Bəlkə son bahardı, bəlkə son qışdı,Diz çöküb torpağa enməyim də son.Bu kənd cığırıyla payi-piyadaAta ocağına dönməyim də son.

Yazıb yol lentinə addım səsini,Çəkib hər bulağa təzə rəsmini,Qırıb yoxuşların iradəsini,Zirvə inadını yenməyim də son!

Yenə cavan ümid – ömrün yazından,Yenə ölümsüzlük – elin ağzından,Məst olub dəyişməz yurd havasındanQədim bir avazla dinməyim də son.

Gədikdə o tənha palıd ağacı,Çəmən süfrələri yenə də açıq,Xatirə köhləni üstüsə qaçır,Onu cilovlayıb minməyim də son!

Ruhları oyanıq kənd axşamında,Dünyanın sirləri an yaşamında,Sonuncu çiçəyin titrək şamındaYanıb pərvanətək sönməyim də son!

25.X.1990

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən