Yurdumun ən gözəl nəğməsi – öndə,Hələ yazılmamış, oxunmamışdır.Sazıma can verən min-min sazəndəHələ sarı simə toxunmamışdır.

Dağlara köklənmiş el yollarındaDöyüş mahnıları çalınmalıdır.Araz simi üstdə addımlarımdan,Görüş mahnıları çalınmalıdır.

Ümidlər könlümlə qoşa boy atan,Əzablı günüm də bal dadır, nədir?!Sədası Cənubu Şimala qatanƏn böyük sevincim hələ öndədir.

İgidlər yol gəlir üzü sabaha,Gözəllər görüşə bəzənir hələ.Ən sərrast sözümün qiyməti baha,Damarda qanımla bəslənir hələ.

Yollar qırağında bir dəstə uşaq,Papağı gözündə, dizləri açıq...O yalın ayaqdan güc əmən torpaqAçılan gülüylə könül açacaq...

Çırtlayır çiçəyi, çağlayır suyu,Bu Vətən deyilən okeana bax!Çəkilər, çəkilər yüz illər boyu,Kim deyir o bir də qabarmayacaq.

Nağıllar ağaca döndərib bizi,Deməyin nağıldı, daşdı, yazıdı.Daşların nəbzini duyuram, düzü,Ağac qardaşım da canlanasıdır.

Bağışlasın məni Füzuli babam,Deməsin söz bürcüm uçulacaqdır.Dilimin söz qatı açılıb, amma,Möcüzə qanadı açılacaqdır.

Ən gözəl şəhərlər tikilir hələ,Ən rahat yolumuz çəkilir hələ,Ən iti sözümüz yetişəcəkdir.Ən dərin yaralar bitişəcəkdir.

Qılıncam – ovxarım sözlə, inamla,Min ilin başında yurdun səsiyəm,Özüm bu günlərə kül ola-olaGələcək günlərin pərvanəsiyəm!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən