Üçüncü pərdə
Səhifə 2 / 3 · 33%
Camal
Bənövşə, heç olmasa başqasının yanında. (Hirslə bir tərəfə çəkilir)
Bənövşə
Nə olar ki?
Qəmər (yavaşdan)
Bu nədir? Deyəsən, hərbi vəziyyətdəsiniz?
Bənövşə
Camal elə hövsələsiz olub ki... Nə deyirəmsə, acığı tutur.
Qəmər
Bənövşə, biz uşaqlara dərman verəndə həmişə acı dərmana bir az şəkər qatırıq. Sən də elə et. Yox, görsən ki, sözünüz yenə çəp gəlir, bərkdən öskür, mən özümü yetirim. Yaxşı? (Çıxır)
Bənövşə (Camala yaxınlaşır)
Niyə, elə heykəl kimi dayanmısan? Başa düş, mən bu saat işləmək, tikmək, qurmaq həvəsi ilə yanıram. Bu həvəslə beş il mühəndislik oxumuşam. Odur ki, incimə, təyin olunduğum tikinti idarəsini pis kökə salan lap gözümün işığı da olsa, ondan qəti hesabat tələb etməyə haqlıyam.
Camal
Tələb elə ey... sözüm yoxdur... Sabah sənə o qədər kağız göstərəcəyəm ki, tələb eləməyinə peşman olacaqsan. Mən özüm neçə vaxtdır onların içində itib-batmışam.
Bənövşə
Çünki köhnəlmisən, Camal.
Camal
Elə demə, köhnəliklə yaman mübarizə aparıram.
Bənövşə
O mübarizədə sən məğlub olmusan. Köhnəlik sənə qalib gəlib.
Camal
Yenə başladın? Cin vurur başıma... (Stulu tərpədir)
Bənövşə
Kağız-kuğuzun içində itib-batdığın üçün işlər bu günə düşüb. (Öskürür)
Camal
Mənim işlərimə qarışmağa sənin ixtiyarın yoxdur. (Stulu tərpədir)
Bənövşə
Var! Həm də məcburən qarışmalıyam. (Öskürür)
Camal
Bir rəis kimi?
Bənövşə
Həm rəis, həm də nişanlı kimi. (Bərkdən öskürür)
Mindilli qaçaraq gəlir.
Mindilli
Ceyran xalanın stullarının atası yandı... (Camala) Yoldaş Camal, mən buradayam. (Birdən geri çəkilir) Yox, mən burada deyiləm. (Çıxır)
Qəmər tələsik gəlir.
Camal (ayağa qalxır)
Yox, mən getsəm, yaxşıdır.
Qəmər
Hara gedirsiniz?
Camal
Doğrusu... Heç bilmirəm neyləyim?
Ceyran xala gəlir.
Ceyran xala
Qəmər, qızım, gedək qonaqlara çay verək. Düzübqoşmaqda sən pərgarsan.
Qəmər
Bu saat, Ceyran xala, sən heç narahat olma. (Gedir)
Bənövşə
Ana, deyəsən, Qəmərsiz bir dəqiqə dayana bilmirsən?
Ceyran xala
Çox bacarıqlı gəlindir. Sənin ümidinə qalsaydım, işim çətin olacaqdı.
Bənövşə
Ana, heç olmazsa, Camalın yanında demə, elə bilər ki, ev-eşik saxlamağı bacarmıram. (Yavaşdan) Onsuz da getmək üçün bəhanə axtarır.
Camal
Bəhanəni mən axtarmıram, sən axtarırsan.
Bənövşə
Mən bəhanə axtarsaydım, institutu bitirən kimi bura gəlməzdim.
Camal
Deməli, mənim xətrimə gəlmisən?
Bənövşə
Bəs kimin xətrinə?
Camal (ucadan)
Əşi, gah məni isti suya salırsan, gah da soyuq suya.
Ceyran xala
Soyuq su istəyirsən, verim iç. Bu saat həyətdən gətirmişəm.
Camal
Düz deyirsən, Ceyran xala. Soyuq sudan başqa əlacım yoxdur.
O biri otaqdan gülüş və musiqi səsləri eşidilir.
Ceyran xala
Gəlin qonaqların yanına, sizi görmək istəyirlər.
Camal
Gedək.
Yan otağa keçirlər. Bir azdan Mirzə Salman və Zərifə səhnəyə gəlirlər.
Mirzə Salman
O stulu qoy pəncərənin qabağına. Belə ha... İndi mən burada oturub təbiəti seyr eləyəcəyəm.
Zərifə
Ürəyin necədir?
Mirzə Salman
Ürəyim bu saat quş kimi pərvaz eləyir. Nadürüst adam ki, görmədim, həmişə bu cür oluram, kefim kök, damağım çağ.
Zərifə
Onda sən istirahət elə, ata, mən də göz gəzdirim, görək Mindilov hardadır.
Mirzə Salman
Uzaq, uzaq! Sənin nə borcuna? Onun vəkili deyilsən ki? Qoy bir rahat nəfəs alaq.
Zərifə
Heç bilmirəm, niyə sizin ulduzunuz barışmır? Bunların hamısı əsəbdəndir. Mən gərək Qəmərdən xahiş eləyəm, sənin əsəblərini müalicə eləsin. Bilirsən, ata, mən Qəmərlə məktəb yoldaşı olmuşam.
Mirzə Salman
Eh, a qızım, sənin məktəb yoldaşın olmayan var ki? Bircə səni ərə versəydim, məsuliyyət boynumdan götürülərdi.
Zərifə
Utandırma da... Onda sən otur, mən gedim, Qəmərlə danışım.
Zərifə gözü ilə o yan-bu yanı axtara-axtara gedir. Mindilli içəri girir. Mirzə Salmanı görəndə əllərini bir-birinə sürtür.
Mindilli
Mirzə, salam!
Mirzə Salman (Mindillini görcək pərt olur)
Gündə adama neçə dəfə salam verərlər?
Mindilli
Olanım odur, verirəm... Dost yolunda varımdan keçərəm, Mirzə! Bu gün aramızdan kiçik bir bulud keçdi. Üzr istəyirəm. Biz ikimiz idarənin söykəndiyi qayalarıq. İki qayanın arasından bulud keçər, bununla qayalar bir-birindən küsməz ki?
Mirzə Salman
Sən nə hədərən-pədərən danışırsan? Nə bulud, nə qaya?
Mindilli
Mən təşbehlə danışıram.
Mirzə Salman
Nə ilə danışırsan danış, amma pul söhbəti eləmə.
Mindilli
Qətiyyən. Pula nifrət eləyirəm.
Mirzə Salman
Xərcləyib qurtarandan sonra nifrət eləməyə nə var ki? Haqq-hesabı gətir, təzə rəis təyin olunub.
Mindilli
O mənim xumar gözlərim üstə... Ancaq bir məsələ var.
Mirzə Salman
Nə məsələ? Sən hər məsələ qaldırdıqca, mənim bədənimdə bir xəstəlik artır.
Mindilli
Möhkəm ol, Mirzə Salman! Tarix səhifələrini bir-bir vərəqlə, gör nələr var. Biz iki dünya müharibəsi görmüşük. (Zərifə ilə Qəmər gəlirlər) Bir dəqiqəliyə icazə ver, məni telefona çağırırlar. (Tələsik çıxır)
Mirzə Salman
Telefon buradadır, bəs o hara getdi? (O yan-bu yana baxır, Mindillini görmür)
Qəmər (Mirzə Salmana)
Zərifə danışır ki, siz xəstəlikdən şikayət eləyirsiniz.
Mirzə Salman
Məndə altı cür xəstəlik var. Qəmər xanım, yəqin deyəcəksiniz ki, həştaddardır.
Qəmər
Yox, siz qoca deyilsiniz ki. Mənə elə gəlir ki, sizin əsas xəstəliyiniz vasvasılıqdır.
Mirzə Salman
Bəli, siz də təzə bir xəstəlik tapdınız, oldu yeddi.
Qəmər
Zərifə, bəs sən mənə danışmadın, neyləyirsən, harada işləyirsən?
Zərifə
Elə burada, atamla bir idarədə.
Qəmər
Neçə ildir, səni görmürəm, heç bilmirəm hansı məktəbi qurtardın?
Mirzə Salman
Bütün məktəblərdə oxuyub.
Zərifə
Ali məktəbi qurtara bilmədim, bəxtim gətirmədi. Girdim konservatoriyaya... Axı musiqişünas olmaq istəyirdim, amma gördüm yox, o səsə mən davam gətirə bilmərəm... Pianino, skripka, oxumaq səsi başıma düşdü. Qulağımı tutub qaçdım düz tibb institutuna.
Qəmər
Həkimlik oxumusan? Bəs mən səni institutda görmədim.
Zərifə
Haradan görəcəksən, qaçdım, düzdür, ata?
Mirzə Salman
Düz deyir, qaçdı.
Zərifə
Hə, oradan məni düzəltdilər universitetə, ədəbiyyat şöbəsinə. Girdim imtahana... Qəşəng də geyinmişdim. Ponbarxat paltar, zamş tufli, düzdür, ata?
Mirzə Salman
Düzdür, geyinməyinə fikir verəndir.
Zərifə
Hə, acıqlı bir kişi gəldi. Dedilər ki, professordur. Deyinən bu paltara heç gözucu baxdımı? Başladı suallarını bir-birinin dalınca yağdırmağa. Filan kitabı oxuyubsan, filan yazıçını tanıyırsan? Mən ədəbiyyatçı olmaq istəyirəm, kitabı, yazıçını neyləyirəm? Qərəz o qədər zəhlətökən sual verdi ki, bütün ədəbiyyata nifrət elədim. Evə gəlib atama dedim: atacan, sənin qızın universitetdə oxumalı olmadı. Ata, dedim, demədim?
Mirzə Salman
Dedi, dedi. Danışmaqda pərgardır.
Qəmər
Bir ailə-zad düzəltmisən?
Zərifə
Gəl bəri...
Qəməri bir tərəfə çəkir.
Qəmər
Ərin var?
Zərifə
Yox... Bir nəfər var, mənə çox birinci məhəbbətim, axırıncı məhəbbətim deyir, görək, nə olacaq.
Qəmər
Deməli, bu yaxınlarda toydur?
Zərifə
Yox... Mən hələ qəti cavab verməmişəm. Qoy, deyirəm, bir az yanıb-yaxılsın.
Qəmər
Kimdir, mən tanımıram?
Zərifə
Yox, haradan tanıyacaqsan? Bizim öz işçimizdir. Elə təmiz adamdır!
Qəmər
Ehtiyatlı ol, Zərifə. Mən təcrübəsizlikdən yaxşı tanımadığım nalayiq bir adamın toruna düşmüşdüm. Sonra səni də aldadarlar.
Zərifə
Mən ona inanıram... Aldatmaz.
Mirzə Salman (böyük ekstazla öz-özünə)
Can... Bir fitnə-fellinin, üzü xallının, bir ceyran gözlünün qurbaniyəm mən.
Zərifə və Qəmər onun yanına qaçırlar.
Zərifə (atasını qucaqlayır)
Atacan, ata!
Ceyran xala gəlir.
Ceyran xala
Mirzə Salman, yenə cavanları nə yığmısan başına?
Mirzə Salman
Təzə doktorumuz məndə bir xəstəlik də tapdı, oldu yeddi.
Ceyran xala
Sən də çox vasvası olma.
Mirzə Salman
Bax, elə ondan tapdı da.
Zərifə
Atamın xasiyyəti lap Bakının havası kimidir: gah gün çıxır, gah bulud olur, gah da xəzri əsməyə başlayır.
Mirzə Salman
Mən neyləyim? Gözümə ki, mərdiməzar adam göründü, ovqatım dəyişir.
Zərifə
Gecənin bu vaxtında mərdiməzar haradadır, ay ata?
Mirzə Salman
Mərdiməzarlar üçün gecə-gündüz yoxdur ki. Belə vaxtlarda mən neyləyim, doktor?
Ceyran xala
Mən onun təhərini sənə öyrədim, Mirzə. Mərdiməzar adam görən kimi gözlərini yum, üzünə baxma.
Mirzə Salman
Bax, bu ağıllı sözdür, lap o cür eləyəcəyəm.
Bənövşə gəlir.
Bənövşə
Qonaqları orada qoyub, niyə hamınız bura yığışdınız?
Ceyran xala
Mirzə Salmandır da.
Qəmər
Bənövşə, gedək, bizimçün pianino çal. Bakıdan çıxanda söz vermişdin.
Zərifə
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-nisanli-qiz-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ərəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!
Ərəboğlu1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.
AtKislovodskda istirahət edirdik. Çkalov küçəsində, mərhum İsmayıl Hidayətzadə ilə qonşuluqda mənzil tutmuşduq. Bizim opera teatrımız bura qastrola gəlmişdi. İsmayıl bu teatrın həm direktoru, həm də baş rejissoru olduğu üçün bütün günləri işləyirdi, ancaq hərdən (teatrın istirahət günlərində) onların səfalı həyətində oturub söhbət edirdik. Soltan xanım çox yaxşı çay dəmləyirdi, bizdə armudu stəkanlardan bu çayı içə-içə “mırt vururduq”. İsmayıl məzəli söhbətləri dinləməyi çox sevirdi. Özü də başına gələn hadisələri, eşitdiyi-bildiyi əhvalatı gülməli şəklə salıb danışmağı bacarırdı.İki-üç gün ürəkdarıxdırıcı sısqa yağış yağandan sonra nəhayət gün çıxmışdı. Səhər saat on olardı. Mən həyətdə gəzişirdim ki, uzaqdan bir səs eşitdim. Kim isə məni çağırdı. Səs gələn tərəfə getdikdə gördüm ki, İsmayıl öz bağlarından mənə əl eləyir.
ƏllərAxşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Başqa şairlərin şeirləri
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni