Səhifə 6 / 9 · 56%

Mirzə Rəhim ağanın qorxudan ağzı qurumuşdu. Tüfürcəyini udub dedi: niyə çox danışırsan, füzul qızı füzul! Sənin xəyalın odur ki, mən şəriəti ayaqlayım? Özümü allahın qılıncına vurum? Peyğəmbərin qəzəbinə giriftar eləyim? Nisabəyim xanım qeyzindən əlləri titrəyə-titrəyə: allah döysün o şəriəti ki, sən yeridirsən. Kişi bir utan! Bir həya elə! Bir ağlıvı başıva yığ! Az məni yerə soxkinən! Yerə soxum boyuvu belə alim! Belə molla! Kişi bu da olmadı Həmid ağanın övrətini iddəsi çıxmamış aldın, aləm cəmdəyimizə tüfürdu.

Mirzə Rəhim ağa (fikirli-fikirli) az danış, bu işlər sənin borcun deyil, — deyə başını aşağı salmışdı.

Nisabəyim xanım — Bəs kimin borcudur?

Mirzə Rəhim ağa — Biz öz məsələmizi yaxşı bilirik. Şəriət əhli xilaf hərəkət etməz, deyə əlini başına qoyub fikrə getmişdi.

Nisabəyim xanım — Qeyz axır məni öldürəcəkdir, allah evivi başıva uçurtsun! Vallah çıxıb qapıya aləmi yığıb tökərəm başıva. Gündə bir siğə, gündə bir siğə, gündə bir siğə, hamısı da iddəsi çıxmamış çavanə övrətlər. Başına daş düşsün, hələ dörd gün yoxdur ki, Murtuzaxanın övrəti Dilaram xanımı almısan. Boyuvu yerə soxum, deyəsən övrət dəllalıdır! Siğə olar, iki olar, üç olar, nəinki qırx-əlli?

Mirzə Rəhim ağa — Çox danışma, o övrətlər ki, birisi üç misqal gümüşə siğə eləmişəm, hər birisinin bir kürur dövləti vardır. Amma sənin qırx dəyirmanda bir ponza unun yoxdur. Hər ildə iki min tümən pul xərcləyirsən.

Nisabəyim xanım — Mən onu bunu bilmirəm, daha təngə gəldim. Altı dəfə talağımı vermisən bu da olsun yeddinçisi. Mən bu rüsvayçılığa tab gətirə bilmirəm. Sən arı yeyib namusu da dalıva bağlamısan.

Mirzə Rəhim ağa — Bu da sənin təlağın, deyə talaq verir. Xub, bu da sənin talağın, indi buyura bilərsən. Nisabəyim xanım çadrşəbini başına sala-sala deyirdi: Başıva dəysin belə mollalıq ki, hər gün bir müsəlman övrətini hiylə toruna salıb zinaya mürtəkib olursan. Adın da qoyursan siğə.

Mirzə Rəhim ağa əsanı götürüb Nisabəyim xanımı qovurdu. Köpək qızı, sən ağzıvı hara yetirmisən ki, müctəhidə böhtan deyirsən?

Nisabəyim xanım — sənin müctəhidliyivi heç kəs də bilməsə mən yaxşı bilirəm. Xalqın malını alırsınız bəs olmur, övrətinə də kəc baxırsınız — deyə qaçırdı. Nisabəyim xanım qaçıb ortadan çıxdı.

Mirzə Rəhim ağa da tək-tənha otaqda oturub öz-özünə danışırdı. Xub, hala mənə deyən gərək ay axmağın birisi övrəti nə üçün boşladın? Xub, Böyükxanım sənə siğə olacaq ki, öz övrətivi boşladın? Pəh, qəribə nəqdi boşluğub pisyə dalınca düşmədim?

Bu vaxt qapı açılıb Pərviz xan və Hacı xan salam verib içəri daxil oldular.

Pəvriz xan və Hacı xan, Mirzə Rəhim ağanın mənzilinə daxil olaraq salam verib döşəklərin üstündə əyləşirlər. Əyinlərində pakizə Avropa libası, başlarında nazik tehrani papaq olduğundan Mirzə Rəhim ağa həzrətlərinə çox nəzərruba idi. Cənab ağa xanların salamını alıb təarufati-rəsmiyyəni əmələ gətirəndən sonra əhval pürsan olub deyirdi: Oğlanlarım, siz hara, bura hara? Nə əcəb molla əminizi də yada salmısınız? Çox mərhəmət buyurmusunuz. İltifat eləmisiniz.

Pərviz xan — Mərhəmətiniz artıq, lütfünüz ziyad, səyəniz kəm olmasın. Mirzə Rəhim ağa Hacı xana mütəvəccəh olub gülə-gülə çənəsini əlləyirdi, Pərviz xana deyirdi: Bax gör gözləri necə Rzaqulu xanın gözlərinə oxşayır? Əlin çalıb əlinə deyirdi: Allah sənə rəhmət eləsin kişi, mənim əlimdən getdin! Pərviz xan kamali-ədəblə: mərhəmətiniz ali olsun, haqqımızda iltifatınız vardır.

Mirzə Rəhim ağa bu tövr təarifatı da əmələ gətirəndən sonra hə, oğlanlarım, nə əcəb təşrif gətiribsiniz?

Pərviz xan — Cənab, zati-alilərinizə mə’lumdur ki, biz ikimiz də atamız mərhum olan vaxt Tehranda idik. Siz cənab isə məhz hüquqi-məş’ruəmizə bikanə tərəfindən təcavüz olmasın deyə evləri, anbarları möhürləmisiniz. İndi təvəqqe olunur ki, gəlib haman möhürləri götürəsiniz.

Mirzə Rəhim ağa söhbətə təğyir verərək deyirdi: Oğlanlarım, fikir eləməyin, Rzaqulu xan öldü, mən ki, ölməmişəm. Sizin hamı işinizi düzəldərəm. Orada söhbət yoxdur. Ancaq deyin görüm genə Tehranda millətpərəstlər nə fırıldaq çevirirlər? Aldıqları məşrutəyə razıdırlar, yainki başqa xəyalları da vardır?

Pərviz xan fırıldaq kəlməsindən dilgir olmuşdu. Lakin öz e’tidalını pozmayaraq ədəb dairəsində dolanırdı. Mirzə Rəhim ağaya yavaş-yavaş deyirdi: Cənab ağa, sizin kimi mə’nəvi və ruhani atalar vücudunun bərəkətindən bizə atamızın ölməyi heç təsir etmir. O ki, qaldı Tehran övzai gündən-günə muxtəll olur. Gündən-günə fanatizm çoxalır. İrticayi hərəkətlər artır. Qorxuram işlər vəxamət kəsb etdikdən sonra camaat kəsbkardan qalsınlar. Mirzə Rəhim ağa fanatizm kəlməsini eşidib istehza edərək gülə-gülə deyirdi: Bala, mən fanatizmin mə’nasını bilmirəm, çünki xarici dərsi oxumamışam. Bu sözlər frənkiməabların təzə istilahlarıdır. De görüm fanatizm nədir?

Pərviz xan yenə ağanın məsxərəamiz sözlərindən xuddarlıq edib deyirdi: Ağa, fanatizmin xarici lisandan alındığı mə’lumdur. Ata-babadan qalma cəhaləti, qanuni-həqiqiyi islam deyə qucaqlamaq, bid’ətlərə şəriət deyib xidmət eləmək, istibdad və zülm əhlinə dünya malından ötrü riya və təməllüq göstərmək kimi işlərə fanatizm deyirlər. Bu işlərin haliyyədə rəvacına çalışan məhz hökuməti-hazirədir.

Mirzə Rəhim ağa bu sözdə bir ucadan güldü. Əlini əlinə çalıb dedi: Afərin, səd afərin, qəribə fəsahətli, bəlağətli natiq olmusan. Mən ölüm, bu gün get əncüməndə bir nitq elə! Mirzə Hüseyn natiq bari bir xəcalət çəksin. (Öz-özünə) Abad olasan Təbriz, qəribə natiq, süxənvərlər yetirmisən! (Pərviz xana). Xub, hala bildim fanatizm nədir, onun rəvacına hökumət nə üçün çalışır? Padşah ki, həmişə məmləkətdə əmniyyət istər.

Pərviz xanın bu qədər məsxərə, bu qədər təcavüzdən ovqatı təlx olmuş isə də, yenə e’tidal üzrə və nazikanə bir surətdə hərəkət edib deyirdi: Cənab! İndi siz gərək bu iğtişaşların, ixtilafın səbəbini yaxşı biləsiniz, çünki camaata siz hökumətdən yaxınsınız, belə ki, ildə bir dəfə hökumətə işi düşməyən adamın əqəllən ildə yüz dəfə üləmaya işi və ehtiyacı düşür. Səbəbi isə əvvəldən işlərin bu tövr ustadanə bina olunmasıdır ki, camaat mollaların yanında həlgəbəkuş mənziləsindədirlər.

Mirzə Rəhim ağa — Əlbəttə, hər işi biz bilirik, amma bu firənkiməabların işindən baş çıxarmaq mümkün deyil! Çünki bu adamlar firənkiməab və oxumuş adamlardır. Bu millətpərəstlər hər gündə bir söz çıxardırlar ki, əsla qulaq eşitməyibdir. Bir gün görürsən gəlib deyirlər ki, biz şahdan konstitusiya istəyirik. Bir gün də cənab Hüseyn Natiq başladı ki, gərək İranda həqiqi bir radikal firqəsi təşkil olunsun. Bir gün iştirakiyyun amiyyun, bir gün inqilabiyyun iştirakiyyun deyirdilər. Siz də indi deyirsiniz ki, Tehranda irtica artır, mən də heç bilmirəm ki, irtica nədir. Hətta dünənləri bizim Məşədi Haşım əlaqəbənd deyirdi ki, Tehranda irtica güclənir. Dedim, balam, irtica nədir? Dedi ki, xala oğlu, mə’nasını bilsən sənə də zərəri vardır. Çünki sən də əvvəlcə məşrutə veriləndə Hacı Səfərəli mədrəsəsində məxsusi əncümən qurmuşdun. Sonra genə bərhəm eləyib Məhəmmədəli şaha übudiyyət telegramı çəkdik.

Pərviz xan daha bu qədər həqarətə tab gətirə bilməyib deyirdi: Ağa, hərkah izndir, mən də ərz eləyim ki, camaat nə işdən ötrü təngə gəlib məşrutə istədilər və hökumət nə üçün işi qarışdırır.

Mirzə Rəhim ağa — Buyur! Buyur!

Pərviz xan — Cənab! Nəsrəddin şah əsrində bizim bu zavallı vətənimizə hansı düşmən hücum etdi? Dövlət hansı təşəbbüsatda bulundu, hansı islahati vətəniyyədə bulundu? Hansı dəmir yolları çəkdi, hansı mərizxanə, hansı mədrəsəni açdı ki, bu qədər tənəzzül elədi? Bu tənəzzülün səbəbi nədir? Bunlara səbəb nədir? Bunlara səbəb hökumət başında oturan zatın xüsusi bir politikası olmayıb camaatdan aldığı pulların lazımi yerinə sərf etmək iste’dadı olmadığındandır. Bunlardandır ki, milləti, vətəni bu həqarət, bu tənəzzülə düşürdü. Məsələn, vətənin mühafizlərinə, məmləkətin hifzinə cəhət camaatdan alınan pullar Firəngistanın restoranlarında, bu kimi yerlərində tökülüb madmazellərin əlindəki bir dəstə gülə bir fövc sərbazın bir aylıq məvacibi getdi.

Digər tərəfdən özünün və camaatın hüququnu bə’zi para mollanümaların və müfsidlərin, daha açığı, əlvatın əlinə buraxmışdı. Buna cəhət hər yerdə basıb kəsmə, rətqüfətq, rəyasət sevdası başlarda qələyana gəlib, İran və iranlılar başdan-başa ayaqlar altına salınıb, fəryadi-təzəllüm aləmi tutmuşdu. Bu da təbiidir ki, ayaqlanan camaat daha yata bilməzdi. Ona cəhət ittihad altına alınıb öz hüququ-məşruəsinə bir məşrutə qoşmaq istədi. Vaxtın müsaidəsizliyinə cəhət bu iş qəlblərdə nihan sirlər kimi qaldı. Nəhayət, Mirzə Rza nam Nəsrəddin şahı qətl etdikdən sonra yerinə Müzəffərəddin şah mərhumu əyləşdirdilər. Bu zat dəxi siyasi bir kişi olmayıb mollasifət bir hökmdar olub da az vaxtda mollalar sinfinə daxil oldu. Bunun əhdində İranın əli xarici istiqraza açıldı. İmtiyazlar xaricə verildi. Camaatın bu cəhətlərdən hərəkətlərini mülahizə edən Müzəffərəddin şah əvvəlcə bir ədalətxanə, sonra tam bir qanun əsası əta və e’lan buyurdu. Bu e’lanı bittə’qib şahi-məğfur vəfat buyurdu. Yerinə Məhəmmədəlilər keçdi. Bu zat da qururun çoxluğundan padşahlıqda əl olmasın gərək deyə məşrutəni geri almaq istədi. Ondandır ki, vətən hali-virani təşkil etdi. Cənab ağa, çox tul oldu bağışlayın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri