Zahida, gəl soyunaq bir kərə paltarımızı,Çıxaraq zahirə batindəki əfkarımızı,Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,Görüb onlar dəxi təhqiq eləsin karımızı,Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Hələlik gəl unudaq, filməsəl, öz lafımızı,Iddiamızca açaq ayineyi-safımızı,Alaq ayinəyə qarşı bütün əsnafımızı,Göstərək onlara, insaf üçün, insafımızı,Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Nola bir ləhzəlik olsun ataq əlqabımızı,Çıxaraq hörməti calib olan əsvabımızı,Toplayaq bir yerə ədamızı, əhbabımızı,Məhzəri-nasə qoyaq sirətü adabımızı,Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,Həm də doğru olaraq şərh edək əhvalımızı,Xəlq tətbiq eləsin halımıza qalımızı,Anlasınlar da, nolur, qayeyi-amalımızı,Hər kimin ağı qara isə utansın, a balam!Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri