Giley yaxud umu-küsü ("Get-gedə, "Zənbur" ağa, sən də çaşırsan deyəsən?!")
-GİLEY YAXUD UMU-KÜSÜ**
Get-gedə, “Zənbur” ağa, sən də çaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!
Sən düz adəmsən əgər səndə bu tədbir nədir?
Jurnala çəkdiyin ol çalmalı təsvir nədir?
Qollarından sarılan kimdir, o zəncir nədir?
Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!
Nədir ol həlqeyi-zəncirdə bir parə süvər?
Kimləri göstəriyor həlqə dərunindəkilər?
Şəkli-islamə gülən kimdir o ifritsiyər?
Sən bu rəftar ilə bizdən uzaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!
Açmağa bir para əsrarı edib sə’yü təlaş,
Çalışırsan ki, bizə təng ola ta rahi-məaş?
Bu qədər etmə cəsarət, özünü gözlə, yavaş!..
Dəymədikcə kefinə loğalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!
Sən bu şəkl ilə bütün xəlqi oyatdın da deyək,
Bizi mənfur eləyib, bir yana qatdın da deyək,
Sənə nə xeyr olacaq bizləri atdın da deyək?
Boş yerə boylə bizimlə dalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!
Məzhəkə jurnalın əvvəl bizə, ibrətdi, dedin,
Bir para şəxsə sataşdın, bu nəsihətdi, dedin,
Bizi qatdın işə, bir növ’ zərafətdi, dedin,
Indi amma dəxi ciddən savaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!
Şəxsi-islamın əgər biz qolunu bağlamışıq –
Nə günah eyləmişik? Millət üçün ağlamışıq...
Hifz edib məzhəbi, şeytanı yaxıb dağlamışıq!
Bizi görməkdə müqəssir, dolaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!
Biz əgər olmasaq, islamə nigəhban kim olar?
Beş gün ötməz ki, bu bağın gülü reyhanı solar,
İxtiraati-şəniə bütün islamə dolar,
Leyk sən anlamayıb işdə çaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!
Asta-asta dəbərib, qurdalaşırsan deyəsən?!
Bə’z əfsanəçilərlə yanaşırsan deyəsən?!
Büsbütün məfsədələrlə bulaşırsan deyəsən?!
A balam, eybini qan!
Bir həya eylə, utan!
Yoxsa təkfir edərik,
Lapca rüsva olusan!..
- **Mirzə Ələkbər Sabir. Hophopnamə. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2004, 254-255 səh. **
Kitabxana.az · https://kitabxana.az/works/sabir-giley-yaxud-umu-kusu-get-gede-zenbur-aga-sen-de-casirsan-deyesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mollalar, taleimiz oldu əcəb yar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!
Mən şahi-qəvişövkətəm, Iran özümündür!Mən şahi-qəvişövkətəm, Iran özümündür!İran özümün, Rey, Təbəristan özümündür!
Qoyma, gəldi! ("Xandostu, amandı, qoyma gəldi!")Xandostu, amandı, qoyma, gəldi!Didarı yamandı, qoyma, gəldi!
İstiqbalımız lağlağdırİnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,
Başqa şairlərin şeirləri · Satira
Gəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
"Bayramlıq"Novruz yetişdi, füqera otdu pərişan,əfsürdə və nalan.