Üç ildən sonra
Səhifə 7 / 9 · 67%
Pərviz xan sözünü qurtarandan sonra Mirzə Rəhim ağa danışmayıb heyran-heyran baxırdı. Nəhayət dil açıb deyirdi: bəh, bəh! İran qəribə mühitlər yetirmədi?! Divanəni qoymuşuq evdə, düşüb çöllərdən divanə axtarırıq. Bu ağız burunda camaat durub zillullahə, qibleyi-aləmə iş öyrədirlər. Vallah bilmirəm bu məşrutə necə şeydir ki, bu ağzı yekələri dəli-divanə edib saldılar camaatın canına. (Pərviz xana) Bala, de görüm məşrutə nədir axır? Sən hardan belə natiq və süxənvər oldun?
Pərviz xan sözün qabağını saxlaya bilməyərək bixtiyar danışırdı: Hərkah məşrutəni bilmirsiniz isə, mən sizi başa salım. İdareyi-keyfəmayəşʼa bilirmisiniz? Bu qanuni-əsasi haman idareyi-zalimə və müstəbiddəni ortadan qaldırıb hökumət başında oturan kişilərdən başlamış alçaq mənsəbdə olan mə’murlar da kefləri istədiyi qədər işlər görə bilməyəcəklərdir. Bu zavallı səltənətin hər guşəsində bilafərq bir qanun əsası icra olunacaqdır.
Mirzə Rəhim ağa — Bala gedin işinizə! Qardaş, gedin işinizə! Nə məşrutə? Nə qanuni-əsasi? Yazıqsınız, müsəlman olun! Hər kəs getsə öz işinə, müsəlmanları öz ruhanilərinin öhdəsinə buraxsa, millət də qabağa gedər. Nökəri çəkirsiniz ağanın üzünə, adını da qoyursunuz hürriyyətdir, müsavatdır. Mən düz deyirəm, mənim özlüyümdə nə qədər xülqi-həsənə var isə, yenə razı olmaram ki, mənim nökərim Nəcəfəli mən olan məclisdə yerə otursun. O ki, qaldı rəyasətli ə’yanlar, nəcib xanlara, şahzadələr ki, İranın üç hissəsi bu tövr adamlardır, razı olarlar? Başıma dəysin sizin bu hürriyyət, bu müsavatınız.
Pərviz xan sözlərə məşğul olub, mə’lum olmayacaq dərəcədə təbəssümkaranə baxıb deyirdi: axund, sizdə olan iste’dadı bildim, daha danışmaq istəmirəm.
Lakin Mirzə Rəhim ağa xanın sükutunu məğlubiyyət ədd edərək, deyirdi: hə indi necə gördün qoca əmini? İndiyə kimi molla əlinə düşməyibsiniz. Gedib hər yerdə ki, «Sərfimir», «Nisabi-tərəssül» oxuyan mollalar var, qapıb elə salmısınız. Hər nə demisiniz gözlərini döyüblər, siz də şadlanmısınız ki, biz bilirik. İndi danış görüm nə deyirsən!
Pərviz xan — Axund, mənim sükutum məğlubiyyət deyil idi. Bəlkə mən öz vaxtımı boşa vermək istəmədim. Çünki sizi başa salmaq üçün heç olmasa əlli il vaxt lazımdır. Əcəba, məşrutə hansı bəndində hökm edir ki, nökərlər öz vəliyun-ne’mətlərinə ağ olsunlar? Bir də siz cənab nə üçün ağa ilə nökərə təfavüt qoyursunuz? Ağa — nökərin fərqi fəqət libasındadır, adındadır. Məşrutənin müqəddəs qanunları insanı həmişə növ’pərəst və insandust olmağa də’vət edir. Buna cəhət ağa ilə nökərə gərək təfavüt qoymayağ! Bir nökərin libasını fəqir və səfalətini bir mö’təbər və mütəşəxxis ağanın öhdəsinə təhmil eləsən, nökərdən də alçaq olar. Amma bir ağanın libasını fəqir bir nökərə versən ağa olmasa da ağalara oxşar, çünki allah-taala hər kəsi bir hüquq, bir ixtiyarda, bir ə’zada xalq etmişdir.
Bir də mən siz cənabə xidmətkaram. Öhdəmə həvalə olunan xidmətləri bitirəndən sonra, yaxşıca ifayi-vəzifə etdikdən sonra, nə eybi vardır ki, mən gəlib məclisin aşağı başında bir saat rahat olum? Siz gecə, altı saat əyləşiniz qalın döşəyin üstündə, qəlyan, çay, müsahib hazır, mən də ayaq üstə übudiyyət əllərim sinəmdə durum sənin qabağında, bunun nə mə’nası vardır? Cənab, indi iyirminci əsrdir; indi hər kəs elm, fünun, sənət, mə’rifət, ticarət, mədəniyyətlə fəxr edir. Nəinki ləqəb, rətq, fətq, basıb kəsməklə. Əcəba, mənim dalımca bazar içində əlli nökər, əlli də molla düşüb getsə, əsnaf da durub hər tərəfdən təzim eləsə, mənim millətimə nə nəf’i vardır, axirətimə nə mənfəət gələcək? Söz yoxdur ki, bunun heç mə’nası yoxdur. Burası vazehdir ki, o tövr nəleyn şaqqıltısı camaatın pullarını cəlb edər. Amma o tövr yığılan pullar yenə dalıca dolanan bekarların və riyakarların, müridlərin qarınlarına dolar. İndi İranda bir quru ləqəb qazanmaq üçün bir növ həngamə qururlar ki, insan şaşıb qalır. Amma başqa millətlər bir fəqirin hüququnu istibdad əlindən qurtarmaq üçün minlərcə qurbanlar verib genə razı olmurlar. Özgə millətlər hürriyyət, müsavat aşiqidir, biz isə ləqəb və nəleynin şaqqıltısının aşiqlərindənik! Bir də sizə mə’lum olsun, bu sözlər hürriyyətə, müsavata bir tə’rif deyil! Çünki siz ağa-nökər söhbəti açdınız, bən də ona görə danışdım.
Mirzə Rəhim ağa bu sözlərdə büsbütün e’tidalını pozub əl-ayağını dağıtmışdı, daha nə söyləyəcəyini bilmirdi. Xahi-nəxahi, xub, müsavatı anladım nədir. Hürriyyətə nə deyirsən ki, övrətlərin üzü açıq gəzməsinə əmr edir? Bu da oldu bir hürriyyət, bu da oldu müsəlmanlıq? A kişi bir insaf eləyin!
Pərviz xan — Afərin sənə! Afərin sənə! Axund siz nə üçün övrətin üzü açıq gəzməsini hürriyyətdən bilirsiniz? Hürriyyət olan ölkədə gərək iffət-umumiyyə e’lan olunsun. İndiyə qədər kəşfi-hicabın mənʼinə və isməti-nisvanə mütəvəccəh olmayan Belçik milləti nail olduqları hürriyyət sayəsində iffətümumiyyənin e’lanı və isməti-milliyyənin payidar olması başında nə qədər təşəbbüslər etmişlər bilirmisiniz? Axund, insaniyyət və mədəniyyət mə’nasını havi olan bir kəlməni vəhşaniyyətə isnad verməkdə heç allahdan qorxmursan?! Mən daha sizə nə ərz eləyim! Hürriyyət bir qüvvətli əldir ki, uzanıb iyirmi milyon millətin yaxasını əmir Bahadirin və sairlərin qətledici əlindən alacaqdır. Hürriyyət olan mülkdə hər kəs öz hüququna malik olar. Siz cənab da öz vəzifeyi-ruhaniyyənizi bilib, ədalətsiz padşaha, savadsız, mə’rifətsiz vəzirlərə, rüşvətxor məhəlli hakimlərə riya və təməllüq dili açıb, danışa bilməyəcəksiniz. Çünki o vaxt nə o tövr hakimlər qalacaq, nə də riya, təməllüqlə danışan dillər. Hürriyyət olan vətənimizin kəndlərində, mühəssillərində bəd rəftar edə bilməzlər. Cənab... əlməmalik, Ziyvə kəndində iyirmi gündə dörd yüz toyuğu yeyib həzmi-rabedən keçirə bilməz. Çünki bu hürriyyət o tövr tülküniyyət adamların da dişini çəkəcəkdir. Hürriyyət olursa bizim Təbriz dəllalazəni də bu vəziyyətdə qalmaz. Yəni övrət alış-verişi olmayıb, hər kəs sərbəstanə öz övrətinə malik olar. Öz irzi-namusunu mühafizə edər. Hürriyyət olan şəhərdə iyirmi sinnində xoşkil uşaqlar da uşaqbaz hakimlərin qorxusundan evdə məhbus qalmaz. Bir gecə həzrəti-valanın hüzurunda qaldıqdan sonra bir tüksizə dərəcə və nişan vəzifə də verilməz!
Cənab, hürriyyət belə işlərə xidmət edəcək, nəinki kəşfi-hicab və təxribi-şəriətə.
Mirzə Rəhim ağa daha cavab verə bilməyərək əlləri ilə, barmaqları ilə yavaş-yavaş oynayıb öz özünə deyirdi: Əhsən Pərviz xan. Əlli, ayaqlı firənkiməab olmusan, məni dinim, məni imanım bütün Təbrizdə olan firənkiməablar gərək səndən dərs alsınlar. Evin yıxılmasın, azca qaldın ki, məni yoldan çıxarasan. Allah Hacı Mir Tağının oğlu Seyid Həsənə insaf versin ki, sizin əlinizə məşrutəni ünvan verdi. Amma mən ölüm bu sözlərdən bir neçəsin də get Mirzə Əlixana tə’lim elə! Hərçənd o da tutarlı söhbətlər bilir, amma sənin təzə sözün çoxdur. Amma həkkak başı sənin bu kimi sözlərivi yazıb dəftərinə götürəcəkdir. Bir də sənin bu söhbətin, bu fəsahətin doktorun övrəti Lizanın bərəkətindəndir. Heyif ki, görə bilmədik nə tövr övrətdir. Allah qoysa yaxşı olarsan, hələ cavansan! Təbrizdə əvvəlinci firənkiməab olacaqsan. Evin yıxılmasın, elə bil ki, vaxt ikən sözləri birləyibdir.
Pərviz xan nəhayət dərəcədə qızışdığından axundu daha buraxmayaraq deyirdi: Axund, o işlər ki, insanı firənkiməab edir, o hansı işlərdir, buyurun ki, ictinab edək.
Mirzə Rəhim ağa — Firənkiməablıq odur ki, tə’amı çəngəl-biçaq ilə sərf edər, vəhalonki əl ilə təam yeməyin nə qədər səvabı vardır. Döşəyi qoyub stul üstündə əyləşər, bir halətdə ki, rəsmi-ədəb əmələ gətirə bilməz. Üsuli-cədid qoymaq istər, bir halətdə ki, xudavəndi-aləm bi’dət qoyanlara lə’nət eləyib. Əyninə əb’a, rida, qurşaq əvəzinə dar və qısa paltar geyər, bu da ki, aşkardır. (Mən təşəbbəhə biqovmin fəhüvə leysə minni).
Bunu ki, inkar edə bilməzsən! Xub, hələ yadımdan çıxdı, təzə firənkiməablar saqqalı da dalı tərəfdən qoyurlar. Necə ki, siz qoymusunuz.
Pərviz xan özünü saxlaya bilməyərək axundun həmaqətinə təbəssüm edirdi: İndi mən anladım ki, səhv etmişəm və öz vaxtımı itirmişəm. Siz indiyə qədər firənkiməablığı da anlamayıbsınız. Bağışla axund, başağrısı verdim.
Mirzə Rəhim ağa burada üslubunu dəyişib dedi: Bala, mən hamıdan yaxşı bilirəm firənkiməablıq nədir. Lakin hamısını açıb deyə bilmərəm, çünki indi Təbrizin firənkiməabı, laməzhəbi hər şəhərdən artıqdır. Adam heç ilə çörəkdən düşür. İndi sənə deyirəm, hərkah xaricdə dərs oxumaq yaxşı isə, bir neçə il də firənglər gəlib Təbrizdə dərs oxusunlar. İrandan nə qədər uşaq ki, xaricə dərsə gedir hamısı laməzhəb olub qayıdırlar. Nə mollanı, nə bəyi, nə də hökuməti hesaba alırlar.
Pərviz xan — Axundun dediyinə görə Parisə gedən uşaqlar müstəfirənk olub gəlir, nəinki kafir: Kafir ayrıdır, müstəfirənk ayrı. Mən indi sən ilə danışmağı günahi-kəbirədən ə’dd edirəm. Məni bağışlayınız! Əcəba firənglər gəlib Təbrizdə kimdən dərs alsınlar? Talibiyyə və Hacı Səfərəli mədrəsəsində cib kəsən və adam öldürən əlvatdanmı? Sizdən bu tövr söz çox bəiddir, bir millətin alimliyi iddiasında olan zatə belə bir xəbərsiz söz yaraşarmı? Firənglər gəlib nə oxusunlar?
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-uc-ilden-sonra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır.*Bu yazıq çinlilərin ağlına bir bax, əcəba
Balaca felyetonAmerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
İrandan məniİran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
Başqa şairlərin şeirləri
Bu gün bir gözəlin seyrinə vardım,Tutubdu dəstində ağ lamə, Pərim!
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Məni hicran qəminə saldı o məhparə yenəMəni hicran qəminə saldı o məhparə yenə,Zülfü tək eylədi aydın günümü qarə yenə.
KəndimizSalam Kür! Salam Kür! Baba ocağı,Dağıtdın könlümün hər möhnətini.