ayılar.

Bu vaxt eşikdən Qulam xan səslənir: durun başınızı örtün, Mirzə Rəhim ağa gəlir, mal-dövləti möhürləsin. Qulluqçular Münəvvəri qəşş halında bu biri otağa götürürlər. Böyükxanım da başında çadrşəb Qulam xana başsağlığı verib deyirdi: Qulam xan, xan əmindən yana sən sağ olasan. Bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin boynuna.

Mal-dövlət möhürləndi. Zavallı Rzaqulu xanın, yaxud məşhur bir vətənpərəstin dəfn və kəfninə məşğul olub saat on iki radələri idi. Rzaqulu xanın tabutu üstə qara şal çəkilmiş qapıdan çıxırdı. Doktor Lui, dəxi Münəvvərin məktubuna binaən fayton ilə öz qardaşını görmək üçün gəlirdi. İstəkli qardaşının qara tabutunu görən doktor furajkasını yerə vurub ağlayırdı. Fransızca olaraq öz-özünə deyirdi: İranın işıqlı ulduzu nagahan qürub edib getdi. Doktor faytonu geri qaytarıb tabutun dalınca ağlaya-ağlaya gedirdi.

Rzaqulu xan vətənin müqəddəs torpağında dəfn olundu. Öz vəsiyyətinə binaən doktor Lui əzəmətli və uca bir məzar daşı yazdırıb tarixi-vəfatilə bərabər qəbrinin üstündə tikdirdi. Daşın üzərində yazılan «Məqtuli-eşqi-İran Rzaquluxani-binamu nişan» kəliməti qəmkinanəsi indi də insanı ağladacaq dərəcədə oxunmaqdadır.

Rzaqulu xanın vəfatından 16 gün keçmişdi, evin qapıları möhürlü, Münəvvər xanım naxoş, Böyükxanımın da başı qəm dizində idi. Zira Qulam xan qapıları möhürləyib açarlarını cibinə qoyub özü də daha Münəvvəri aparmaq istəmirdi. Buna cəhət Böyükxanımın əhvali nəhayət dərəcədə qarışmışdı. Oğlanları Pərviz xan və Hacı xan da atalarının teleqramını alan kimi çıxıb gəlmiş idilər, lakin evdən əsla eşiyə çıxmayıb, camaatın sərzənişinə düçar olmaq və Qulam xan kimi də nakəsi görmək istəmirdilər. Böyükxanım da ümidini Qulam xandan kəsib oğlanlarına meyli-məhəbbət etmək istəyirdi. Bundan ötrü çadrşəbini başına salıb Mirzə Rəhim ağanın evinə gedib qapıları açdırmaq istəyirdisə də oğlanları mane olub deyirdilər: biz qanırıq o nə tövr adamdır. Belə məlum olur ki, Qulam xan ilə əlbir olub bu dövləti yemək istəyirlər. Ancaq biz də gərək bir az səbr edək. Görək işin axırı nə tövr olacaqdır. Hərkah bu vətəndə bir ədalətlə rəftar edən bir hökumət, bir idarə olursa, biz onun vasitəsilə öz həqqi-məşruimizi tələb edərik. Biləks, biz də sayir iranlı qardaşlarımız kimi fəqrü faqə, zülmüsitəm içində ömr edərik.

Münəvvər xanım da hərdənbir gözlərini açıb deyirdi: qardaşlar, tezlik ilə məni atamın yanında dəfn edərsiniz. Xoşa halınıza Tehranda olub bizim çəkdiyimiz müsibətlərə düçar olmadınız, mən də, atam da dərd-qüssə içində çürüyüb qurtardıq. Böyükxanım da çadrşəbini başına salıb Mirzə Rəhim ağanın evinə getməyə hazırlaşmışdı.

Böyükxanım Mirzə Rəhim ağanın hərəmxanə qapısından daxil olub ağanın baş hərəmi Nisabəyim xanımın otağına daxil oldu: — Salaməleyküm Nisabəyim xanım!

Nisabəyim xanım — Əleykəssalam, xoş gəldin, səfa gətirdin, əyləş görək. Balam, sən hara, bura hara? Nə əcəb səndən bizi yada salırsan? (Böyükxanım əyləşir): Allah ölənlərinizə rəhmət eləsin, uşaqların atası öləndən elə başım qarışıb, xatir, könül də edə bilmirəm.

Nisabəyim xanım — Allah xana rəhmət eləsin, Mirzə Rəhim ağadan pulunu heç muzayiqə eləməzdi. Amma ağa da onun xatirini istərdi. Hətta bir gün mən qapı dalından qulaq verirdim, gördüm ağa, Rzaqulu xan rəhmətliyə gülə-gülə: «Biz iranlıların Firəngistanda oxuyanlarını nə qədər ki, düşmən bilirux, amma sizi bir o qədəri dost tuturux, çünki siz özünüzü o qədər məhbubülqülub etmisiniz ki, onların şəriətə vurduğu rəxnələr yadımızdan çıxır — deyirdi.» Amma Böyükxanım, sən bilmirəm niyə belə kəmiltifat olmusan ki, ayda bir, həftədə bir gəlmirsən? Allah bilir, ancaq sizin də xanın e’tiqadı bir az xarab imiş. Eşitdim ki, istəyirmiş uşaqları Firəngistana göndərsin. Aləm gəlir Təbriz mədrəsələrində dərs oxuyur. Odur Talibiyədə Hacı Səfər Əli mədrəsəsində min-min tələbə dərs oxuyur. O rəhmətlik də uşaqları murdar firənglərin içinə göndərirdi. Bəh, bəh, qəribə bədə’tiqad adamlar var imiş?! Mirzə Rəhim ağa buyurar ki, iranlılar həmişə laməzhəb olmağa tələsirlər. Ay rəhmətlik kişi, Təbrizin bu qədər həkimləri Firəngistana getməyib həkim olmayıblar (Böyükxanıma) Sənin o əziz canuva and olsun, keçən ay bizim qonşu Müzəffərülməmalik naxoş oldu, getdilər haman xanın doktorunu gətirdilər. O tərəfinə bir qara zurna soxdu, bu tərəfinə bir qara zurna soxdu, qulaq verdi, kah bir şüşə parçası çıxarıb qoltuğuna qoydu, kah da çıxarıb saata baxdı. Bir az tartan-partan danışandan sonra bir nüsxə yazıb hacı Əli dəvafuruşun yanına göndərdi, min həngamə çıxartdı. axırda Mirzə Fərəcülla həkimbaşını gətirdilər, dilinə baxıb nəbzini tutandan sonra iki misqal sənə və şuvərən ilə naxoşun yaxasını qurtardı. Qərəz ki, xalqın qəlbi lap dolanıb, elə Firəngistana getdilər ki, bu şeytan əməlləri çıxdı.

Böyükxanım, Nisabəyim xanım danışdıqca ah çəkib başına hərəkət verirdi. Yavaş-yavaş deyirdi. İndi burada heç kəs yoxdur, gizlin sözümü deyirəm, dürustu odur ki, kişinin e’tiqadı xarab idi. Münəvvər üç yaşında idi, ötürmüşdü firənk doktorunun övrəti Liza xanımın yanına, nə var, nə var ki, tərbiyət alsın ədəb öyrənsin. Vəhalonki, Lizanın özündə heç bir övrətlik yoxdur. Ancaq bir gözəlliyi var. Bir də axşama kimi qabağında kitab oxuyar. Yainki aynanın qabağında oturub tüklərini, üzünü düzəldərək, bəzək verər. Axşama kimi peşəsi oğul-uşağa kitab oxutmaq, nə var ki, ədəb öyrədirəm. Başıma dəysin o öyrədən ədəb. Heç bir iş bilməz, paltar yuya bilməz, ev süpürmək bacarmaz. Ancaq iş barəsində bircə nazik çorablardan toxumağı öyrənib. Rəhmətlik xan bais oldu qızın laməzhəb olmağına, indi danışdırıram, deyir ki, ana sən haqlısan, çünki elmin yoxdur.

Nisabəyim xanım — Münəvvərin Qulam xandan övladı vardır?

Böyükxanım — Münəvvərin başına gül olsun, hələ vaxtı deyil ki, ancaq bu heyva vaxtı gəlsə 13 yaşı tamam olacaqdır. Münəvvər adı gələndə dərimə od düşür. Cəmi təqsirlər mənim sahibimdə idi ki, öz sağlığında qızın ata malını ayırıb özünə verməzdi ki, sahibinin yanında üzü ağ olsun. İndi Qulam xan acığından qızı buraxıb gəlib evdə qalır. Uşaqlar da Tehrandan gəliblər bekar-bekar dolanırlar.

Nisabəyim — Yox! Yox! İnsaf deyil bekar gəzsinlər. Onlara bir iş tap!

Böyükxanım — (ağlaya-ağlaya) elə mən də gəldim ki, ağa evin möhrünü götürsün, uşaqlara bir iş tapım.

Nisabəyim xanım bu sözləri eşitdikdən sonra Mirzə Rəhim ağanı o biri otaqdan səsləyir, bir neçə dəqiqədən sonra cənab ağa təşrif gətirir. Amma Böyükxanım kamali-şiddətlə ağlayırdı, çünki əvvəlinci dəfə olaraq məhkəməyə girdiyi idi. Hərçənd Münəvvərin kəbinini kəsdirəndə ağanın mənzilinə gəlmişdi, lakin övrət tayfasına qız ərə vermək ləzzəti o qədər şirindir ki, bu tövr həqarətləri əsla xəyalına gətirmirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri